"Dönübdür qanə könlüm şişə içrə..."

 

FATMA XANIM KƏMİNƏ

 

On doqquzuncu yüzilliyin sona çatmasına üç il qalmışdı. 1897-ci il oktyabrın əvvəlləri idi. Payız dumanı dağların başına təzəcə cuna salırdı.

 

Qızılı yarpaqlar Şuşanın daş döşənmiş enişli-yoxuşlu küçələrinə indi-indi rəngbərəng naxışlar düzürdü. Səs-küylü, nəğməli-musiqili şəhərdə qəribə bir sakitlik vardı. Şuşa Xan qızı ilə vidalaşırdı. Qarabağın sonuncu hakimi Mehdiqulu xanın yeganə övladı, şairə Xurşidbanu Natəvan dünyadan köçmüşdü. Bütün zamanlarda, bütün dəfn mərasimlərində olduğu kimi, burada da həqiqətən kədərlənən, dost, insan itkisindən sarsılanlarla bir sırada üzünə kədər maskası taxanlar da az deyildi.

 

Qarabağlılar tək Xan qızı ilə deyil, həm də gözəl, səmimi şeirlər müəllifi olan incə ruhlu bir şairə ilə əbədi vidalaşdıqlarını bilirdilərmi? Bəlkə də Natəvanın şeir yazmasından xəbərdar olanlar az deyildi. Amma onun həqiqi qiymətini verə bilənlər, itkinin ağırlığını, əvəzedilməzliyini duyanlar tək-tək idilər.

 

Natəvanın ölümünə belə ürəkdən ağlayanların, yanıb-yaxılanların biri, bəlkə də birincisi sənət dostu Fatma xanım Kəminə idi. Şairə rəfiqəsinin məzarı başında dayandığı o sısqa günəşli payız günü Fatma xanım tezliklə amansız xəstəliyin onu yatağa salacağını, düz bir il sonra özünün də beləcə bir son bahar günü əbədilik torpağa tapşırılacağını ağlına gətirmirdi. Həmin gün məclisdəki qadınların əksəriyyətindən (bəlkə də hamısından) fərqli olaraq üzü açıq gəzən bu uca boylu, yaşlaşsa da cazibədarlığını itirməyən şairənin fikri, xəyalı rəfiqəsinin yanında idi.

 

O, vida anlarında bir də Natəvanlı günlərini xatırlayırdı. Xan qızının zahirən dəbdəbəli, parıltılı görünən həyatının çətin, faciəvi səhnələri Fatma xanımın gözləri önündən gəlib keçirdi. Artıq otuz ildən çox idi ki, onlar biri-biri ilə ülfət tapmışdılar. Bəlkə də hər ikisi ürəklərinin dərinliklərində eyni şəhərdə doğulduqlarına, biri-birlərinə rast gəldiklərinə görə taleyə dəfələrlə minnətdarlıq etmişdilər. "Dərd çox, həmdərd yox..." Belə dövranda dilbilən, söz anlayan ürək dostu tapmaqdan böyük səadət ola bilərdimi? Otuz ilin xatirələri Fatma xanımın yaddaşında sıralanırdı.

 

O, rəfiqəsinin birinci əri, knyaz Xasay xanın kəmetinalığını, Natəvanla Seyid Hüseynin nikahının Şuşada doğurduğu əks-sədanı, şairənin adı ətrafında yayılan dedi-qoduları, Xan qızının şeir məclislərinin daimi iştirakçısı olan Abdulla bəy Asinin mərifətsiz həcvini, qohumları tərəfindən qızışdırılan ilk nikahdan doğulmuş oğlu gənc Mehdiqulu xanın anası ilə daim qovğa çıxarmasını, sonra isə ondan üz çevirib birdəfəlik Tiflisə köçməsini, 17 yaşlı Mir Abbasın ölümünü, şairəyə atılan həyasız böhtanları, vurulan amansız zərbələri bir-bir göz önünə gətirirdi.

Natəvanın neçə il əvvəl oğlu Mehdiqulu xana müraciətlə yazdığı "Ölürəm" rədifli qəzəlinin kədərli, həzin misraları Fatma xanımın yaddaşında sıralanırdı:

 

Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Bahari-hüsnüm ara, gör necə xəzanəm mən,

Bahar laləsi tək bağrım oldu qan, ölürəm.

Fəraqdən tükənib tabü taqətim, billah,

Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm.

 

Onda rəfiqəsinin qəlb fırtınalarına hamıdan yaxşı bələd olan Fatma xanım taleyin qəribə gərdişi qarşısında başını itirən, hər tərəfdən zərbələrə məruz qalan zəif, xəstəhal, həqiqətən də tavanasız Natəvana üz tutub yazmışdı:

 

Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!

Bu dərdə çarə edər visləti-həbib, ölmə!

Visalə talib olan aşiqə bəla yetişər,

Fəraqə səbr elə, sən munca bişəkib, ölmə!

Demə vətəndə mənə bir ənisü munis yox,

Sənə ənis qəmi-eşqdir, qərib ölmə!

 

Natəvan o zaman bəlkə də xəbərdarlıq edirdi, ömrünün son günlərini yaşadığını bildirirdi, daima bir-biri ilə çəkişən ailə üzvləri, qohum və yaxınlardan heç olmazsa həyatının axır çağlarında onu rahat buraxmağı xahiş eləyirdi? Bəlkə də bu misralarla sevimli oğlu Mehdiqulu xanın - gözünün ilk ovunun ürəyini yumşaltmağa, onu yersiz inadından əl çəkməyə, anasının qəlb iztirablarına, yuxusuz gecələrinə son qoymağa çağırırdı?

 

Gümanlar çox olsa da, artıq hər şey arxada qalmışdı. Fatma xanımın yeganə ürək dostu, qəlb sirdaşı daha həyatda yox idi. Həmin gün özünün də bir il sonra, eyni ilə beləcə çiskinli bir payız günü çiyinlərdə gətiriləcəyi məzarlıqdan (xan ailəsi üzvlərinin uyuduqları Ağdamın İmarət Qərbənd sərdabəsindən fərqli olaraq Fatma xanım Şuşada, Mirzə Həsən qəbiristanlığında dəfn olunmuşdu) şairə nə qədər qəribə olsa da, dünyanın vəfasızlığı, əcəlin kəmfürsətliyi barədə deyil, öz həyatı, Azərbaycan və fars dillərində pərakəndə vərəqlərə yazdığı və bir divan təşkil edəcək sayda qəzəlləri haqqında düşünürdü. İndi artıq həmişəlik vidalaşdıqları Xurşidbanu Natəvanın ata-baba mülkündə, yay günləri isə yaraşıqlı bağçasında keçən şeir məclisləri, Qarabağ şairlərinin əksəriyyətini bir yerə toplayan "Məclisi-üns"ün yığıncaqları gözləri önündən keçirdi.

Fikrən keçmişlərə qayıtdıqca maraqlı şeirli-nəğməli məclisləri, Nizaminin, Füzulinin, Nəvainin bir beyti ətrafında qızışan aramsız mübahisələri xatırlayırdı. Yadına Natəvanın dənələtdirib buzxanaya qoydurduğu və "Məclisi-üns"ün yığıncaqlarına gətiriləndə şam işığı altında yaqut kimi bərq vuran qızılı nar dənələri düşürdü və həmin nar dənələri kimi parıldayan isti göz yaşları sifətini yandırırdı. Natəvanın, Fənanın, Növrəsin, Həsənin, Məxfinin, Təbibin, Aşiqin və başqa Qarabağ şairlərinin iştirak etdikləri müşairələri xatırlayırdı.

 

Belə maraqlı şeir axşamlarının birində Xurşidbanu həmişəki kimi, ilkin sözə başlayıb "Kaş əzəldən gəlməyəydim, ey fələk, dünyaya mən" misrasını söyləmişdi. Məclis iştirakçıları şairəyə eyni vəzndə, oxşar qafiyə və ruhda cavab verməli idilər. Hamının nəzərləri Natəvanın sağ tərəfində oturan Fatma xanıma zillənmişdi. Şairə gözünü şamın titrək şöləsi altında rəngdən-rəngə düşən buzlu nar dənələrindən çəkmədən bir an fikrə getmiş və rəfiqəsinin ümidsizlik dolu fəryadına "Gəldiyim gündən əsirəm bir quru sevdayə mən" cavabını vermişdi.

 

Sanki ürəyinin dərinliyindən gələn bu misra ilə o, şairə bacısının kədərinə, qüssəsinə şərik çıxdığını bildirmişdi. "Məclisi-üns"ün daimi katibi Mirzə Rəhim Fəna ilə Mirzə Ələsgər Növrəs (sonralar Növrəs Natəvanla qohum olacaqdı - qızı Fatimə bəyim şairənin oğlu Seyid Həsənlə ailə quracaqdılar) biri-birinin ardınca "Vermişəm dil, bağlayıb bir vəfasız dilbərə", "Salmışam, billah, bəlasız başımı qovğaya mən" misralarını deyərək müşairənin axarını tamam fərqli səmtə yönəltməyə çalışsalar da, həmin gecə Natəvanın dilindən eşitdiyi və hər ikisinin ürəyindən səs verən o ağrılı, kədərli kəlmələr uzun müddət Fatma xanımın yaddaşından silinməmişdi.

 

"Məclisi-üns"ün iyirmi illik başçısı, maddi və mənəvi dayağı Xurşidbanunu itirdikləri il Fatma xanımın 57 yaşı tamam olmuşdu. 1840-cı ildə "Qafqaz qitəsinin Şirazı mənziləsində" (F.Köçərli) olan Şuşada, şeir, sənət aşiqi Mirzə Bəybaba bəyin (1787-1867) ailəsində dünyaya göz açmışdı. Atası Şuşa ziyalılarından idi. Gözəl xəttat kimi tanınırdı. Mehdiqulu xanın yanında katib olmuşdu. Fəna təxəllüsü ilə (Mirzə Rəhim Fəna ilə qarışıq salmamalı!) şeirlər yazırdı.

 

Fatma xanım Kəminə | Can Azerbaycan

 

Fatma xanım ailənin yeganə qız övladı idi. Adı şeirlərindən nümunələrlə birlikdə ilk dəfə "Məclisi-fəramuşan"dakı həmkarı, Şuşanın elmi-mədəni həyatının salnaməçisi Mirmöhsün Nəvvabın "Təzkireyi-Nəvvab" əsərində çəkilmişdi. Firidun bəy Köçərli onun barəsində "Azərbaycan ədəbiyyatı tarixi" kitabında yazırdı: "Fatma xanım Kəminə Qarabağın üçüncü şaireyi-möhtərəmisidir. Kəminə onun təxəllüsüdür. O, təlim və tərbiyəni Şuşa qalasında alıbdır. Fatma xanım öz fitri kəmaləti-zehni və fərasətilə çoxlarını heyrətə gətirirdi və müasirləri içərisində özünə artıq şöhrət və hörmət kəsb etmişdir. Mirzə Fatma xanım türk və fars dilində yaxşı savad əldə edib, hər iki dildə gözəl şeirlər yazardı. Onun təxminən 400-500 şeir və qəzəli vardır. Fatma xanımın qəzəlləri bir-birindən gözəldir".

Aşıq Pəri və Natəvandan sonra "Qarabağın üçüncü şaireyi-möhtərəməsinin" yüksək mənəvi və insani keyfiyyətləri də ilk ədəbiyyat tarixçimizin diqqətindən yayınmamışdı. F.Köçərli Fatma xanımı şəxsən tanıyanların sözlərinə istinadən təsdiq edirdi ki, o, "həqiqətdə çox gözəl və zərif bir can idi və zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə (gözəl əxlaq) sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi ki, onun vəfatı cümlə şüara və ürfan Qarabağa bir yas oldu".

Müasirlərinin hərtərəfli bilik və savadına görə Mirzə Fatma xanım adlandırdıqları bu qadın əsl-nəcabəti, ağlı və açıqfikirliliyi ilə Şuşada böyük nüfuz qazanmışdı. Kişilərin iştirak etdiyi məclislərdə təkcə üzüaçıq oturmaqla kifayətlənməzdi, həm də yeri gələndə fikrini deyir və mövqeyini sonadək qətiyyətlə müdafiə edə bilirdi. Ondakı cəsarətə, sərbəstliyə bəzən Xan qızı da heyran qalırdı. Natəvan kimi Fatma xanım Kəminənin də evinin qapıları həmişə ehtiyacın pəncəsində sıxılanlar, dara düşənlər üçün açıq idi. Əri Mirzə Sadıq bəy Sultanov dövlət qulluğunda çalışırdı. Əşrəf və Rəşid adlı oğulları, Tubu, Humay və Qumru adlı qızları vardı. Ənvər Çingizoğlunun araşdırmalarında Fatma xanımın və ərinin soy-kökü, eləcə də bu nəslin törəmələri barəsində ətraflı məlumat verilib. Tahirovlar nəslinin Fatma xanıma qohumluğu çatırdı.

 

Müasirlərindən Şaxis adlı bir nəfər bu mərd qadının əliaçıqlığını, ürəyi genişliyini vəsf edən mənzum məktubunda yazırdı:

 

Mehri-lütfün füqəranın başına sayə salıb,

Əzhəri-şəmsdi bu, mən necə inkar qılım?

Zindəəm ta nə qədər vasif olum sərkara,

Şad edim dustləri, düşmənini xar qılım.

Vəsfi-sərkar Kəminə ola məzkur əgər

Yerü göy dəftər ola, mən ona tumar qılım.

 

Süleyman adlı başqa bir poeziya həvəskarı isə Fatma xanımın gözəl insan olmaqla yanaşı, həm də incə ruhlu söz adamı kimi də müasirlərinin ehtiramını qazanmasına işarə edərək şairəyə ünvanlanmış qəzəlində yazırdı:

 

Ey şairə, ərbabi-süxən, ismi Kəminə.

Fəxrüşşüərasan, sənə yox burda qərinə.

Əşari-şəkərbari ləzizin genə salmış

Ey mah, nə əcəb qülqülə bu çərxi-bərinə.

Gördüm neçə əşarını çox türfədir, əlhəq,

Həqqa ki, dəyər hər biri min dürri-səminə.

 

Təkcə Qarabağ şairləri yox, Azərbaycanın digər guşələrindəki sözsevərlər, şeir həvəskarları da Fatma xanımı yaxşı tanıyır, onun qadın qəlbinin dərinliyindən süzülüb gələn zərif, ruh oxşayan qəzəllərini bayazlarına, cünglərinə köçürürdülər. Gəncəli şair Fani Fatma xanımın və "Məclisi-üns"ün digər üzvü Rəhimbəy Fənanın eyni mövzuda yazdıqları şeirləri müqayisə edərək

 

Şeiri-Kəminə çün əsəli-şəhdi-xoşgüvar,

Durmuş Fəna kəlamı müqabildə çün məkəs -

 

yəni Kəminənin şeirləri nəfis baldır, Fəna kəlamı isə onun müqabilində milçəkdir.

"Sabit" təxəllüsü ilə tanınan qazaxlı Axund Molla Hüseyn də həmin özünəməxsus poeziya müsabiqəsində Fatma xanım Kəminənin tərəfində idi:

 

Şeiri-Kəminə xatiri-əhbab tək əziz,

Şeiri-Fəna vəsavəsi-şeytan kimi nəhs.

 

Bəlkə də bu şairlər, vaxtı ilə Firidun bəy Köçərlinin də yazdığı kimi, bir qədər mübaliğəyə yol veriblər. Digər tərəfdən, Fatma xanımla Rəhim bəy Fəna arasında heç bir qarşıdurma olmamışdı. İstər "Məclisi-üns" daxilində, istərsə də Şuşa miqyasında həmişə bir-birinin şəxsiyyət və yaradıcılığına hörmətlə yanaşmışdılar. Əksinə, Rəhimbəy özü şeirlərinin birində şairədən Şuşanın mənəvi həyatına yaraşıq verən bir "nur sifətli huri" kimi söz açmışdı:

 

Huriyü-şəmi Şişə olub cəm bəzminə,

Guya pəridi, Şişə ara yoxdu bir nəfəs.

 

Fatma xanım Kəminə poetik dəsti-xəttini klassik Azərbaycan, fars və cığatay (özbək) poeziyasının ənənələri əsasında formalaşdırsa da, yaradıcılığa daha çox Füzuli şeirinin təsiri altında başlamışdı. Onun qəzəllərinin məzmun və formasının müəyyənləşməsinə fəal üzvlərindən olduğu "Məclisi-üns" və "Beyti-fəramuşan" ədəbi məclislərinin, bu məclislərdə söz, sənət işığına toplaşan Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Məmobəy Məmai, Abdulla bəy Asi və digər Qarabağ şairlərinin mühüm rolu olmuşdu.

 

Həmin sənət adamları arasındakı sıx yaradıcılıq əlaqələri, maraqlı müşairələr bütünlükdə şeir məclisində hökm sürən sağlam tənqidi ruh Fatma xanımın poetik zövqünün və yaradıcı dəsti-xəttinin aydınlaşmasına, büllurlaşmasına təsirsiz qalmamışdı. Şairə müxtəlif qəzəllərində sənət dostlarını daim minnətdarlıq hissi ilə yad edir, onlarla keçirdiyi dəqiqələri ömrünün ən məsud anları adlandırırdı. Natəvanın şeir və rəsmlərinin toplandığı "Gül dəftəri" adlı albomu görəndən sonra rəfiqəsinin incə zövqünə vurulan Fatma xanım heyranlıqla yazırdı:

 

Bulub Xurşid ruyin feyzini gülrəng tutalım,

Çu fəyyazi-zəmansan, natəvan olma, təvana gəl.

Tikib bu cild pürnəqşi nigari Natəvan, bəh-bəh,

Əgər görsən nə bağ istə, nə gül axtar, nə dünya gəz.

 

Çox güman ki, ömrünün son illərində yazdığı başqa bir şeirində isə o, artıq bəziləri qocalıb əldən düşmüş, bəziləri dünyadan köçmüş sənət dostlarının coşqun, atəşli gənclik illərini xatırlayır, zamanın baxışlara, yaddaşlara vurduğu qocalıq möhüründən acı-acı şikayətlənir, özü "binəva" olsa da, "Məclisi-üns"dən, "Beyti-fəramuşan"dan tanıdığı söz vurğunlarına həyat sevinci və xoşbəxtlik diləyirdi:

 

Müsahib Natəvan olmuşdu hər dəm mən kimi zarə,

Düşübdür nuridən Xurşid boylə kəmziyasanmış.

Baxıb mehrü vəfa görməz, olub məyus ariflər,

Olur diltəng aləmdə olubdur çox xətasanmış.

Görüm Nəvvab, Abış, Baki, həmi Xan Qaradaği,

Həmişə şadi-dil, leykən, Kəminə, binəvasanmış.

 

Kəminənin poetik irsi əsasən qəzəllərdən ibarətdir. Amma Vaqif ədəbi məktəbinin təsiri altında qələmə alınmış və çox təəssüf ki, yalnız bir-iki nümunəsi günümüzə gəlib çatan xəlqi ruhlu qoşmaların da müəllifidir. Azərbaycan və fars dillərində qələmə aldığı qəzəllərdə şairə klassik Şərq poeziyasının ənənəvi mövzu dairəsindən kənara çıxmasa da, hiss və duyğularını bütün kövrəkliyi ilə ifadə etmiş, təkrarsız qəlb dünyasının obrazını yarada bilmiş, hər qəzələ şəxsiyyət və mənəvi dünyasının möhürünü vurmuşdu.

 

Fatma xanım Kəminənin qəzəllərində məhəbbət və gözəllik tərənnüm olunur. Şəxsiyyəti yüksəldən, ucaldan hiss və duyğular - həqiqi sevgi, dostluq, insanpərvərlik, sədaqət, etibar, ədalət, insaf vəsf edilir. Az-çox təmin olunmuş bir həyat yaşasa da, zəmanənin çətinliyini, adamların bir parça çörək üçün bəzən vicdanları ilə alver etdiyini görən şairənin əsərlərində bu yaramaz, ikiüzlü zəmanədən şikayət motivlərinə də sıx-sıx təsadüf olunur.

 

Fatma xanım dəqiq təsəvvürünə gətirə bilməsə də, içində yaşadığı aləmdən tam fərqli, yeni və ədalətli bir dünya həsrətində idi. Elə bir dünya ki, orada

 

Nə töxmi-hicr əkilsin, nə səmər versin,

Dirəxti-vəsl, ilahi, həmişə bar versin.

 

Yaşadığı mühit, şahidi olduğu kədərli hadisələr, ruhi tənhalıq anları bəzən şairəni dünyadan küskünlüyə gətirib çıxarır, ümumən nikbin ab-hava üzərində köklənmiş poeziyasında şikayət motivləri nəzərə çarpırdı.

 

Cövri-zəmanə qıldı məni zari-xəstədil,

Yox bir ənisü munis edə şad könlümü -

 

deyə təklikdən, bütün zamanların sənət adamlarının taleyinə yazılan anlamaq bəlasından gileylənən şairə bəzən inkarçı mövqe tutur, dünyadan əl üzməyə, hər şeyi unutmağa və unudulmağa səsləyirdi:

 

Nə dam olaydı, nə danə, nə zülf olaydı, nə xal,

Nə mürği-dil düşüb ol dam içrə bipər olaydı.

Nə zülf olaydı, nə ariz, nə mehr olaydı, nə dil,

Salıb nə boynuna zünnarı Şeyx kafər olaydı.

Nə hökm olaydı, nə hakim, nə hübb, nə məhbub,

Nə hökmü-eşqə Kəminə, habelə, kəmtər olaydı.

 

Natəvanın "Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı. Nə də bu aləm ara dil müqəyyədi - qəm olaydı" mətləli qəzəlinə yazdığı bu nəzirədə Fatma xanım sanki daim səbr və dözüm təlqin edən Şərq poeziyasının çoxəsrlik kanonlarına qarşı çıxır, hər şeyi kökündən dəyişdirməyə can atırdı. Həm həyatda, həm də poeziyada tamamilə yeni, səmimi münasibətlər arzusu ilə yaşayırdı. Fatma xanımın qəzəllərində qadın gözəlliyinin və bütünlükdə estetik anlam kimi gözəlliyin tərənnümü əsas yer tutur. Həm də bu zaman şairə istər klassik Şərq şeirinin ənənəvi epitet və müqayisələrindən, istərsə də bədii təxəyyülünün məhsulu olan orijinal təşbih və bənzətmələrdən istifadə edirdi:

 

Hilal əbrulərin, meh arizin, xurşid rüxsarın,

Urar hər ləhzə min tənə on dörd gecəlik ayə.

Sənin əbrulərin qövsü-qüzehdir, ya hilali-nov,

Heyifdir mən bənzədim qaşların taqi-kəlisayə.

 

Buradakı bənzətmələr ümumən ənənəvi səciyyə daşısalar da, şairə onları məharətlə vahid fikir ətrafında birləşdirmiş, yaraşığı, lətafəti ilə dünyaya meydan oxuyan bir gözəlin yaddaqalan romantik portretini yaratmışdı.

 

Kəminəni zahiri cazibə, parıltı cəlb etmirdi. Gözəllik anlayışına o, daha geniş yanaşırdı. Bu anlayışla bağlı yeri gəldikcə yalnız estetik deyil, etik tələblərini, yaxud istəklərini də irəli sürüb əsaslandırırdı. Fatma xanımın məhəbbət lirikası hisslərin təbiiliyi və dərinliyi, arzuların romantik vüsəti və intəhasızlığı ilə yaddaşa hopur. Qəzəllərindəki vüsal həsrəti, insan istəyini zəncirləyən mənəvi buxovları qırmaq, lüzumsuz yasaqları aradan qaldırmaq çağırışı onların müəllifinin coşqun təbiətli, üsyankar ruhlu bir sənətkar olduğunu göstərir.

 

Bəlkə də rəssam Natəvanla yaxınlıq, ya da Şuşanın füsunkar təbii gözəllikləri Fatma xanımı həm də təbiət aşiqinə çevirmişdi. Onun bir sıra şeirləri, habelə qəzəllərindəki ayrı-ayrı beytlər, parçalar həssaslıqla müşahidə edilən və poetik əksini parlaq boyalarla tapan peyzaj lirikasına nümunə ola bilər. Şairə bir qayda olaraq təbiətlə insan xarakteri arasında bağlılıq, daxili əlaqə görür. Ömrün sevincli, məsud dəqiqələrindən danışarkən şeirlərində baharın göz oxşayan xoş ovqatı duyulur. Zəmanənin ağırlığından, dostların etibarsızlığından, ömrün vəfasızlığından bəhs edən poetik parçalarda isə sanki payızın darıxdırıcılığı, monotonluğu və bozluğu hər kəlmə başı nəzərə çarpır:

 

Oldu bahar, açıldı gül, cənnətə döndü gülüstan,

Bülbüli-xoşnəva yenə şövq ilə oldu nəğməxan.

 

Bahar sevinci ilə dolu bu sətirlər "Xəzani - ömr yetmiş, həm ümidi-vəsl bitmiş, Tökülmüş ləşkəri-qəm könlümə kim, gör nə talandır" - beytindən yalnız deyim tərzi, ritmikası və ifadə etdiyi fikirlə deyil, həm də rəng çalarlarının müxtəlifliyi, təzadı ilə fərqlənir. "Xəzani-ömr" və "tökülmüş ləşkəri-qəm" ifadələri istər-istəməz payız fəslini, ağaclardan düşən yarpaqları xatırladır. İnsan həyatı qürub çağına yaxınlaşanda ömürdən günlər də beləcə sarala-sarala qopub tökülür...

 

Kəminənin səmimi kədərlə dolu həzin misraları bəzən ani bədbinlik üçün də əsas verir. Bütövlükdə isə müasirlərinin əksəriyyətindən fərqli olaraq şeirlərində həyata, insana inamdan doğan nikbin ruh üstünlük təşkil edir.

Fatma xanım klassik poeziyaya yaxşı bələd idi. Qəzəllərində təsadüf edilən adlar, simvollar, Şərq müəlliflərinin ədəbi irsi ilə bağlı paralel və assosiasiyalar onun maraq dairəsinin genişliyi haqda müəyyən təəssürat yaradır.

 

Sənətkarlıq dərslərini Nizami Gəncəvi, Füzuli, Nəsimi, Nəvai kimi poeziya korifeylərindən alan Fatma xanımın yaradıcılığında oxucunu sözün sehri ilə əfsunlamaq, söz vasitəsi ilə yaddaqalan lövhələr çəkmək istəyi çox güclüdür:

 

Zülfün düşəndə kəc üzə əsla əcəb deyil,

Gənc üzrə pasiban qoyulur şahmardan.

 

Bu lakonik beytdə şairə orijinal təşbehlər vasitəsi ilə yaddaqalan lövhə yaradır. Gözəlin sifətinə düşən teli xəzinə üstündə yatan ilana bənzədilir. Şairə heyrətlə oxucusuna üz tutub soruşur ki, axı burada qəribə nə var? Dövri-qədimdən həmişə xəzinə (gözəllik) yanında şahmar ilan (zülf) keşikçi qoyulub.

 

Gözəllər içrə gözüm düşdü bircə alə gözə,

Görüm, ilahi, o göz gəlməsin zəvalə, gözə.

Gözüm o gözdən olalı sirişki-al tökər,

Tökəydi yaşı o qədri kim, qan çıxaydı üzə.

 

Bu beytlər isə Fatma xanımın poetik dilə dərindən yiyələndiyini, sözün bədii ifadə imkanlarından ustalıqla bəhrələndiyini göstərir. Zahirən Nəsimi poeziyası ilə səsləşən misralarda şairə "g", "z" səslərinin alliterasiyasından və "göz" kəlməsinin sinonimliyindən məharətlə istifadə etməklə bərabər, klassik poeziyaya xas dəruni poetik lövhə yaratmağı da yaddan çıxarmır.

Natəvanın "Getmə", "Sənsiz" rədifli qəzəllərinə yazdığı nəzirələr Fatma xanımın hər cəhətdən rəfiqəsinə tay bir sənətkar olduğunu göstərir. XIX əsrdə Qarabağın ədəbi-bədii mühitinə yön verən bu iki şairəni oxuduqca istər-istəməz keçən əsrin sonlarındakı Şuşa fenomeni haqqında düşünməli olursan.

 

O vaxt Azərbaycan qadını heç yerdə dini ehkamlar və xurafat üzərində Şuşadakı kimi üstün olmamışdı. Səsi heç yerdə Şuşadakı kimi eşidilməmişdi.

 

Cahanı tərk eləməz kim ki, aşiqi-candır,

Həyatdan üzüb əl eyləməz cahan tərkin -

 

deyə bütün zülm və cəfalarına baxmayaraq, həyatı sevməyə səsləyən Natəvan da,

 

Dönübdür qanə könlüm Şişə içrə, çox zəifhaləm,

Buna şahid ruxi-zərdü du çeşmi-əşkbarımdır-

 

beyti ilə bəzən mühitdən, şəraitdən şikayətlənən Fatma xanım Kəminə də Şuşa yüksəkliyindən bütün Azərbaycana görünə bilmişdilər.

 

Bir il fərqlə hər ikisi iyirminci əsrin astanasında həyatdan köç etmişdilər. Lakin Xurşidbanu Natəvan da, Fatma xanım Kəminə də təravətini heç zaman itirməyən şeirləri ilə, qadın qəlbinin məhəbbəti və oduyla isinən nəğmələri ilə iyirminci əsrin söz və sənət dünyasına da ayaq basdılar. Bu əsrin övladlarının ürəyində yer tapdılar. İndi onların yolu iyirmi birinci və sonrakı əsrlərədir. Xalqımızın, söz sənətimizin, mədəniyyət beşiyi gözəl Şuşanın mövcudluğunun, bizə məxsusluğunun əbədi davam edəcəyi sonsuz qərinələrədir.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2021.- 31 iyul.- S.14-15.