İki paradoks

 

Necə oldu ki, A.Xaçatryan dahi Q.Qarayevin mükafatını oğurladı?

 

Bir neçə il bundan əvvəl böyük bəstəkarımız Q.Qarayev haqqında "Korifeylərin portreti" silsiləsindən yazı hazırlayırdım. Faktları araşdırarkən belə bir məqamla qarşılaşdım ki, bəstəkar guya II və lll simfoniyalarında sosializm realizmi prinsiplərinə zidd çıxdığına, formalizmə və mücərrədliyə "yuvarlandığına" görə amansız tənqidə tuş gəlib və ümumiyyətlə, simfoniyaları sonralar da Q.Qarayev üçün əməllicə başağrısına çevrilib...

 

Bəstəkarın bu janrda yazdığı əsərləri, xüsusilə II simfoniyasını tapıb dinləmək üçün etdiyim bütün çabalar heç bir nəticə vermədi. Belədə bəstəkarın oğlu F.Qarayevə telefon açıb onunla görüşmək istədiyimi bildirdim. Ertəsi gün konservatoriyada görüşdük və Fərəc Qarayev məsələdən hali olan kimi dedi ki, zəhmət çəkib II simfoniyanın lent yazısını axtarma - neçə il əvvəl fonotekadan götürüb "dəfn" ediblər. Mənim məyus olduğumu görüb nəyisə xatırladı və əlavə etdi ki, konservatoriyanın fonoteka arxivində deyəsən, həmin simfoniyanın yazıldığı bir ədəd val var, səhər qaytarmaq şərtilə onu öz adına bir günlük götürüb mənə verə bilər.

 

Az qala uça-uça özümü evə çatdırıb köhnə valoxudanda simfoniyanı dinlədim və heyrətdən quruyub qaldım, necə deyərlər, əl- ayağım yerə yapışdı - əsərin böyük bir hissəsi saz havalarımızın ladında bəstələnmişdi, hər əsərində bir yenilik edən bəstəkar insanların yaman günə qoymaq istədikləri dünyanın gələcəyi barədə bizə aşıq havaları ruhunda, lakin simfonik musiqi dili ilə vahiməli bir hekayə danışırdı...

 

"Nə üçün respublikanın həşəmətli musiqi elitası bu əsəri və onun müəllifini haqsız hücumlardan qorumayıb" sualına isə ertəsi gün valı qaytaranda Fərəc müəllimin danışdığı və mənim heyrətimi daha mükəmməl bir səviyyəyə qaldıran əhvalatda cavab tapdım. Buyurun, o əhvalatdan siz də xəbərdar olun.

 

1959-cu ildə Qarayevin məşhur "Yeddi gözəl" baleti o vaxtkı SSRİ-nin ən ali mükafatına - Lenin mükafatına təqdim olunur. Qonşu respublikanın hayları bundan xəbər tutan kimi özlərinin guya ki, böyük, əslində isə Azərbaycan musiqisini oğurlaya-oğurlaya, xalq mahnılarımızı nota alıb öz əsərləri kimi təqdim edə-edə baş girləyən A.Xaçatryanın "Spartak" baletini də mükafat komissiyasına soxuşdururlar. Görünür, onlar oğru Xaçatryanın vaxtilə Ü.Hacıbəyov tərəfindən ifşa olunduğunu və xoruzu qoltuğuna verilərək biabırçı şəkildə Bakıdan qovulduğunu unutmamışdılar və indi də bu yolla qisas almaq istəyirdilər. Qarayevin əsəri bütün parametrlərinə görə o vaxtkı ölkə məkanında yazılmış baletlərdən üstün idi. Amma, lakin və ancaq hayların çirkin qarayaxma kampaniyası, bizim isə bəzi "millətsevərlərin" canfəşanlığı öz işini görür - Yerevandan hayların, Bakıdan isə paxılların, yaramazların Moskvaya yağdırdıqları məktublarda Qarayevin əsərlərinin istər məzmun, istər forma və istərsə də musiqi dili baxımından şübhəli əsər olması barədə böhtanlara Kələntər lələnin ("Böyük dayaq" filmi) dediyi kimi, "xalqın səsinə hay vermək bizim borcumuzdur" prinsipi ilə yanaşan komissiya üzvləri mükafatın 2 eşşəyin arpasını bölə bilməyən Xaçatryana verilməsi barədə qərar çıxarır.

 

Necə deyərlər, belə-belə işlər, yazıçı Elçin demişkən, kəpənək məni dişlər...

 

Şübhəsiz ki, Xaçatryan Qarayevin heç çölə atılan dırnağı da deyildi və musiqimizi özəlləşdirib özlərinə irs yaradan haylar illər keçəndən sonra Qarayevin özünü də özəlləşdirib erməni bəstəkarı kimi qələmə vermək fikrinə düşdülər. Yəqin fikirləşiblər ki, öz dahilərinə belə münasibət sərgiləyən xalqı həmin dahidən məhrum etmək o qədər də qəbahət deyil.

 

Nə isə... Bu əhvalatı xatırlayanda, üzr istəyirəm, mənim həmişə ürəyim bulanır...

 

Üzümü bizim dünyada ən istedadlı xalq olmağımız barədə gur-gur gurulayan, əslində isə istedadların qəniminə çevrilən qeyrətli qeyrətsizlərə tutub deyirəm: "Tövbə edin, qeyrətli də olmasa, heç olmasa, adam olmağa çalışın. İnanın, bu, o qədər də çətin deyil - əlbəttə, həyatında bircə dəfə Yaqonun "rolunu" oynayan gülüş ustamız Səyavuş Aslanın tövsiyəsinə əməl etsəniz...

 

Amma bu haqda gələn yazıda.

 

P.S. Q.Qarayev 1967-ci ildə başqa şedevrinə - "İldırımlı yollarla" baletinə görə həmin o mükafatı aldı və haylara dağ çəkdi.

 

"İTMİŞ" ƏSƏRİN AXTARIŞINDA, YAXUD XƏYYAM MİRZƏZADƏNİN QONORAR MƏSƏLƏSİ

 

Bu yaxınlarda dahi kinorejissor Federiko Fellininin müsahibələri, filmlərinin ssenariləri toplanmış kitabı vərəqləyəndə maraqlı bir məqamla qarşılaşdım. Jurnalistin "Siz nələri xoşlayırsınız?" sualına Fellini çox həvəslə cavab verir və uzun bir siyahı sadalayır. Həmin siyahıda belə bir bənd də var: "Velosiped yəhəri üstündə əyləşmiş kök qadının sarğısının arxadan görünüşü" (!).

 

Gəlin bu cavabı dərhal tənqid etməyə tələsməyək. Çünki burada diqqət çəkən əsas məqam rejissorun xoşu gələn bu mənzərənin bizim mentalitetə uyğun gəlib-gəlməməsi yox, Fellininin səmimiyyətindədir. O, bu bəndi ixtisar edib, daha estetik şeylərdən danışa bilərdi. Amma buna gedib öz fikrini təhrif etmir, sözü xoşa gəlmək üçün yox, həqiqəti bildirmək üçün deyir. Həqiqət isə çoxlarının düşündüyü kimi, o qədər də gözəl hüsnə malik deyil.

 

Fikrimcə, Azərbaycan incəsənəti, ədəbiyyatı kluarlarında yaşadığımız ən böyük qıtlıq - səmimiyyət qıtlığıdır. Çoxları auditoriya ilə canlı ünsiyyət zamanı səmimi olmaq əvəzinə rola girir, ən yaxşı ata, ən yaxşı ana... bir sözlə, hər şeyin yaxşısı obrazı yaratmaqla özlərini dəyərə mindirdiklərini düşünürlər.

 

Amma unudurlar ki, başqasının hörmət və rəğbətini qazanmağın ən doğru yolu - səmimiyyətdir!

 

Azərbaycanın sənət adamları içərisində tanıdığım səmimi insanlardan biri də görkəmli bəstəkarımız Xəyyam Mirzəzadə idi.

 

Köklü bakılı olan Xəyyam müəllimin ifadəli naturası və qeyri-adi xüsusiyyətləri vardı. Ortaboylu, dolubədənli bəstəkara səliqə ilə saxladığı saqqalı, ağayana yerişi çox yaraşırdı. O, daxilən də, zahirən də əsl aristokrat, eyni zamanda, kökə, ənənələrə bağlı sadə insan idi. Baxın, mən ilk dəfə onu harda görsəm yaxşıdır? - Aşura günü Təzə Pir məscidinin həyətində (!). Xəyyam müəllim həyətdəki izdihamın içində hamıdan biri idi - mərsiyə deyənlərə qulaq asır, nəzir paylayır, ehsan çayı içirdi... və hətta alma nəziri paylayan birindən alma alıb elə oradaca yeməyə başladı...

 

Sonralar onun haqqında daha maraqlı faktlar öyrəndim. Məsələn, bildim ki, Xəyyam müəllimin həftədə bir dəfə köhnə kişilər kimi köhnə Bakı hamamlarından birinə getməyi var... Hobbisi oyuncaq avtomobil modellərini toplamaqdır və böyük kolleksiya yığıb... Və nəhayət, öz əsərlərinin ifası ilə bağlı gözlənilməz, qəfil gedişlər etməyi xoşlayır. Belə ki, onun şəxsi razılığı olmadan heç kim əsərlərini ifa edə bilməz. Əgər kimsə bu cəsarətdə bulunsa, iş məhkəməyə qədər gedib çıxa bilər...

 

İndi, bu sətirləri yazanda fikirləşirəm ki, burada heç bir qəribəlik yoxdur, Xəyyam müəllimin bu gözlənilməz gedişləri əslində, onun şüuraltı şəkildə kökə, ənənələrə, milli yaddaş arxetiplərinə bağlılığının ifadəsi idi.

 

Nəhayət, 1990-cı illərin ortalarında bu böyük sənətkarla heç olmasa telefonda müsahib olmaq istəyimə qovuşdum.

 

Əvvəla kiçik bir arayış verim ki, Xəyyam müəllim "Yeddi oğul istərəm" filminə yazdığı musiqi parçalarını sonralar sistemləşdirib, üzərində işləyib, "S.Vurğunun "Komsomol" poemasına simfonik illüstrasiyalar" adlı möhtəşəm bir əsər yaratdı. Mən uzun illər simfonik musiqimizin böyük nailiyyətlərindən olan və çox xoşladığım bu əsərin val yazısını axtarsam da, heç nəyə nail olmamışdım. Əlac qalırdı Xəyyam müəllimin özünə. Düşündüm ki, ən kəsə yol - bəstəkardan müsahibə almaqdır, həm söhbət edərik, həm də bu əsərlə bağlı istəyimə çatmaq şansımı yoxlayaram.

 

Dəstəyi Xəyyam müəllim qaldırdı. Özümü təqdim edib, dedim ki, filan qəzetdənəm, sizdən müsahibə almaq istəyirəm.

 

Soruşdu:

 

- Doğrudan?

 

Dedim:

 

- Bəli.

 

Çox güman ki, zarafatla dedi:

 

- Qonorarımı verəcəksinizsə, bəlkə razılaşdım.

 

Onun səmimiyyəti çox xoşuma gəldi, dedim:

 

- Xəyyam müəllim, qəzetimizin bütün qonorar fondu sizə qurbandır.

 

Gülüşdük. Hiss elədim ki, söhbətin belə şux lada köklənməsi Xəyyam müəllimin xoşuna gəldi. Soruşdu:

 

- Müsahibənin mövzusu olacaq?

 

Dedim ki, ölkəmizin musiqi həyatı barədə söhbət etmək istəyirəm.

 

Kiçik bir pauza oldu, sonra Xəyyam müəllim dedi:

 

- Düşünürəm ki, hələ bu söhbətin vaxtı deyil. Gəlin, bir az gözləyək.

 

Xəyyam müəllimin razılıq verməməsinin səbəbini qəfil anladım. Onu da anladım ki, təcrübəsizliyim öz başıma bəla oldu. Başqa mövzu təklif etsəydim, bəlkə də müsahibə baş tutardı.

 

Xəyyam müəllimin xasiyyətinə az-çox bələd olduğumdan bildim ki, yersiz dirəniş mənasızdır. Ona görə də son sualımı verdim və Xəyyam müəllim də dedi ki, o əsərin valı yoxdur, axtarma...

 

Qol-qanadım sınıb yanıma düşdü, suyu süzülə-süzülə başladım əsərin audioyazısını axtarmağa... Nəhayət öyrəndim ki, bu əsərin R.Abdullayevin dirijorluğu ilə ifasının videoyazısı AzTV-nin fondundadır. Amma oğul lazımdır ki, ora çıxış əldə edib həmin videoyazının surətini çıxarsın...

 

Bütün cəhdlərim yenə boşa çıxdı...

 

Bu nə deməkdir, bilmirəm - estetik zövq mənbəyi olan əsərləri tirajlayıb yaymaq, təbliğ etmək əvəzinə, onları fondda toz içində məhv etməklə nəyə nail oluruq?

 

Mənə kömək edin, dostlar - bir də eşidəcəyik ki, həmin o yeganə videoyazı da yoxa çıxıb!

 

Gəlin birlikdə onu xilas edək, işığa çıxaraq ki, nəfəs alsın!..

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 30 iyul.- S.13.