Dünyamızdan işıq kimi keçən şair

 

buluddan yağışlar yağırdı. Elə bir yağış ki, ötən günlərin tozlu havasını yuyub aparacaqdı, elə bir yağış ki, ondan sonra hökmən Fatma nənə yeddi rəngli hanasını quracaqdı, tozdan arınan - durulan adamlar da yeddi rəngli göy qurşağına baxıb ovunacaq, keçmişdən gələcəkdən işıq payı alacaqdılar.

 

yağış mətləbləri üzə çıxaracaqdı, yalanları yuyub aparacaqdı. Beləcə, o da könlünü yağışa calayırdı. Üzü mübarək yağışa...

 

yağışa calayaram könlümü,

yağışda carlayaram sinəmi.

Mənim könlüm məcnunlara qoşulub

Kərəm kimi bir yanğıya tuş olub,

Heç bilmirəm od-alovu sönərmi?

Bu misraların müəllifi həyatı boyu yolla işığa doğru getdi. "Sufisal dərvişəm yönüm Tanrıya, Yahu! Hayqıraram göyə ün düşər" deyən şair doğrudan da sufi təbiətli idi. Könlündəki işığı bəsləməklə dünyayla rabitə qurardı. yol həyatından da, yaradıcılığından da qırmızı xətt kimi keçərdi. Təkcə şeir yaradıcılığında deyil, folklor araşdırmalarında da, ssenaristi olduğu bədii proqramlarda, sənədli televiziya filmlərində aydan arı, sudan duru sözləri özünə həmdəm seçərdi. Onun - şair, folklorçu, ssenarist İbrahimov Aydın Qurbanoğlunun bütün fəaliyyəti vətən sevgisinin, yüksək ideallarının təcəssümü idi.

 

Ürəyim göylərə sürgün

Döyülü qapısı bir gün

Oynar, uçar qarğı süngüm

Gündoğandan-günbatana

 

Aydın Qurbanoğlu bütün yaradıcılığı boyu eynilə Koroğlu kimi qocaman bir coğrafiyanı - Tovuzdan Təbrizə, Təbrizdən İstanbula, İstanbuldan Kaşğara qədər bizim olan hər yeri soraqlayırdı. Könlündə türkçülük adlı müqəddəs bir məfkurə gəzdirirdi həyatı boyu ona sadiq idi. Yazıçı Firuz Mustafanın dediyi kimi, Aydın bəy üçün bu Vətən - Azərbaycan, heç bəzilərinin ənənəvi coğrafi anlamda qəbul etdiyi kimi zərrəbin altında zorla ğörünə biləcək qədər kiçik bir məkan deyil, gündoğandan günbatana qədər uzanan nəhəng bir mənəvi-fiziki areal idi.

 

Teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli Aydın Qurbanoğluyla bağlı xatirələrində işığa söykənir.

 

"Obyektiv adam idi. Çox danışmağı sevməzdi. Çox oxuyardı. Gözəl qələmi vardı. Düşüncəsini onun kimi aydın ifadə edən az adam tapılardı. Oxuduqlarını gənclərə çatdırmağa, milli-mənəvi dəyərləri onlara aşılamağa çalışardı. Azərbaycan Televiziyasında bir sıra gözəl filmlərin ssenaei müəllifi idi. O filmlərə baxanda insanın diqqətini ilk əvvəl milli kalorit çəkirdi. Aydın Qurbanoğlu kimi milli düşüncənin keşiyində dayanan adamları milli yaddaşda qalmağa layiqdirlər".

 

... Başımın ucalığı dağlar,

Yaşımın qocalığı dağlar

 

 

Misraları Dədə Qorquddan ün alan Aydın Qurbanoğlunun daxili aləmi xalqın mənəvi dünyasından ayrılmaz idi. Bu dünyanın içində Aşıq Abbas ilahi sözlərini söyləyir, Aşıq Qərib haqq aşıqlığının onu apardığı uzaq yollara çıxır, Koroğlu dəlilərini haylayır, Dədə Qorqud boy boylayırdı. Aydın bəy tarixi şöhrətimizi parlaq bir duyğuyla vəsf edirdi. Tədqiqat işlərindən biri "Koroğlu" dastanı ilə bağlı idi. "Koroğlu" dastanının ən mükəmməl, dil sarıdan ən zəngin, koloritli variantını toplayıb nəşr etmişdi. "Koroğlu" televiziya filmi Aydın bəyin ssenarisi əsasında çəkilmişdi. Koroğlunun timsalında o, türk dünyası qəhrəmanlarının ümumiləşdirilmiş obrazını yaratmışdı.

Aydın Qurbanoğlunun narından narın, incədən incə söz dünyası vardı. Dupduru şeirlərə sahibdi. Həyatı poeziya kimi gördüyündən sözün rəsmini yaratmaq onun üçün təbii zövqlü bir idi. Şeirlərində təbiətin min cür rəngi, çaları görünür, ağacın, suyun, yarpağın ilahi sehrini bu sehrin öz könlünə saf su kimi axmağını duyursan...

 

Onun "Dənizli günlərim" şeirində "Tüstü yarpaqlayar köhnə bacalar" ifadəsi çiçəkləyir, yarpaqlayır. Təbiətlə nəfəs alan sözlərin gözəlliyini başqa necə ifadə etmək olar?

 

"Yazağzı çiçəklər"də isə təbiətin gizlinlərinə haqq aşığı kimi birər-birər vaqif olur.

 

Tumurcuqlar qara qışdan yaşındı

Ağacın göz yaddaşıdı çiçəklər...

 

Onun şeirlərində təbiətin bütün ünsürləri bütövləşir, bəşəriyyətin harmoniyasına xidmət edir.

 

Baxışlar dup-duru, göylər tər-təmiz,

Quşlar çiçəklədi sakit havada

 

Aydın Qurbanoğlu güneyli-quzeyli ellərini bircə-bircə, yarpaq-yarpaq, durna-durna sevirdi.

 

Budaqlar quş yarpaqladı.

Gözümüz görə-görə

qış, yarpaqladı.

 

Şair-publisist Əhməd Oğuz Aydın Qurbanoğlu şeirlərindəki işıqdan söz salır:

 

"Onun şeirlərindən bir işıq keçir. yol-aydınlıqdır. Şeirlərində yaz duyğusunu tez-tez görmək olur. Yazın çiçəkləri sanki onun şeirinin ləçəkləriydi. Aydın bəyin "21 mart" şeirini yada salmaq istəyirəm.

 

Damır ürəyimə bu yaz duyğusu

Bu yerdə könlümü talayar gedər.

Bir dəli qafiyə düşər beynimə

Durnanı qatardan endirə bilər.

 

 

Yəni adamın içi yazda özündən asılı olmadan sözlə, şeirlə dolduğuna görə durnaları da göy üzündə saxlamaq qüdrətinə malikdir. Həmin şeirdə durnaların saldığı lələkdə işıq var".

 

Aydın Qurbanoğlu milli ruhlu, təmiz, saf ailəyə sahib idi, vəfalı ömür- gün yoldaşı Nərgiz xanımla iki vicdanlı, ləyaqətli övlad yetişdirmişdi. Ayxan da, Aynur da körpəlikdən folklora bağlı böyümüşdülər. Boylu-buxunlu, yaraşıqlı Ayxan televiziya filmlərinin birində Koroğlu rolunda çəkilmişdi. Arzuları çox idi, amma insafsız fələk qıymışdı gənc Ayxana. Onun vaxtsız ölümü ailəni sarsıtmış, amma sındırmamışdı. Bir-birinə tutunaraq, bir-birindən güc alaraq yaşamağı və bir-birini yaşatmağı bacarmışdılar. Öz şəxsi faciəsini ətrafdakılara hiss etdirmək, onların hüzuruna qıymaq istəməyən Aydın bəy həyata küsməmişdi. Yenə də könlü işıqla doluydu, yenə də həyata və insanlara dünyanın təmiz, gözəl, ümidli tərəfindən baxırdı...

 

Aynur İbrahimova atasının yolunu davam etdirir, folklorçudur, bir neçə il əvvəl uğurla fəlsəfə doktoru dissertasiya işini müdafiə edib, tarixlə, folklorla bağlı maraqlı tədqiqat layihələri var.

 

"Ağlım kəsəndən nənəm Tomar xanımın "Ay qızım, səni görüm günlü, al yaylıqlı olasan" alqışı ilə böyümüşəm. Etnoqrafik yaddaşı, folklor yaddaşını araşdırmaq mənim üçün vaxtilə atamın keçdiyi, tozlu olduğu qədər də duyğulu köç yollarından keçməkdir, xəritəsini yaradıcılığında yaşatdığı yurd yerlərinə varmaqdır. Onun qeyri-adi söz düzümü vardı. Yer adamı deyildi, göy adamıydı, yer üzünə yazırdı, göy üzünə yazırdı, nə yazırdısa, gözəl yazırdı".

 

Sevincini də, kədərini də sufiyanə yaşayan, halalına haram qatmayan, vətən, yurd təəssübkeşi, dolu, duru şeirlərin müəllifi Aydın Qurbanoğlu bir işıq kimi keçdi dünyamızdan. Gəlimli-gedimli dünyanı soraqlayan, boy boylayan, soy soylayan tanrılaşan ərlərin sırasına qatıldı. Zatən, vaxtdan vaxta adladıqca, üzü keçmişə, yaddaşa doğru yol gəlirdi...

 

Birgördük...

Qalalar başı odlanır,

Xəzərin köksü atlanır,

Gündoğandan günbatana

Hun atları qanadlanır.

Maday, Metey!

Dünya mənimdi eheyy!

 

 

Günel NATİQ

 

525-ci qəzet.- 2021.- 16 iyul.- S.13.