"Qələbəmizin ədəbiyyatda layiqli inikası mütləq olacaq"

 

"9-luq"

Musa URUD

 

(şair)

 

- İnsanlığın mahiyyəti sabitlik, yaratmaq və inkişaf, doğulub-artmaq deməkdir. Müharibə insanlığın astar üzüdür. Müharibə insanın dağıdıcı, yırtıcı xarakterinin kollektiv şəkildə nümayişidir. Müharibə bəşəriyyətin ən faciəli kəşflərindən biridir. Müharibə bir toplumun, dövlətin, koalisiyanın öz rəqibinin iradəsini zorla özünə tabe etdirmək vasitəsidir. Müharibə silah, zor, qan, faciə, xəsarət, şəhidlik deməkdir. Ədalətli, yaxud ədalətsiz olmasından, işğalçı, yaxud azadlıq xarakteri daşımasından asılı olmayaraq, müharibə insanın insanı öldürməsi deməkdir. Bəşər tarixi müharibələr tarixidir. Buna görə də bəzən deyirlər ki, sülh dövrü müharibələr arasındakı fasilədən başqa bir şey deyildir. Bəziləri də söyləyirlər ki, müharibə ayrı-ayrı dövlətlərin, bəzən isə bəşəriyyətin inkişafına güclü təkan verir, yenilənmə gətirir. Məsələn, Birinci Dünya müharibəsində kimyəvi silahın tətbiqi yüz minlərlə insanın məhvinə səbəb oldusa, müharibədən sonra kimya sənayesinin inkişafına güclü təkan verdi. Yaxud, İkinci Dünya müharibəsinin sonunda atom bombasının kəşfi və tətbiqi faciələr gətirsə də, atom enerjisinin sülh məqsədi ilə istifadəsi ideyasını da gerçəkləşdirmiş oldu. İstənilən halda müharibə dağıntıdır, yoxsulluq və insan iztirabıdır. Təbii inkişaf qanunauyğunluğuna zidd olan hər şey, antiinsanidir, antibəşərdir.

 

Cavan oğulun yaşlı atasını dəfn etməsi, yasa gələnlərdən başsağlığı qəbul etməsi təbiidir, normaldır. Yaşlı atanın cavan oğlunu dəfn etməsi isə müharibədir! Müharibə bəşəri ola bilməz! Ədəbiyyat isə bəşəridir!

 

Ədəbiyyat sözlə naxış toxumaqdır, sözlə divar hörməkdir, sözlə ev tikməkdir, müalicə etməkdir, həyatı öyrətməkdir. Müharibənin predmeti silahdırsa, bədii ədəbiyyatın silahı sözdür, fikirdir, təxəyyüldür. Müharibə öz iradəsini rəqibinə zorla qəbul etdirmək vasitəsidirsə, ədəbiyyat yazıçının düşüncələrinin bədii söz vasitəsi ilə oxucusuna çatdırmaq, təlqin etmək sənətidir. Ədəbiyyat harmoniyadır, ədəbiyyat qarışqanın həyatıdır, arının yaşam tərzidir.

 

Ədəbiyyat insanı yetişdirmək, kamilləşdirmək niyyəti daşıyırsa, müharibə insanı düşünmür, ədəbiyyat insan üçündürsə, müharibədə insan məqsəd üçün bir vasitə rolunu oynayır.

 

Müharibə ədəbiyyatı deyilən bir ədəbiyyat yoxdur, müharibədən bəhs edən əsərlər vardır. Və bu əsərlərin də, demək olar ki, hamısı sülhü təbliğ etmək məqsədi daşıyır. İnsan ölümünə bais olan müharibə, ədəbiyyatın təhlil və tədqiqat mövzusu ola bilər, amma təbliğat və tərənnüm edilə bilməz. Müharibə mövzusunda istər dünya ədəbiyyatında, istər milli ədəbiyyatımızda, o cümlədən, folklorumuzda olduqca maraqlı və dəyərli nümunələr var. Amma qəhrəmanlıq dastanını oxuyub qəhrəman olana heç rast gəlmədim!

 

- Adına Vətən müharibəsi dediyimiz İkinci Dünya müharibəsi və adına Qarabağ müharibəsi dediyimiz Vətən müharibəsi istər miqyas etibarı ilə, istərsə də xarakterinə görə bir-birindən fərqləndiyi üçün bu müharibələrin ədəbiyyatda inikası da fərqli təsir bağışlayır.

 

1941-1945-ci illər müharibəsi dövrün iki nəhəng dövlətinin - Almaniyanın və SSRİ-nin arasında Hitler reyxinin dünyaya ağalıq etmək iddiasindan doğan ölüm-dirim savaşı idisə, Qarabağ müharibəsi vaxtilə qucaq açdığımız, öz torpaqlarımızda yer verdiyimiz ermənilərin xəyanətkar separatizmi və Ermənistanın ölkəmizə ərazi iddiasından qaynaqlanan işğalçılıq müharibəsi idi. Əgər 1941-ci ildə Sovet hökuməti artıq 24 yaşında oturuşmuş, bütün idarəetmə strukturları formalaşmış, başında Stalinin dayandığı ideoloji təbliğatı və təsir gücü güclü olan möhkəm mərkəzi idarəetməyə malik bir totalitar dövlət idisə, 1991-1993-cü ilin Azərbaycanı haqda güclü sözünü heç bir halda və heç bir mənada işlədə bilmərik. Həmin illərdə elə bil ki, dövlət müharibə aparmırdı - əslində, dövlətin yalnız adı var idi - ayrı-ayrı rayonlar və pərakəndə dəstələr vuruşurdu. Necə ki, indi fələstinli uşaqlar hərdən İsrail tərəfini daşlayır. Və nəticədə itkilər verdik, torpaqlarımız da işğal olundu.

 

Məğlubların böyük ədəbiyyatı olmur.

 

Sovet-alman müharibəsi isə qanlı-qadalı 4 il davam etsə də, Sovet hökuməti qalib çıxdı və qalibiyyətin ədəbiyyatı yarandı.

 

Digər bir fərq isə ədəbiyyat adamlarının müharibədə bilavasitə iştirakı ilə bağlıdır. Əgər Sovet-alman müharibəsində görkəmli Sovet, o cümlədən, Azərbaycan yazıçılarının böyük bir dəstəsi (İsmayıl Şıxlı, Rəsul Rza, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, Əbülhəsən, Hüseyn Abbaszadə, Əhməd Cəmil, Gəray Fəzli və b.) şəxsən iştirak etmişdi, qalan qismi isə (Səməd Vurğun, Əli Vəliyev, Mehdi Hüseyn, Əliağa Vahid, Məmməd Rahim və b.) təşviqatçı kimi cəbhə bölgələrində tez-tez çıxışlar edərək müharibənin ab-havasını birbaşa ciyərlərində hiss etmişdilər.

 

Qarabağ savaşında isə döyüşən şair və yazıçılarımız - Alı Mustafayev, Nizami Aydın, Fuad Qəriboğlu - şəhidlik zirvəsinə ucaldılar - müharibə təəssüratlarını ədəbiyyata gətirə bilmədilər. Müharibə mövzusunda (daha çox Xocalı soyqırımı haqqında) şeirlər və publisistik məqalələr diqqəti cəlb edir. Çağdaş yazıçılarımız indiyədək məğlubiyyətin hekayəsini danışdılar.

 

Bununla yanaşı, hesab edirəm ki, 28 sentyabr-10 noyabr 2020-ci il tarixlərindəki 44 günlük Vətən müharibəsinin qalibiyyət ədəbiyyatının yaradılmasının şahidi və iştirakçıları olacağıq. Ali Baş Komandan İlham Əliyevin, Vətən müharibəsi qəhrəmanları Mübariz İbrahimovun, Raquf Orucovun, Polad Həşimovun, Hikmət Mirzəyevin və başqalarının Qəhrəman obrazları ədəbiyyatımıza daxil olacaq.

 

- Sözün birdiyi yer müharibənin, savaşın başlandığı yerdir. Çox zaman deyirlər ki, müharibə siyasətin zorakılıq vasitələri ilə davamıdır.

 

Sözün bitdiyi yer həm də ədalətin olmadığı, haqqın nahaqqın qapısında boynubükük qaldığı yerdir.

 

Sözün bitdiyi yer Allahın unudulduğu yerdir.

 

Amma mən istəyirəm ki, sözün bitdiyi yer ədəbiyyatın tarlası olsun. Sözümüz sünbül-sünbül boy atsın, dən tutsun, halal çörək kimi oxucunun mənəviyyət süfrəsinə bərəkət gətirsin!!Günel Anarqızı: Qorxuram, çox qorxuram... | 1news.az | Xəbərlər

 

Günel ANARQIZI

 

(nasir)

 

- Məncə, onlar bir-birini tamamlamalıdır. Çünki qalib olmuş ölkənin ədəbiyyatı daha öncə bir növ məğlubiyyət kompleksi ilə yaranmış ədəbi nümunələrinin davamı olaraq, müharibə zamanı toplanmış material və təcrübə əsasında daha dolğun məna kəsb etməli, öncə cavabsız qalan suallara konkret cavablar verməlidir.

 

- Məncə, bu barədə söhbət açmaq bir qədər tezdir. Çünki İkinci Qarabağ savaşından sonra çoz az vaxt keçib. Amma əminəm ki, qələbəmizin ədəbiyyatda layiqli inikası mütləq olacaq və bizi gələcəkdə möhtəşəm əsərlər gözləyir. Çünki qələbə, ələlxüsus da bu cür qələbə ilhamlandırmaya bilməz.

 

- Məncə, söz heç vaxt bitmir...

 

SERİALLARIMIZ (üçüncü söhbət) 1905.az

 

Rövşən İSAX

 

(kinorejissor)

 

- Müharibə olmadan da ədəbiyyat olduğuna görə ədəbiyyat müharibəni də həzm edə bilir. Bu mənada həmişə ədəbiyyat müharibəyə qalib gəlib. Müharibə - ədəbiyyat - müharibə ədəbiyyatı üçbucağında ədəbiyyat mərhəmətli ana funksiyasını daşıyır. Çünki ədəbiyyat müharibənin yaralarını sarımağı və sağaltmağı bacarır deyə, yaşayır. Məhz buna görə mənim düşüncəmdə haqqında danışdığımız üçbucağın ən üstün bucağı ədəbiyyatdır.

 

- Böyük Vətən müharibəsi anlayışı, əslində, Sovet imperiyasının bizə təqdim etdiyi formadır. Yəni Azərbaycan müstəqil olandan sonra mənim üçün sadəcə II Dünya müharibəsi anlayışı var. Bunu ona görə ətraflı qeyd edirəm ki, 600 mindən çox insanımızın döyüşdüyü müharibədən sonra ədəbiyyatımızda yaranan bütün qəhrəmanların yanında mütləq şəkildə "İvanovlar", "Nataşalar" olmalıydı. Sanki ədəbiyyatın oxucuya təlqin etdiyi və yaxud təqdim etmək istədiyi qəhrəman azərbaycanlılar təkbaşına qəhrəmanlıq edə bilməyiblər. Halbuki nə qədər qəhrəmanımızın olduğunu hamımız bilirik. Xalqımızın Qarabağ uğrunda apardığı mübarizədə son 29 ildə ədəbiyyat sanki məğlubiyyətimizin diktə etdiyi xəcaləti yaşayırdı. Amma 2020-ci ildə Azərbaycan xalqının "Dəmir yumruq" əməliyyatı ilə qələbə qazanması ədəbiyyatın qarşısına yeni vəzifələr qoyub. Bu baxımdan, 1941-1945-ci illərlə 1991-2020-ci illər arasında ədəbi müqayisə aparmaq, əslində, bir qədər tezdir. Çünki qələbədən sonrakı ab-havada yaranan ədəbiyyat hələ öz sözünü deməyib. Açığı, bu günədək Azərbaycan ədəbiyyatının dünya səviyyəsində diqqət çəkə bilməməsində də artıq tarixə qovuşan itkilərimizin payı var. Ümid edirəm ki, qarşıdakı illərdə Şoloxov kimi Nobel mükafatı alacaq yazıçımız mütləq olacaq və o zaman biz fərqli dövrlərdəki ədəbi fikirdə olan oxşar və fərqli cəhətləri görə biləcəyik.

 

- Burda səmimi şəkildə gördüyüm, anladığım real və çox acı bir həqiqəti söyləyəcəm. Təəssüflər olsun ki, MÜHARİBƏ dünən də, bu gün də ƏDƏBİYYATIN da, KİNONUN da (rejissor olduğum üçün bunu qeyd etməyə bilməzdim) mövzu mənbəyidir. Müharibə adını çəkdiyimiz sahələrdə şedevrlər yaradır. Təbii ki, hamı kimi, mən də arzulayıram ki, gələcəkdə müharibə mövzu mənbəyi olmasın, amma acı reallıq budur ki, bu, ancaq arzudur. Sözün bitdiyi yer də məhz buradır.

 

525-ci qəzet.- 2021.- 6 iyul. S. 11.