İncə ruhlu böyük bəstəkar

 

Unudulmaz bəstəkar, pedaqoq, xormeyster, Xalq artisti Cahangir Cahangirovun bu ilin 20 iyununda 100 illiyi tamam oldu.

 

Cahangir Cahangirov "Ana", "Buludlar", "Nazənin", "Ağ şanı, qara şanı", "Durnalar", "Zərif gülüşlüm", "Ana Kür", "Alagöz", "Qarabağ" kimi bir-birindən gözəl mahnıların, "Azad", "Xanəndənin taleyi" operalarının, "Füzuli", "Nəsimi" kimi ölməz kantataların, "Sabir" oratoriyasının müəllifidir. O, mənim və yaşıdlarımın ən çox sevdiyi bəstəkarlardan idi.

 

Şəxsən mən özümü bir dinləyici kimi xoşbəxt hesab edirəm ki, Fikrət Əmirovu, Qara Qarayevi, Maestro Niyazini, Soltan Hacıbəyovu, Cahangir Cahangirovu, Tofiq Quliyevi, Şəfiqə Axundovanı, Süleyman Ələsgərovu, Hacı Xanməmmədovu, Vasif Adıgözəlovu, Rauf Hacıyevi, Ramiz Mirişlini həyatda görmüşəm, konsertlərində, tamaşalarında, yubiley gecələrində iştirak etmişəm, bəziləri ilə həmsöhbət olmuşam, müsahibə götürmüşəm, radio verilişi hazırlamışam. Onların canlı söhbətlərini, təəssüratlarını eşitmək, opera və balet tamaşalarını seyr etmək, xatirələrini dinləmək nə qədər xoş idi.

 

Bu ölməz bəstəkarların simfoniyalarının, opera və baletlərinin tamaşaçısı olmaq, mənalı, hikmətli, ruhsal, qəlbə fərəh gətirən, düşündürən mahnılarını dövrün ən ünlü, gözəl səsli müğənnilərinin ifasında eşitmək, onların dinləyicisi olmaq olduqca qürurverici idi.

 

Yaşıdlarım kimi mən də Cahangir Cahangirovun "Ana" mahnısını ilk dəfə dahi müğənnimiz Rəşid Behbudovun ifasında eşidib sevmişdim. Budur, xəyalımda Rəşid Behbudov oxuyur:

 

Könlümün nuru, canım ana,

Böyütdün sən məni yana-yana.

Odlusan gün kimi, bir qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi,

Əziz ana.

Bəstəkarın "Zərif gülüşlüm" mahnısı İslam Rzayevin, "Durnalar"ı Şövkət Ələkbərovanın, "Ana Kür"ü Gülağa Məmmədovun, "Qarabağ"ı Sara Qədimovanın ifalarıyla yaddaşıma köçüb:

 

Sən ellərin,

Könüllərin

Ülvi diyarısan,

Şirin canın

Azərbaycanın

Bir əbədi baharısan.

Cənnətim Qarabağ!

Zinətim Qarabağ!

Nəğmələr gülüstanısan,

Sevgi dastanısan!

 

Cahangir Cahangirovun "Yenilməz batalyon", "Koroğlu", "Dəli Kür" bədii filmlərinə yazdığı musiqilər də unudulmazdı. Bu filmlərdə səslənən "Teymurun nəğməsi", "Ana Kür", "Dəli Həsənin mahnısı" bu gün müstəqil mahnılar kimi yaşayır və dillər əzbəridir. Mən "Yenilməz batalyon" filminə ilk dəfə Kalinində əsgərlikdə olarkən baxmışam. Kazarmada rusların, ukraynalıların, gürcülərin, özbəklərin və bir neçə azərbaycanlı əsgərin tamaşa etdiyi bu filmdə gənc Teymurun - Ceyhun Mirzəyevin dördtəkərli furqona qoşulmuş bir cüt atı çapa-çapa oxuduğu mahnını (səsləndirən İslam Rzayev idi) millətindən asılı olmayaraq hər kəs böyük maraqla dinləmişdi. Atların qaçışı, sevinci, fərəhi aşıb-daşan Teymurun - Ceyhun Mirzəyevin qəlb çırpıntısı vardı bu mahnıda. Şən, həyat eşqi ilə dolu olan bu mahnı biz azərbaycanlılarda xüsusi qürur hissi doğururdu:

 

Yel əsər, dağıdar dumanı,

Anamın gözləri yoldadır,

Bircə mənə qalmış gümanı,

Gedib görüm əziz anamı,

a qarlı dağlar.

Bulud, kəs aranı,

Qoy arabanı kəndə çatsın.

 

Mən Cahangir Cahangirovu qiyabi olaraq 1987-ci ildə Şövkət Ələkbərova haqqında kitab üzərində işlərkən tanımağa başlamışdım. Çünki Şövkət xanımla üzbəüz oturub onun yaradıcılıq yolu barədə söhbətləşəndə Üzeyir bəydən başlayaraq bir çox bəstəkarları yad edir, o cümlədən, Cahangir Cahangirovdan da danışırdıq. Onda bildim ki, Cahangir Cahangirov Üzeyir bəyin ən istəkli tələbəsi olub, hətta onu filarmoniyada yaratdığı Dövlət xoruna solist götürüb. Gənc Cahangirin də Şövkət xanımla tanışlığı o zamandan başlayıb. Çünki Şövkət xanım da Dövlət xorunun solisti idi.

 

 

Sonra onu da öyrəndim ki, Üzeyir bəy işinin çoxluğunu nəzərə alaraq 1940-cı ildə Dövlət xoru ilə rəqs ansamblını birləşdirib, mahnı və rəqs ansamblını yaradıb və onun təklifi ilə Qılman Salahov bu yeni yaranmış ansamblın bədii rəhbəri, Cahangir Cahangirov isə xormeysteri olub. Şövkət xanım da ansamblın xor qrupunun solisti. Şövkət Ələkbərova söyləyərdi ki, Cahangir Cahangirovun pəsdən çox gözəl səsi varmış.

 

Xatırladım ki, əsası Üzeyir bəy tərəfindən qoyulan xor sənətini zirvəyə qaldıran Cahangir Cahangirov 15 il Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik etmişdi. Əlamətdar hadisədir ki, illər sonra gəncliyində xormeysteri olduğu "Mahnı və Rəqs Ansamblı"nın bədii rəhbəri vəzifəsində də çalışmışdı.

 

Əhməd İsazadənin tərtibçiliyi ilə 1990-cı ildə nəşr olunan "Üzeyir Hacıbəyov haqqında söz" toplusunda çıxan məqaləsində Cahangir Cahangirov Dövlət xoruna üzv olması tarixini belə xatırlayır: "İlk dəfə Üzeyir Hacıbəyovla görüşüm 1937-ci il aprel ayında Azərbaycan Dövlət Filarmoniyasında oldu. Üzeyir bəy filarmoniyanın nəzdində yüz nəfərdən ibarət ilk Azərbaycan xor kapellası təşkil etmişdi. Mən bu vaxtlar teatr texnikumunda təhsil alırdım. Biz bir neçə nəfər yoldaşla filarmoniyaya gəldik. Mənim çox diapazonlu səsim olmasa da, musiqini qavrama qabiliyyətim yaxşı idi. Məqsədimiz xora daxil olmaq idi. O vaxt tələbə kimi 40 manat təqaüd alırdıq, xora qəbul olsaydıq, maliyyə məsələmiz qismən yaxşılaşacaqdı.

 

Ü.Hacıbəyov bizə qulaq asdıqdan sonra 5 nəfərdən 2 nəfərin səsi və musiqi qavrama qabiliyyəti xoşuna gəldi. Bizi xora qəbul etdi. Mən ikinci tenorlar qrupunda oxumağa başladım.

 

...1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı günlərində bizim xor kollektivimiz Üzeyir Hacıbəyovun rəhbərliyi ilə çıxış etdi. Biz "Koroğlu" operasında da iştirak edirdik" .

 

Yeri gəlmişkən, Cahangir Cahangirovla bağlı maraqlı bir faktı da burada yada salmağı özümə borc bilirəm. 1945-ci ildə Cənubi Azərbaycana göndərilən Cahangir Cahangirov Təbriz şəhərində xalq çalğı alətləri orkestri və 50 nəfərlik xor təşkil etmişdi. Bu da bir tarixdir. Maraqlı təsadüfdür ki, bu əlli nəfər xor ifaçılarından biri - Məmmədəli Müciri vaxtilə "Yazıçı" nəşriyyatında mənimlə bir yerdə işləyirdi.

 

Çox sonralar 22 yaşında Təbrizdə Dövlət Filarmoniyasının rəhbəri və təşkilatçısı olmuş Əməkdar incəsənət xadimi, şair Əli Tudə öz Cənub xatirələrində Cahangir Cahangirovun xidmətlərini məmnunluqla yad edərək yazıb: "Milli hökumət Təbrizdə Dövlət Filarmoniyası təsis etmək fikrində idi... O zamanlar Təbrizdəki Sovet Mədəniyyət Evində coşqun fəaliyyət göstərən gənc, lakin olduqca istedadlı bəstəkar Cahangir Cahangirov həm işi ilə, həm də yaradıcılığı ilə Cənubi Azərbaycan incəsənətinə ləyaqətlə xidmət etmişdir. Milli orkestrin yaranmasında, fəaliyyətində Cahangir Cahangirovun səmərəli əməyi olmuşdu. O, Azərbaycan Milli hökumətinin sürudunu (himnini) yazmış, "Fədailər marşı" bəstələmiş, "Təbrizim" mahnısını nota salmışdı. Hər üç musiqi əsərinin sözləri Mirmehdi Etimadındı. Sonralar Cahangir Cahangirov "Arazın o tayında" adlı simfonik poema yazdı. Əsərdə mənim Arazın o tayında yazdığım şeirlərdən də istifadə etdi. Dinləyicilər tərəfindən hərarətlə qarşılanan bu simfonik poema Respublika Dövlət mükafatına layiq görüldü".

 

 

Biləsiniz ki, Təbriz Dövlət Filarmoniyası 1946-cı ilin baharında yaradılmış, 2 sentyabrda isə binasının açılışı olmuşdur. Xalq artisti, bəstəkar Hacı Xanməmmədov bu filarmoniyanın bədii rəhbəri olmuşdur. Aşıq Hüseyn Cavan, Əməkdar artist, xanəndə Sahib (Ruhi) Şükürov da burada çalışmışlar. Şair Əli Tudə "Öz gözlərimlə" kitabında Təbriz Dövlət Filarmoniyasının yaranması və fəaliyyəti barədə geniş söhbət açmışdır. Təbriz Filarmoniyası 12 dekabr 1946-cı ilə - Milli hökumətin süqut etdiyi günə qədər fəaliyyət göstərmişdir.

 

Şövkət Ələkbərovanın bir müğənni kimi imkanlarını qabarıq nəzərə çarpdıran, onun səs-obrazını gözlərimiz önündə canlandıran əsərlərdən biri də respublikanın Xalq artisti Cahangir Cahangirovun "Füzuli" kantatasıdır. Kantata ilk dəfə 10 dekabr 1958-ci ildə dahi şairimiz Məhəmməd Füzulinin 400 illik yubiley gecəsində səslənmişdir. O gecə dahi müğənnimiz Bülbül ilk dəfə özünün məşhur "Füzuli təsnifləri"ni, Xan Şuşinski Füzuli qəzəllərinə "Zabul" muğamını, Rübabə Muradova "Uca dağlar"ı oxuyublar. Qara Qarayevin "Yeddi gözəl" baletindən fraqmentlər göstərilib, Fikrət Əmirovun "Sevil", Üzeyir Hacıbəylinin "Koroğlu" operalarından ariyalar oxunubdur. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çalıb-oynayıb, Əminə Dilbazi qavalla rəqs edibdir. Daha sonra o gecənin yaddaşına C.Cahangirovun "Füzuli" kantatası əbədi həkk olunubdur. O gecə kantatanı opera və balet teatrının orkestri və xoru, Azərbaycan SSR Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsinin xoru və bir də Şövkət Ələkbərova oxuyubdur. Kantatanın xormeysterləri N.Məlikov və R.Yusibova, dirijor Maestro Niyazi idi.

 

"Füzuli" dahi şairimiz M.Füzulinin qəzəllərinə yazılmış kantatadır. Kantatanın əsasını Füzulinin "Söz haqqında", "Məhəbbət haqqında", "Məni candan usandırdı" mətnli məşhur qəzəlləri təşkil edir. Sonuncu qəzəl "Şəbi-hicran"... ilk dəfə Ü.Hacıbəyli tərəfindən "Leyli və Məcnun" operasının proloqunda istifadə edilmiş və o vaxtdan geniş şöhrət qazanmışdır.

 

Kantata musiqinin inkişafı baxımından bir-birilə bağlı olmayan üç hissədən ibarətdir. Əsər üçün götürülən qəzəllər kantatanın hissələrinin formalarını - əsasən kupletli və ya üçhissəli sadə mahnı formasını da müəyyənləşdirir.

 

Kantatanın ikinci hissəsi sevgilisinin həsrətini çəkən şairin ifadəli obrazının təsvirindən ibarət kədərli mahnıdır. Bu hissənin melodiyasında və inkişaf mətnində muğamların təsiri xüsusilə aydın duyulur. Hər bir sonrakı bölmə əvvəlki bölmənin inkişafının bir variantı kimi hiss edilir, çünki hər bir cümlə əslində başqa cümlələrlə intonasiya vəhdəti ilə bağlıdır" (S.Osmanova, N.Bağırova).

 

"Füzuli" kantatası haqqında musiqişünasların fikri belədir. Lakin bu deyilənlər azdı, çox az! Əgər kantatanın musiqisini sözə çevirmək, musiqinin yaratdığı mənzərəni rəsm etmək, xorun, müğənninin "Şəbi-hicran", "Məni candan usandırdı" harayından boylanan böyük Füzulinin obrazını sözlə toxumaq mümkün olsaydı, bu mahnının təhlilinə bir kitab həsr etmək olardı.

 

Nədənsə hər dəfə bu haqda düşünəndə mənə elə gəlir ki, "Füzuli" kantatasına gündüz qulaq asanlar çox şey itirir. "Füzuli" kantatasına gərək bahar gecəsində, ayın, ulduzun işığı altında qulaq asasan və düşünəsən. Yox, "Füzuli" kantatasının insanda oyatdığı hissləri təsvir etməkdə qələm acizdir.

 

Ancaq əlac bu yerdə kantatanın musiqisini yada salmaq, xorun əzəmətli səsini dinləmək və Şövkət Ələkbərovanın təbiətin zümzüməsi qədər təmiz səsinə qulaq asmaqdır.

 

Budur, işıqlar keçir, bütün diqqət "Füzuli" kantatasını oxuyan xora dikilib. Kantatanın solo hissəsini Şövkət Ələkbərova oxuyur və oxuduqca bizə elə gəlir ki, onun səsini Füzuli babamız özü də eşidir:

 

Məni candan usandırdı,

Cəfadan yar usanmazmı?

Fələklər yandı ahımdan,

Muradım şəmi yanmazmı?

 

Daha sonra müğənni böyük ustalıqla "Şəbi-hicran" oxuyur və beləliklə, səsi ilə mahnının "zirvəsini" fəth edir.

 

 

Necə olub ki, "Füzuli" kantatasının solo hissəsini ilk dəfə Şövkət xanım oxuyubdur? Bunun da öz tarixçəsi var, kantatadan söz düşəndə Şövkət xanım o tarixçəni də mənə danışmışdı:

 

"Əvvəllər Cahangir müəllimlə mən bir binada, hətta bir dəhlizdə yaşayırdıq. Bir gün Cahangir müəllim mənə zəng elədi ki, onlara gəlim. Getdim. Bir az ordan-burdan danışandan sonra Cahangir müəllim pianonun arxasına keçdi, bir melodiya çaldı, doğrusu, musiqi məni heyran elədi. Sonra Cahangir müəllim Füzulinin "Şəbi-hicran"nı, "Məni candan usandırdı" qəzəlini pəsdən oxumağa başladı. Yeri gəlmişkən deyim ki, Cahangir müəllimin yaxşı səsi də var. Bu da bəstəkar üçün bir nemətdi. Nəsə, Cahangir müəllim çalıb-oxuyur, mənsə nəfəsimi içimə çəkərək durub qulaq asırdım. Musiqi məni məndən almışdı, fikirləşirdim: "Bu ki böyük bir kantatadı!" Musiqi bitdi. Cahangir müəllim pianonun arxasından qalxdı, mənə baxdı, heç bir söz demədi. Mən də elə bil deməyə söz tapa bilmirdim. Eşitdiyim musiqi məni məftun eləmişdi. Evə gəldim, kantatanın melodiyası yadımdan çıxmırdı. Səhəri yenə Cahangir müəllimgilə getdim. Cahangir müəllim yenə də həmin kantatanı çaldı, oxudu. Mən də sakitcə oturub qulaq asdım və qalxıb öz evimə getdim. Bir neçə gün belə keçdi. Bir gün Cahangir müəllim mahnısını yarıda kəsib, sərt şəkildə mənə: - Bura bax, - dedi, - sən hər gün gəlib sakit oturub gedəcəksən, axı mən sənin səsini nəzərdə tutub yazmışam bu kantatanı. Oxu! Bəyənirsən, bəyənmirsən, fikrini de!

 

Dedim:

 

- Cahangir müəllim, bəyənirsən nədi? Kantatanıza heyran olmuşam! Siz pianoda çalıb-oxuduqca mən dahi şairimiz Füzulini düşünürəm, çıxış edəcəyim bu ilk kantatada necə oxuyacağımı fikirləşirəm.

 

Cahangir müəllim razılığını bildirdi. Sonra biz xor və orkestrlə birgə opera teatrının səhnəsində kantatanın məşqinə başladıq. Füzulinin 400 illik yubiley gecəsində "Füzuli" kantatası səsləndi. Yadımdadı, o gecə alqışdan az qalırdı tavan uçub tökülsün".

 

O, sözünə ara vermişdi. Gözləri xəyallanmışdı. Mənə elə gəlmişdi ki, Şövkət xanım "Füzuli" kantatasının əsrarəngiz musiqisinə qulaq asır. Gözlədiyimin əksinə o, handan-hana Cahangir Cahangirovun başqa bir əsərini xatırlamışdı:

 

- Cahangir müəllimin "Nəsimi" kantatası da çox gözəldir. Mən "Nəsimi" kantatasını da çox sevirəm. Xoşbəxtəm ki, bu gözəl kantataların solo hissələrini ilk dəfə mən oxumuşam, - deyərək, sözünü "Nəsimi" kantatasından bir parçanı zümzümə etməklə bitirmişdi...

 

Bəstəkar Cahangir Cahangirov özü isə müğənni haqqında deyirdi: "Şövkət xanım mənim mahnılarımı qəlbim istəyən kimi təfsir eləyir, onunla mahnı üzərində işləmək əsl yaradıcılıq işidir. O, bəstəkarı dərindən duyur, nüansları fövrən qavrayır".

 

Şövkət Ələkbərova haqqında yazdığım "Oxu, gözəl" kitabının əlyazmasını aparıb "İşıq" nəşriyyatına təqdim eləmişdim. Kitabı plana salmaq üçün Xalq artisti Tofiq Quliyevə rəyə vermişdilər. Bundan mənim xəbərim yoxdu. Çünki o zaman nəşriyyatlar əsərləri kənar müəlliflərə rəyə göndərirdilər və bunu müəlliflərdən gizli saxlayırdılar.

 

Bir neçə gündən sonra nəşriyyatdan mənə zəng edib dedilər ki, kitabıma bəstəkar Tofiq Quliyev müsbət rəy verib, üstəlik, tapşırıb ki, ona zəng vurum. O vaxt mənim görkəmli bəstəkarımız Tofiq Quliyevlə şəxsi tanışlığım yox idi. Nə gizlədim, bu böyük bəstəkarın kitabıma müsbət rəy yazması məni qəlbən sevindirmişdi. Mən Tofiq müəllimə zəng vurub özümü təqdim etdim. Bəstəkar kitabım haqqında xeyli xoş sözlər söylədi və ona layiq bir ön söz yazdırmağımı tövsiyə etdi. Mən bir qədər ürəklənib: - Tofiq müəllim, vaxtınız varsa, bəlkə, bu ön sözü özünüz yazasınız, - dedim.

 

- Təəssüf ki, biz bəstəkarlar məqalə yazmaqda o qədər də səriştəli deyilik. Kitabınızı poetik bir dillə yazmısınız, o dilə yaraşan da ön söz olmalıdır, - dedi və birdən mətləbdən yan keçib soruşdu ki, haranı bitirmisiniz?

 

- Universitetin jurnalistika fakültəsini, - dedim.

 

- Yazınızı oxuyan inanmaz. Siz musiqini çox gözəl duyursunuz, - dedi.

 

Tofiq müəllimə bir daha təşəkkür etdim və dərhal kitabıma ön söz yazdırmaq qayğısına qaldım. Ancaq təəssüf ki, o poetik ön sözü yazan tapılmadı. Qazancım o oldu ki, o zaman Tofiq Quliyevin də fikirlərini yazdım.

 

Kitabıma ön söz yazdırmaq niyyəti ilə konservatoriyaya gedib Cahangir Cahangirovla görüşdüm. Gəlişimin səbəbini söyləyib əlyazmamı ona təqdim etdim. Bir həftə sonra əlyazmamı götürmək üçün Cahangir müəllimin yanına getdim. O, kitaba ön söz yazmasa da, çox təriflədi - "lap roman yazmısan" deməyi də unutmadı. Mən ondan ön söz yazmadığı üçün qətiyyən incimədim. Çünki bəstəkarların çoxunun məqalə yazmaqda elə də səriştəli olmadıqlarını bilirdim. O zaman gənc bir müəllif olaraq mənim üçün möhtəşəm "Füzuli" kantatasının müəllifi ilə görüşmək, onunla fikir bölüşdürmək, kitabımın əlyazması haqqında ürək sözlərini eşitmək hər şeydən önəmli idi.

 

Öz bənzərsiz bəstələri ilə ölümsüzlük qazanan Cahangir Cahangirov 25 mart 1992-ci ildə haqqa qovuşub. Amma o hər zaman bizimlədir. Bəstələrinin hər biri dəyərli sənət əsəridir. Hər birinin öz yeri, öz hüsnü var. Mənim isə ən çox sevdiyim, müəllifini hər zaman rəhmətlə yad etdiyim "Füzuli" kantatasıdır.

 

30 iyun 2021-ci il

 

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2021.- 14 iyul.- S.16-17.