Duyğuların rəngi

 

Soydaşımız, rəssam Arzu xanım Behrəngin yaradıcılığı haqda düşüncələr

 

...Yaradıcılıq istedadın, zəhmətin bəhrəsi olmaqla yanaşı, həm də genetik mənşəyin, yaddaşın məhsuludur.

 

Arzu xanım Behrəngin əsərlərinin fotosurətlərini ilk dəfə sosial şəbəkələrdə görəndə tanımaza-bilməzə onun müəllifi ilə öz aramda gen yaxınlığı, doğmalığı hiss etdim. Janrından, mövzusundan asılı olmayaraq bu əsərlərdə xalqımızın ruhundan, qan yaddaşından süzülüb gələn incə nüanslar vardı.

 

Sonralar müəllifin öz fotosunu da gördüm, vücudunda, danışıq tərzində Azərbaycan qadınlarına xas olan ən xarakterik xüsusiyyətləri yaşadan bu koloritli xanımla virtual ünsiyyətdə oldum və gördüm ki, zənnimdə yanılmamışam.

 

Arzu xanım Behrəng Təbrizdə doğulub boya-başa çatıb. Təmiz Azərbaycan əsillidir. Taleyin hökmü ilə hal-hazırda İstanbulda yaşayıb-yaradır.

 

Hər şey isə çoxdan başlamışdı - onda balaca Arzu yenicə məktəbə gedirdi. Valideynləri övladlarının qeyri-adi duyumunu, duyduqlarını cizgilərin, rənglərin dili ilə əks etdirmək qabiliyyətini hiss edəndə duruxub qalmışdılar...Vaxt isə gözləmirdi. Balaca Arzu hər gün bir buğda dənəsi boyda böyüdükcə istəyinin, arzularının boyu da böyüyürdu, qızcığaz görürdü ki, insanların simaları, baxışları, sifət cizgiləri onların ruhunun, qəlbinin, ciddi-cəhdlə gizlədib büruzə vermək istəmədikləri duyğularının aynasıdır, bu cizgilərdə onların gücünü və gücsüzlüyünü, arzularının üfüqlərini bəlirləyən işarəvilik amacı var; bu simalar, çöhrələr sanki müxtəlif ömür dastanlarından bəhs edən kitablardır, Təbriz xalılarındakı naxışlar kimi sirli mətndir və Allah-taala onu Yer üzünə bu kitabların məzmununu rənglərin dili ilə əks etdirmək, bu mətnlərin sirrini açmaq üçün göndərib..

 

Bəs neyləməli? Qadınların incəsənətə, özəlliklə də rəssamlığa meyil etməsinin məqbul sayılmadığı bir durumda qız uşaqlarına rahat tale vəd etməyən bu istəyi elə beşiyindəcə boğmalı, yoxsa ümumi axına qarşı dedib bulaq kimi çağlamaq istəyən bu istəyin gözünü açmalı?

 

Arzunun valideynləri "Qoy taleyi ona yar olsun" - deyib ikinci yolu seçdilər və nəticədə Arzu, bir hal-hazırda portret janrında işləyən rəssamlar arasında xüsusi yeri olan, bu janrın "kraliçalarından biri" statusu qazanan orijinal bir sənətkar kimi yenidən doğuldu.

 

Hər bir yaradıcı şəxsin öz yaradıcılıq fəlsəfəsi, öz mövzusu olur və bütün yaradıcılığı boyu müxtəlif janrlarda əsərlər yaratsa da əslində bir əsər - yazardırsa, bir böyük Kitab, bəstəçidirsə, bir Simfoniya, rəssamdırsa, bir Tablo yaradır. Bu mənada Arzu xanımın yaratmaqda olduğu həmin o böyük tablo İNSAN tablosu, onun qələbələr, məğubiyyətlər, sevinc və kədər, uğur və uğursuzluqlar ümnanında yoğrulub-yapılan xislətinin obrazıdır. Onun portret janrına üstünlük verməsi də yəqin ki, bundan qaynaqlanır. Tam əminliklə deyə bilərəm ki, Arzu xanım hal- hazırda bu janrın dünya çapında tanınan, sayılıb-seçilən ustalarından biridir. O, bizim, necə deyərlər, cikinə də, bikinə də bələd olduğumuz istənilən şəxsin qəlbinin ən mübhəm qatlarına nüfuz edərək dilə gətirilməyən hisslərini, duyğularını, düşüncələrini, bütöv xarakterini orijinal bir tərzdə əks etdirməyi çox yaxşı bacarır və bu mənada bu portretlərdəki rəng qammaları poeziyada, musiqidə olduğu kimi sükutun səsi statusu qazanaraq gerçəkliyin obrazını yaratmağa yönəli bir vasitəyə çevrilir.

 

Arzu xanımın portret yaradıcılığından danışanda bir məsələni xüsusi vurğulamaq lazımdır.

 

 

Məlumdur ki, insanların psixologiyası - temperamenti, şəxsiyyətinin xarakterik xüsusiyyətləri zahiri görkəmlərində heç də həmişə eyni dərəcədə təzahür etmir - adam var ki, gözlərinə, üzünə baxıb bircə anın içindəcə qəlbini oxuyursan; adam da var ki, könül dünyasının qapıları 40-cı otağın qapısı kimi hamının üzünə bağlıdır. Məsələnin bu tərəfi portret janrında işləyən rəssamların da yaradıcılığına təsirsiz ötüşmür. Bəzi rəssamlar xarakterin ağırlıq mərkəzini portretini çəkdiyi şəxsin təkcə simasında deyil, bütün vücudunun plastikasında axtarır, kino dili ilə desək, ümumi plana üstünlük verirlər ki, bədən dilinin imkanlarından da yararlansınlar. Arzu xanım isə buna rəğmən əsasən "iri plan" estetikası ilə işləyir, yəni onun üçün ilk növbədə gözlərin, üz çizgilərinin dili önəmlidir. Çünki bədən dilini yamsılamaq, imitasiya etmək mümkün olduğu üçün o, aldadıcı effekt də doğura bilər. Gözlərin, qaşların, dodaqların dili isə instinklərə bağlı olduğu üçün sahibi haqqında daha səhih məlumat ötürür. Bu mənada Arzu xanımın çəkdiyi portretlər insan həyatınınn bir anı kimi yox, həqiqət anı kimi maraq doğurur.

 

Atatürkün, M.Şəhriyarın, Səttarxanın, S.Behrənginin... Arzu xanım tərəfindən yaradılan portretləri deyilənlərə əyani sübut, bu janrda yaradılan monumental sənər əsərləridir.

 

Arzu xanımın sənət fəlsəfəsinə görə dünya ilk növbədə duyğular üzərində pərvəriş tapır, hiss və duyğulardan dışarıda qalan dünya əslində yox kimidir və onu nə qədər təm-taraqla əks etdirməyə çalışsan da reallığın solğun surətindən başqa heç nə alınmayacaq.

 

Rəssamlıq sənətində nəyi demək amili ilə yanaşı onu necə, hansı üsulla demək də vacib amillərdən biridir. Palitrada hansı rəngin üstünlük təşkil etməsi, daha mütəhərrik olması, reallığın görünən, yoxsa duyulan formada əks etdirilməsi, rəng çalarlarının optik linzadan keçən işığın spektri kimi saf-çürük edilməsi... - bütün bunlar yaradılan əsərin bədii-estetik məziyyətlərini şərtləndirən vacib məqamlardır. "Tabloya oxşayan dünya, yoxsa tablodan görünən dünya" dilemmasında 2-ciyə üstünlük verən Arzu xanım sulu boya və akrillə həm ayrı-ayrıllıqda, həm də onların sintezində formalaşan texnikada işləməyə üstünlük verir. Sevdiyi rəng isə füruzəyi rəngdir. "Təbrizin simvolu olan füruzəyi rəng mənim tablolarımın vizit kartı, oradakı imzamdır" - deyir Arzu xanım. O ki, qaldı bizim adi gözlə görə bilmədiyimiz rənglərə - onları duymaq üçün həm də bəsirət gözü gərəkdir.

 

O, sənətdə mücərrəd dilin əleyhinədir, amma eyni dərəcədə həyatı sadəcə kopyalamağın, yüzə- yüz gerçəkliyi təkrarlamağın da tərəfdarı deyil. "Sənət dünyanı daha da gözəlləşdirməli, insanları onu daha çox sevməyə sövq etməlidir" - deyən rəssam bunu "Rənglərin rəqsi" adlandırdığı triptixdə obrazlı şəkildə çox ustalıqla əks etdirib. Rəssam bu tablolarda əsas rənglərin bir- birinə qarışaraq yaratdıqları yeni çalarlar ladında improvizasiyalar edərək Təbriz xalılarındakı rəng qammalarını yada salan bir simfonya - rənglərin marşı simfoniyası yaradıb. Bu şəkilləri rəngləri sadəcə sistemsiz, nizamsız şəkildə kətana, yaxud kağıza yaxıb posmodernist ovqat yaratmaq cəhdi kimi düşünmək kökündən səhv olardı. (Yeri gəlmişkən deyim ki, o, Təbriz Azad Universitetinin qrafika rəngkarlığı bölməsinin məzunudur). Diqqət versəniz rənglərin bu sayaq sərgilənməsində ciddi kompozisiya elementləri də görmək olar - birinci şəkildə rənglərin harmoniyası müəyyən mənada peysaj effekti yaradır, ekspressiv duyğular göy sulu göl, mavi şəlalə, gümüşü çay, rəngləri çiçəklərin rənginə qarışmış kəpənəklər obrazlarına asossiasiya olunaraq yuxu, xatirə dili ilə sirli bir aura yaradır.

 

Mən bu tablolarla Xalq şairi Rəsul Rzanın " Rənglər" silsiləsini təşkil edən şeirlər arasında bir yaxınlıq da gördüm - bu rəsmlər həmin şeirlərin sanki vizual ekvivalentidir və düşünürəm ki, şairin həmin şeirləri toplanmış kitaba ən uğurlu illüstrasiyalar ola bilərdi...

 

Bir sıra süjetli kompozisiyalarda gerçəkliyə zərif ilğım pərdəsi, necə deyərlər, "dumanlı obyektivin gözü" ilə baxması Arzu xanımım lazım bildiyi məqamlarda yuxu, yaddaş xatirə elementlərinə müraciət etməsinin göstəricisidir. Buna primitivizm ənənələrinin davamı kimi baxmaq düzgün oımaz. Əslində yaddaşda, xəyalda, yuxuda mövcud olan dünya hər birimizin içində yaşayır və heç kum də deyə bilməz ki, həmin dünyanı öz təsəvvüründə tam şəkildə vizuallaşdıra bilər. Elə isə bu tablolara yaddaşda mövcud olan dünyanın elə yaddaşdakı ölçü-biçidə əks erdirildiyi əsərlər kimi baxmaq daha düzgün olmazmı?

 

Portret janrında çəkdiyi əsərlərdə müəllif rənglərin birlikdə, xorla "oxumasından" yaranan realist estetikaya üstünlük verirsə, lövhə, fraqment, etüd poetikasında işlədiyi rəsmlərdə xəyal, fantaziya kimi elmentlərə müraciət edir, bilərəkdən assimmetriya ənənələrini önə çəkərək deyilməyənləri oxumağı, göstərilməyənləri görməyi tamaşaçıların öz öhdəsinə buraxır...

 

Arzu xanımın sənətkarın missiyası, sənətin funksiyası barədə maraqlı fikirləri var. "Siz öz əsərlərinizlə insanlara hansı mesajı göndərirsiniz?" sualına cavabı belədir ki, hər bir əsərdə tamaşaçıların aldığı sayda mesaj var. Yaxud "Üslubunuzun formalaşmasında kimlərin təsiri olub?" sorğusuna belə cavab verir: "Konkret ad çəkmək düzgün olmaz. Rəssamlar bir-birlərini təkrarlamamaq şərti ilə bir- birlərindən həmişə təsirlənirlər".

 

Hazırda yaradıcılığının yüksəliş dövrünü yaşayır Arzu xanım. Hər gün molbert arxasına keçib şövqlə işləyir, müəyyən səbəblər üzündən yaxından tanış ola bilmədiyi təsviri sənətimizin tarixi poetikasını öyrənməyə çalışır. Ümumiyyətlə, bu xanımda milli hiss, kökə bağlılıq çox güclüdür, hətta nə vaxtsa Bakıda sərgisinin açılacağına da möhkəm inanır.

 

Bizə isə bu inamın reallaşmasına yardımçı olmaq, ümumiyyətlə, o taylı- bu taylı yaradıcı soydaşlarımızı bir araya gətirəcək təsisatlar, əməkdaşlıq formatları yaratmaq barədə ciddi fikirləşmək qalır.

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 23 iyul.- S.12.