85 yaşın qəribçiliyi Qərib Mehdinin 85 yaşına

 

Hərdən zəng edirəm: "Salam, Qərib müəllim. Hər vaxtınız xeyir olsun".

 

Əvvəl-əvvəl hal-əhval ədəbi danışıqlar, sonra dostlar haqqında sorğular. Daha sonra "Elçin İsgəndərzadə şəhərdədirmi?" soruşanda sözlərindəki məsumluq telefondan da sezilir. O, tələbələrini çox sevir. Tələbələrinin isə sayı çoxdur - deputat da var, müəllim , müdir - hamısı da ədəbiyyat adamı, söz sahibidir. Qərib müəllimin bu gün "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə... neçə dürlü qəzet jurnallarda çalışan, "İlham" ədəbi birliyinin şinelindən çıxmış uşaqları. Həmişəki fikrimdə qalıram: Qərib Mehdi "İlham" ədəbi birliyinin ilk şəriksiz rəhbəridir.

 

...5 il əvvəlin söhbətidir. Yenə telefon zəngi: "Salam Qərib müəllim, hər vaxtınız xeyir olsun".

 

Bu dəfə mövzumuz Qərib müəllimin 80 illik yubileyinin keçiriləcəyi ilə bağlı təqvim, təşkilatı hazırlıq işlərinə aiddir. Məlum olur ki, Gəncə rəhbərliyi yubiley keçirilməsini qərara alıb, yerli teatr poeziya evləri, filarmoniya, universitet bu işə cəlb olunub. Hətta bir neçə poliqrafiya işlərinin eskiz cizgiləri, dəvətnamələr təsdiq olunub. Nizami yurdunun yayqabağı ədəbi hadisəsinin ilkin ssenarisi aydınlaşıb. Sonra Xan bağının sərinliyi kimlərinsə soyuq damarına düşmədi, tədbir payıza qalsın dedilər. Qalsın, qalsın , deyirəm.

 

Payız da gəldi, Gəncəyə soyuq yağışlar yağdı, Rövşən Behcətin ölümündən sonraki qərib səsinə 80 yaşlı Qərib Mehdinin adına olan bütün rəngli rəngsiz kağız parçalarına yağdı, yağdı, hər şeyi saraldıb Gəncə tarixinin utanc bir səhifəsinə atdı. O səhifəyə ki, Seyid Əzim Şirvani Nizami Gəncəvinin qəbri üstündə acı-acı demişdi:

 

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü-ehtişamı dağılan...

 

indi mənə elə gəlir ki, onsuz da Qərib Mehdi bu dünyada bütün yaşlarında qəribdir.

 

..."Salam, Qərib müəllim, hər vaxtınız xeyir olsun".

 

Bu dəfə söhbətimiz uğurlu oldu, onun bu xəbərə qədər sevindiyini bilmirəm, amma mən çox sevindim, ona görə ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq şairi Anarın, sevimli şairimiz Ramiz Rövşənin xeyir-duası, şox sevimli Rəşad Məcidin qayğısı ilə Qərib Mehdinin 80 illiyinin mərkəzdə, AYB-nin Natəvan klubunda keçirilməsinə qərarı verilmişdi. Əvvəlcə yazıçı Seyran Səxavətə telefon açdım, özümü təqdim etdikdən sonra tədbirin vaxtnı demək istədim, amma Seyran müəllim artıq bu barədə məlumatlı idi.

 

Beş il əvvəl professor Elçin İsgəndərzadənin aparıcılığı ilə Qərib Mehdinin 80 illik yubileyi ilk olaraq Bakıda, AYB-nin Natəvan klubunda keçirildi. Bu, bir tarixdir, amma bu tarixi tədbirin çox xırda detalları da var. Fikrət Qocanın, Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının, Seyran Səxavətin, Vaqif Yusiflinin... Qərib Mehdi haqqında fikirləri çox maraqlı idi.

 

Həmin gün Qərib müəllimin 80 illik yubiley dastanının "Bakı fəsli", özünün yazdığı kimi, "Çanaqqala" restoranında "badə döyüşləri" ilə sona çatdı.

 

Qərib MehdiMəni xatırlayın ki, yaşayım Yazıçı İsmayıl Qarayev haqqında xatirələr | kultur.az

 

Az sonra 80 illik yubileyinin Bakı Gəncə olayları haqqında Qərib Mehdi "Yubileynamə" kitabını yazdı bu fikirlərini qısaca önə çıxardı: "Mən yubiley savaşı aparmıram. Mən taleyimi yazıram. Taleyindən qaçan yazıçı özündən qaçmış sayılır".

 

Onun kitablarının sayı 44-dür, bu, kəmiyyət göstəricisidir. 1967-ci ildən üzü bəri indiyə kimi çap olunan kitablarının bədii səviyyəsi haqqında isə zaman-zaman çox müsbət fikirlər söylənilib.

 

İllər öncə gözəl yazıçı xeyirxah insan Mir Cəlal Paşayev müəllif haqqında deyirdi: "Gəncəlilər, Qəribi oxuyun Qəribi qoruyun".

 

Kitablarının həm sayına, həm bədii səviyyəsinə, bir əsl vətəndaşlıq mövqeyinə görə Qərib Mehdi ikinci böyük şəhərimizin ən sayılıb-seçilən söz sahiblərindən, nasir publisistlərindəndir. Ünlü şairimiz Ramiz Rövşənin Qərib Mehdiyə ünvanladığı təbrik teleqramından xatırladığım bu sətirlər fikrimi bir daha təsdiqləyər: "Sənin bütün ömrün yaradıcılığın vətənimizin ikinci böyük şəhəri qədim Gəncəyə bağlı olsa da, paytaxtda yaşayan qələm sahibləri ilə müqayisədə sən heç vaxt ikinci dərəcəli yazıçı olmamısan. Sənin adın, uzun illərdi ki, rəhmətlik Altay Məmmədovla yanaşı, Nizami yurdu Gəncənin ədəbiyyatımıza bağışladığı ən ciddi yazıçı imzalardan sayılır".

 

***

 

Beş il ötüb-keçib. Artıq 2021-ci ildir. Qərib Mehdinin 85 illik yubiley tarixi.

 

Daha bir telefon zəngi: "Salam, Qərib müəllim, hər vaxtınız xeyir olsun".

 

Hal-əhvaldan sonra "Bir-iki günə Gəncədə olacağam, yəqin görüşərik" - deyib telefonu söndürürəm.

 

Pandemiya səbəbindən Gəncədə olmağımdan bir ildən artıq vaxt keçib.

 

Mayın son günlərindən birində Qərib müəllimlə Xan bağında görüşürük. Yerişində bir ləngər, ağayanalıq var. Üzünün nuru, bənizindəki məsumluq yerindədir.

 

Çayxanada oturub müxtəlif mövzulardan danışırıq, bütün tələbələrini soruşur, salam göndərir. Bu ara Kərim Kərimlinin ünvanına xoş sözlər söyləyir, məlum olur ki, Qərib Mehdinin bir hekayəsi 44 günlük Vətən müharibəsinə aid 44 ədəbi nümunə toplu kitabına daxil edilib çapa göndərilib.

 

Söhbətləşib ayrılırıq. Ertəsi gün şair Əbülfət Mədətoğluya telefon açıram. Sən demə, Qərib Mehdi haqqında yazısı artıq hazırmış. İlk təbrik yazısı elə Əbülfət Mədətoğlunun "Ədalət" qəzetində çap edilən "Gəncədəki halal kişi" məqaləsi olur.

 

Sonra "Ədəbiyyat" qəzeti yubilyarın ünvanına təbrik ünvanlayır. Sonra AYB sədri Anarın Qərib Mehdiyə məktubu çap olunur.

 

Bu isti yay günlərindən biridir, Bakının xudmani kafelərindən birində oturmuşuq. Şair Əlisəmid Kür Qərib Mehdidən söz salır, onun şərəfinə badə qaldırır, arzusunu dilə gətirir. "Qərib müəllimin 90 illik yubileyini elə bu balaca kafedə qeyd edəcəyik" - deyib arzusunu telefon vasitəsi ilə Qərib müəllimin diqqətinə çatdırır badəni xoşluqla başına çəkir: "85 yaşın mübarək olsun, Qərib müəllim".

 

...Sabah ona yenə telefon açacağam, həmişəki kimi deyəcəyəm: "Salam, Qərib müəllim, hər vaxtınız xeyir olsun".

 

Sonra 85 illik yubileyi münasibətilə təbrik edib, sağlamlıq və yaradıcılıq uğurları arzulayacağam, deyəcəm ki: "Qərib müəllim, "İlham" ədəbi birliyinin ilk və şəriksiz rəhbəri kimi Sizin fəaliyyətiniz Gəncə ədəbi mühitinə yeni nəfəs gətirdi və bütün bunlar danılmazdır. Bu münasibətlə Nizami yurdunun oxucularını - ədəbiyyatsevər gəncəliləri təbrik edirəm".

 

 

Xosrov NATİL

 

525-ci qəzet.- 2021.- 17 iyul.- S.13.