Düşüncə dalğaları

 

Gözlə, dünya, gözlə...

 

Düşünürəm, dünyanın gəliş-gedişi, olanı-olmayanı barədə. Çək-çevir edirəm böyük dərdlərimi... Ən xırdaca birini də həll etməyə gücüm çatmayacaq dərdlərimi. Yollar arayıram əlacsızlığın içində. Deyirlər, heç bir insan barmağının izi digəri ilə uyğun gəlmir. Çox, lap çox bənzəsələr də bir-birinə. Təkcə insan barmaqlarının? Bəlkə bu, bütövlükdə insanların özü üçün də belədir. Düşüncələri, xüsusiyyətləri, xarakterləri, qabiliyyətləri, bacarıqları, insafı, insanlığı fərqlidir hərənin. Varmı elə insan ki, tam uyğun gəlsin bir-birinə? Oxşarları varmı? Şübhəsiz, hə. Bölsək hansı əlamətinə görəsə, sonsuz olmazmı bu əlamətlərin özü də?! Bax bu durur dünyanın dərdlərinin əsasında. Bax bu yaradır problemləri. Saysız müşkülləri. Fikir qarmaqarışıqlığı, hədyanlar içində boğulur dünya.

 

Düşünürəm: varmı bir çıxış yolu? Uydurmaq olar, təkcə uydurmaq. Bəlkə, min il sonra kimsə çevirə biləcək bu uydurmanı, nağılı həqiqətə. Axı "uçan xalça" da nağıl idi, başqa aləmlərə səyahət də. Tapılacaq bəlkə də, elə bir alət, elə bir cihaz: insanları öz zərərinə olan arzularından, istəklərindən, məqsəd-məramlarından daşındıra biləcək. Çoxlarına bu böyük dərdləri yaratmağı qadağan edə biləcək. Özünü, kimliyini göstərəcək bəlkə ona. Şkala quracaq sinəsində, adamlığını göstərən şkala. Bəlkə də bir proqram quracaq onun canında: insanlığını artırmaq proqramı. Dönüb olacaq əsl insan.

 

Bax bu da mənim dünyanın dərdlərinə əlac tapmaq haqqında fantaziyam, nağılımdır. Elə "uçan xalça" nağılı kimi. Bəlkə, kimsə bu nağılı həqiqətə çevirdi. Gözlə, dünya, gözlə...

 

Bağışla, oxucum...

 

Adları çəkiləndə əsəbiləşdiyim adamlar var. Müəyyənləşdirmişəm, çoxları da elə mənim kimidir həmin adamlara münasibətdə. Demək, problem məndə deyil, onlardadır. Başqalarının hal-əhvalını pozan, hətta adlarının çəkilməsi ilə əsəbiləşdirən adamlarda. Zaman-zaman dedikləri sözlər, etdikləri hərəkətlərlə qazanıblar bu "nailiyyət"lərini. Haqsızlıq nümunəsinə çevriliblər dillərindəki "ən düz, ən haqq mənəm" deyimləri ilə.

 

İkrah hissi yaradıblar başqalarında

 

özlərinə qarşı. İlandan qorxduqları, qurbağadan çiyrindikləri kimi insanlar qorxurlar, çiyrinirlər onlardan. Qazanıblar bu böyük bədnamlığı. Düşünmürlər heç kəsi, öz murdar "mən"ləri ilə baş-başa yaşayan bu kəslər.

 

Bəlkə elə mən də səhv edirəm bu düşüncələri yazmaqla. Oxuyanlar da belə kimlərisə yada salıb əsəbiləşəcəklər. Bağışla məni, oxucum. Bir də, kimlərsə özünü bu yazıda görərlərsə, inciməsinlər məndən. Günah məndədirmi ki, siz beləsiniz? Mən sadəcə olanı yazdım.

 

"Virus": elə-belə, adi söz

 

Gördük hamımız bu tək bir sözün qüdrətini. Qorxutdu bütün dünyanı. Çəkildi hamı öz qınına. Hərə öz başının hayında...

 

Çox sözləri, kəlmələri, deyimləri, öyüdləri, nəsihətləri saldı yadımıza. Bu vaxta qədər laqeyd qaldığımız söhbətləri xatırladıb anlatdı ağır xəstəlik, ölüm qorxusu yaratmaqla.

 

Zarafata salmaq istədik "ötər", "keçər" düşüncəsiylə. Ötmədi bununla da içimizdəki təşviş. Gözləyirik anbaan: bir-iki ay bundan əvvəl əlimizdə olan, amma qədrini bilmədiklərimizin geri dönəcəyini. Dilimizdə "təki o günlərə qayıdaq, artıq heç nə gərəyimiz deyil" diləyilə yaşayırıq indi.

 

Dua edib "Amin'' deyənlər, Allahı yada salanlar çoxalıb. Hə, bu, yaxşı əlamətdir. "Amma"sı da var axı. Görəsən, əvvəlki kimi olacağıq yenə? Qurtulduq deyə unudacağıqmı bu günlərimizi? Yenidənmi çevriləcəyik nəfsimizin, tamahımızın quluna? Unudacağıqmı Allahı? Belə olacağıqsa onda yazığıq, çox yazığıq deməli, vallah. Başqa sözüm yoxdur.

 

"Virus" kəlməsi daha nələri çatdırmalıydı bizə?! Gəlin düşünək. Boş vaxtımız ki çoxdur. Böyük Yaradanın bizimçün düşünməyə ayırdığı boş vaxt! "Otur evdə, olan-olmazdan ye-iç, düşün, tanı məni, yaxşı tanı. Axı bildirmişdim sizlərə "Ol" kəlməsinin sahibi olduğumu! Bax bu kəlməmin əksi olan söz də var axı... "Virus": elə-belə adi söz...

 

"Dinlə! Danış!'' qurğusu

 

Bir qurğu yaratmaq istəyirəm. Demirəm, bacararam, yaradaram. Bu, mənim istəyimdir: "Dinlə! Danış!" qurğusu. İnsanların başına yerləşdirməyə: beyinə əlavə kimi. Əslində, bu "Dinlə!" və "Danış!" elə beyinə veriləcək komandalar olacaq. Komanda da deməyim, məcburi tapşırıq kimi! İnsanın özündən asılı olmadan icra edəcəyi iş. Müəyyən insanlar qrupunun hansısa məsələni müzakirə etdiyi yerdə işə düşür bu qurğu. Həmin məsələnin ən dəqiq, ən dürüst həllini bilən adama verir "Danış!" komandasını. Yaşa, vəzifəyə, mənsəbə, hansısa digər imkanlarına baxmadan. Şəksiz ki, bu zaman digərlərində olan qurğular isə "Dinlə!" komandasını verir. Hələ bu komandadan sonra məcburi "Qəbul et!", "İcrasına yönəl!" komandaları da ola bilər. O da mümkün ki, bir tədbirdə "Danış!" komandası alan kəs digər bir yerdə həmin məsələnin müzakirəsi zamanı "Dinlə" komandası olsun. Axı belədə bilinər kimin kimliyi. Mərtəbəsini, yerini anlayar hər kəs. Qoşulmaz çox söhbətlərə. ''Hop'' deyib tullanmaz ortaya.

 

Əslində, var belə bir qurğu. Yaradıb onu uca Tanrı. Aqillərin, müdriklərin, ağıllıların canında var bu qurğu. Təsadüfimi bu ifadə: "Filankəs danışığını, oturuşunu, duruşunu bilir". Bilməyənlərə bunu öyrətmək olsaydı, onda mən də belə "Dinlə!", "Danış!" qurğusu haqqında düşünməzdim. Məncə, maraqlı ideyadır. Haydı alimlər, iş başına. Qurtarın dünyamızı, insanlığı hədyan sözlərdən, boş söhbətlərdən. Özü də tez. Bezdik axı...

 

Pillələr

 

Heç vaxt diqqət yetirməmişdim bu pillələrə. Bizdə dəmiryol vağzalından şəhərin mərkəzinə doğru qalxan pillələr... O qədər qalxıb-enmişdim ki onlarla. Bu, əvvəl üç-üç, iki-iki, daha sonralar tək-tək qalxıb-endiyim pillələrlə. Sərbəst tullana-tullana keçdiyim vaxtlar da olmuşdu, təngnəfəs vaxtlarım da. Əhəmiyyət verməmişdim, diqqət yetirməmişdim. "Yoldur da gedirəm" düşünmüşdüm. Ta ki...

 

Uşaq da deyildim onda heç, cavan da. Ötmüşdü yaşım əllini. Yenə dəmir yolu vağzalından şəhərin mərkəzinə tərəf qalxırdım. Fikirli, düşüncəli, həmişə olduğu kimi. Fikir vermirdim ətrafa, tələsirdim. Sürətlə qalxırdım pillələri. Elə bil bir anda elektrik cərəyanı vurdu məni. Ötəcəkdim, görmədən, saymazyana ötəcəkdim hörmətini saxladığım, özümə doğma, əziz sandığım bir şəxsin - müəllimimin yanından. Çaşdım bir an, duruxdum. Özümü yığışdırdım. Çox, lap çox yaxındıq bir-birimizə. Durdum, aralanmasını, uzaqlaşmasını gözlədim. Özümə gəlməliydim çünki. Diqqətlə baxırdım ayağımın altındakı pilləyə. Əbədilik gözlərimə köçüb qalan pilləyə xeyli baxdım. Özümə gəldim birtəhər. İndi hərdən keçib gedirəm o pillələri. Daha diqqətlə. Ürəyimdə bax bu xatirəni yaşadan pillələri. Hər dəfədə də o doğmamı - əziz müəllimimi anaraq.

 

Qara kölgəli

 

Yeriyir, gedib-gəlir, gəzib-dolanır. Danışır, söhbətləşir, fikirlərini deyir, mübahisə edir, dəlillər-sübutlar göstərir haqlı-haqsız. İstirahət edir, yeyib-içir məclislərdə, keflənir də. Hamı kimi, başqaları necə, o da elə. Amma...

 

Məsələ də elə bu "amma"dadır. Harada, nə vaxt, nə etməsindən asılı olmayaraq bir qara kölgə var onun ətrafında. Gəzib-dolanır onunla, hara getsə. İnsanları ruhən ondan kənarda saxlayan qara, qapqara kölgə. Cəsarət etmir kimsə bu kölgənin içərisinə addım atmağa, ona yaxınlaşmağa. Böyük məchulluqlar sürüyür özüylə o yan-bu yana bu məsum kölgə. Onun daxilinə addım atanları gözləyən, heç də xoş olmayacaq məchulluqlar. Hər kəs bu kölgənin kənarından salam verib salam alır. Lap uzaqdan əl yelləyənlər də çoxdur, "xətası uzaq olsun" düşüncəsilə. Məcburi yaxınlaşmalılar, yaxınları, övladları da çabalaya-çabalaya, əl-qol ata-ata qurtulmaq istəyir bu kölgədən.

 

Yox, rütbə, vəzifə, mal, mülk var, dövlət deyil bu kolgənin yaranmasına səbəb. Adi, çox adi bir cəmiyyət adamıdır: anlamır, başa düşmür kimliyini bu bədbəxt. İçindəki boş qürrə, təşəxxüs, eqoizm, özündən müştəbehliyin "mən, mən, mən"in yaratdığı kölgəni görmür. Hamı görür, özüsə yox. Tənhadır, yalqızdır, ruhən kimsəsizdir. Tənha qalacaq, tənha da öləcək . Bu ölümə heyifsilənən olacaqmı? Məncə, yox. Rəhmət oxuyacaqlar ruhuna, amma elə-belə, könülsüz. O daşa da yazığım gəlir: onunçün qoyulacaq başdaşına. Köçəcək həmin kölgə onun da ətrafına. Qara, qapqara kölgə gözdən salacaq o daşı da.

 

Nəcməddin MÜRVƏTOV

525-ci qəzet.- 2021.- 6 iyul. S. 15.