Çünki o, balacadı

"Sən, ey uşaqlıq...

Sən bizdən uzaq düşdün artıq..."

 

...Çünki o, balacadı!... "Qoy onun olsun!", "Onu da apar!", "Qoy o seçsin!", "Onunkudur! Dəymə!", "Ona saxla!"... Bütün bunlara qarşı "Niyə???" dedikdə tək cavab -"çünki o, balacadı!"

 

Özümü dərk etdiyim müddətdən bəri eşitdiyim bu əmr cümlələrindəki "o"ların hamısı mənəm. Çünki mən balacayam, mən humanist fikirləri özündə əks etdirən güzgüyəm-insanların, böyüklərin qayğısı mən də əks olunmalıdır. Amma görəsən, heç fikirləşdilərmi mən balaca deyiləm, onlar böyükdülər? Mənim 4-5 yaşım, onların 8-9 yaşı olanda da, mənim 8-9 yaşım onların 12-13 yaşı olanda da, mənim 12-13... həmişə mən balacayam. Məhz MƏN - O! Bir illüziya kimi sanki onların böyük olduqları yox, mənim balaca olduğum gözə girirdi. Bunların arasında çox incə bir cizgi var... Mən Tatarıstanda-Kazanda doğulmuşam. Demək olar ki, oralardan çox az şeyi xatırlayıram. Heç məni oralara bağlayan bir tellər də yoxdur. Sadəcə bəxtimin rüzgarı belə əsib. Artıq 5 yaşımda mənim "qaçaq" həyatım başa çatır. Amma yox, nənəm illərdi üzünü görmədiyi sonuncu nəvəsini yanında saxlamaq istəyir. Bununla da mən "hakimiyyətə gəlirəm". Nənəm başda olmaqla bütün böyüklər-vəzirim, vəkilim, əyanlarım, dayıoğlu başda olmaqla və digər bütün nəvələr, üstəgəl qonşu uşaqları-mənim zülm etdiyim qara camaatım idi.

 

Etiraf edirəm ki, məni çox "ilahiləşdirirdilər". Bu mənim buynuzlarımın çıxmasına səbəb olurdu. İlk gəldiyim günlər böyüklər məni özlərindən aralamırdılar. Bütün günüm əzizlənməklə keçirdi (Əvvəl-əvvəl dil problemi yaşayırdım. Sözləri mənimsəyə bilmirdim. Zaman keçdikcə artıq səsimi kəsə bilmirdilər). Onların uzunmüddətli nəvazişindən sonra mənə uşaqların yanında "Yıxılar ha!", "Uzağa getməyin", "Əlindən tutun!" sədaları ilə oynamağa icazə vermişdilər...

 

...Həmin vaxt uşaqlar həqiqətən məni çox sevirdilər. İlk dəfə məni görəndə saatlarla danışdırmağa çalışmışdılar. Onlar məni qucaqdan-qucağa ötürə-ötürə saxlayırdılar. Mən bütün qüvvəmlə onlardan canımı qurtarmağa çalışırdım. Hələ məni qarşılarına qoyub balaca saçlarımı burur, fərqli paltarlar geyindirirdilər. Onlar üçün oyuncaqdan fərqim, arada dərindən nəfəs alıb qaşlarımı çatanda hiss olunurdu. Hələ dayıoğlu mən oturan kimi tez gəlib uzanırdı qarşımda. Əllərini çənəsinin altında tutub, ayaqlarını havada oynada-oynada saatlarla dodaqlarının arasından iki aralı dişlərini mənə göstərirdi. Mən bütün qohumlarımın arasında onun adını əvvəlcədən bilirdim. Təkcə onunla yaş fərqimiz az idi - cəmi bir yaş.

 

İlk günlər o mənim bilmədiyim oyunları mənə öyrətməyə çalışırdı. Qonşuluqdakı uşaqları da məcbur tutub gətirirdi ki, gəlin oynayaq. Sonra bizim liderlik üstündə tez-tez mübahisələrimiz düşürdü. O, həmişə cığallıq edirdi. Uduzanda tez özün haqlı çıxarmağa çalışırdı. O qədər də çoxbilmiş idi ki, haqsız olduğun ona sübut edincə, özüm küsüb, oyundan çıxıb ağlayırdım. Hələ bir dəfə onu palçığın içinə itələmişdim. O da qazları mənim üstümə qovmuşdu (nənəmgil həmişə qaz, ördək saxlayırdılar). Bu mənim ilk məsumiyyət dolu "faciə"m idi. Həmin gündən bir-birimizə düşmən kəsildik.

 

Mən qazla ördəyi bir-birindən fərqləndirə bilmirdim. Hər dəfə ayağımı evdən çölə qoyanda üstümə qovulan varlığın ördək olduğunun fərqinə çox sonralar vardım. Həqiqətən də ağılsız olmuşam. Təbii ki, mənə hücum edən qaz ona da hücum edərdi. O da qazdan qorxmalı idi.

 

Hər dəfə eyni hadisələr təkrarlanırdı: o əvvəlcə ördəkləri qovurdu, sonra mən çığırıb yıxıla-yıxıla, üz-gözümə döyə-döyə evə doğru qaçırdım. Sonra kimsə səsimizə gəlirdi. Onu danlayırdı, mən də qorxu hissimi birə-beş artırıb gözümün suyunu axıdırdım. Mən hər dəfə uzun müddət ağlayar, onun iki qatı qədər müddətə də küncdə durub içimi çəkərdim (indi o tez-tez mənim bu hərəkətimi mənə xatırladır). Hər gəlib-gedənin "Nə olub?" sualının cavabına bir-iki damcı göz yaşı, bir az da hıçqırıq əlavə edib (Çox unikal reseptdir). onu təkrar danlatdırardım. Hətta bir dəfə dayım onu bu hərəkətinə görə vurmuşdu da. Yaxşı ki, o, həssas uşaq deyildi. Sözü deyirdin, bir az qızarıb-bozarırdı, vəssalam. Təkcə arada məni nənəmə qısqanırdı. Amma mən elə deyildim.

 

Bir dəfə dayımla biz həyətdə tut yığrdıq. Həmin gün həyətdə çoxlu işləmişdik: ağaclara, güllərə qulluq, onları sulamaq, budamaq və daha nələr. Bir sözlə, bizi küyləyib qoçaqlaşdırmışdılar. Xeyli yığıb yorulmuşduq ki, nənəm bizi samovar istirahətinə çağırdı. Həyətdən çıxanda yolumuzu böyük su arxı kəsdi. Dayım:

 

- Əlinizi verin...Bir-iki-üç... - dedi. Guya tullanırdıq. Biz yıxıldıq, dayım keçdi. İkimiz də arxın içində qalmışdıq. Dizimizə qədər palçıq olmuşduq. Dayım bizi çıxartmalı idi. O, birinci əlini ona verdi. Mən həmin an özümü Dostoyevskinin Nellisi kimi hiss etdim: təhqirlərə məruz qalmış, kimsəsiz, döyülmüş, ifadə etmək çox çətindi o hissi. Elə bilirdim ki, dayım əlini ilk olaraq ona verməklə bərabər mənə qarşı bütün sevgisini də ona verib. Elə bir hissə qapılmışdım ki, sanki daha məni heç kəs sevmir. Əslində balaca olduğum üçün birinci mən çıxarılmalıydım. Sadəcə göz yaşlarım ilan kimi boğazıma sarılıb məni boğurdu. Xatırlayıram ki, həmin gün heç kəslə danışmamışdım. Mənə kimsə qayğı göstərəndə süni sanırdım. Bütün sentimentallığımla insanlara nifrət hissi bəsləyirdim. İnanıram ki, dayım birinci məni çıxarsa idi, dayıoğlu heç qətiyyən fikir verməzdi ki, birinci kim çıxarılıb. Çünki o, bütün uşaqlar kimi həssas deyildi. Əksinə, uşaqlara məxsus nadinclik onda qəddarlığa qədər inkişaf etmişdi. İstənilən adamı öz yalan "həqiqətlər"inə inandıra bilərdi. O, çox rahat yalan danışırdı. Hətta bəzən elə şeylər uydurub deyirdi ki... Ümumən, məncə, yalan danışmağı bacarmaq mükəmməl bir üstünlükdür (yalan yox, onu danışmağı bacarmaq).

 

Nənəm həmişə bizə qəpik verirdi. Evlərinin arxasında mağaza vardı. Qaçardıq ora. Bir dəfə-"atəşkəs" elan edən vaxtlarımız nənəm bizə bir manat vermişdi ki, əlli-əlliyə bölüb mağazaya gedək. O, tez manatı xırdaladıb:

 

- Bax, yeddi qəpik var. Dördü sənin, üçü mənim. Qoy çoxu sənin olsun (İlahi, o necə də mərhəmətlidir və mən necə də xoşbəxtəm). Sən get, al. Mən uşaqlarla oynayacam - deyib getmişdi.

 

Mən mağazaya qaçanda qonşu uşaqlardan biri:

 

- O, səni aldatdı. Çoxu özünə götürdü.

 

- Yox, mənə dördünü verdi. Bax, bir-iki-üç-dörd.

 

- Bax, bunların üstünə on yazılıb. Amma onunkulara iyirmi yazılmışdı. Onda altmış qəpik var, səndə qırx. Altmış qırxdan böyükdü...

 

O, mənim yerli pulları tanımamağımdan çox məharətlə istifadə etmişdi. Ondan hər şey gözləməli idim. Hər halda pulun çoxunu mənə verməli idi ki, özünə götürməməli idi. O, məni hər zaman qorumalı idi, məni çox istəməli idi. Nə də olsa mən ondan balaca idim. Həmin an "Qırx altmışdan böyükdü" sözlərini eşitmək necə də xoş olardı...Hətta eşitsəydim, həqiqət kimi qəbul edərdim də. Özümü axmaq kimi hiss edirdim. Boğulduğumun fərqində idim. Beynimdə elə bil qazanlar qaynayırdı. O qədər sarsılmışdım ki, ağlaya-ağlaya mağazaya qaçıb satıcıdan:

 

- Əmi, qırx böyükdü, yoxsa altmış?- deyə soruşmuşdum...

 

Həmin gün axşam o, evə gələndə pilləkənlərin ən başında onu gözləyirdim. O, ayaqqabılarının ipini açıb çıxarınca, bir-bir ayağını pillələrə basdıqca, ürəyim elə döyünürdü ki. Səsi elə bil qulağımda musiqi kimi səslənirdi. Nəhayət, o, gəlib mənim bərabərimə çatdıqda. Mən onun ayaqlarından tutub çəkdim. O, yerə yıxıldı. Düz pillələrin başından onu itələdim. O ,mənim bu hərəkəti edəcəyimi gözləmirdi. Hətta, bəlkə də, tez-tez etdiyimiz zarafatlardan biri olduğunu sanmışdı. Amma mən bunu bütün acımasızlığımla etmişdim. Qəsdən etmişdim. Yaxşı da eləmişdim.

 

Ona heç nə olmamışdı. Amma yenə də ağlamalıydı axı, əlinə belə gözəl fürsət düşmüşdü. Dayım məsələni öyrənib (Bütün münaqişələrimizdə hər şeyi birinci mən danışardım. Onda həm bir az günahlarımı ixtisara salardım, həm də bir az rola girib özümü yazıqlaşdırıb qarşı tərəfi pis vəziyyətdə qoyardım.) ikimizi də danlamışdı. Hətta ona:

 

- Çıxart qəpiklərin hamısını ver ona. Sənə pul yoxdu. - demişdi.

 

- Al, on qəpik götürmüşdüm, verirəm. - deyib mənə on qəpik uzatmışdı.

 

- Hamısını ver! - dayım onu cəzalandırmaq istəmişdi.

 

- Niyə? Bəs mən...

 

- O, balacadı. Sən onu çox istəməlisən. Ver ona, sonra da üzr istə.

 

O, qəpiklərin hamısını mənə verdi. Hətta o an nifrətlə üzümə baxıb "balacaymış" dedi. Mən bundan çox mütəəssir oldum. Özümün etdiyim şərəfsizlik öz üzümə çırpılmışdı. Biz qapının ağzına çıxan kimi qəpikləri ona uzatdım, amma o eynən onu itələdiyim yerdən məni itələdi. Mən onun kimi xəsarətsiz qurtarmadım. Ayaq barmaqlarım çıxmışdı...

 

...Artıq bizə bir yerdə oynamağa icazə vermirdilər. Mən böyük dayıqızının "himayəsində" idim. Amma həqiqətən də biz barışmışdıq. Hətta tez-tez dayıqızı mənə vitamin atdıranda öz payımı gizlicə ona verirdim. Mən sevmirdim o dərmanları, amma o çox sevirdi. Bir dəfə onun üçün dayıqızından xəbərsiz ona vitamin də oğurlayıb vermişdim. O da əvəzində öz konfetlərini mənə vermişdi. Həmin gün axşam məlum oldu ki, o konfetlər onun deyilmiş. Gedib o biri bacısının konfetlərini çırpışdırmışdı.

 

Bizi bir-birimizdən aralayandan sonra mən daha çox dayqızlarına "zülm" edirdim. Ən sevimli məşğuliyyətim pəncərədə nəfəsimlə buxar yaradıb orda öz sənət əsərlərimi işləyirdim. Hər dəfə məni danlayırdılar. Şüşəni təmizləmək çətin idi. Böyük dayıqızı hər dəfə mənə bir söz deyə bilməyib özü oturub ağlayırdı. Mən bundan sonra çox pis olurdum. Bir az da özümə nifrət edirdim, özümü çox yararsız və başbəlası hesab edirdim-əslində belə idim. Hər dəfə də evdəkilər:

 

- Balacadı da... Uşaqdı... Daha sən niyə ağlayırsan?-deyib onu borclu çıxarırdılar. Bu mənə ruhi rahatlığım üçün ən ideal təskinlik idi (bəhanə də demək olar).

 

Ümumən, uşaqlığımı "vicdan əzabı" ilə xatırlayıram. Xatırladıqca da ətrafdakılarıma qarşı "bıııyyyy, yazıq..." reaksiyası verirəm. Mən neçə-neçə oyunların pozulmasına (Çox nadir hallarda babamın bütün nəvələri bir arada olurdu. Bir dəfə o nadir günlərdən biri idi. "Gözbağlayıcı" oynayırdıq. Mənim növbəmdə bir ağlamaq ağlayıb "gözüm ağrıyır" demişdim. Məhz mənim səsimə başqaları gəlməsin deyə neçə nəfər ağzımı tutub "biz bağlayarıq" demişdi), dəfələrlə uşaqların əlindən konfetlərinin alınmasına, məhz mən getmirəm deyə neçə gəzməkdən qalmalarına səbəb olmuşdum. Hələ qızlardan birinə təzə paltar alanda elə pis baxışlarla baxırdım ki, ya çıxarıb mənə verirdi, ya da paltarın ömrü çox çəkmirdi Hətta dayıoğlunun da paltarlarına tamah salardım. Hələ uşaqlar əllərinə bir şey alanda "ver ona!" kəlməsini eşidib mənə nifrət dolu baxardılar. Bütün bunları xatırlamağıma səbəb: bir dəfə dalaşanda ("niyəsi"i yadımda deyil) o, əlindəki dəmirlə mənim əlimə vurmuşdu - balaca barmağımın üstündən. İndi yerində çapıq qalıb. Hətta neçə ildən sonra fikir vermişəm ki, əlimdə çapıq var. Amma yaxşı ki, var. Bunu bir hədiyyə kimi sevirəm, çünki mən solaxayam, sağla solu fərqləndirəndə əziyyət çəkirəm.

 

...çünki o, balacadı!... "Qoy onun olsun!", "Onu da apar!", "Qoy o seçsin!", "Onunkudur! Dəymə!", "Ona saxla!"... Bütün bunlara qarşı "Niyə???" dedikdə tək cavab - "çünki o, balacadı!"...Sonralar mən artıq bu cümlələrdəki o yox, sən oldum. İndi çox böyük hüznlə qəlbimdən keçirirəm: heyif deyil balaca olmaq - O olmaq... hər zaman sənin doğru və ya yalnışına baxmayaraq, məhz balaca olduğun üçün dəstəkləndiyini görmək. Arzularının həyata keçməsi üçün sadəcə "istəyirəm!" demək. Yanlış olduğunu özün dərk etmək. Hər yalnışında da qorunmaq-daim qorunduğunu hiss etmək... izah olunmaz ki... "O" olmaq məchuldur (hisslərin x-i "o"dur). Həll etmək, axtarmaq yaramaz, yaşamaq lazımdır. Darıxıram "o" üçün - hər tərəfli; onun bütün istəkləri sadəcə çiyələkli şokoladdır, onun ən ali kədəri partladılmış şardır, onun ən böyük arzusu uçmaqdır, onun ən yaxın dostu mürəkkəbə batırılmış köynəyidir, onun ən böyük qorxusu körpüdür, onun ən böyük sevinci şıqqıldayan qəpiklərdir, onun ən böyük problemi "qazlar"dır, ...çünki o, balacadı...

 

Lalə ƏMİRQULİYEVA

 

525-ci qəzet.- 2021.- 17 iyul.- S.15.