Şuşa səfəri...

 

Diaspora nümayəndələrimiz mədəniyyət paytaxtımızda gördüklərindən danışırlar

Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfəri təşkil olunub. "Biz dəmir yumruğun gücü ilə Şuşadayıq" şüarı altında reallaşan səfərdə 24 ölkədən 72 soydaşımız iştirak edib.

 

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı "Bazarbaşı"nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış "Güllələnmiş heykəllər"in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, "Xan qızı bulağı"nı, Gəncə Qapısını, Saatlı, Aşağı Yuxarı Gövhər ağa məscidlərini digər mühüm yerləri ziyarət ediblər.

 

Dünyanın aparıcı ölkələrində yaşayan aktiv diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımız bir günlük Şuşa ziyarətindən böyük təəssüratlarla qayıdıblar.

 

Səfər haqqında təəssüratlarını bölüşən İsveçrədə fəal diaspor üzvü Ülviyyə Nəcəfova bildirib ki, o, 28 ildən sonra Qarabağa, Şuşaya gedib: "O an yaşadığım duyğuları ifadə etmək, dilə gətirmək çox çətindir. Bambaşqa duyğular yaşadım. O an yaşadıqlarımı düşünəndə indi qəhər məni boğur. 28 il sonra o torpaqlara, doğma Qarabağa qayıtdım".

 

Azərbaycana qarşı ermənilərin ərazi iddiası dinc əhalinin kütləvi qırğınları ilə başlayan I Qarabağ müharibəsi zamanı Ülviyyə Nəcəfova 8 yaşında olub valideynləri ilə birgə yaşadığı Xocavəndin Axullu kəndindən zorla qovulub.

 

Öz ata-baba yurdundan zorla qovularaq çıxarılan Ülviyyə Nəcəfova deyir ki, erməni terrorçuları təkcə onların yaşadığı rayonu, kəndi ya evini yox, onun uşaqlığının ən gözəl çağlarını da əlindən alıb: "Yaşadığım dəhşəti gözümün önünə gətirə bilmirəm. Mən o zaman 8 yaşında idim. Həmin gün elə bilirdim ki, bir evimiz olmayacaq, valideynlərimlə birlikdə yaşamayacağıq. Hazırda İsveçrədə yaşayıram. Uşaqlıq illərində yaşadığım o dəhşətli günləri İsveçrədəki dostlarımla bölüşürəm. Sədri olduğum İsveçrə Qarabağ Azadlıq Mərkəzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əlimizdən gələni edirik".

 

Şuşaya səfər etdiyi üçün çox xoşbəxt olduğunu bildirən diaspor nümayəndəsi bu xoşbəxtliyini Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə qazilərimizə borclu olduğunu qeyd edib: "Şuşada olmaq mənim üçün ayrı bir xoşbəxtlik idi. Qarabağdan çıxanda 8 yaşım vardı. Mən 28 il öncə yaşadığım Axullu kəndindəki evimizi zorla tərk eləmişdim. Gələndə dostlarıma da dedim. Mən 28 ildən sonra ilk dəfə, ayaqyalın çıxdığım yolu geri qayıtdım. Buna görə duyğularımı dilə gətirə bilmirəm. Şuşa səfəri zamanı göz yaşlarıma hakim ola bilmədim. Bu, sevinc göz yaşları idi. Çox qürurverici an idi. Şuşada aparılan abadlıq işlərini görəndə isə çox duyğulandım. Çox sevindim".

 

İsveçdə yaşayan diaspor nümayəndəsi Səadət Kəriminin dediyinə görə, Şuşa səfəri zamanı diaspor nümayəndələri uzun illər işğal altında saxlanılan doğma torpaqlarımızda ermənilərin törətdikləri vandalizmi, barbar əməlləri yerindəcə öz gözləri ilə gördülər: "Hər bir diaspora nümayəndəsinin qarşılaşdıqları mənzərə qədər ürəkağrıdıcı dözülməz olsa da, onlar yaşadıqları ölkələrə geri qayıdarkən Ermənistanın terrorçu mahiyyətini ifşa edəcək xeyli faktlar topladılar. Geri qayıtdıqdan sonra bütün diaspor nümayəndələri tərəfindən Ermənistanın müharibə hərbi cinayətlərini, Qarabağda törətdikləri dağıntıları dünyanın aparıcı ölkələrində yenidən gündəmə gətiriləcək. Təkzib olunmaz faktlar nüfuzlu diaspor təşkilatlarına, müxtəlif vətəndaş cəmiyyətlərinə göndəriləcək".

 

"Arxangelsk vilayətinin Azərbaycan diasporu" Təşkilatının sədri Tərlan Qasımov deyir ki, Cıdır düzü Şuşanın, Şuşa da Azərbaycanın əsas rəmzlərindən biridir: "Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev, qüdrətli Azərbaycan Ordusu imkan verə bilməzdi ki, belə müqəddəs yerlərdə düşmən artıq hərəkətlər etsin. İndi Cıdır düzündə şərabı milli çay süfrəsi təamlarımız, milli qürurumuza toxunan artıq hərəkət rəqsləri isə ailə dəyərlərimiz əvəz edir: "Azərbaycan musiqisinin beşiyi" "Şərqin konservatoriyası" adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır".

 

 

ABŞ-da yaşayan diaspor nümayəndəsi Nəzrin Quliyeva bildirib ki, bütün diaspor üzvləri Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanı 28 ildən sonra ziyarət etmək sevincini yaşadı: "Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Bu qələbə xaricdə yaşayan, fəaliyyət göstərən diaspor nümayəndələri tərəfindən böyük sevinclə qarşılandı. Qələbəmizi sevinclə, qürurla qeyd etdik. "Biz dəmir yumruğun gücü ilə Şuşadayıq" şüarı altında reallaşan səfərdə çərçivəsində isə əziz Şuşada olmaq, bu cənnət diyarı ziyarət etmək sevinci yaşadıq". N.Quliyeva deyib ki, işğaldan azad olunan torpaqlarımızı seyr edərkən insan düşünür ki, sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib: "Mənfur ermənilər hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istəklərinə nail ola bilməyiblər".

 

Polşada yaşayan diaspor nümayəndəsi Nicat Həsənlinin dediyinə görə, Azərbaycan illərlə səbirli, əzmli şəkildə güclənərək iqtisadi-hərbi potensialını artırmaqla Şuşanın, ümumilikdə Qarabağın azad edilməsinə doğru irəlilədi. Nəhayət, bu tarix yaşandı, indi dünyanın aparıcı ölkələri Azərbaycan Ordusunun məhz Şuşada reallaşdırdığı hərbi əməliyyatları öz hərbi dərsliklərinə salırlar.

 

İsveçdən olan diaspor nümayəndəsi Qasım Nəsirli vurğulayıb ki, çox sevindirici qürurverici haldır ki, 8 noyabr Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazılıb: "Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Prezidentin Sərəncamı ilə "Zəfər günü" elan edilib. Bu gün əziz Qarabağımız, Şuşamız azaddır. Orada şanlı bayrağımız qürurla dalğalanır. Xalq olaraq fəxrlə əzəmətli şəhərimizi necə dəyişib cənnətə çevriləcəyi günü gözləyirik. Bu sevinci bizə yaşadan. Ali Baş Komandan, Prezident İlham Əliyevə, Qüdrətli Azərbaycan Ordusuna sönsuz təşəkkürlər. Ordumuzun qəhrəmanlıq salnaməsi yazılan Şuşa milyonlarla azərbaycanlını birləşdirən dəyərdir. Qarabağın əzəmətli qalası bizim həm müqəddəs ziyarət ocağımızdır". Onun dediyinə görə, bu gün Müzəffər Ali Baş Komandanımızın Ordumuzun sayəsində xalqımızın ən ağrılı problemi həll olunub, torpaqlarımız işğaldan azad edilib. Bu, tarixi nailiyyətdir, Azərbaycan xalqına məxsus olanın onun özünə qaytarılması missiyasıdır.

 

Türkiyədə yaşayan diaspor nümayəndəsi Şəbnəm Karslı bildirib ki, doğma Qarabağa, Qarabağın tacı olan Şuşaya gəldiyi, bu torpaqları ziyarət etdiyi üçün çox xoşbəxtdir: "Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Qüdrətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizinazad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu".

 

Ş.Karslının sözlərinə əsasən, Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti var: "Şuşanın ermənilər tərəfindən işğal edilməsi xalqımızı çox sarsıtmışdı. İllərdir insanlar Qarabağ, Şuşa niskili çəkir, yurd həsrəti yaşayırdılar. 28 il yarım ərzində xalqımız Qarabağın, Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən, doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi".

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı bildirib ki, səfər zamanı Ali Baş Komandana, ordumuza minnətdarlıq edən, şəhidlərimizi ehtiramla anan diaspor nümayəndələri Şuşada xüsusi anlar yaşayıb: "Əllərində doğma Vətənimizin üçrəngli bayrağı və yaşadıqları ölkələrin bayraqlarını tutan həmvətənlərimiz "Qarabağ Azərbaycandır", "Şuşa Azərbaycandır", "Biz dəmir yumruğun gücü ilə Şuşadayıq" və s. şüarlar səsləndirməklə Şuşada olmaq sevincini bölüşürdülər. Təbii ki, qədim mədəniyyət diyarında kövrələrək göz yaşlarına hakim ola bilməyənlər, 28 il ərzində müxtəlif ölkələrdə qarşılaşdıqları ermənilərin haqsız mövqelərini xatırlayan diaspor nümayəndələri də oldu. Onlar bildirirlər ki, bu günü səbirsizliklə gözləyirdilər, bu gün onları yaşadıqları ölkədə daha qürurlu və başıuca edəcək. Şuşaya səfər edən diaspor nümayəndələrinin çoxu heç vaxt Şuşada, Qarabağda olmayan insanlardır. Onlar səfər çərçivəsində erməni vandalizminin şahidi oldular. Eyni zamanda, Şuşanın gözəlliyini, füsunkar təbiətini öz gözləri ilə gördülər".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 31 iyul.- S.9.