"Yeddi gözəl"in türk dünyası

 

Nizami "Yeddi gözəl"i Marağa hakimi, Azərbaycan Atabəylərinin yaxın qohumu Əlaəddin Körpə Arslana (1171-1208) həsr etmiş, ona verdiyi xeyir-dualardan birini bu sözlərlə başlamışdı: "Rum sənətkarlığı ilə Gəncədə sikkələnmiş bu nəqdi (yəni "Yeddi gözəl"i - N.C.) əyar şahın əksi ilə parladaraq onun üstünə şahənşahın adını həkk elədim ki, onun şəkli (əksi) ilə işim rövnəqlənsin" ("Yeddi gözəl"in filoloji tərcüməsi professor Rüstəm Əliyevindir).

 

Nizami "Ağsunqurlar nəslinin dayağı" adlandırdığı Körpə Arslanı "öz tac taxtı ilə Alp Arslandan yaxşı" hesab edərək yazır: "Səhənd dağında o, yırtıcı canavarın əl-ayağını bir ikiuclu (haça ox) ilə sındırdı". Körpə Arslanın hakimiyyətinin, görünür, bütövlükdə İrana yayılmasını alqışlayan şair bildirir ki, "bütün aləm bədəndir, İran isə ürək... O vilayətin sərvətlərinin tutduğu yer yerlərin ən yaxşısıdır. Ürək sənsən bu məsəl sənin haqqında olan hekayədir".

 

hökmdarını bir ona görə tərifləyir ki, onun "Nizami kimi söz ustadı vardır".

 

"Yeddi gözəl"in əvvəlində Nizami hər qədər qədri bilinməsə , öz türklüyünü uca tutduğunu bir daha göstərir: "Yoxluq (kasıblıq) məni sındıra bilməz, mənim gileyim gileylənə bildiyim kəslərdəndir. Mənim türklüyümü Həbəşistanda almırlar. Odur ki, mənim ləzzətli dovğamı yemirlər".

 

Göründüyü kimi, burada şairin sözlərini xüsusi mənalandıran etnoqrafik çalar ("ləzzətli dovğamı yemirlər") ön plana çəkilir.

 

"Yeddi gözəl"də əsərin ideya-məzmununu müəyyən edən əhvalatları Bəhram şaha danışacaq yeddi gözəldən bəhs olunur ki, onların hərəsi bir iqlimə mənsubdur: "...Hind racının qızı, adı Fürək - onun şəkli bütöv aydan gözəl idi. Çin Təbriz löbətlərinin fitnəsi, Xaqanın qızı, adı Yəğmanaz. Xarəzmşahın qızı Nazpəri. Yerişi dağ kəkliyinin yerişi (kimi), Səqləbşahın qızı Nəsrin - nuş - Çin səbkli, rum libaslı bir türk (qızı). Məğrib şahının qızı, Azəryun - kamilləşən Ay kimi bir Günəş! Humayun rəyli qeysərin qızı, özü Humayun, adı da Humay. Keykavus nəslindən olan Kəsranın qızı, adı - Dürsiti, özü isə tavus kimi gözəl". çox keçmir ki, hakimiyyəti ələ alan Bəhram şah bu gözəllərin hamısını saraya gətirir, onların son dərəcə maraqlı nağıllarını dinləyir. Həmin nağıllarda türkçülük motivləri həm ideya-məzmunda, həm poetika-formada təzahür edir.

 

Nizaminin "Yeddi gözəl"dəki təfsirində türklərin siyasi-coğrafi hökmü Çinin içərilərindən başlayaraq İranın içərilərinə qədər elə bir ciddi maneə görmədən davam edir: "Xanlar xanı Çindən yola düşdü ki, yer üzü şahının (Bəhramın - N.C.) mülkünü tutsun... Şahın naiblərindən o, zorla Maveraünnəhr mülkünü başdan-başa aldı, Ceyhun çayından keçərək o, tez gəlib Xorasanda qiyamət qopardı. Şah o türk qoşunundan xəbər tutaraq (öz) qoşununa etibar etmədi..."

 

Səməd Vurğunun nəzəri-estetik ideallarında Nizami Gəncəvi

 

"Yeddi gözəl" müəllifi xatırladır ki, şahların artıq real yox, rəmzi hakimiyyəti altında olan İranın taleyi türklərin əlindədir: "Şah iranlılardan öz əlini üzüb, məmləkəti öz naiblərinə tapşırdı, özü isə qaçıb gizləndi". qəribədir ki, türklər üçün düşmən iranlılar deyil, məhz İran şahıdır: "Xanlar xanı bu xəbəri eşidən kimi ki, Bəhram cahandan yox olub qılınc qılınc oynatmaqdan əl çəkdi, asudə rud şərab (məclisinə) oturdu".

 

Əslində, İran-Turan münasibətlərinə ədəbi münasibətin Firdovsidən sonrakı (postfirdovsi) dövrü üçün səciyyəvi sayıla bilər ki, Nizami Bəhramın güc toplayaraq xanlar xanı üzərinə "nagahan" hücumunu "Şahnamə"dəki qəfil "türk basqınları" ilə müqayisə edir: "Türklər bu nagahan türk basqınından yol kəsmiş elə bir zərbədən hamısı qaçmağa yol axtararkən qılınclar kütləşib, ayaqlar itiləşdi, şahın dəmiri (qılıncı) möhkəm qaynadığı üçün türk ordusunun müqaviməti süstləşdi". Hər halda bu, Nizaminin Firdovsiyə özünəməxsus bir ironiyasıdır ki, deyir: "İri xəncərlərin əlindən türk qoşununun tozu qaça-qaça gedib Ceyhuna çatdı... Pars mədəniyyətli pəhləvanlar cəng ahəngi ilə "Pəhləvi" oxudular. Ərəb şairləri dürr kimi saf şeirləri rübabın nəğməsilə söylədilər... Atəşkədəyə min dəvə yükü vəqf elədi..." Məsələnin mahiyyəti isə ondadır ki, Bəhram şah "Yeddi gözəl" müəllifinə iranlıdan çox turanlı, farsdan çox türk, ümumiyyətlə isə İnsan kimi lazımdır. Məhz bu münasibətin nəticəsidir ki, Bəhram "qələbə"dən sonra İran qoşununun tarixi "qəhrəmanlığ"ı barədəki hap-gopu hədəfə alır: "Biri lovğalanır ki, mən İrəc nəslindənəm, o biri öyünür ki, onda Areşin hünəri var. Biri Givin, o birisi Rüstəmin adını çəkir, biri Aslan, o biri Şir ləqəblidir. Heç kəsi görmədim ki, vuruşsun, ya zamanı bir görsün". Ona qarşı yönələn "ölkənin taleyini quldurlara tapşırıb gecə-gündüz sərxoşluqla məşğuldur" ittihamına isə şah belə cavab verir: "Yatdığım sərxoş yuxularımla gör xaqanın yuxusunu necə pozdum... O itdir ki, öz zəifliyindən xoş yata bilmir, keşik çəkir. Əjdaha mağarada yatsa da, nər aslan onun qapısına qəbula gəlməz".

 

Və beləliklə, Nizami, faktiki olaraq, Firdovsi üslubunu təmkinlə (və "daxil"dən!) darmadağın edir.

 

Nizami "Yeddi gözəl"də də etnonimlərə olan metaforik marağını geniş ifadə edir: Rumlular onun sənətinin qabağında hindlidirlər (nökərdirlər), çinlilər onun tişəsinin tör-töküntüsünü yığanlardır... O, ərəb tərbiyəsi görmüş çöllü əcəm mülkünü idarə edə bilməz... Ərəbdən Əcəmə qədər... Ey tatar (kimi) dar gözlü... sən tatar bütlərinin qibtəsisən... Şah öz türk (gözəlinin) söyüşünü tanıdı, hinduluq (çeviklik) edib ona tərəf atıldı... Gah hindlilərin qaşına çin salarsan, gah da hind qoşunu ilə Çin qoşununu sındırarsan... Ərəbistandan tutmuş Əcəmə qədər qulluğun üçün əgər buyursan başdan keçərik... Parslar bəsləmiş ərəb atları... O, Ruma türk basqını edib o diyara od vurdu... Qarğanın (əsli) hindli nəsəbdir, hindlinin oğurluğu isə təəccüblü deyil... Onun ətrafında tüstü hindlilər kimi səcdəyə çökmüşdü... Əsl rumlular nəslindən olan bir türk idi, ona hindlilər "göz nuru" ləqəbi vermişdilər... Hindistanda doğulmuş türk gözlü ceyran... Önündə Rum qoşunu, arxasında zənci; onun rumi və zənciləri ikirəng sübhə bənzər, rumlular vuruşur, zəncilər məclis qururdular... Mənim türk (gözəlim) aşkara mənə lütf göstərirdi, o, öz hindlisini nazlayırdı... Mənim cazibəli türk (gözəlim)... Mən arzulayırdım ki, yenə gecə gəlsin, ÇinTaraz sənəmlərilə şərab içim, türk (gözəlimin) zülfünü belimə dolayıb o ürək oxşayanı bağrıma basın... Çin nazlı Rum gözəli dedi: Ey Rumun, Çinin, Tarazın hökmdarı... Əl dəyməmiş neçə cür xəllüxli, xətaylı (çinli) kənizi də var... O türk (gözəlinin) kələklərini görsə də, (şah) yenə özünü saxlayırdı... (Xam) dayça xasiyyətli o türk gözəli... Öz əqidə (cəhətindən) təbiəti kimi bir cühud idi... Bir şahı bir Cühuddan xilas etdi... Min yağmalı onun hindlisiydi... Rum bəzəkli taxtda Çin fərşləri üzərində rahatladıqdan sonra... Şirməst Bulqar quzuları... Çin löbətini (gəlinciyini) qucağına aldı... Bu rumluçinli surətlər, görərsən ki, çirkin zəncilər imiş... Xeyir Cühudu görən kimi tanıdı... Çin gözəli bu gözəl hekayəni qırıq dili ilə (bir təhər) düzəldib (söyləyəndən sonra)... Zənci qoşununu ön dəstəsi Xötənə hücum etməyincə... Onun rumlu üzünün qarşısında hamı zənci (kimi idi)... Burtaş yorğanını (örtüyünü) gizlədərkən... O, yenidən bir dəfə də xacəyə türk basqını etdi... Tatar müşkünün bazarını rövnəqdən salmışdı... Öz yanında çinli, sənin yanında isə həbəşliyəm...

 

Yeddi gözəl | Nizami Gəncəvi | | Alinino.az

 

Nizami "türknaz" - "türktaz" düzəltmə sözlərini qarşılaşdırır ki, bunlardan birincisi "türk nazı", ikincisi isə "türk basqını" mənasındadır:

 

O dedi: "Mən nazənin bədən türkəm, nazənin adım da Türktazdır". Dedim: "... Qəribədir, sənin adın Türknazdır, mənim də adım haman Türknazdır. Dur türklər kimi yürüş edək, hindliləri odlara ataq, muğlar şərabından cana qıda verək...

 

Birinci iqlim padşahının qızının - "Hindistanda doğulmuş türk gözlü ceyran"ın nağılından alınmış mükalimədəki həmin ifadələr bir neçə dəfə təkrar olunur: Bir Türktaz bir Türknazdan uzaqlaşmışdı... Yolda ona eşq türktazlıq etdi...

 

Altıncı iqlim padşahının qızı - "Çində bəslənmiş (gözəl) öz nağılında, varlı bir kürd çobanı ilə onun gözəl qızının ölüm ayağında olan bir gəncə köməyindən bəhs edir. Və hiss olunur ki, buradakı kürd obrazı təsadüfi deyil, "Yeddi gözəl" müəllifi həmin obrazlara xüsusi həssaslıqla yanaşmışdır: O (diyarda) böyük sərvərlərdən olan bir kürd vardı... Səhrada oturaq (edib) dağlarda dolanan kürd... Kürdün gözəl bir qızı vardı, o, türk gözlü, hind xallı bir löbət (gəlincik) idi... Kürdün qızı ondan ötrü o qədər əziyyət çəkmişdi... Sanki (danışığı ilə) kürdün ev-eşiyinə od vurdu, evdən kürd ağlaşması qalxdı, sağa-sola hay-küy düşdü...

 

Ümumiyyətlə, "Yeddi gözəl"dəki gözəllərin hərəsi bir iqlimdən gəlsə də, hər birinin həm özündə, həm də nağıllarında azya çox dərəcədə türk ruhu vardır.

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2021.- 28 iyul.- S.12.