Cümhuriyyətin dövlət təhlükəsizliyi və Nəsib bəy Yusifbəylinin fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təhlükəsizliyinin təmin olunması məsələsi müstəqilliyin elan edildiyi ilk gündən aktuallaşıb.

 

Bunu şərtləndirən bir sıra amillər vardı: hökumətin ölkə ərazisinə köçürülməsi və idarəetmə orqanlarının yaradılması ilə normal fəaliyyətin təşkili; Bakıda idarəçiliyi ələ keçirmiş düşmən, daşnak-bolşevik qüvvələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında soyqırıma məruz qalmış Azərbaycanın türk-müsəlman əhalisinin təhlükəsizliyinin, ölkənin xarici (əsasən Denikin könüllü ordusu və bolşevik Rusiyasından) təcavüzlərdən müdafiəsinin təmin edilməsi; ərazi-sərhəd problemlərinin həlli; sərhədlərin müəyyənləşdirilməsi və mühafizəsinin təşkili; daxili sabitliyin təmin edilməsi və sair. Bu vəzifələrin bəziləri müstəqillikdən əvvəl də mövcud idi və onların həlli böyük səylər tələb edirdi. Ancaq Nəsib bəy kimi Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə aparmış, həyat amalı doğma xalqına xidmət olan ziyalılar qarşılarına bütün bu çətinliklərin öhdəsindən gəlmək kimi müqəddəs bir vəzifə qoymuşdular və onlar bu tarixi missiyanın öhdəsindən layiqincə gəldilər.

 

Əvvəla qeyd edək ki, milli ideyalara sədaqəti, həqiqi liderlik keyfiyyəti ilə 17 il Azərbaycanın siyasi səhnəsində mühüm yer tutan şəxsiyyət kimi N.Yusifbəylinin müstəqil dövlətin təhlükəsizlik məsələlərinin həllində söz sahiblərindən olması arzuedilən və təbii idi. N.Yusifbəyli bu taleyüklü vəzifələrin yerinə yetirilməsində nəinki fəal iştirakçı, müəyyən dövrdə onları müəyyənləşdirən və bu istiqamətdə fəaliyyətə rəhbərlik edən şəxs olmuşdur. Onun bu fəaliyyəti əsasən iki mərhələni əhatə etmişdir. Müstəqilliyin elanı ərəfəsi və dövlət quruculuğunun ilk ayları; 4-5-ci hökumətlərə rəhbərlik dövrü.

 

N.Yusifbəyli Gəncə Milli Komitəsinin həmrəhbəri olduğu dövrdə N.Şeyxzamanlının və bir neçə nəfər fəalın Azərbaycana mümkün hərbi yardım göstərilməsi xahişi ilə Türkiyəyə göndərilməsinin təşəbbüskarı olmuşdu. "Azərbaycanın mərkəzi Bakı düşməndən təmizlənməlidir. Çünki başsız bədən olmaz və yaşamaz. Bizim xalq qüvvələrimiz bunun üçün kifayət deyildir. Böyük bir yardıma ehtiyac vardır və bu yardımı da bizə ancaq Osmanlı İmperatorluğu edə bilər", - deyən Nəsib bəy həmin yardımın yalnız Azərbaycanın müstəqilliyinin təmin edilməsi şərti ilə göstərilməli olduğunu da vurğulayırdi. Çünki onun amalı Azərbaycanın müstəqil yaşaması idi və bu məsələdə heç vəchlə, heç bir təhlükə qarşısında və ən yaxın bildiyi dövlətə də güzəştə gedilə bilməzdi.

 

Osmanlı dövləti ağır durumuna və imperiyanın sarsılmasından istifadə edən xarici qüvvələrin onu tamamilə məhv etmək planlarına baxmayaraq, çətin gündə Azərbaycandan öz köməyini əsirgəmədi. Nuru paşanın başçılığı altında hərbi güc, Qafqaz İslam Ordusu Şərqdə ilk demokratik Cümhuriyyətə yardım üçün göndərildi.

 

İkinci məqam N.Yusifbəylinin Azərbaycanda milli ordunun yaradılmasındakı xidmətləri ilə bağlıdır. O, Gəncədə ilk hərbi birləşmələrin formalaşdırılması, xüsusi ilə silah-sursat təchizatı və başqa məsələlərin həllində təşkilatçılardan idi.

 

Nəsib bəy Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçürülməsi və yeni ünvanda işin təşkili üçün müvafiq şəraitin yaradılması kimi mühüm təhlükəsizlik tədbirinin yerinə yetirilməsinə rəhbərlik etmiş, buna X.Sultanov və R.Şəfibəyovla birlikdə nail olmuşdu.

 

Onun dövlət təhlükəsizliyinin təminatı istiqamətindəki fəaliyyətinin ən gərgin və intensiv dövrü 4-cü və 5-ci hökumətlərə rəhbərlik etdiyi illərlə bağlıdır. 1919-cu il aprel ayının 14-də Baş nazir vəzifələrinin icrasına başlayan N.Yusifbəyli yeni hökumətin proqramı ilə bağlı bəyan edirdi ki, xarici siyasət sahəsində əsas vəzifə böyük dövlətlərin Azərbaycanın suverenliyini tanımaqlarına nail olmaq, ölkənin ərazi bütövlüyünü təmin etmək, qonşu dövlətlərlə mehriban, xoş münasibətlər saxlamaqdan ibarət olacaq. "Təşkil etdiyim hökumət, üzərinə nə qədər ağır və nə qədər böyük bir məsuliyyət almış olduğunu anlayır... Müstəqilliklə bərabər, qarşımızda heç də az əhəmiyyətli olmayan başqa vəzifələr də durur ki, onların tezliklə həll edilməsini hökumət özünün təxirəsalınmaz və müqəddəs borcu hesab edir... Azərbaycanın ayrılmaz hissəsi olan Lənkəran qəzası hələ yadlar əlindədir. 100 minə qədər vətəndaşımız hər an təhlükələrə, təhqirlərə və təzyiqlərə məruz qalır. Azərbaycanın Tiflis və İrəvan vilayətlərində bulunan hissələrinə göz dikənlər dəxi vardır".

 

Dördüncü hökumətin işə başladığı dövr respublikada iqtisadi böhranın güclənməsi dönəminə təsadüf etmişdi. Hökumət kabinetinə daxil olmayan "Hümmət"çi bolşeviklər qadağalara baxmayaraq, Bakı fəhlə konfransı vasitəsi ilə fəhlələri tətillərə təhrik edir, iqtisadi böhranı dərinləşdirməyə çalışırdılar. "Onlar öz məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən, Azərbaycanda, - onu Rusiyanın bir parçası hesab edirlər, - Sovet hökuməti təşkil edək... İki yüz milyon put neft var. Onu satmaq lazım, satmaq üçün də mühüm bir bazar Həştərxandır. Ancaq hökumət və millət deyir ki, neft bacını da verər, Sovet hökumətini bura gətirməz və istiqlalından əl çəkməz. Əgər Rusiya bizim istiqlalımızı tanırsa, bizimlə hesablaşırsa, o zaman neft verərik. Bunlar olmayınca hökumət sovetlərə neft verməz".

 

N.Yusifbəyli əhaliyə 28 may müraciətində Çar Rusiyasında hər bir huquq, mədəni tərəqqi və ən adi siyasətdən məhrum olan, arzuları məhv edilən, bolşevik hərc-mərcliyi vaxtı, evləri talan və qarət edilən, böyük fəlakət və musibətlərə düşürülən Azərbaycan türklərinin "Bu az vaxt ərzində özlərinin azad və müstəqil yaşamağa layiq olduqlarını göstərib, dövlət təşkilində istedad və qabiliyyətlərini sübut etdilər", - deyirdi.

 

Nəsib bəy hökuməti ölkənin bütün ərazisində hakimiyyətin bərqərar olunması üçün ən qəti tədbirlər görürdü. Çünki bu dövrdə Azərbaycan öz ərazilərinin üçdə birində real hakimiyyətə malik deyildi. Bir yandan xarici müdaxilə təhlükəsi, digər tərəfdən, daxili sabitliyin kövrəkliyi vəziyyəti gərginləşdirmiş, antiazərbaycan qüvvələri hərəkətə gətirmişdi. Lənkəran qəzasında oyuncaq "Muğan respublikası"nın ləğvi, idarəçiliyin nəzarətə götürülməsi hökumətin dövlətin təhlükəsizliyi və müstəqilliyin möhkəmləndirilməsi üçün qətiyyətlə hərəkət etdiyini göstərirdi.

 

Eyni qətiyyət Dağıstanda gedən proseslərə münasibətdə də nümayiş etdirilirdi. Dağıstanın müstəqil yaşamasının, Rusiya ilə arada bir sədd olmasının vacibliyini nəzərə alan hökumət sədri orada tökülən qanlara etirazını bildirməklə, Dağıstan və Azərbaycan dövlətlərinin ortaq strateji maraqlarını mühüm amil kimi dəyərləndirirdi. "Dağlılar İttifaqı Cümhuriyyəti ilə aramızda ixtilaf deyil, tam anlaşma və həmrəylik var. Denikinin ordusu Şimali Qafqaza hücum edərək cəsur və şücaətli dindaşlarımızın qarlı dağlarını al qanlara boyayıb, onları və onlarla bərabər bizləri yenidən əsarət altına almaq fikrindədirlər".

 

 

Ciddi narahat olan Baş nazir müttəfiqlərin komandanlığından Denikinin Dağıstandan çıxarılması üçün qəti tədbirlər görülməsini xahiş etmişdi. İyunun 5-də parlament iclasında bir neçə gün əvvəl Denikinin Azərbaycanın istiqlalını tanıması haqqındakı məktubunu xatırladan N.Yusifbəyli qeyd edirdi ki, o sözlərə "nə mən oxuyan, nə də siz eşidən zaman etibar etməmişdiniz. O məktubunun mürəkkəbi qurumamış, onun tam əksinə olan ikinci məktubu oxuyanda Denikinin bəyanatına şübhə etməkdə nə qədər haqlı olduğumuzu bilərsiniz". "Məsələnin Rusiyada təşkil olunacaq ali hakimiyyət tərəfindən həllinə qədər Azərbaycanın istiqlalını münasib bilir və tanıyırıq".

 

Bununla bağlı müttəfiq qüvvələrin Cənubi Qafqazda yeni baş komandanı, general Q.Kori və polkovnik Şatalvertlə görüşən Baş nazir onların "nə tədbir görürsünüz" sualına cavab olaraq: "...vətənimizi müdafiə edəcəyik. Buna görə hər bir tədbir görürük və görəcəyik", demiş və qətiyyətlə onlara vədlərini xatırlatmışdı: "Sizin vədləriniz olmasaydı, biz Dağıstana böyük kömək göndərərdik, bu gün Dağıstan məğlub və sərhədimiz təhdid altında olmazdı".

 

Azərbaycanın üzləşdiyi bu təhlükələr, açıq-gizli təhdidlər, xüsusi ilə müdafiə sahəsində hökumət tərəfindən təcili və kompleks tədbirlər görülməsini tələb edirdi. Mövcud problemlərin həlli üçün Nazirlər Şurası 1919-cu il iyun ayının 9-da fövqəladə səlahiyyətlərə malik Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu Komitənin ölkə ərazisində hərbi, müharibə vəziyyətləri elan etmək, ümumi hərbi səfərbərlik keçirmək, könüllü müdafiə dəstələri yaratmaq, həmin vəzifələrin daha uğurla yerinə yetirilməsi üçün yeni strukturlar təşkil etmək və sair kimi geniş səlahiyyətləri vardı. Ölkə həyatının ən mühüm sahələrində təhlükəsizliyin təmin olunmasına məsul olan bu dövlət qurumuna Baş nazir özü sədrlik edirdi.

 

DMK fəaliyyətinin ikinci günü bütün respublika ərazisində hərbi vəziyyət elan etdi. DMK vəziyyətlə əlaqədar dövlət orqanlarından gələn təklifləri müzakirə edir, əsasən müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı təxirəsalınmaz qərarlar qəbul edirdi. Baş Qərargah rəisi M.Sulkeviçin DMK-ya ünvanlanmış 1919-cu il 26 iyun tarixli raportunda deyilirdi: "Qarabağ hadisələri, Lənkəran qəzasında iğtişaşlar, şübhəsiz ki, Könüllü ordunun Dağıstanda peyda olması ilə əlaqəlidir və dövləti təhlükə təkcə şimaldan deyil, cənubdan və qərbdən də gözləyir".

 

Hökumətin qərarı və hərbi nazirin əmri ilə Lənkəran şəhərinin alınması və Azərbaycan hakimiyyətinin bərqərar olunması üçün general Səlimovun komandanlığı altında Lənkərana üç növ qoşun hissəsindən ibarət xüsusi dəstə göndərildi. Hərbi nazirin dediyi kimi: "Bu dəstə Lənkəran qəzasını və Muğanı Azərbaycanın ağuşuna qaytardı".

 

DMK-nın ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi yolunda mühüm addımlardan biri iyun ayının 11-də "Əksinqilabla mübarizə təşkilatı"nın yaradılması oldu. Qurumun əsas vəzifəsi kəşfiyyat və əks-kəşfiyyat işini həm də mülki təşkilatlar və əhali arasında aparmaq, xarici və daxili düşmənlərin təxribatlarının qarşısını almaq idi.

 

1919-cu ilin yayında daha da fəallaşan Denikinin artıq Cənubi Qafqaz respublikalarını özünə tabe etdirmək niyyətini gizlətmir, öz notasında Azərbaycanın hərbi-ticarət gəmilərinin rus bayrağından başqa hər hansı bayraqla üzməsinə yol verməyəcəyini bildirirdi. Bu əsassız notanı Azərbaycanın suveren hüquqlarına qəsd kimi qiymətləndirən DMK Xarici İşlər Nazirliyinə bu məzmunda cavab verilməsini tapşırmışdı: "Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsi yalnız Rusiya və İran üçün məcburi ola bilər, bu, yeni yaranmış dövlətlərə aid deyildir; Azərbaycanın Xəzər dənizi sahillərində yerləşən limanları və ticarət gəmiləri vardır və bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir". Bu cavab da Baş nazirin ölkənin müstəqilliyi məsələsində hansı qəti mövqe tutmasının növbəti sübutu idi.

 

Nəsib bəy 1919-cu il avqustun sonunda: "Xarici düşmənlərimiz içində yalnız Denikin deyil, bolşevik qüvvəti də vardır. Bütün dünya bu qüvvənin qarşısında kəndimizi necə saxlaya biləcəyimizi dörd gözlə gözləyir. Biz indi çox mühüm imtahan dövrləri keçiririk. Təəssüf, bu xüsusda hamınız həmrəy deyilsiniz. Bəziləri bu xüsusda hökumətə kömək etməkdən çox, mane olur... Məmləkətimiz əleyhinə gələ biləcək təhlükələrə qarşı, bu təhlükə istər sağdan, istərsə də soldan olsun, xarici düşmənlərdən müdafiə üçün sizdən kömək gözləyirəm", - deyirdi.

 

 

N.Yusifbəylinin dördüncü hökumətdə həm də daxili işlər naziri olması ölkədə daxili sabitliyin təmin edilməsində birbaşa iştirakına, lazım gəldikdə bu sahədə gündəlik qərarlar qəbul etməsinə imkan yaradırdı. "Azərbaycan" qəzeti 1919-cu il 22 avqustda daxili işlər nazirinin ingilislərin Bakıdan getməsi ilə əlaqədar əhali arasında şayiələr yayılması ilə bağlı onları sakitliyə, qayda-qanunu gözləməyə çağırdığını, hökumətin heç bir zorakılığa yol verməyəcəyini bildirdiyini yazırdı.

 

Nəsib bəy ölkədə daxili sabitliyə nail olunması üçün bolşeviklərin törətdiyi təxribatların qarşısının alınmasının başlıca məsələlərdən olduğunu dəfələrlə vurğulamış, bu sahədə lazımi tədbirlərin görülməsini təmin etmişdi. Təfərrüatlara varmır, yalnız onu vurğulayırıq ki, 1920-ci ilin 27 aprelində hakimiyyəti zorla ələ keçirən bolşeviklərin birinci növbədə Nəsib bəyi və Fətəli Xan Xoyskini sui-qəsd yolu ilə aradan götürmələrində həmin mübarizənin xüsusi rolu olmuşdu. Bolşeviklər bu "xidmətləri" unuda bilməzdilər və onu öldürmək üçün haqqında ənənəvi xüsusi qovluqlar yaradaraq düşmən olduğunu sübuta yetirməyə də ehtiyac yox idi, çünki Nəsib bəy açıq-aşkar bolşeviklərin düşməni idi.

 

1919-cu ilin son ayları, xarici missiyaların, xüsusi ilə Amerika və İtaliya dövlətlərinin nümayəndələrinin Azərbaycana ciddi maraq göstərmələri, ingilislərdən sonra ümumən Cənubi Qafqazda nüfuz dairəsi yaratmaq təşəbbüsləri ilə xarakterikdir. Rusiyanın başının daha çox öz daxili problemlərinə qarışdığı bir vaxtda bu cəhdlərin müəyyən uğurlarla nəticələnməsi mümkün idi. Şərur-Naxçıvan vilayətlərində ermənilərlə azərbaycanlılar arasında silahlı toqquşma ilə pozulmuş sülhün, əhalinin əmlakı və şəxsi təhlükəsizliyinin bərpası üçün növbəti təşəbbüslərdən biri Amerika dövlətinin nümayəndəsi V.Haskel tərəfindən göstərilir. Haskel bu ərazini idarə edən şəxs kimi oktyabrın 23-də Naxçıvanda Amerika general-qubernatorluğu yaradıldığını bildirirdi. Amerika nümayəndəsinin bölgədə mübahisəli məsələlərə yanaşması ilə bağlı daha çox bir cəhətə diqqəti yönəldək ki, bütün xarici missiyalar Qafqazda öz nüfuzlarını möhkəmləndirmək üçün ilk əvvəl burada guya mümkün münaqişə ocaqlarını ləğv etmək məqsədi güddüklərini göstərməyə çalışırdılar. Bununla bölgədə yaşayan xalqların daxili problemlərinə daha dərindən nüfuz etməklə onlarla yaxından tanış olmaq, ən başlıcası isə özləri barədə sülhməramlı dövlət imici formalaşdırmaq istəyirdilər. Əks halda həmin bölgədəki maraqları ciddi təhlükələrə məruz qalar, nəzərdə tutulan layihələrin reallaşdırılması qeyri-mümkün olardı. Bütün bunların mahiyyətini dərindən başa düşən hökumət sədri güclü Qərb dövlətlərini təmsil edən missiyalara son dərəcə ehtiyatla yanaşır və onların imkanlarından istifadə etməklə həm əzəli ərazilərimizin işğal edilməsinin qarşısını almağa, həm də bölgədə əmin-amanlığa nail olmağa çalışırdı. Daxildə və sərhədin bir addımlığında kifayət qədər düşməni olan Azərbaycanın özünə yeni əleyhdarlar qazanmasına yol vermək olmazdı. N.Yusifbəyli hökuməti belə məqamları nəzərə alır, düşünülmüş addımlar atırdı.

 

1919-cu ilin payızına qədər ölkə daxilində sabitliyin nisbətən möhkəmlənməsinə, bir sıra ərazilərdə hakimiyyətin bərpa olunmasına baxmayaraq, koalisiyalı əsaslarda formalaşdırılmış hökumət fəaliyyəti ilə əlaqədar müxtəlif çətinliklərlə qarşılaşırdı. Hökumətin təşkilində iştirak etmiş bəzi parlament firqələri müəyyən şərtlər irəli sürür, kabinetdə öz mənafelərinə uyğun dəyişikliklərə nail olmağa çalışırdılar. Bu isə hökumətdaxili mübarizəni kəskinləşdirir, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə maneçilik törədirdi. Belə bir durumda başı daxili münaqişələrə qarışdırılan bir hökumətin lazımi səmərə ilə işləyə bilməyəcəyini nəzərə alan N.Yusifbəyli 1919-cu il sentyabrın 18-də parlament sədrinə məktub yazıb sosialist və "Əhrar" firqələrinin hökumətə etibarı müəyyən şərtlərə bağladıqları üçün istefa verdiyini bildirmişdi. Bu, ciddi bir xəbərdarlıq idi. Bunu nəzərə alan parlament sədri firqələrin razılığı əsasında 22 sentyabrda N.Yusifbəyliyə yeni kabinet yaratmaq təklifi ilə müraciət edir.

 

1919-cu il noyabrın 16-da yeni hökumətin ilk tərkibi "Azərbaycan" qəzetində dərc olunsa da, onun fəaliyyətə başlaması yalnız üç ay sonra mümkün oldu. 1919-cu il 22 dekabrda parlamentdə yeni, 5-ci hökumətin proqramını bəyan edən N.Yusifbəyli qarşıda duran ən mühüm vəzifələri belə səciyyələndirmişdi: "...İkinci məsələ Qarabağ məsələsidir. Qarabağ haqqında danışarkən biz 4 qəzanı nəzərdə tuturuq. Son vaxtlar müxtəlif intriqalarla və fəsadlarla Zəngəzur qəzasının Qarabağdan kənarda yerləşməsini sübut etmək istəyirlər. Yüz və min illərdir ki, Zəngəzur Qarabağın tərkib hissəsidir, Qarabağ isə Azərbaycanın ürəyidir, buna görə də aydındır ki, bu fəsadlardan bir şey çıxmayacaq. İndi Qarabağın üçdə ikisi bizim əlimizdədir, Zəngəzur qəzasının yarısı isə qiyamçıların əlindədir. Üçüncü məsələ Şərur-Naxçıvan məsələsidir, yaxud əhalisinin əsas hissəsi azərbaycanlılar olan İrəvan quberniyasının bir hissəsi".

 

 

1920-ci il 11 yanvarda müttəfiqlərin Azərbaycanın müstəqilliyini tanınmasına, dövlət təhlükəsizliyi sahəsində bir çox məsələlərin həllinə baxmayaraq, ölkə hələ xarici, xüsusi ilə Sovet Rusiyası tərəfindən gözlənilən təcavüzdən tam müdafiə imkanlarına malik deyildi.

 

N.Yusifbəyli hökuməti yalnız daxildə deyil, qonşu dövlətlərin ərazisində kompakt yaşayan türk-müsəlman əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini də diqqətdə saxlayırdı. Parlamentin 1920-ci il 9 mart iclasında Baş nazir Qarsda növbəti türk-müsəlman qırğınları barədə məlumat vermişdi: "Erməni qoşunları 24 ədəd müsəlman kəndini yerlə-yeksan edib, əhalini təmamən qırmış, ya da qovmuşlar və işğal etmişlər... məsələ yalnız Qars deyil, ermənilərin idarəsi altında olan Eçmiədzin, Yeni Bayazid, İrəvan qəzalarında və sair yerlərdə külli miqdarda müsəlman var idi. Hər halda əhalinin otuz faizi qədərdi. Necəsə, birdən-birə bunların hamısı yox olmuş və nəticədə indi orada müsəlman yoxdur. Ancaq iki kənd qalmışdır. Bizi qorxudan budur ki, Qarsda da belə olsun. Buna görə bunun önünü almaq lazımdır".

 

Nəsib bəy parlament üzvləri və xalqdan soyuqqanlı davranaraq, daxildə bunun əksini, kimin vəhşi, kimin mədəni olduğunu göstərməyə imkan verilməsini xahiş edirdi. Təbii ki, hər fürsətdə əzəli türk yurdlarını özününküləşdirmək istəyən ermənilər tam fərqli düşünürdülər və törətdikləri qırğınları dayandırmaq fikirində deyildilər. Əsas niyyət geniş ərazilərə malik monoetnik Ermənistan yaratmaq idi. M.Ə.Rəsulzadənin dediyi kimi: "Bu günlərdə Parisdəki Poqos Nubar paşadan gələn məlumatdan anlaşılır ki, vahid Ermənistan məsələsi həll edilmək üzrədir... Biz bilirik ki, Qars tərəfinə vahid Ermənistanın mərkəzi kimi baxırlar. Məqsəd süni bir Ermənistan düzəltməkdir".

 

1920-ci il martın sonlarında ermənilər Ermənistan və Rusiyanın təhriki və dəstəyi ilə Qarabağın Cavanşir, Zəngəzur qəzalarında üsyan qaldırdılar. Milli ordu hissələri üsyanı yatırsa da, əsl niyyət Azərbaycanın işğalına zəmin hazırlamaq idi və hazırladılar. Rusiyanın işğalçı ordusu ilk demokratik dövlətimizi süquta uğratdı və N.Yusifbəyli kimi millət fədailərinin başlatdığı böyük işlər, o cümlədən, ilk Cümhuriyyətimizin dövlət təhlükəsizliyi sisteminin formalaşdırılması prosesi yarımçıq qaldı.

 

 

Lətif BABAYEV

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 15 iyul.- S.12-13