Milli maarif mühitində əbədi "Əkinçi" işığı

Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı mətbuatın yaranması ilə sıx bağlıdır.

 

Mətbuatın yaranması müxtəlif problemlər üzrə pedaqoji ideyaların və məktəb təcrübəsinin inkişaf dinamikasını şərtləndirən amillərdən biridir. Azərbaycanda mətbuatın, o cümlədən, pedaqoji mətbuatın tarixi çox da qədim deyil. "Təkcə banisi, redaktoru, müəllifləri deyil, məzmunu, ideya istiqaməti, dili, poliqrafik bazası, oxucuları da nəşr olunduğu torpaqla bağlı olan, onun mənəvi və maddi həyatına əsaslanan, ilk növbədə doğma həmvətənlərə xidmət edən birinci qəzet "Əkinçi"dir ki, Azəbaycan milli mətbuatının tarixi də, çox təbii, bu qəzetlə başlanır". Azərbaycan dilində mətbuatın yaranması XIX əsrin 70-ci illərindən başlasa da, əldə olan məlumatlara görə, XIX əsrin 30-40-cı illərində bu sahədə müəyyən təşəbbüslər göstərilmişdi. Lakin bu qısa müddət ərzində o, "zəngin inkişaf yolu keçmiş, ayrı-ayrı pedaqoji təmayüllü jurnal və qəzetlərdə, elmi-pedaqoji məcmuələrdə damla-damla toplanan pedaqoji ideyalar sonralar elmi pedaqogikanın yaranması ilə nəticələnmişdir".

 

Azərbaycanın görkəmli alimi, təbiətşünas və maarifpərvəri Həsən bəy Məlikov Zərdabinin (1837-1907) nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə milli mətbuatın əsası qoyulub. 1875-ci il iyul ayının 22-dən nəşrə başlayıb 1877-ci ildə fəaliyyətini dayandıran "Əkinçi" qəzetinin cəmi 56 nömrəsi çıxıb. H.Zərdabi "Əkinçi" qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə, biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər "Allahdan buyruq, ağzımıza quyruq" deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: "Tələf olmaqmı istəyirsiniz?"

 

Tez bir zamanda "Əkinçi" qəzetinin ətrafında Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül Qəvaid, Əsgər bəy Adıgözəlov-Gorani, Əlizadə Şirvani Heydəri kimi dövrün mütərəqqi ziyalıları toplandı və qəzeti özləri üçün mübarizə mərkəzinə çevirdilər.

 

Bildiyimiz kimi, bir tərəfdən Çar rusiyası və ya Rusiya Azərbaycanda gücləndirilmiş ruslaşdırma siyasəti aparır, digər tərəfdən isə yalançı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən bəyə maneəçilik törədirdilər. Ana dilində və milli ruhda qəzet nəşrinə icazə almaq üçün böyük pedaqoq Həsən bəy Çar hökumətinə bir neçə dəfə xahişlə müraciət etmiş, ancaq idarələrdə, dəftərxanalarda süründürülməkdən başqa bir nəticə əldə edə bilməmişdir. Təsadüfdən zərurət doğar - termininə nəzərən xoşbəxt bir təsadüf nəticəsində Həsən bəy qəzetin nəşrinə icazə almasına müvəffəq ola bilir. Bu əhvalatı sonralar Həsən bəy "Həyat" qəzetində belə xatırlayır: "O vaxt general Staroselski bizim qubernator idi, o, özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti "Əkinçi" adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o, özü senzor olmağa razılıq verdi və nəhayət, bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım".

 

 

Görkəmli tədqiqatçı-alim Əziz Mirəhmədov Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin hökumətdən icazəsini nədənsə "yalnız üçillik ağır, gərgin işdən sonra" ala bildiyini qeyd edir. Halbuki Zərdabi "Dörd ildir ki, qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq" - deyir.

 

Qeyd etdik ki, bir tərəfdən isə yalançı-mövhumatçı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən bəyi hədələyir, təhqir edir, maneəçilik törədirdilər. Ona "Qaspar", "Vartan Həsən", "Gavır Həsən", "Şapkalı rus", "Ruslaşmış Həsən" "sünni Həsən bəy" kimi ürəkbulandıran adlar ünvanlamışlar. Halbuki Zərdabi həm şiə, həm də sünni mövhumatına qarşı kəskin mübarizə aparmışdır. Həsən bəy ona ünvanlanan başdan-ayağadək söyüş və təhqirlə dolu məktubları da öz qəzetində çap etdirmişdir. Belə ki, kapitan rütbəli çar zabiti, Qarabağ mülkədarı, mövhumatçı "Hadiülmüzlim Qarabağlı" təxəllüslü biri məktubunda Həsən bəyi hətta Həsən adını daşımağa layiq görmür. Onun fikrinə görə, bu ad dinə etiqad göstərməyən adamların əli ilə faciəli bir şəkildə öldürülmüş imamın adıdır. Bu məktuba cavabən görkəmli publisist belə qeyd yazırdı: "Bizim Zərdab kəndində Qarabağın sərhədinə bir daş qoymaq və həmin satiranı onun üstündə yazdırmaq istəyirəm ki, gələcək nəsil bu abidəyə baxanda bizim xalqı savadlandırılması uğrunda apardığım mübarizədə hansı avamlarla qarşılaşmış olduğumu bilsin".

 

Belə təhqir dolu məktuba Həsən bəyin yaxın dostu və silahdaşı, eləcə də "Əkinçi" qəzetinin fəal iştirakçısı olan Seyid Əzim Şirvanı 17 bənddən ibarət bir şeirlə cavab yazmışdı:

 

Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq.

Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!

Pəs nə vaqti bizə qismət olacaq göz açmaq?

Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!

 

Göründüyü kimi, belə nadanlar ucundan Azərbaycan xalqı cəhalətdən və mövhumatdan yaxa qurtara bilmirdi. Çünki xalqın geridə qalmış hissəsi içərisində belə bir fakt hakim idi ki, müsəlmanlara dünyəvi elm lazım deyil. Ata-babalarımız hansı yol ilə gediblərsə, biz də o yol ilə keçməliyik. Bu mənada, Zərdabi yazırdı ki, "hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün".

 

"Əkinçi" qəzetinin proqramı zəngin idi. Bu zəngin proqram içərisində xalqı nadanlıqdan, maarifsizlikdən, gerilikdən, savadsızlıqdan çıxarıb, geniş mədəniyyət yoluna aparmaq, təhsil, elm sahəsində ona öz hüququnu başa salmaq, savadlı etmək, məktəb açıb onları oxutmaq məsələsi geniş yer tuturdu. Qəzet yazırdı ki, xalqımızın inkişafına mane olan səbəblərdən biri də mövhumatdır. Mədəniyyət inkişaf edir, yeni ixtiralar kəşf edilir, lakin bizim müsəlman aləmi yerində sayır. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə öz rəftarını da dəyişdirməlidir". "Dünya beş gündür, beşi də qaradır" deyənlər başa düşmürlər ki, dünyası olmayan axırda yox olur". Biz öz qüvvəmizlə bu yoxsulluqdan xilas olmalıyıq. Biz bunu etməyə cəhd göstərməliyik, "bizə göydən kömək gəlməyəcək".

 

 

M.F.Axundovun "Əkinçi" qəzetində xalq maarifi və məktəb uğrunda mübarizədən bəhs edən bir məqaləsi bu cəhətdən daha çox xarakterikdir. Həmin məqalədə deyilirdi: "Bizim əzizimiz və gözümüzün işığı, Həsən bəy! Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səmaratını zinc edib, bizə hey təklif edirsən, elm öyrənin, elm öyrənin! Çox yaxşı... İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək, hansı dildə öyrənək?"

 

Bu üç məsələ o dövrdə xalq maarifi və ana dilli məktəblərinin təşkili qarşısında duran çox mühüm pedaqoji problemlər idi. Bu problemlər kütləvi xalq məktəblərinin və müəllim kadrlarının çatışmaması, təlimin ana dilində aparılmaması ilə bağlı idi.

 

"Əkinçi" qəzeti gənclərə, cavanlara müraciət edərək yazırdı: "Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşları ilə üns tutmaq çətindir. Sizin danışdığınızı onlar başa düşməyib, əhvalınızı şəriətə müvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Qoy şüaralar sizi həcv etsin. Mollalar lənət oxusun... daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və... gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edir, sizə rəhmət oxuyacaq".

 

"Əkinçi" qəzeti tərbiyənin rolunu qiymətləndirərək bildirirdi: "...qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətimizin ümididirlər".

 

Həsən bəy tərbiyəçini bağbana, uşağı isə meyvəyə bənzədib yazırdı ki, ...insana uşaqlıqda yaxşı tərbiyyət verilsə, gəlib qabiliyyət sahibi olar və əgər ona tərbiyyət verilməsə və ya bəd tərbiyyət verilsə, meşə ağacı kimi turş, meyvəsi biqabiliyyət olur. Ona görə insanın qabil olmağına səbəb tərbiyədir". Qəzet elm ilə tərbiyəni əlaqəli, biri-birini tamamlayan bir vahidin iki hissəsi kimi götürürdü: "Qabiliyyət elm ilədir", "insan üçün tərbiyyət elm ilə olurmuş...", "Elmsiz qalan kəs meşənin susuz qalan ağacı kimi bisəmərə olur" və sair.

 

Qəzet həmçinin yazırdı: "Tərbiyə insanın dövlətidir, mayeyi səadətidir, tərbiyə insanı yüksəldir, onu kamil bir adam edir".

 

"Əkinçi" qəzetində təlimin ana dilində aparılmasına, ana dilində dərsliklərin yaradılmasına yüksək qiymət verilirdi: "Məktəblərdə ana dili çoxdan unudulubdur. Əgər biz millətimizin inkişaf edib irəli getməsini istəyiriksə, onlara dil verin. Biz ana dilimizi yaddan çıxartmışıq. Biz türklərin dilini tapın, onu sahibinə qaytarın ki, onlar yaşasınlar və qabağa getsinlər. "Bizə məktəblərdə ana dilində elm öyrədəcəklər, ya yox?"

 

Repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli mətbuatda ana dili ilə bağlı fikirlərini və ya düşüncələrini səciyyələndirərkən Həsən bəy Zərdabidən bəhs edərək yazır ki, "bir gün Həsən bəy Zərdabinin yolu kitab, qəzet, jurnal satılan köşkün önündən düşür. Gözü "Füyuzat" məcmuəsinə sataşır. Əlinə alıb bir neçə vərəqinə baxdıqdan sonra soruşur:

 

- Bunu kimin üçün yazırsınız?

 

- Camaat üçün, - demişlər.

 

Həsənbəy gülümsəyərək demişdir:

 

- Elə isə camaatın dilində yazın ki, camaat da başa düşsün".

 

Həsən bəy Zərdabinin tarixi xidmətlərindən biri də budur ki, o, "Əkinçi" qəzeti ilə Mirzə Fətəli Axundovdan sonra ana dili təlimi və dünyəvi məktəb ideyasını inkişaf etdirərək yeni yüksəkliyə qaldırdı. H.Zərdabi eyni zamanda, savad təlimi ideyasını geniş yaymış, uşaqların ümumi təhsilini, ana dilində dünyəvi məktəblər yaratmaq ideyasını dövrün tələblərinə müvafiq olaraq elmi dəlillərlə əsaslandırmışdı.

 

"Əkinçi" qəzetinin ömrünün az olmasına baxmayaraq, Azərbaycan mətbuat tarixində böyük rol oynayıb. Demokratik ideyalarla dolu olan bu qəzet məktəb, maarif, elm və mədəniyyətin inkişafında çox böyük xidmətlər göstərib. "Əkinçi" qəzetinin bu ideyaları Azərbaycan maarifpərvərlərinin demokratik pedaqoji ideyalarının inkişafına müsbət təsir edib.

 

Xalqını məcnunanə bir şəkildə sevən Həsən bəy Zərdabi əkinçilik və kənd təsərrüfatı məsələlərində maarıfləndirməklə yanaşı, publisist yazılarında və xüsusən gənc valideynlərə xitabən ünvanlanan əsərlərində tərbiyə, əxlaq, əxlaq tərbiyəsi, habelə ailə, ailədə uşaqların tərbiyəsi haqqında qiymətli fikirlər söyləmişdir: "Bizlərdə oğul atanın hüzurunda oturmaq, xörək yemək, danışmaq və qeyri eybdir. Ondan masəva, oğul atadan izinsiz nə ki iş görə bilməz, hətta evlənə də bilməz. Xülasə, ata oğulu bir şey kimi, məsələn, eşşək kimi, özünə təəlluq hesab edib hər nə öz xahişidir, ona əməl elədir və dəxt bunu fikir etmir ki, gələcəkdə bu da adam olub qəyyumsuz iş görəcək. Belədə uşaq nə ki, qeyrilərin, hətta özünün ixtiyar və borclarından bixəbər olduğuna atası kimi özündən güclülərin qabağında iki qat oluban, özündən zəifləri adam hesab etməməyə adət edir. Xülasə, nə qədər qabiliyyətli uşaq olsa, bizim adətlər ilə təlimdən insan ola bilməz. Biz övladın yağısı olub, onun axırına çıxıb insaniyyətlikdən uzaq edirik. Bunu oxuyan belə qiyas etməsin ki, biz deyirik uşaq atanın sözünə baxmayıb, o buyurduğuna əməl etməsin. Bu halda ki, bizim malımızın nə qeyri düşməni artıb, uşağı dəxi bərk saxlamaq gərək ki, düşmənlərimizin ləzzətli görünən adətlərinə öyrənməsinlər. Pəs biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın. Uşaq ilə adamyana rəftar olunsun ki, özü yaxşını yamandan dərk edib bəd əmələ mürtəkib olmasın. Qardaşlar, hökumət ya dövlət və qeyri ilə adam insan olmaz. Hər kəs öz vücudunun qədrini bilib insaniyyət ixtiyar və borclarını əda etmək ilə insan olur. Belədə əvvəl gərək insan olub sonra dövlət və qeyri axtarmaq".

 

Görkəmli tənqidçi və ictimai xadim Firidun bəy Köçərli Yusif Vəzir Çəmənzəminliyə ünvanladığı bir məktubunda Həsən bəy Zərdabinin əməli fəaliyyətinə böyük önəm verərək yazırdı: "Əkinçi"nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir. ...Onlar müəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, çox faydalı olar".

 

Firidun bəy Köçərlinin bu arzusu yerinə yetdi. "Əkinçi" kitabı ilk dəfə 1979-cu ildə "Azərnəşr" mətbəəsində çap olunub, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə latın qrafikasında nəşr edilərək ("Avrasiya Press", 2005) oxucuların öhdəsinə verildi.

 

Yekun olaraq qeyd edək ki, böyük ictimai xadim, maarifçi, mütəfəkkir şəxsiyyət Həsən bəy Məlikov-Zərdabi "maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur" deyərək cəhalətin, nadanlığın hökm sürdüyü bir dövrdə maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün sonunadək bu məşəli şərəflə və əzmlə daşımışdı.

 

 

Kamal CAMALOV Pedaqogika elmləri doktoru, Əməkdar müəllim

525-ci qəzet.- 2021.- 28 iyul.- S.18;19.