Onlar ulduzların arasına (Esse)

 

 

May ayı yaz aylarının şahıdı, təbiət cilvəli, bağlar bərəkətli, çiçəklər min bir ətriylə göz oxşamağında... Çöllərdən ot-ələf qoxusu gəlir, sünbüllər dən tutur, göy üzündə Günəş ipək tellərini dünyanın üzünə sərmiş, ürəklər sevmək, insan yaşamaq eşqiylə coşub daşır... Söz adamları yazıb-yaratmaq havasına köklənir, düşüncələr yenilənir, yeni, tər-təzə mövzular özü gəlib tapır səni. Amma bu il may ayı özü ilə başqa hava da gətirdi...

 

Əvvəlcə Azərbaycan poeziyasının məhək daşlarından, ədəbiyyatımızın sütunlarından olan Xalq şairi Fikrət Qoca dünyasını dəyişdi. Ağır xəbər oldu, inanmadım, şairin nurlu siması, iri, mavi gözləri göz önümdən çəkilmədi. Elə düşündüm, elə gözlədim ki, bu saat kimsə xəbəri təkzib edəcək, amma əksinə oldu, az keçmiş daha bir Xalq şairinin - Musa Yaqubun vəfatı xəbərinə kədərləndik...

 

Çox qəribədir, insan bir anın içərisindəcə göz önündən çəkilib gedir, amma elə həmin yerdən xatirələri göyərməyə başlayır. Dünən fərqinə varmadığın sözü, jesti bu gün sənə başqa cür görünür... Gedənlər belə gedir, həsrəti, darıxmağı önünə sərib, səni bu dünyada qərib edib gedir.

 

Mənim dadıma xatirələr yetdi, Fikrət müəllimi dönə-dönə xatırladım... Yadımdadı, oğlu Yalçın dünyadan köçmüşdü, mən isə onu görmüşdüm, tanıyırdım. Fikrət müəllimin qəmli vaxtı idi, təsəvvür edirdim onun halını. Əslində, Fikrət müəllimin yaradıcılığının, sözlərinə yazılmış mahnıların lap uşaqlıqdan vurğunu olsam da, özünü şəxsən tanımırdım. İndiki vaxtda təsəlli verəcək söz lazım idi, amma mən olanları bir yuxu kimi təsəvvür edirdim ya nəsə, həmin Sözü xeyli gözləməli oldum...

 

Dünyadan bir şair getdi,

Üz qoydu üzü qibləyə.

Bir yanı Kərbəla yolu,

Bir yanı bənzər Kəbəyə...

 

Şeiri yazıb göndərdim "525-ci qəzet"ə, çox gözlətmədilər, vaxtı idi, günortaüstü telefonuma tanış olmayan nömrədən zəng gəldi, açdım Fikrət müəllimin həzin, amma çox təsirli səsini eşitdim... O, sonsuz təşəkkürlərini bildirdi, şeirin böyük ağrı-acı çəkərək yazdığımı hiss etdiyini qeyd elədi, haqqımda çoxlu dəyərli xoş sözlər söylədi "Evimin , işimin qapıları sənin üzünə həmişə açıqdır.." deyib sağollaşdı... Sonra onunla dəfələrlə görüşdük, söhbət etdik, oğlum nəvəmlə birgə ailəsində qonaq oldum, son çap olunan kitablarını, sözlərinə yazılmış mahnıların disklərini bağışladı nəvəmə. Həmin gün şair bir məsləhət verdi mənə, dedi ki, qədər imkan var, yazın, yaradın. Ədəbiyyatda əbədi qalan söz sənətdir, sənətkarı yaşadan da elə onun yazıb qoyduğu əsərləri olur...

 

Fikrət müəllim son günə kimi sözlə bağladığı əhd-peymanına sadiq qaldı, yazdı, yaratdı. Ölkəmizin pis günündə , yaxşı günündə sözdən çələng toxudu ona, igid oğlanlarını, gözəl qızlarını sevdi. Nədən yazdısa, sevgiylə yazdı, insanları sevgiyə səslədi, "İnsan sevgisi tükənib yer üzündə..." deyə həyəcan təbili çaldı. Torpaqlarımız yağı caynağında olanda qan ağladı, azad olunan hər qarış torpaqla sevindi, şad oldu...

 

...Bizə döyüş yaraşır,

Bizə zəfər yaraşır...

 

- deyə əsgərlərə qoşulub müharibəyə getdi, döyüşdü, yaralandı, qalib gəldi, unudulmaz qələbə sevinci yaşadı...

Torpağı sevdi, onu beşiyi, məzarı bildi, ürəyi Qarabağla döyündü, vətən çiçəklərinin saralmasına dözmədi, doğma yurdun gözəl hüsnünün düşmən baxışından solması içini göynətdi...

 

...Şirin dil son hədd ola

İnsanlar arasında.

Ölkələr arasında

Qızılgül sərhəd ola..

 

- deyərək tək Azərbaycana deyil, bütün dünyaya sülh, əmin-amanlıq, sevgi, məhəbbət arzuladı...

 

Musa Yaqub "sən Allah özünə öyrətmə" söylədi, amma bizi özünə yaman öyrətdi. Sözün keşiyində əsgər kimi dayandı, başında tac kimi saxladı, ürəyində əzizlədi, onu əyilməyə, yerə düşməyə qoymadı. Yazdığı şeirlər dillər əzbəri oldu, könülləri oxşadı. Çox yazdı, amma yazmaqdan doymadı, etdiklərini yox, etmədiklərini, edə bilməyəcəklərini düşündü. Həyatın qısalığına yandı, amma bu dünyaya yenidən gəlmək arzusuna acıdı...

 

...Guya bu dünyada neyləyə bildim,

Deyim ki, təzədən gələsiyəm mən...

 

Şair olanın xisləti başqa olar, içi xılt, sözü haram götürməz. Söz bir əmanətdir, Allahın şairlərə verdiyi əmanət... Dünyada söz qoyub getmək isə bir hünərdir. Onlar bunu etdilər, indi darıxanda sığınmağa sözümüz, üşüyəndə isə isinməyə közümüz var. Bu laylanı da mən oxuyum sizə, eşidəcəyinizə əminəm. Axı, elə Fikrət Qoca demiş, "insanlar ölmür, ulduzların arasına köçürlər..."

 

Göydə bir şairin ulduzu axdı,

Yerdə karıxdılar, yerdə çaşdılar.

Görəsən, ruhların xəbəri varmı,

Yanına Tut dağın aşıb gələn var.

 

Hər şair dünyanın bir sütunudu,

Çiynindən yek düşdü, əyildi dünya.

Bilməm yüz il sonra necə olacaq,

Bilməm yüz il qabaq necəydi dünya..

 

Görəsən, deyib ağlayır göylər,

Günəş hansı rəngdə çəkir şairi..

Yağışın, küləyin, odun, torpağın,

Sirri əzəl gündən çəkir şairi.

 

Bir ömrə gör neçə ömür sığdırıb,

Yaşayır od ilə köz arasında.

A torpaq, qucaqla şair balanı,

Öp, oxşa söz daman can yarasından.

 

Alnından, gözündən, saçlarından öp,

Sığal çək gümüşü telinə, torpaq.

O Fikrət Qocadı, o Musa Yaqub,

Sahib ol ta şair oğluna, torpaq... (Ş.Ş.)

 

Şahnaz ŞAHİN

525-ci qəzet.- 2021.- 1 iyun.-S.15.