Qaçan adam - Bir rəsmin dedikləri

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı rəssam Vüqar Əlidir. Vüqar bəylə onun "Qaçan adam" əsəri haqqında danışmışıq.

 

- Rəsmin ideyası necə yaranıb?

 

- Mən həmişə özümlə bir kağız, bir qələm götürürəm. Bir əlim həmişə qələmdə olur ki, beynim daim axtarışda olsun. Bu rəsmin ideyası elə şəraitdə - iclaslardan birində qələmlə işləyərkən gəlib.

 

- Bu adam nədən qaçır?

 

- Həyat hərəkət deməkdir. Mədəniyyət , incəsənət daima hərəkətdədir. Hərəkətdə olan dinamik fantaziyanın içərisində təsvirlər onu bildirir ki, hardan-hara qaçır. Qədim zamanlardan bəri gələn inkişaf yolunda realizmə, realizmdən yenidən mücərrədliyə qaçan insan təsvir olunur. Burada həm kalliqrafiya, həm yazı var. Tarixən realizmdən mücərrədliyə, mücərrədlikdən realizmə doğru inkişaf olub. Şərqlə Qərb daima bir-birindən götürüb bu hərəkətlilik davam edib.

 

- Rəsmin bir tərəfində daha çox milli əhval-ruhiyyə, digər tərəfində isə antik mədəniyyətin ab-havası var.

 

- Burada antik sənətlə yanaşı, Sovet realizminin detalları da var. Svastika günəşin hərəkət rəmzi kimi verilib. Kompozisiya prinsiplərindən yeddi prinsipin hamısı burada var.

 

- Qız bizimkidir?

 

- Burada bizimki-sizinki söhbəti yoxdur.

 

- Bəs buta təsvirləri niyə var?

 

- Sadəcə dekor kimi istifadə etmişəm. Mesajlar işin içərisindədir. Realizmi əks etdirən detallar Qərbi təcəssüm etdirir. Ümumiyyətlə, realizm qərbə aiddir, mücərrədlik şərqə. Ancaq onlar daim qarşılıqlı əlaqədədir. Məsələn, şkaf ilk dəfə Çində yaranıb. Şərq isə onu daha da təkmilləşdirib.

 

- Əgər Qərb nəyisə götürüb, inkişaf etdirib daha təkmil formada bizə təqdim edirsə, bu, özü Qərbin uğuru deyilmi?

 

- Gəlin, burada uğur axtarmayaq. Bunu mədəniyyətin funksiyası kimi qəbul edək. Tarixən müharibələr dağıdıb, mədəniyyət bərpa edib.

 

- Rəsmin bir tərəfi qədimlikdən, bir tərəfi isə müasirlikdən xəbər verir.

 

 

- Bəli, sağ tərəfdə Qobustanla bağlı detallara işarə vermişəm. Əslində, mənim üçün Qobustan bu gün müasirdir. Ümumiyyətlə, müasirlik təkcə təqvimlə ölçülmür. Bəzən biz müasir sənət deyəndə düzgün başa düşmürük. Müasir sənət dünyaya baxışın, ideyanın aktuallığı, vacibliyi bəşəriliyidir. Bu, hər sahədə belədir. Bethovenin musiqiləri bu gün müasirdir, Cəlil Məmmədquluzadənin əsərlərində qoyduğu problemlər bu gün aktualdır.

 

- Sizcə, siz bu əsərdə bəşəri ideya göstərə bilmisinizmi?

 

- Bəli, burda simvolika, svastika, Avropa mədəniyyəti ilə Şərq mədəniyyətinin sintezi şərqin qərbə, qərbin şərqə müraciəti var.

 

- Antik heykəlin üzərində nar görmək təəccüblüdür.

 

- Əslində, mən əsəri işləyəndə daha çox kompozisiyanın tələbinə görə nar detalından istifadə etmişəm. Digər tərəəfdən, nar təkcə bizim incəsənətdə deyil axı. Yunanıstanda da, Karfagendə , digər xalqların incəsənətində nar var. Hətta ikonalarda belə nar görmək olar. Nar bəşəridir. 2009-cu ildə mən nar rəsmi ilə bir yarışmaya qatılmışdım. Orada yarışma iştirakçılarından biri mənə narla bağlı qədim bir Karfagen nağılı göndərmişdi. Oxuyandan sonra gördüm ki, mənim rəsmdə çəkdiyim obraz Karfagen nağılının personajı imiş. Halbuki mənim bundan əvvələr xəbərim olmayıb. Bir sözlə, nar dünyanın bir çox xalqlarının mədəniyyətində var.

 

- Əsərin rəng koloriti barədə deyə bilərsiniz?

 

- Əsasən simvolikaya üstünlük verdiyim üçün burada çox rəngdən istifadə etməmişəm. İstifadə etdiyim rənglər isə isti rənglərdir. Qara, qırmızı qızılı rənglər üstünlük təşkil edir. Ümumiyyətlə, hərəkət təsviri olduğu üçün isti rənglərə üstünlük vermişəm.

 

- Bu rəsm bizə deyir?

 

- Deyir ki, həmişə hərəkətdə olmaq lazımdır.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 14 iyul.- S.21.