Tarı həvəsin olmayanda çal!

Bu qəribə səslənən təbirin müəllifi qədim Gəncə şəhərinin ən sayılıb-seçilən, ünlü tarzənlərindən olan, uzun illər Nizami yurdunda ustad xanəndə kimi fəaliyyət göstərmiş Musa Şuşinskini, bir zamanlar peşəkar tarzən olan, sonralar kamança sənətini özünə həyatı boyu məslək etmiş Mirsucca müəllimlə birlikdə müşayiət etmiş, əslən şuşalı olan Fazil Əlizadəyə məxsusdur.

 

1967-1972-ci illər arasında Fikrət Əmirov adına 1 saylı uşaq musiqi məktəbində tar ixtisasından Həqiqət Hüseynovadan not dərsi aldığım dönəmdə muğam müəllimim F.Əlizadə idi. Məktəbin direktoru Abbasəli müəllimin iznilə ixtiyar çağında evində muğam dərsi keçər, muğamın sirlərini, ifa texniklərini bizlərə canlı ifası ilə öyrətməyə, bu qədim xalq-professional musiqi abidəmiz olan klassik muğamların şöbə və guşələri ilə birlikdə aşılamağa, onu cani-dildən sevdirməyə ciddi-cəhdlə çalışardı.

 

Günlərin birində muğam dərsinə getdiyim zaman Fazil müəllim muğam üçlüsü arasında olan muğam cümlələrinin paylaşımında qəbul olunmuş ənənəvi qanunlarda bəzi xoşagəlməz cəhətlərə diqqətimi çəkərək dediyi qiymətli fikirləri və ifaçılıq məziyyətlərini, həmçinin, instrumental prinsiplərin bəzi məqamlardakı təhriflərə dair orijinal təsbitlərini heç unutmuram. Yaxşı yadımdadır ki, bu məsələni dəqiq anlamam üçün bəzi kamançaçıların muğam ifaçılığı sənətində tar çalğısında işlədilən musiqi fikirlərini riayət etməyərək, həmçinin də, tarzənin çalğı stilinə uymayaraq, türk təbiri ilə desək, sayqısızlıq edərək, yəni növbəli prinsipin qaydalarını pozmaqla, ifaçılığına müdaxilə edərək və öz çalğısını nümayiş etdirmək baxımından önə atılmağa cəhd göstərərək irəli keçməsi barədə məcazi anlamda olan fikirlərini mənə bu tərzdə bildirərək belə dedi: "Adətən tar çalan "A" deyərsə, kamança çalan da mütləq onun arxasınca yamsılayaraq "A" deməlidir. Əgər instrumental muğam çalğısı arasında tarçalan "AB" deyərsə, kamanzən də eynilə təkrar etməlidir. Əgər tarzən çalğı prosesində"ABCÇD" deyərsə, kamança ifaçısı tarzəni olduğu kimi yamsılayaraq bu hərfləri çalğısı ilə təkrarən səsləndirməlidir. Və ardınca fikrini belə yekunlaşdırdı. Çox təəssüf ki, sənətdə təcrübəsi az olan, bəzən də ifaçılıq təcrübəsinə yetərincə sahib, özündən razı kamança ifaçıları xalq qarşısında profesionallığını açıq-aşkar nümayiş etdirmək məqsədi ilə "ABCÇD" ilə yanaşı, bilərəkdən kamançada hələ bir "YE" də çalmaqla özünü göstərməyə çalışırlar. Bu da muğam ifaçılığı sənətinə xələl gətirir. Bu hal təbii ki, qədim sənətin mahiyyətini heçə endirmək deməkdir.

 

Fazil müəllimdən yaddaşımda bugünə kimi xatirə olaraq qalan bu əhvalatı oxucularımıza ilk kəs paylaşmaqda məramım Azərbaycanın Xalq artisti, professor Vamiq Məmmədəliyevin bu günlərdə 75 illiyi yubileyi üçün daha bir bilgisinə ərmağandır deyə düşünürəm. Çünki bu ifaçılıq problemləri ilə bağlı Vamiq müəllimin çox sayda zəngin xatirələri və məlumatının olduğunu sənətsevərlər, musiqiçilər, xüsusilə də Azərbaycanın ustad tarzənləri bilməkdədir.

 

Türk Müzik Dərnəkləri və Vəqfləri Həmrəylik Şurası və Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Gözəl Sənətlər Təhsil Bölümü tərəfindən 10-12 may tarixləri arasında İstanbulda təşkil edilmiş "Gözəl sənətlər eytimi, sosial elm qarşılıqlı əlaqəsi"adlı beynəlxalq simpoziumda "Azərbaycanda Tar sənətinin inkişafı və tarixinə ümumi bir baxış" adlı elmi məqalə ilə çıxış etdiyim vaxtdan bir il sonra, yəni 2017-ci ildə yayımlanmış məqalələr məcmuəsinin 319-cu səhifəsində Azərbaycanın 27 adda məşhur tarzənləri ilə bahəm Azərbaycanın Xalq artisti, professorVamiq müəllimin şəklini də daxil etdim. Çünki bu sənətdə uzun illər göstərdiyi təmənnasız və uğurlu xidmətini nəzərə alaraq bu dərgidə şəklinin yer almasını münasib bilmişdim.

 

Vamiq müəllim tar ifaçılığı sənətinin görkəmli nümayəndəsi kimi, günümüzdə tarı ilə fəaliyyətini davam etdirən ensiklopedik muğam bilgisini və illərlə hafizəsində cəm etmiş qədim mənəvi muğam abidəmizin yaşayan canlı xəzinəsidir. Zəngin axtarışlar, yorulmaq bilməyən çalışmalar, heç şübhəsiz, əzim-dözüm yorulmazlıq, usanmazlıq bütün bu kimi keyfiyyətlər ustad Vamiq müəllimi sənətin zirvəsinə yüksəltmişdir. Çünki təbii, olduğu kimi görünən bu sənətkarın əsli-nəsli pak, billur olduğu üçün mayası halallıqdan zəhmətsevərlikdən yoğrulmuşdur. Azərbaycanın Xalq artistləri-Qurban Pirimovdan, Əhməd Bakıxanovdan, Bəhram Mansurovdan, Kamil Əhmədovdan, Hacı Məmmədovdan, Əhsən Dadaşovdan aldığı ustad dərsləri Vamiq müəllimim tar ifaçılığı sənətində yaşadığı ömür yoluna aydınlıq gətirmiş, həyatını tar adlı sədəfli tarı ilə zinətləndirmiş, Azərbaycan xalq musiqi mədəniyyətinə melodik töhfələri olan rənglərlə, diringilərlə, rəqslərlə, bir çox mahnılarla şərəf-şan qazandırmışdır.

 

Vamiq müəllim təvazökalığı ilə də həmkarları, tələbələri sənət yoldaşları arasında tanınır. Yeri gəlmişkən, onu da etiraf etmək istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, UnesCo və "İsesco-nun xoşməramlı səfiri, Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyim və 2010-cu ildə yayınlatdığım "Azərbaycan Muğam İnciləri" adlı kitabımın 390 və 405-ci səhifələrində nota yazdığım "Bayatı-Şiraz dərmədi 1", "Bayatı-Şiraz rəngi 2" adlı melodik parçalar əslində, Vamiq müəllimin bəstələridir. Bu barədə televiziya proqramlarının birində öz dilindən eşitdiyim zaman, müəllifin adını yazmadığım üçün məyus oldum.

 

1976-81-ci illər arasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığım dönəmdə Azərbaycan xalq musiqisi fənnindən bizə dərs deyən unudulmaz xatirəsini hər zaman andığım, təəssüf ki, 53 yaşında haqq dünyasına qovuşmuş müəllimim, musiqişünas alim Xanali Quliyevin dilindən ilk dəfə Vamiq Məmmədəliyev adlı ustad bir tarzəni özüm üçün kəşf etmiş oldum. Söhbət əsnasında Vamiq müəllimin klassik muğamları, onun şöbə və guşələrini, adlarını dəqiq bilməklə yanaşı, ən əsası onların hər birinin ayrıca instrumental ifa stilini necə ustalıqla çaldığını, böyük həvəslə, gələcəyinə böyük ümidlər bəslədiyi bir musiqiçi-sənətçinin, tar ustadını inamdolu sözlərlə mədh edirdi. Bu fikri anlatmaqda məqsədim odur ki, o dönəmdə Bəhram Mansurov, Kamil Əhmədov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Həbib Bayramov, Baba Salahov kimi müqtədir tarzənlərin sırasında Vamiq Məmmədəliyevin adının hallanması çox mühüm bir məsələnin təsdiqi idi. Onun adının bu cərgədə yer alması, həssas qəlbli, uzaqgörən əziz müəllimimin - Xanəli Quliyevin uzaqgörənliyinin isbatı idi ki, nəhayət, bu günlərdə Vamiq ustadımızın yubileyi dövlətimiz tərəfindən müxtəlif tədbirlərlə anılmağa layiq görülməkdədir.

 

Ötən illər ərzindəki bu tanışlığımızın bir mərhələsi də konservatoriyada Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovla birlikdə çalışdığımız "Xalq Çalğı Alətləri Kafedrasında" davam etdi. Sədaqətli dost, etibarlı insan, sözünün yerini-yurdunu bilən doğru-dürüst bir şəxs kimi Vamiq müəllim gözümdə hər zaman ucala-ucala insanlığın ali məqamına gəlib çatdı. Bəzən muğamlarla, onun şöbə və guşələri ilə, muğam ifaçılığında tarın mizrab ştrixləri barədə bəzən də rənglər, Azərbaycan Xalq rəqsləri barədə olan tərəddüt etdiyim hallar olursa, o anda Qaziantepdən Vamiq müəllimin telefonuna zəng edib inanılmış doğru bilgilər almaqla bu insanın daxili dünyasının muğam, xalq musiqisi ilə nə dərəcədə zəngin olduğunun fərqinə varırdım. Eşq olsun Azərbaycan xalqına ki, onun Vamiq müəllim kimi əfsanəvi ustadları, azman sənətkarları olmuşdur.

 

2007-ci ildə Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında çalışmağa başladığım günlərdə Azərbaycan universitetləri ilə işbirliyi, təhsil üzrə əlaqələrin yaradılmasını təşkil etmək məqsədi ilə qurumun rektoru, professor Erhan Əkinci və Konservatoriyanın müdiri Fahri Çepik bəy və bu sətirlərin müəllifi ilə birlikdə noyabrın 12-15-i arası Bakı şəhərinə ezam olunduq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun musiqi bölümündə ziyarətimiz zamanı Vamiq Məmmədəliyev həmin bölümdə dekan vəzifəsində çalışırdı. Bu əlamətdar görüş sırasında rektor Erhan Əkinci və Qaziantep Konservatoriyanın müdiri Fahri Çepik bəy qurumun fəaliyyət sahəsi və müəllim kollektivi ilə maraqlandıqdan sonra, bir çox məsələdə ikili əlaqələrin yaradılmasına dair fikir mübadiləsində oldular. Ən sonda isə Vamiq müəllimdən mənəvi həmdəmi olan tar alətində bir musiqi parçası çalmasını xahiş etdilər. Yekun hissədə isə o günlərdən əbədi bir xatirə anını əbədiləşdirmək üçün foto şəkil də çəkilmiş oldu.

 

Bu məqaləmizə yer alan başlığı təsadüfən seçmədik. Rəhmətlik Fazil müəllimin dediyi təbir, yəni "Tarı həvəsin olmayanda çal" deməsi fəlsəfəsini aça bilməm üçün ən az 30 il zaman keçmiş oldu. Nəhayət anladım ki, Fazil müəllimin mənə etdiyi tövsiyənin mənası odur ki, tarı həvəsə gələndə çalmağı hamı bacarır. Lakin "həvəsin olmadıqda çal" deməsindəki məramın mənası odur ki, tarı həvəsin oldu, olmadı, yəni hər gün çal ki, sənətin şərəfli zirvəsini fəth edə biləsən. Məhz Vamiq müəllim bu təbirə ömür boyu hər zaman riayət etmiş Azərbaycan tarifaçılığı sənətində zəngin praktik təcrübəyə sahib sənətkardır.

 

Ustad sənətkar, professor Vamiq müəllimin bir məramını qədirbilən oxucularımıza çatdırmaq istərdim: "Mən bildiklərimi tələbələrimi səxavətlə öyrədirəm, Çünki bu dünyanın müəlliminin tələbəsi olmaq əsl insanlığa çox yaraşan, xoşbəxtliklər içərisində ən ali bəxtəvərliyin yüksək dərəcəsidir".

 

Dostlarım içində 45 ildir bir dostum-pir dostum, nadidə dostum Vamiq müəllim, bu yubiley günündə Sizə cansağlığı arzulayıram. Musiqi mədəniyyətimizə yeni töhfələrlə zənginləşdirmək arzusu ilə Allah Sizi qorusun deyirəm. Köksünün üstündə tarının ecazkar səsi həmişə Qarabağ torpaqlarında qələbə çalmış xalqımıza, onun qəhrəman övladlarına sevinc bəxş etsin. Fazil müəllimin təbirinə kiçik bir düzəliş edib deyirəm ki "Tarı həvəsin olanda çal, tarın həvəssiz olsa belə, bu möhtəşəm aləti cana gətir, dilə gətir onu dilləndir, həvəsə gətir, cuşa gətir, onu daha da coşdur, daima həvəsli, arzulu, istəkli həm də eşqlə-məhəbbətlə şövqlə çal" ey təmiz bəxtəvər insan, qeyrətli Vətənpərvər tarzənimiz Vamiq Məmmədəliyev. Qucağında tar həmişə oxusun, çalan əllərin var olsun, əziz Müşfiqimizin "Oxu tar" deyən ruhunu ovut hər zaman, Vamiq müəllim.

 

İlqar İmamverdiyev

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, Sənətşünaslıq elmlər doktoru, professor

 

525-ci qəzet.- 2021.- 28 iyul.- S.17.