Firuz Mustafanın hekayələri

 

Firuz Mustafanın hekayələrdən at ayaqlarının tappıltısı və at kişnərtiləri eşidilir. Onun hekayələri Mirzə Fətəlidən üzü bəri gələn nəsrimizdə öz mövzu, təsvir materialları və hətta yazı tərzinə görə tamamilə yeni hadisədir.

 

Düzünü deyim ki, indi - yəni bu yaşda nəsə oxuyanda, gözlərimi səhifələrə gəzdirirəm. Çünki məni sətir-sətir oxumağa məcbur edən əsərlər az olur və ümumiyyətlə, xüsusən, son vaxtlar bədii əsər demək olar ki, oxumuram, ya da çətinliklə, həvəssiz oxuyuram.

 

Köhnə dostum, mənim kimi həqiqət aşiqi və bu aşiqlikdən mənəvi həzdən başqa heç bir xeyir görməyən, əksinə, maddi cəhətdən böyük problemlərlə çulğalaşan tanınmış dramaturq və maraqlı nəsr əsərləri ustası Firuz Mustafanın böyük bir kitabı iki gündür ki, əlimdən düşmür. Bu onun əksər hekayələrinin toplandığı bir nəşrdir. Hekayələr mənim hövsələsizliyimə, yaşla bağlı tənbəlliyimə üstün gəldi. Doğrudur, hekayələrin hələ hamısını oxuya bilməmişəm və bu kiçik yazını da kitabdakı üç hekayənin müxtəsər təhlilinə həsr etmişəm.

 

Ümumiyyətlə, şair və yazıçının necəliyini, zəif və güclü cəhətlərini bilmək üçün əlbəttə, onun bir neçə, hətta bir şeir və hekayəsini də oxumaq kifayətdir. Amma bir şərtlə: şair və ya yazıçı kitabına heç bir zəif əsərini daxil etməməlidir. Çünki təsadüfən həmin zəif əsər bütün kitabı gözdən sala bilər. Bunun üçün müəllif öz yazdıqlarına soyuq, "kənar nəzərlə" baxmağı bacarmalıdır. Təəssüf ki, istər Sovet dövründə, istərsə də sonrakı mərhələdə bir çox yazıçı və şair belə bir məsuliyyəti hiss etməyib.

 

Xoşbəxtlikdən Firuzun oxuduğum hekayələrinin içində beləsinə rast gəlmədim. O, özünə və yaradıcılığına məsuliyyətlə yanaşan yazıçıdır.

 

Haqqında qısaca söhbət açmaq istədiyim həmin üç hekayə bunlardır: "Haray", "İşıq" və "At günü". Əvvəla, onu qeyd edim ki, hekayələri oxuyub belə qərara gəldim ki, Firuz Mustafa nəsrimizdə bəlkə də, ən bənzərsiz, özünəməxsus mövzuları olan bir yazıçıdır. Onun hekayələri Mirzə Fətəlidən üzü bəri gələn nəsrimizdə öz mövzu, təsvir materialları və hətta yazı tərzinə görə tamamilə yeni hadisədir. Ənənəvi qaydada desək, o, əsasən "kənd ədəbiyyatının" nümayəndəsidir və kənd həyatı, kənd adamları, kənd ruhu və kənd havası onun bütün yaradıcılığına bir növ hopub. Bunu kitabdakı elə ilk hekayədən görmək olar. Firuz Mustafa bu cəhətdən təsvir ustasıdır.

 

Bəhs etdiyim hər üç hekayənin ikinci orijinal cəhəti həmin hekayələrin bir və iki nömrəli qəhrəmanlarının at olmasıdır. Və belə çıxır ki, ümumiyyətlə, bu qalın kitabdakı bütün hekayələrdə at ayaqlarının tappıltısı və at kişnərtiləri eşidilir. Bir az qəribə görünsə də, deyərdim ki, o, sanki atların ruhi aləmlərinin bilicisidir.

 

Firuz Mustafa - Müqəvva Qadinkimi.com

 

"Haray" hekayəsində meşəbəyi və şəhərdən gələn qonaqlar təsvir olunur. Onların içində meşə idarəsinin direktoru da var. Və o meşədə təşkil etdikləri qonaqlıqda başına qarpız qabığından papaq qoyduğuna görə meşəbəyi hətta onu bir müddət tanımır da. Bir az söhbətləşdikdən sonra bu hadisədən xoşu gəlməyən meşəbəyi atını sürüb gedir.

 

Doğrudur, hekayədə meşə çox reallıqla təsvir edilir. Amma cəmi dörd səhifədən ibarət olduğuna görə mənə elə gəlir ki, əsər bir qədər yarımçıqdır. Daha doğrusu, hekayə başlandığı yerdə də sona çatır.

 

"At günü" hekayəsi, müəllifin özünün də qeyd etdiyi kimi, yəqin ki, kitabdakı əsərlərin ən gözəlidir. Hərçənd ki, "İşıq" hekayəsi mənə daha güclü təsir bağışladı. Bu barədə bir qədər sonra danışacağam.

 

"At günü" hekayəsində dayçanın obraz kimi seçilməsinin özü bir ədəbi kəşfdir. Lakin bu gözəl hekayənin də böyük bir eybi var ki, onu müəllifə deməliyəm. Əzizim Firuz, bütün zooloq və hətta zoopsixoloqların müəyyən etdiyinə və bunun aksioma olduğuna görə, insandan başqa heç bir canlı göyə - ulduzlara baxmır. Ona görə də dayçanın qaça-qaça ulduzlara, buludlara, onların əmələ gətirdiyi fiqurlara tamaşa etməsi həqiqətə uyğun deyil. Hekayə dayçanın gözü ilə çölün, çəmənin, rəngbərəng otların, güllərin nəfəsi ilə doludur. Xüsusilə dayçanın canavar ağzından xilas olması "At günü" hekayəsinin ən gözəl və təsirli səhnəsidir və oxucunu uşaq kimi sevindirir. Amma eyni zamanda qeyd etməliyəm ki, bu gözəl heyvanın canına qəsd etməsi - yəni intiharı, məncə, bir qədər inandırıcı deyil.

 

Firuz Mustafanın hekayələrində çox vaxt qəhrəmanların bu və ya digər aktı heyvanlardan çox, müəllifin istəyi ilə baş verir. Bu isə əsərin psixoloji realizminə müəyyən zərər vurur. Bu cəhətdən "İşıq" hekayəsi daha bitkin və inandırıcıdır. Əsərin qəhrəmanı, istəklisinin kəndin o başında yaşayan bir adama qoşulub qaçdığı "İsgəndər" obrazı, çox güclüdür və onun qəzəbi çox böyük ustalıqla təsvir edilib. Sanki bu qəzəb, buz əriyib suya döndüyü kimi, əriyib göz yaşlarına çevrilir. Bununla da elə bil ki, həllolunmaz konflikt, düyün öz-özünə açılır.

 

Ümumiyyətlə, hər üç hekayənin qəhrəmanı demək olar ki, atlardır. Lakin bununla yanaşı, Firuz Mustafa insan psixologiyasına da yaxşı bələd olan bir yazıçıdır.

 

Əlisa NİCAT

525-ci qəzet.- 2021.- 9 iyul. S. 15.