Səxavət Məmmədov: "Ən böyük arzum Şuşada solo konsert verməkdir"

 

Müsahibimiz gənc tarzən, pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səxavət Məmmədovdur. Onunla tar sənəti, yaradıcılığı və sair kimi mövzular ətrafında müsahibəmizi təqdim edirik:

 

***

 

- İxtisasım tar ifaçısıdır. Mənə elə gəlir ki, ən gözəl sənəti seçmişəm. Bu sənət yolu çətin, ağır olsa da, çox şərəflidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetiylə tanışlığım 2017-ci ildə magistratura pilləsinə qəbul olmaqla başladı. 2019-cu ildən isə burada pedaqoji fəaliyyətlə başlamışam. Mənə göstərilən etimada görə, başda hörmətli rektorumuz, professor Ceyran xanım Mahmudova olmaqla, bütün müəllimlərimizə təşəkkür edirəm. Hər zaman biz gənclərə inkişafımız üçün böyük dəstək olublar.

 

- Dediniz ki, sizcə, ən gözəl sənətə yiyələnmisiniz. Onu gözəl edən nədir sizə görə? Tara marağınız necə yarandı?

 

- Çox güman ki, bölgə olaraq, Qarabağdan, Ağdamdan olmağımızdan irəli gəlir. Atam Bəhram Məmmədov "Qarabağ bülbülləri"ndəki 4 məşhur ifaçıdan biri olub. Atamın tara böyük sevgisi var idi. Elə onun məsləhətiylə tarı seçdim. Məşğul olduqca da nə qədər gözəl və ecazkar alət olduğunu gördüm. İlk olaraq Bakıxanov qəsəbəsindəki 4 saylı Uşaq Musiqi Məktəbində müəllimim İlqar Səmədovdan tar dərslərini almağa başladım. Daha sonra Asəf Zeynallı adına musiqi kollecində muğam təhsilimi Xalq artisti Elçin Həşimovdan, not ixtisası üzrə isə Əməkdar müəllim, dosent, ADMİU-nun "Xalq çalğı alətləri ifaçılığı" kafedrasının müdiri Umud İbrahimov və Asəf Zeynallı adına musiqi kollecinin "Xalq çalğı alətləri" şöbəsinin müdiri Cəfər Qafarovdan təhsil almışam. 2013-2017-ci illərdə Milli Konservatoriyada bakalavr pilləsində yenə də Umud müəllim və Elçin müəllimdən təhsil aldım. 2 il isə Əməkdar artist Şəhriyar İmanovdan dərs almışam. Magistratura pilləsində Mədəniyyət və İncəsənət Universitetində Umud müəllimin tələbəsi oldum. Muğam təhsilimi isə professor Vamiq Məmmədəliyevdən almışam.

 

- Tarzən olaraq solist, yoxsa müşayiətçi kimi fəaliyyətə üstünlük verirsiniz və bunların bir-birindən əsas fərqi nələrdir?

 

- Məncə, solist olmaq hansı alətdə ifa etməsinə baxmayaraq, hər kəsin arzusudur. Mən də solist kimi daha uğurlu və güvənli olmaq üçün gün ərzində 6-8 saat məşqlər edirəm. Solistlik çox çətindir, çünki səhnədə bütün diqqətlər sənin üzərində olur, heç bir köməyin yoxdur və səhv eləmək haqqın da yoxdur. Həmişə müəllimlərim deyirdi ki, faiz olaraq, 150-160 faiz hazır olmalısan ki, onun həyəcana, səhnədəki hansısa axsamalara çıxılan payından sonra 70-80 faizlik ifanı göstərə biləsən. 2012-2019-cu illər arasında Azərbaycan Dövlət Televiziyası Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblında işləmişəm, Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə. Orda həm də konsertmeyster idim. Ona görə deyə bilərəm ki, müşayiət də çətindir, çünki orda da hər şey konsertmeyster olaraq tarın üzərindədir. Sən xanəndə da daxil olmaqla, hər kəsə nəzarət etməli və bütün konserti idarə etməlisən.

 

- Ümumən götürsək, tarzənliyin nə kimi çətin tərəfləri var?

 

- Tarzənlik forma olaraq idman kimidir. Hər gün, hər saat məşğul olmalı, məşq etməlisən. Deyə bilməzsən ki, qışdır əlim üşüyür, yaydır əlim tərləyir, məşq eləmirəm. Nə qədər ki, səhnədəsən mütəmadi məşqlərini etməlisən. Amma uşaqlıq dövrü - bünövrə qurulan vaxtlar daha ağırdır. Onda daimi hər gün 6-8 saat məşq eləməlisən. Ola bilər ki, 30-35 yaşında hansısa gün məşq eləmədən illərin təcrübəsi sayəsində səhnədə vəziyyətdən çıxa biləsən, amma uşaq hər vaxt məşq eləməlidir. Kənardan bəlkə də asan görünür. Baxan deyər ki, 3 dəqiqəlik ifadır. Amma o üç dəqiqəyə çatana qədər sənin illərlə etdiyin məşq, studiya prosesi və sair heç də asan əmələ gəlmir.

 

- Uşaq vaxtı 6-8 saatlıq məşq sizi yaşıdlarınızla oyunlardan, əyləncələrdən uzaq salırdı yəqin ki. Necə xatırlayırsız o illəri?

 

- Gündəlik proqramım var idi. Lap uşaqlıqdan səhər hava sərinkən məşq edirdim. Tələbələrimə də adətən, bunu məsləhət görürəm. Həm də səhər saat 6-7 zehnin yaxşı işləyən vaxtıdır. Yayda yorulduğum olurdu. Hərdən valideynlərim də deyir, sən heç uşaqlıq illərini yaşamadın ki, elə həmişə məşqlərdə, müsabiqələrdə, konsertlərdə oldun. Az yaşımdan konsertlərə göndərirdilər. Onun da həyəcanı çox idi. Yəni uşaqlığım həmyaşıdlarımdan fərqli, daha çətin keçib. Amma əsas olan odur ki, bu gün onun bəhrəsini görürəm. Özümün, valideynlərimin, müəllimlərimin zəhməti boşa getmədi deyə çox sevinirəm.

 

- Bu sənətdə ən böyük uğurunuz nəyi hesab edirsiniz?

 

- Ən böyük uğurum elə tar ifaçısı olmağımdır. Bu, bizə babalardan qalan mirasdır. Onu qoruyub-saxlamaq borcumuzdur. Böyük orkestrda belə ifa edəndə görürsən ki, tarın səsi hamısından seçilir. Missiya olaraq tar ifaçılığını qorumaq və gələcək nəsillərə ötürmək lazımdır. O ki qaldı yarışlardakı uğuruma, A.Zeynallı adına musiqi kollecində oxuyurdum, 2013-cü ildə Əhməd Bakıxanovun 120 illik yubileyi münasibətiylə böyük müsabiqə keçirilirdi. Müsabiqədə 109 ifaçı arasında 1-ci yeri tutdum. Çox yaxşı hazırlaşsam, özümə güvənsəm də, açığı, bu qədər böyük nəticə gözləmirdim. Çünki rəqiblərim arasında da çox yaxşı hazırlaşanlar vardı. O müsabiqədə "Zabul Segah" muğamını ifa eləmişdim. Onunla da 1-ci yerə çıxdım. Bəstəkar Süleyman Ələsgərov adına mükafatın Laureatı, daha sonra Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsi Laureatı olmuşam.

 

Milli Konservatoriyada təhsil alarkən 2014-cü ildə İran İslam Respublikasında böyük heyətlə konsertimiz oldu. Solist Xalq artisti, professor Ramiz Quliyev idi. Beynəlxalq "Fəcr" festivalına qatılmışdıq və Azərbaycanı təmsil edirdik. Sevindirici haldır ki, 1-ci yerə çıxaraq "Qızıl Çəng" mükafatına layiq görüldük.

 

- Milli alətimiz olan tarı xarici ölkələrdə necə təqdim edirsiz və hansı reaksiyalar görürsüz?

 

- Ümumiyyətlə, bütün xarici ölkələrdə tara xüsusi maraq var. Bizim dili, mədəniyyəti bilməyən insan da yaxınlaşır, maraqlanır. Düzdür, ayrı-ayrı ölkələrdə tarın müxtəlif növləri var, amma ən yetkin-dolğun tar bizim tarımızdı. Onun səslənməsi də tam fərqlidir.

 

- Tara xüsusi maraq göstərənlərdən biri də torpaqlarımız kimi mədəniyyətimizə, mətbəximizə də göz dikən bədxah qonşularımız - ermənilərdir. Hətta zaman-zaman sahiblənməyə də çalışırlar. Sizcə, bu gün tara necə sahib çıxmalıyıq, yoxsa çıxırıqmı?

 

- Görkəmli bəstəkar Hacı Xanməmmədov tar üçün 4 konsert yazıb. Böyüklərdən eşitdiyim qədəriylə, həmin dövrdə erməni bəstəkar da tar üçün konsert yazmaq istəyib. Dahi bəstəkar Qara Qarayevin təklifiylə Hacı Xanməmmədov tar üçün 3 hissəli konsert yazıb və çox uğurlu alınıb. Sonra Hacı Xanməmmədov artıq tar üçün 2-ci konsertə başladığını deyib. Həmin erməni bəstəkar isə heç nə yaza bilməyib. Elə bunun özü tarın bizim olduğunun sübutudur. Onlar bizim alətlərimizi, mahnılarımızı oğurlayıb ifa edə bilərlər, amma sahiblənə bilməzlər.

 

- İlk albomunuz hansı olub? İndi də deyəsən, albom üzərində çalışırsınız. Bir az da bunlardan danışaq.

 

- İlk albomum "Sarı simin lisanı" adlanır. Hörmətli rektorumuz Ceyran xanım Mahmudovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi idi. Bu, mənim magistr dövlət imtahanım idi. Umud müəllimlə və konsertmeystr Aygün xanım Səfərzadə ilə hazırlıqlarımız 4 ay çəkdi, demək olar. Bununçün çox sevinirəm. Təşəkkür edirəm üzərimdə zəhməti olan hər kəsə. Həmin konsertin audio-video yazısını sosial platformalara yüklədik. Konsertin adı həm rus, həm də ingilis dilində var. Çünki hazırda dünya dilləri arasında ən geniş yayılmışı da onlardır. İstənilən adam internetdə axtarışa verib o konserti dinləyə bilər. Hesab edirəm ki, həm özümün, həm də tarın adına görə bu işlərin sayını daha da artırmaq lazımdır ki, milli alətimizin dünyaya çıxışını daha da sürətləndirək. Çox məsuliyyətli bir konsert idi. Universitetimizin demək olar ki, bütün professor-müəllim heyəti iştirak edirdi. Bayaq dediyim kimi, solistliyin verdiyi əlavə məsuliyyət və həyəcan da vardı. Amma çox şükür ki, uğurla başa vurduq. İndi isə muğam albomu üzərində işləyirəm. Artıq 4 muğamı lentə yazdırmışam.

 

- Bir müəllim kimi bu sənətin aqibəti haqda nə düşünürsüz? Tələbələrdən razısınızmı?

 

- Gələcəyinə inandığım, razı olduğum bir neçə tələbəm var. Onlar da çox çalışır, üzərlərində işləyirlər. Düşünürəm ki, gələcəkdə daha da yaxşı olacaqlar. Bu iş istedaddan daha çox zəhmətdən asılıdır. Ev tapşırığına diqqət edən, gündəlik məşqləri edən tələbə uğur qazanacaq. Zəif tələbələrimiz də var, bu da normaldır. Hərənin bir potensialı var. Pedaqoq tələbələrini düzgün qiymətləndirməli, onların potensialına uyğun proqram verməlidi.

 

- Pandemiya sizə necə təsir etdi?

 

- Bu, qlobal problemdir. Dünyada pandemiyadan qabaq da onlayn dərslər vardı. Mənim Avstraliyadan onlayn şəkildə dərs alan tələbəm olub. İndi də İrandan, Türkiyədən tələbələr yazır mənə. Yəni pandemiyadan qabaq da onlayn dərslə bağlı təcrübəm vardı deyə, elə bir çətinlik olmadı. Məncə, işləmək istəyən insan üçün pandemiya böyük problem deyil. Tələbələrimin nəticələri də bunu göstərdi, heç də geriləməyiblər, əksinə, irəliləmə də var bəzilərində.

 

- Sənətinizlə bağlı ən böyük hədəfiniz nədir?

 

- Məncə, biz nə qədər beynəlxalq festivallarda, xarici ölkələrə səfərlərdə çıxış etsək, bu, dünyagörüşümüzü, intellektimizi artırar, tarımızı dünyaya daha yaxşı şəkildə tanıdar. Ona görə öz imkanlarımız daxilində pandemiya zamanı əcnəbi musiqiçilərlə onlayn konsertlər, canlı yayımlarla fəaliyyətimizi davam etdirdik. Musiqimizi, mədəniyyətimizi, tarımızı bütün dünyada ən yaxşı şəkildə təbliğ etmək və tanıtmaq ən böyük hədəfimizdir. Ən böyük arzum isə Şuşada solo konsert verməkdir.

 

Şahanə MÜŞFİQ

Mədəniyyət.- 2021.- 16 iyul. S. 11.