Dünya yaxşılarındır...

 

Xatirə kitabımdan üç yarpaq

 

 

NƏRİMAN HƏSƏNZADƏ AĞSAQQALLIĞI

 

Desəm ki, tərifi heç xoşlamıram - səmimi çıxmaz. Hamı kimi, mən də tərifə biganə deyiləm, amma dozasında. Ona görə də bəzən kimsə bu limiti keçirsə, deyirəm: "Bu tərifləri mənə yox, mənim qarşıma çıxan xeyirxah, qayğıkeş insanlara yönəldin. Çünki onlar buna layiqdirlər".

 

Bəs kimdir bu insanlar?

 

Allahımın mənə bəxş etdiyi ən qiymətli töhfələrdir onlar. Siyahı isə heç də qısa deyil - jurnalistika fakültəsinin mən oxuduğum dövrdəki bütün müəllimləri, Nəsir İmanquliyev, Rəşid Mahmudov, Ağəddin Mansurzadə, Camal Yusifzadə, Qafar Namazəliyev, Aydın Kazımzadə, Cəmil Quliyev, Şəfiqə xanım Məmmədova... Və əlbəttə ki, gözəl şairimiz, ziyalımız Nəriman Həsənzadə.

 

Nəriman müəllimin bu siyahıda xüsusi yeri, mövqeyi var.

 

1981-ci ildə universitetin 1-ci kursunda oxuyanda ilk yazılarımı baş redaktoru olduğu, o dövrün ən elitar mətbuat orqanında - "Ədəbiyyat və incəsənət" qəzetində dərc edib mənə qol-qanad verən, üzümü görməyə-görməyə mənə inanan, etibar edən işıqlı, müdrik insanın xeyirxahlığını, alicənablığını unutmaqmı olar?

 

O vaxtlar tanınmış tənqidçilər, jurnalistlər bu qəzetdə çıxış etmək üçün az qala növbəyə dururdular. Nəriman müəllim isə məni - hamının inadlı təkidinə rəğmən ilk istehsalat təcrübəsini bu nüfuzlu qəzetə götürən tələbəni görməzə-bilməzə qanadları altına alıb onun yazılarını növbəsiz dərc edirdi. Hətta bir dəfə Bakıda qastrolda olan G.Xazanovdan aldığım müsahibəni letuçkada tərifləyib demişdi: "Baxın, respublikanın təcrübəli jurnalistlərinin bacarmadığı işi bu tələbə bacardı. Ona halal olsun!"

 

80-ci illərin sonlarına yaxın həmin qəzetdə işə keçmək şansım yaranmışdı. Nəriman müəllim adımı eşidən kimi yenə də görməzə dərhal razılıq vermişdi. Amma..

 

Nə isə...

 

Gəlin söhbətimizin bu xoş aurasını pozmayaq.

 

Qəribədir, mən bu qayğının, yaxşılığın əvəzində öz təşəkkürlərimi Nəriman müəllimə çatdırmaq üçün nə az, nə çox - düz 40 il gözlədim.

 

2 il əvvəl işlədiyim nəşriyyatda onu kompyuterin yanında Yazıçılar Birliyinin xətti ilə çıxacaq hansısa vacib bir kitabın tərtibatı ilə bağlı iş başında gördüm. Yaxınlaşıb ədəblə salam verdim və otaqdakı bütün adamlar yaxşı eşitsinlər deyə ucadan dedim:

 

- Nəriman müəllim, siz mənim taleyimdə mühüm rol oynamış insanlardan birisiniz. İzn verin gec də olsa, buna görə minnətdarlığımı sizə çatdırım.

 

Nəriman müəllim həmişəki işıqlı təbəssümlə mənə baxdı:

 

- Oğul, mən nə eləmişəm ki?

 

Yuxarıda yazdıqlarımı söylədim. Nəriman müəllim dedi:

 

- Sən yaxşı yazılar yazmısan, mən də vermişəm də... Əmin ol ki, onlar məni qane etməsəydi, verməzdim.

 

Dedim:

 

- Kimsəsiz bir tələbənin simasında yaxşını görüb qiymətləndirmək, onu ruhlandırmaq ən böyük yaxşılıq deyilmi, Nəriman müəllim?

 

Gülümsədi, nə isə demək istədi, amma susdu...

 

İşıqlı təbəssümünüz işıqlı simanızdan əskik olmasın, Nəriman müəllim. Allah sizi qorusun.

 

AYDIN KAZIMZADƏYƏ "MƏDHİYYƏ"

 

Səhv etmirəmsə, 1987-ci il idi. Ekran əsərlərində musiqi mövzusunda nisbətən iri həcmli və nəzəri səpkidə bir yazı yazmışdım. Di gəl, onu harda dərc etdirəcəyimi bilmirdim. Qəzetlər, təbii ki, sırf nəzəri planda yazılmış bu yazıya yaxın durmayacaqdılar. Ona müştəri çıxacaq tematik jurnalımız isə yox idi.

 

Beləcə, yazım və mən dilsiz- ağızsız baxışlarla uzun müddət bir- birimizin üzünə baxa-baxa qaldıq. Axırda yazımı bu naqolay vəziyyətdən çıxarmaq üçün onu qoltuğuma vurub "Məndən dilək, Allahdan kömək" - deyə üz tutdum 12 səhifəlik (?!) "Yeni filmlər" jurnalının "Nizami" kinoteatrının sonuncu mərtəbəsində yerləşən redaksiyasına.

 

Jurnalın baş redaktoru Aydın Kazımzadə məni bir az rəsmi ab-havada qarşıladı (və təbii ki, olan-qalan ümidim də çıxıb getdi işinin dalınca):

 

- Eşidirəm...

 

Dedim, bəs hal-qəziyə belə-belə, yazı yazmışam, istəyirəm jurnalda getsin.

 

Aydın müəllim dedi:

 

- Hələ bir baxaq görək nə yazmısan. Bizim jurnal reklam-məlumat nəşridir. Amma yazı xoşuma gəlsə, çalışacam getsin. Qoy bura, telefon nömrəni də yaz...

 

Mən deyilənləri edib çıxdım və üz tutdum işlədiyim "Bakı" qəzetinin redaksiyasına. Yolda məyusluğum daha da artdı: "Sənə lazım idi nahar fasiləsi vaxtı yol ölçə-ölçə bura gələsən? Reklam-məlumat xarakterli 12 səhifəlik jurnal nə vaxtdan nəzəri yazı dərc edən olub? Yazı yazmısan, dərc etdirə bilmirsən, at arxivinə də".

 

Nə isə...

 

Elə bu məyus görkəmdəcə iş otağına daxil olan kimi şöbə müdirim, yazıçı-publisist Ağəddin Mandurzadə (Allah ona qəni-qəni rəhmət eləsin) soruşdu:

 

- Hardan gəlirsən? "Kino" jurnalına getmişdin?..

 

Dedim, bəli.

 

Dedi:

 

- İndicə jurnalın baş redaktoru zəng vurmuşdu. Götür zəng elə ona.

 

Fikirləşdim ki, yəqin qoltuğumda apardığım yazını elə qoltuğuma verib geri qaytarmaq üçün məni redaksiyaya çağıracaq. Candərdi dəstəyi qaldırdım. Nömrəni yığmağımla Aydın müəllimin gur səsinin otağa yayılması bir oldu:

 

- Yazını oxudum, xoşuma gəldi. Bu nömrədə verirəm, özü də hamısını. Sənin yazına görə mətbəəyə zəng vurub nömrənin maketini dəyişdirdim. Təbrik edirəm.

 

Aydın müəllimin səsi qiymətli bir şey tapan adamın səsi kimi necə guruldayırdısa, onun dediklərini eşidən Ağəddin müəllim də məni təbrik etməyə macal tapdı.

 

Amma bu, final deyildi. Aydın müəllim taleyimdə dönüş yaradacaq əsas sözləri qısa fasilədən sonra dedi:

 

- Bilirsən ki, bizdə kino nəzəriyyəsi axsayır, fərli mütəxəssislərimiz yox dərəcəsindədir. Hiss elədim ki, bu sahədə məşğul olsan, nəsə alınar. Götür boynuna. Sənə uğurlar arzulayıram.

 

...Aydın müəllimin bu sözlərindən vücuduma elə bir enerji axdı ki, onun tükənməz təsiri ilə bəndəniz başladı bu sahədə silsilə yazılar yazmağa; 2007-ci ildə dissertasiya müdafiə edib alimlik dərəcəsi aldı; indiyədək çap olunmuş 11 kitabından 9-da kinonun estetik problemlərini araşdırdı; kino sənətimizin inkişafındakı xidmətlərə görə Prezidentimizin sərəncamları ilə 2 dəfə dövlət təltifləri ilə mükafatlandırıldı...

 

Mən ustadlarımdan biri, ömrünün 81-ci baharını yaşasa da, gənclik eşqi ilə yazıb-yaradan, kino tariximizin əvəzsiz araşdırıcısı, sadiq dost, mərd insan, "köhnə" kişilərdən olan Aydın müəllimin xətrini çox istəyirəm. Bu şəkli də ötən ilin fevralında dövlət film fondunda onun 80 illik yubileyi tədbirində çəkdirmişik.

 

İrəli, ustad!

 

BAŞIMIN TAVANA DƏYİB AZ QALA YARILACAĞININ QISA TARİXÇƏSİ..

 

Bu əhvalat düz 2 il əvvəl baş verib.

 

O vaxt mənim "Kinonun fəlsəfəsi" adlı kitabım "Qanun" nəşriyyatında yenicə nəşr olunmuşdu. Amma nə qədər qəribə də olsa, bir məsələdən nigarançılığım bu kitabın sevincini axıra qədər yaşamağıma mane olurdu. Ona görə yox ki, yazdığım mətn bizdə kino sənətinin fəlsəfə kontekstində, müəyyən qədər də semiotika müstəvisində araşdırıldığı və nəşr olunan ilk iş idi və təbii ki, heç də hamı tərəfindən birmənalı qarşılanmayacaqdı. Yox, məni nigaran qoyan ayrı məsələ idi. Bilirdim ki, nəşr olunan kitabımın taleyi nəinki respublikamızda, ümumiyyətlə, bütün sovetlər birliyində kinonun fəlsəfəsinin və semiotikasının bəlkə də ilk araşdırıcısı, kitablarını acgözlüklə oxuduğum, mənim estetik zövqümün formalaşmasında müstəsna rol oynayan ustadım Niyazi Mehdinin rəyindən asılı olacaq - mən ya nə isə dəyərli bir mətn yazdığıma axır ki, əmin olacam, ya da Niyazi müəllimin rəyinin zay məhsula çevirəcəyi kitabımın tirajını özüm "müsadirə edib" dövriyyəyə buraxmayacam. Sizə qəribə gəlməsin, hətta yaxın dostlara da demişdim ki, əgər hamı bu kitabı bəyənib bircə Niyazi müəllim bəyənməsə, deməli, istədiyimə nail olmamışam, yaxud da əksinə (xahiş edirəm, bu fikri oxuculara hörmətsizlik kimi qəbul etməyəsiniz - söhbət sadəcə araşdırmanın elmi prinsiplərindən gedir). Üstəlik, kitabda feilin zaman kateqoriyalarının orta məktəb dərsliklərindəki təriflərinin redaktəyə ehtiyacı olması, 1-ci şəxsin mövqeyindən aparılan təhkiyə üzərində qurulmuş filmlərdə mənim tapıntım olan "Eyk effekti"nin movcudluğu, kinoda zamanın bircinsliliyi, 3D formatı, virtual gerçəklik və s. məsələlər barədə irəli sürdüyüm polemik tezislər həyəcanlarımı daha da artırırdı.

 

Nəhayət, bir gün Ustada telefon açdım, kitabı da qoltuğuma vurub taleyini həll etmək üçün üz tutdum onun işlədiyi Xarici Dillər Universitetinə. Görüşüb bir xeyli söhbət etdik. Niyazi müəllim təbii ki, məni təbrik elədi və kitabı oxuyub fikrini bildirəcəyini dedi...

 

Mənim ən narahat günlərim başladı...

 

Bir gün... iki gün...beş gün...bir həftə - Ustaddan səs yoxdur, mənimsə ümidlərim gündən-günə öləziyib tam sönmək üzrədir: "Yəqin bəyənməyib kitabı, sadəcə bildirmək, könlümü qırmaq istəmir".

 

...Həmin gün rayonumuzda rəss

 

am dostumun emalatxanasında oturub çay içə-içə kitabımın "dəfn mərasiminin" ssenarisini yazırdım. Qəfildən telefonuma mesaj gəldi - Niyazi müəllimdən idi. Açıb oxudum və hardansa gəlib içimə dolan sehirli, mistik bir qüvvə məni yaya kimi yerimdən necə yuxarı tulladısa, başımın tavana dəyib zədələnməsinə bir neçə santimetr qaldı.

 

Kitabımın dəfn mərasiminin ssenarisini ad günü ssenarisinə çevirən cümlələri olduğu kimi sizə təqdim edirəm:

 

"Əziz Əlisəfdər, kitabını oxudum, dəyərli işdir, dili, anlatdığı düşüncələr....yaxşıdır. Filmlərin estetikasını necə duymaq olar? Bu sual leytmotiv kimi keçərək gənclərə çatdırılsaydı, lap əla olardi. Ancaq bunu gələcək kitabda da etmək olar. Uğurlar".

 

Ustadın bu ilin fevralında 70 yaşı tamam oldu. Onu bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı arzulayıram.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2021.- 9 iyul. S. 12.