"Zamanın axarında"n baxanda dünya aydın görünür...  

 

 

Kitab təkcə bilik mənbəyi deyil. Kitab həm zamanın müəyyən dünəninin tarixi (ədəbi) güzgüsüdü; olmuşlar da görünür, görünənlər arasında bağlılıq da. Belə kitablara dəyərli kitab deyirik. Belə kitablar düşüncələrimizin ömürdaşı da olur...

 

Kitabları hadisələrin, faktların tarixi kimi oxuyuruq. Bu hadisələrin, faktların özü , mahiyyəti düşüncələrimizə hopur. Oxuduqlarımızı gördüklərimizin, duyduqalrımızın davamı, bəzən əvvəli bilirik. Bunun fəlsəfəsinin yaşam fəlsəfəsinin zərrəsi olduğunu da duyuruq. Onda "Kitab həyatın inikasıdır" deyənlər çox olur. Onların haqlı düşüncəsini öz düşüncəsi bilənlərdənəm...

 

Xatirələr kitabı düşüncələrə daha həssaslıqla hopur. Kitabla kitabın müəllifini tanıyan oxucu arasında söz vasitəsilə duyğusal bir ruhi münasibət yaranır. Müəllifinə rəğbətin olduğuna görə. Müəllifin sənin ömründə olduğuna görə. Həyat həm buna görə gözəldi...

 

"Zamanın axarında" (Zəngəzursuz illərim) kitabının avtobioqrafik mahiyyəti ictimai mahiyyətli olduğu üçün cəmiyyətin müəyyən bir dövrü haqqında xronika kimi oxunur...

 

Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, XI, XII çağırış Respublika Ali Sovetinin deputatı seçilmiş, böyük ziyalı, dəyərli vətəndaş, milli-xəlqi dəyərləri fenomenal incəliklə yaşadan Tofiq Mehdiyevi zamanında mən tanımışam, bu tanımanı tale qazancı bilmişəm - mən söhbətlərində aqil kəlamlarının işığını, hər məsləhətində Dədə Qorqud hikmətini görmüşəm. "Ürəyinin hökmü sənin ilkin istinadgahın olmalıdı. Yoxsa getdiyin, gedəcəyin yollar ayağın altından sürüşər..." - kəlamları eşidənin ürəyinin təpərinə, dizinin taqətinə dönərdi, düşüncələrini durulaşdırardı. İllər sonra "Zamanın axarında" kitabında Zərdüşt peyğəmbərin bir deyimini oxuyanda da bu duyğuları yenidən yaşadım: "Dünya yeni hay-küylər icad edənlərin deyil, yeni dəyərlər yaradanların başına fırlanır. Özü səssiz-səmirsiz" (yeri gəlmişkən, kitabda bölmələrə epiqraf kimi Zərdüşt peyğəmbərin kəlamlarının seçilməsi ruhun da, düşüncələrin müqəddəslikdən barındığının ifadəsidir...). Tofiq müəllim həmişə xalq üçün, dövlət üçün, dövlətçilik üçün yeni dəyərlər yaradanların sırasında olub. Bu dəyərlərin ən gözəli, ən gərəklisi insanlara sevgi olub, tarixə sədaqət. Belə bir tarixi şəxsiyyətin yazdığı "Zamanın axarında" kitabını da belə dəyərlərdən biri bilirəm...

 

"Zamanın axarında" kitabı mahiyyətinə görə bir ömrün salnaməsidir. Həm bütün çalarları ilə - Vətənə, torpağa, dövlətə, dövlətçiliyə sevgi kimi, yaşanıldığı anlardan sabahların düşüncələrinə, sabahların duruluğuna vətəndaş heysiyyəti kimi, bəşəri amallara xidmət kimi.

 

"Zamanın axarında" kitabı həm tarix haqqında kitabdır, əslində, tarixin kitabıdır; illərin o üzündə qalmış hadisələr haqqında kitabdır.

 

Müəyyən mənada avtobioqrafik kitab kimi yazılsa da, daha məzmunludur. Yəni hadisələr daha geniş miqyaslıdır. 6 hissəli kitabın ilk 3 hissəsində bioqrafik yönüm çox olsa da, digər hissələr bilavasitə xalqın, dövlətin, dövlətçiliyin heysiyyətinin mühafizəkarı olan bir insanın dünyagörüşünün ədəbi-bədii ifadəsidir.

 

Tofiq müəllim heç zaman "mənə " fəlsəfəsiylə yaşamayıb, işləməyib. Həm zamanın axarını xalqımızın xeyrinə dəyişməyə ciddi cəhdlər göstərib. Bəzən istər siyasi baxımdan, istərsə həyat baxımından təhlükəli olsa da...

 

"Nüvədi epopeyası" məqaləsi düşüncələri tarıma çəkir. "Niyə"lər oxuyanın yaxasından "dördəlli" yapışır. Tarix var məqalədə. Nüvədinin tarixində Azərbaycanın tarixinin bir parçasını görürsən. Tofiq müəllim tarixdən çoxumuza bəlli olan faktları xatırlatmaqla çoxumuza məlum olmayan bir məqama aydınlıq gətirib. Bu da tarixdi: Niyə ermənilər azərbaycanlıları Qafan, Gorus, Sisyan rayonlarından çıxartdıqdan sonra Meqriyə qarşı nisbətən mülayim davranış göstərdilər? Tofiq müəllimin fakt səviyyəsində şərhində bir təəssüf var, siyasi "qalaqurmaya" qarşı vaxtında görülməyən tədbirlərə görə təəssüf: "...Azərbaycanlıların Ermənistandan deportasiya, genosid siyasətini həyata keçirən rəsmilər terror qrupları maraqlı taktikaya əl atdılar. Belə ki, Qafan, Gorus, Sisyan rayonları tam türksüzləşdirildikdən sonra Meqri rayonunun Azərbaycan kəndlərinin enerjisi, rabitəsi kəsilsə , əhaliyə toxunmayaraq, zor işlədilmədi. Bu da o məqsədlə edildi ki, deportasiya Qafandan sonra Meqridə baş versə, qarışıqlıq nəticəsində qatarların hərəkəti Yerevan-Bakı xəttinin 49 km-lik Meqri rayonu hissəsində dayana bilər köçürmə prosesi uzanardı..."; Tofiq müəllimin bəyənilən şərhi təsdiqləyir ki, Meqriyə qarşı bu mülayim münasibət , əslində, erməniliyə xidmət edirmiş...

 

Zəngəzursuz keçən illərin ağrısı Zəfərin sevinci

 

Bu kimi faktların kitabı, əlbəttə ki, dəyərli kitabdır!..

 

Vicdanın səsi ifadəsini çox yerdə, çox məqamda eşitmişəm. Ancaq heç birində "Zamanın axarında" oxuduğum həddə duyğulanmamışam. Tofiq müəllim "Zəngəzur dağlarının efesi" adlandırdığı Xanəli Şirinov haqqında yazdığı "Vicdanın səsi ilə" məqaləsində yazır:

 

"...SSRİ Daxili İşlər Nazirliyinin tapşırığı ilə Bakıdan gələn orqan işçiləri inspeksiya qaydasında əhalidən ov tüfənglərini müsadirə etdiyi üçün meşəçi Xanəli kişinin silahı əlindən alınmışdı. Xanəli kişinin uzun müddət küsülü qaldığı, soyadını unutduğum qonşusuna məxsus silahı xahiş edib aldıqdan sonra heç bir kəsə demədən Seyidlər kəndinə getmişdi.

 

Hörmətli oxucum sual edib soruşa bilər ki, evində nəvələrilə gün keçirməli olan ağsaqqal, yaşlı bir insanın gecə yarı terrorçuların üzərinə getməsinə səbəb idi?! Cavabını bir sual, bir nida ilə verirəm:

 

- Vətən, torpaq, millət sevgisindən başqa daha ola bilərdi? Vicdanın Səsi!..

 

Bu sətirlər təkcə vətənsevərliyi istər o illərdə yaşayanlara, istərsə ondan sonra (elə indi ) görk olan bir Kişi haqqında əsl kişi sözüdü, həm müharibənin tarixidi. Kitablara düşməyən, çoxlarının xəbəri olmayan tarixi. Tofiq müəllimin "Zamanın axarında" kitabı həm müharibə tarixi haqqında dəyərli bədii-tarixi kitabdır. Belə kitablar tarixi kitablar seriyasından oxunmasa da, dəyəri tarixi kitabların dəyəriylə müqayisə edilməlidir; az adamların bildiyini bu səviyyədə ictimailəşdirmək müharibə tarixinə (xalqın tarixinə!) sevginin təzahürüdür. Bu sevgi qüdrətə sevgidi. Həmin silahın sonralar bir erməni qruplaşmasını zərərsizləşdirən qüdrətə sevgidi:

 

"...Gecədən xeyli keçmiş, səhərə yaxın Hamlet Köçəryanın özü terror dəstəsi "Qaz-21" markalı nömrəsiz "Volqa" avtomobilində Qafandan Seyidlərə gəlib kəndin mərkəzində dayandı. Maşından enib ora-buranı seyr edən Köçəryanın dəstəsinə Xanəli kişinin qəflətən açdığı atəş dığaları pərən-pərən saldı. Maşın dolu qumbaradan, avtomat silahdan tapançadan istifadə edə bilməyən nəşəli, kefli dəstə üzvlərinin hamısı Xanəli kişinin başçılığı, postda olan polis nəfərlərinin kənd əhalisinin köməkliyi ilə həbs edildi..."

 

Qürrə var sətirlərdə. Xatirə biçimində təqdim edilən bu qürrə zamanında rayona rəhbərlik edən, xalqını, dövlətini, dövlətçiliyini sevən, illərini bu sevgi ilə yaşayan bir azərbaycanlı kişisinin qürurudu, gözəl duyuma, gözəl bədii təfəkkürə, tarixi faktları gözəl ədəbi materiala çevirməyi bacaran bir söz adamının qürurudu. Bu məqamda Tofiq müəllimin "Vətən gözləyir" məqaləsinə epiqraf gətirdiyi bir kəlamı xatırlayıram: "Mərd adamları sevirəm, çünki gözü ilə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar". Bu sitat Tofiq müəllimin zəngilanlılara sevgisini ümumiləşdirir. Bir zəngilanlı kimi mən də bu fikri Tofiq müəllimin özünə şamil edirəm: zəngilanlılar mərd kişi kimi tanıdıqları, sevdikləri Tofiq Mehdiyevi həmişə ehtiramla xatırlayır. Bu xatırlama mənəvi borc xatırlamasıdır. "Zamanın axarında" kitabının zəmanəti ilə...

 

 Tofiq Mehdiyevin "Zamanın axarında" kitabı həm də elan edilmədən başlayan müharibədən əvvəl erməniliyin törətdiyi təxribatları ictimailəşdirmək, bu baxımdan tarixləşdirmək missiyasıdır (və müharibə tarixidir!). Tofiq Mehdiyevin "Separatçılıq yolunu seçmiş kirvələr" məqaləsi məhz bu gerçəkliyin məqaləsi, "Zamanın axarında" kitabı bu gerçəkliyin kitabıdır.

 

"Zamanın axarında" kitabında bir təəssüf də gizildəməkdədir. Bu gizilti təəssübkeşliyin giziltisidir. Bu gizilti başa çatdırılması mümkün olmayan bir istəyin giziltisidir: "...Ermənilər bizim üçün Qarabağ problemi yaratdığı kimi, bizonlara Nüvədi problemini qaldırdıq. Fərq ondadır ki, onlar bu məsələni dövlət səviyyəsinə qaldırdılar. Biz isə rayon səviyyəsindən yuxarı çıxarda bilmədik..." Ağrıdıcı təəssüfdür. O illərdə belə bir təşəbbüs də düşmənlə mübarizənin tərkib hissəsi idi. Bu fakt da təsdiqləyir ki, o illərdə Zəngilanda torpaqların müdafiə sistemi passiv deyildi. Bu xatırlatma "Zamanın axarında" kitabının xatırlatmasıdır...

 

"Erməni xisləti, Qafqaza gətirdikləri terror və faciələr, qısaca mentallıqları barədə", "Torpaqlarımızı özümüz qorumalıyıq", "Çöp axtaran Xodakovski" və s. məqalələr də oxunaqlıdır, vətənsevərlik haqqında vətənsevərin ürək sözləridir...

 

"Zamanın axarında"n baxanda dünya aydın görünür...

 

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

525-ci qəzet.- 2021.- 29 iyul.- S.13.