"Leyli və Məcnun"un türk dünyası

 

"Sirlər xəzinəsi"ndən, "Xosrov Şirin"dən fərqli olaraq "Leyli Məcnun" mövzusu etibarilə imkan verməyib ki, Nizami özünün türkçülük təəssübkeşliyini bu ya digər dərəcədə geniş əks etdirsin. Lakin məhz həmin əsərdə iki elə mühüm məsələyə toxunmuşdur ki, dahi şair-mütəfəkkirin etnik mənsubiyyəti barədə kifayət qədər aydın təsəvvür yaranır.

 

Birincisi odur ki, Şirvanşah şairə məktubunda "Leyli Məcnun" mövzusunu qələmə almağı sifariş verərkən onu da məsləhət görür ki, "fars ərəb dili bəzəyi ilə bu təzə gəlini bəzəyəsən! Bilirsən ki, mən söz sərrafıyam, təzə beytləri köhnəsindən ayıra bilirəm... Bir bax gör ki, təfəkkür mücrüsündən kimin həmayilinə inci düzürsən! Türkçülük bizə vəfalı olmağın sifəti (əlaməti) deyil, türkəvara deyilmiş söz bizə layiq deyil. O adam ki yüksək nəsəbdən doğulmuşdur, ona yüksək söz lazımdır".

 

Məmməd Mübariz Əlizadə "nizamişünaslıq üçün böyük əhəmiyyət"i olduğunu söylədiyi bu mülahizələri belə şərh edir:

 

"Bütün əsərlərin şahı" adlandırdığı "Leyli Məcnun" dastanını türkcə deyil, fars ərəb ziynəti ilə bəzəməyi şairdən tələb edən Şirvan şahı Axsitanın məktubundan nəzmə çəkilən sözlər heç bir şübhəyə yer qoymur ki, Nizami öz ana dilində əsərlər yazırmış. Belə olmasaydı, şah sifariş verdiyi əsərin dili barədə xüsusi tapşırıq verməzdi".

 

Görkəmli nizamişünas onu da əlavə edir ki, "buradan aydın olur ki, "Yeddi gözəl"də "bu həbəşdə mənim türkcəmi almırlar, mütləq yaxşı (dadlı) dovğa yemirlər", - deyə şair kimləri nəzərdə tuturdu".

 

Ancaq maraqlıdır ki, Nizami şahın türklüyə ( türkcəyə) qarşı aşağılayıcı münasibətini onun öz dili ilə necə varsa, o cür deyir, ancaq qeyri-adi bir ağayanalıqla söhbəti ayrı istiqamətə yönəldir: "Elə ki şahın halqası qulağıma keçirildi (şahın məni öz qulu saydığını bildim), huşum ürəkdən beynimə vurdu. həddim var idi ki, əmrdən boyun qaçıram; gözüm görürdü ki, xəzinəyə yol tapam? Ömrümün süstlüyü, halımın zəifliyindən başımı itirib edəcəyimi bilmədim. Məhrəm bir adam yox idi ki, sirrimi deyim..." şairin oğlu Məhəmmədin müdaxiləsilə söhbət o yerə gəlib çatır ki, mövzu hər qədər "sevinc nazdan (şuxluqdan)" uzaq, "dəhlizi təng (darısqal)" olsa da, "bu dörd min beyt, bir az da çox" Nizami qələmi ilə "dörd aydan da az müddətdə" ərsəyə gəlir. Yəni Nizami türkcə yazmağın müəyyən əhəmiyyət kəsb etdiyini Axsitanın onun nəinki gözünə soxur, əksinə, ona deyir ki, "düşmən Fərasiyab (Əfrasiyab, yəni yağış köpüyü) olsa belə, təkcə sənin zərbən günəş kimidir". Türklərin xətrinə dəyə biləcək mübaliğəni Nizami kimi dahi mütəfəkkir heç zaman boş- boşuna işlədə bilməzdi...

 

 

İkinci mühüm məsələ Nizaminin öz ata-anası barədə verdiyi məlumatlardır ki, onların içərisində aşağıdakı sözlər müəyyən mübahisəyə səbəb olmuşdur: "Əgər mənim kürd rəisəsi anam ana kimi qarşımda öldüsə, yalvararaq kimi imdada çağırım ki, onu (anamı) fəryadla mənim yanıma gətirsin?!"

 

Məhəmməd Əmin Rəsulzadə yazır:

 

"Şairin əsl adı İlyasdır. Atası Müəyyəd oğlu Yusifdir. Anası, özünün "raiseyi-kürd" deyə qeyd etdiyi kimi, Azərbaycan kürdlərindəndir. Gəncədə yaşamış bulunan bir ailənin qızıdır. Adı məlum deyildir".

 

"Azərbaycan şairi Nizami"nin müəllifi bununla kifayətlənməyib əlavə olaraq qeyd edir ki, burada "rəisə" Nizaminin anasının adı deyil, "rəiseyi-kürd"ün "kürd əşrəfindən" mənasına alınması daha məntiqli olacaqdır. Kürd rəis ya rəisəsi olmaq eyni zamanda, tarixdə misalları olduğu kimi, bəhs edilən adamın mütləq kürd olduğunu da isbat etməz, çünki kürd əşirətlərinə rəislik etmiş bulunan türklərin varlığı bilginlərə məlumdur".

 

Əlyar Səfərlinin fikrincə isə, "Nizami onun kürd olduğunu yox, igid olduğunu yazmışdır:

 

Gər maderi-mən Rəiseyi-qord

Madər sefatane pişe-mən mord

 

(Mənim anam igid Rəisə Ana sifətində qarşımda öldü).

 

 

...Nizami anasının igidliyi ilə anasayağı ölməsini qarşılaşdıraraq təzad yaratmışdır".

 

Əlbəttə, Məcnuna türk demək, onun hər hansı hərəkətini türklüklə müqayisə etmək olmazdı. Nizami hətta "fars oğlu fəsahətli (şirindil) dehqan"ın "ərəbin əhvalı" şərh etməyə girişməsinə yumorla yanaşır: "Oğlunu bada vermiş o qoca - Yusifindən ayrı düşmüş Yəqub elə ki Məcnunu qəlbi ürkmüş (divanə) gördü, onun ram olacağından ümidini üzdü. İşgəncə ilə ahlar çəkir, ömrünü yenə ümidlə keçirirdi".

 

Lakin hər ehtimala qarşı, türksayağı bir şərh verməkdən çəkinmir: "Məcnun ki qohumlarının nəsihətini dinlədi, öyüdün acılığından pərişan oldu. Əl atıb köynəyini parçaladı (dedi ki) bu ölü kəfəni neyləyir?.. Türk kimi evi tərk etdi, köç düşərgəsində oturdu... Divanə kimi hər məhəlləyə baş vurur, hər tərəfə (üz tutub) "Leyli, Leyli!" deyirdi".

 

Məcnunun bu cür "türkləşdirilməsi" ilə bağlı M.Əlizadənin maraqlı bir qeydi var: "Türkdilli qəbilələrin əksəriyyəti heyvandarlıqla məşğul olub köçəri həyat keçirirdilər. Nizami öz qəhrəmanını səhranişin olduğu üçün türkə oxşatmışdı".

 

Ərəb Məcnunu səhraya düşür, türk məcnunları çöllərə... fərqi varmış ki?..

 

 

Ancaq dahi şair-mütəfəkkirin etnik zəmində daha bir təsirli metaforası var: Nofəlin təzyiqi ilə qızını Məcnuna vermək məcburiyyəti altında qalan qız atası - Leylinin atası onun "qızı gərək tez gətirəsiniz ki, bu qəbilədən razı qalım" təklifinin cavabında deyir: "Ey ərəblər (içində) alicənablıqda başçılığa tacidarlığa layiq olan! Yaralıyam, qocayam, könlüm qırıqıdır. Səndən iraq, pis günə qalmışam. Ərəblərin istehzasına məruz qalıb özümə əcəmi ləqəb qoymuşam".

 

Ərəbliyini danıb əcəmi adı götürmək başına kül ələmək kimi bir şeydir...

 

Nizami əvvəlki əsərlərində olduğu kimi, "Leyli Məcnun"da da etnonimlərin ideya-estetik enerjisini qarşısıalınmaz bir maraqla aşkarlayır: Üzünü göstərməkdə ərəb ayı idi, könül ovlamaqda əcəm türkü idi... O türk (gözəl) ki, onun ləng şikarıyam... O (zülfün) hindu (oğru) deyil, rüzgar kordur... Hindu (hindli) ona görə filin beynini döyəcləyir ki, o, bir Hindistanı yada salmasın... Naz-qəmzə etdiyi zaman ərəbə , türkə hücum edirdi... Zənci yumaqla xütənli olmadı...

 

İstər "Sirlər xəzinəsi"ndə, istər "Xosrov Şirin"də, istərsə "Leyli Məcnun"da özünü göstərən bu cür etnoloji həssaslıq çox dərinliklərə gedir:

 

"Leyli mənzilindən kənara çıxdı. Zülfünün uclarını hörmüş, qızılgülə (üzünə) bənövşədən bəzək vurmuşdu. O qəbilənin bal dodaqlılarından (qızlarından) gövhər kimi ətrafına bir dəstə düzülmüşdü. Adları Ərəbistanda yaşayan türklər idi. Ərəb əndamlı türk gözəl olar".

 

son olaraq deyək ki, "Leyli və Məcnun"da Nizami başqa bir gözəli - Zeydin aşiq olduğu Zeynəbi tərif edərkən gözlənilməz bir bənzətmə işlədir: Şəki alması kimi sadə (hamar) çənəsi (vardı)... Burada söhbət hansı Şəkidən gedir? Doğrudanmı bizim Şəkidir?..

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2021.- 24 iyul.- S.12.