Acı taleli qız

 

(Əvvəli ötən cümə sayımızda)

 

Onun yaxşı xüsusiyyətlərindən biri yalan danışmaması idi. Yalançı, aldatmanı özünə peşə edən qadından hər cür xəyanəti gözləmək mümkündür. Görünür, ən ağır anlarında belə o, yalana, aldatmaya əl atmamışdır. Hüseyn and içə bilərdi ki, bir dəfə də olsun arvadının sifətində hiyləgərliyin və vulqarlığın ən kiçik ifadəsini belə görməmişdir. Bu, şişirtmə deyildi, dəqiq elm sahəsinin adamı olduğuna, həndəsi bilikləri tətbiq etdiyinə görə o, ölçü hissini daim vacib sayırdı. O, özünə etiraf edirdi ki, bu qızla o, məhəbbətin sehrli diyarında məskən salmışdır. Onlar Yer üstündə yaşasalar da, özlərini müsəlman Eluziumunda olan kimi hiss edirdilər. Qədim Yunan mifologiyasına görə, Eliziumda xoşbəxtlərin, qəhrəmanların ruhu uyuyur, orada daim bahar fəsli olur. Xəstəlik və əzab isə o əraziyə yaddır. Bu məkana hörmət əlaməti olaraq, fransızlar Parisin baş küçəsini "Yelisey çölü" - "Champs Elisees" adıadlandırmışlar.

 

Ruhiyyə də əri haqqında olduqca yüksək fikirdə idi. O, Hüseynlə söhbət etməyi sevirdi, hər dəfə ondan nəsə öyrənirdi. Bu söhbətlərdə ərinin yüksək intellekti, ruhunun böyüklüyü özünü büruzə verilirdi. O, Ruhiyyəni başa salırdı ki, indi birgə həyatımızın başlanğıcı olmaqla, bizim üçün təmiz və bakirə andır. Çünki biz bir-birimizlə saflıqdan uzaq olan hansısa bir münasibətdə olmamışıq, bu an zaman və varlığı kəskin surətdə bölür, keçmiş arxada qalır, gələcəyin koordinatları görünür, onları bir-birindən ayırır. İndinin xoş xüsusiyyətinə sevindiyimiz kimi, yaddan çıxarmamalıyıq ki, bu mövcudluq kövrəkdir, nisbidir, ötəridir, indinin özü hiss etmədiyimiz halda yoxa çıxaracaqdır. Yaponlar sakura çiçəkləyəndə təbiətin gözəlliyinə sitayişin bir növü kimi ona heyranlıqla tamaşa etməkdən yorulmurlar. Bu çiçəklər onlar üçün əzizdir, təkcə ona görə yox ki, sehrli qaydada ağdır, füsunkar görünüşə malikdir, həm də ona görə ki, çiçək bir azdan sonra töküləcək, yoxa çıxacaqdır, bu gözəllik də nə qədər heyifsilənilsə də, qeybə çəkiləcəkdir, çünki az ömürlüdür, sevincin özü kimi uzun müddətli olmağı bacarmır. Ona görə də yaşadığımız anın yoxa çıxacağını, faniliyini yaddan çıxarmamalıyıq. Xoşbəxtliyimizi biz, xüsusən Ruhiyyə əzabları ilə qazanmışdır. Qoy heç kəs bizim nail olduğumuzu amerikan filmlərindəki "happy end"ə - "xoşbəxt sonluğa" bənzətməsin. Ruhiyyəyə gəldikdə, hələ yeniyetməliyində bədbəxtlik onu öz qanadları ilə insafsızcasına döyəcləmışdır.

 

Ruhiyyə də ərinin fikrinə şərik olaraq dedi:

 

- Mən sənə ərə gələndən tam başqa bir aləmdə yaşayıram, ərimlə, oğlumla öyünürəm, Hamnet təbiətin bizə bəxş etdiyi ən böyük mükafat və əvəzi olmayan təsəlli payıdır. Sənə gəldikdə, mən yeni dünyanı kəşf etmişəm, çünki sən mənim ürəyimin əvvəllər naməlum olan simlərinə toxunmağı bacardın. Sən məndə həyatla yaxşı mənada oynamaq hissini oyatdın, onun hədlərinə baxmağı və onun qulu olmamağı öyrətdin. Görünür, bu günümüzün kökləri bizə məxsus olan qarşılıqlı köhnə istəklərimizdə mövcud olmuşdur. Könüllərimiz də bu nəcib kökləri lazımınca qidalandırmağı bacarmışdı.

 

İndinin özü, mövcud zaman da onları çox razı saldığına, fasiləsiz xoş əhval-ruhiyyə bəxş etdiyinə görə, bu mehriban ər-arvad gələcəyə də böyük ümidlər bəsləyirdi.

 

EPİLOQ

 

Hüseyn arvadına dedi ki, Südabənin yazdığı, lakin başa çatdıra bilmədiyi kitaba onun özünün mübarizəsini və ölümündən sonra baş verən hadisələri də əlavə etməklə, bu işi başa çatdırmaq üzrəyəm. Baş qəhrəmanın prototipi sənsən, ona görə də onu ixtisar edə, mətnə əlavələr edə bilərsən, ciddi etirazın olsa, kitabı çapa verməmək də olar. Çünki mən ilk müəllifin dəsti-xəttinə xələl gətirmək istəmirəm, kitabı çapa hazırlayıram.

 

Ruhiyyə Hüseynin ona əsər haqqında təklifini söyləməsini minnətdarlıqla qəbul etdi, bilirdi ki, yarımçıq qalmış romanın böyük hissəsini Südabə xanım özü yazmış, vaxtsız ölüm ona işini yekunlaşdırmağa imkan verməmişdi. Mərhum arvadının işini sonralar əri davam etdirmişdi. Hər iki müəllif əsərin qəhrəmanını real olaraq sevdiklərini yazıda gizlətmirdilər və bu, Ruhiyyəyə heç də xoş gəlməyə bilməzdi. O, bir qədər çəkinə-çəkinə ərinə dedi:

 

- Hər ikiniz xeyli əziyyət çəkmisiniz, keçmişimi də olduğu kimi, ört-basdıra yol vermədən təsvir etmisiniz. Bu günüm keçmişimin qaranlıqlarını məhv etmiş, mənə tam bəraət vermişdir. Bu dünyamın arxitektorlarına da mən minnədaram. Hansısa bir rəngin tutqunlaşdırılması və ya zəiflədilməsi, kölgə kimi təsvir edilməsi, portretimin retuşa məruz qalması əsərin qayəsinə yalnız zərər gətirə bilər. Gələcəkdə bəlkə də hər ikimiz yeni bir kitabın müəllifi olduq, onda Yeni Trianon kimi idilliya çalarları yəqin ki, üstünlük təşkil edəcəkdir. Mövcud kitabın isə heç bir ixtisara, ya düzəlişə ehtiyacı yoxdur.

 

Hüseyn arvadının mövqeyindən çox razı qaldı, çünki o, Leonardo da Vinçinin işləyib hazırladığı sfumato prinsipindən, bu, italyanca hərfi mənada "tüstü kimi yoxa çıxan" deməkdir, rəngkarlıqda əşyaların təsvirinin yumşaldılması qaydasından istifadə edilməsinə razı olmamışdı. Əlyazmanı həm də Südabənin də biliyinə hörmətlə yanaşdığı tənqidçi alimə göstərməyi vacib saydı. Həmin ədib bir həftədən sonra yazılı qaydada rəyini bildirdi. Əsəri maraqla oxuduğunu qeyd etməklə yanaşı, bədii dəyəri barədə müsbət fikirlər irəli sürmüşdü. Hüseyn bunu Südabənin yetim uşağına mərhəmətli münasibətin əlaməti kimi qəbul etdi. Lakin alim yekun barədə bəzi mülahizələrini də irəli sürmüşdü. O yazırdı ki, hər bir insanın taleyində öz xalqının və bütövlükdə bəşəriyyətin tarixinə aid olan hansısa bir uyğun cəhəti tapmaq olar. Axı xalqımız, ya dünya indiki inkişaf səviyyəsinə asan yolla gəlib çıxmamışdır, nə qədər dərəni, aşırımı keçməli olmuşdur. Ona görə də, mənim zənnimcə, dünya tarixinə qısaca nəzər salmaq əsərin başlıca ideyasına xələl gətirməzdi. Oxşar sözləri xalqımız, ölkəmiz haqqında da demək olar. Axı bizim xalq da çox sayda sınaqları dəf etməli olmuşdur.

 

Hüseyn tənqidçi alimin sözlərində ifadə olunanlara diqqət verməyin vacib olduğu qənaətinə gəldi. Bəşəriyyətin beş min ilə yaxın tarixi uğurun və uğursuzluqların bir-birinin ardınca davam edən dəyişmələri ilə müşayiət olunsa da, tarix əsaslı reqressə yol verməyib, irəliyə doğru inkişafını davam etdirmişdir. Öz tariximizə gəldikdə, son yüzillikləri ölkəmiz iki imperiyanın tərkibində olduqdan sonra, qazandığı ilk müstəqilliyin ömrü iki ildən də az olmuşdu. Nəhayət, XX əsrin sonunda yenidən müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın təcavüzünə məruz qalmış, ölkədəki siyasi xaos müdafəni xeyli zəlflətmiş, ölkə ərazisinin itkisi baş vermişdi.

 

Nəhayət, 2020-ci ilin payızında erməni qoşunlarının yeni provakasiyasına cavab olaraq, Azərbaycan ordusu hücuma keçərək düşmənə ağır zərbələr vurmuş, itirilmiş ərazilərin əksər hissəsini azad etmişdir. Bu, xalqın qəti qələbənin qazanılacağına inamını daha da möhkəmləndirmişdir.

 

1990-cı illərin əvvəllərində ölkəmizdə baş verən siyasi böhran böyük sosial-iqtisadi geriliyə və digər sarsıntılara səbəb oldu. Dağlıq Qarabağda meydana gələn ermənilərin seperatizmi əlavə bəla mənbəyinə çevrildi. 1988-ci ildə Xankəndidə dinc mitinqlər şəklində başlanan hərəkat SSRİ rəhbərliyinin, xüsusən M.S.Qorbaçovun muxtar vilayətdə genişmiqyaslı qanunsuzluqlara göz yumması nəticəsində bir qədər sonra silahlı münaqişəyə çevrildi. Ermənistan hərbi qüvvələri Azərbaycan ərazisinə təcavüz etdi, qonşu ölkədə yaşayan yüz minlərlə azərbaycanlı tarixi yurd-yuvalarından qovuldular. Ermənistan silahlı quldurları 1992-ci ilin əvvəllərində Xocalı soyqırımını törətdikdən sonra, həmin ilin mayında Şuşanı zəbt etdilər, sonra Laçın və Kəlbəcər rayonlarını, 1993-cü ilin ikinci yarısında isə əlavə beş rayonu işğal etdilər. Ölkənizdə 1 milyona yaxın qaçqın və məcburi köçkün ordusu meydana gəldi.

 

Son otuz ilə yaxın müddətdə torpaqların azad edilməsi barədəki Azərbaycanın haqlı tələblərinə məhəl qoyulmurdu. Ermənistan hərbi xadimləri daha da həyasızlaşıb, yeni müharibə başlandığı təqdirdə yeni əraziləri işğal edəcəkləri ilə hədələyirdilər.

 

2020-ci ilin 27 sentyabrında erməni silahlı qüvvələrinin atəşkəsi pozmasına cavab olaraq Azərbaycan ordusu bir neçə istiqmətdə hücuma keçib, düşmənə ağır zərbələr vurdu. İlk bir ay ərzində gedən döyüşlər nəticəsində Ermənistan ordusunun 2 milyard dollar dəyərində hərbi texnikası və silahı məhv edilmiş, qismən qənimət kimi götürülmüşdü. Ermənistan rəhbərliyi Azərbaycan silahlı qüvvələrinin hücumu davam etdikcə, erməni qoşunlarının bütünlüklə qovulacağından və məhv ediləcəyindən qorxuya düşərək, nüfuz sahibi olan dövlətlərdən atəşkəs razılaşmasının bağlanmasına təcili kömək göstərilməsi üçün yalvarmağa başladı, lakin onların ordusu müharibə cinayətlərinə yol verməklə, mülki əhalini hədəf götürərək, raket atəşi ilə həm də dinc şəhərləri dağıtmaqda davam edirdi. Erməni qoşunlarının vəhşiliyi davam etsə də, onların əsgərləri döyüş mövqelərini tərk edib, çox bahalı hərbi texnikanı qoyub arxaya qaçırdılar. Azərbaycan ordusu isə torpaqlamızı düşməndən uğurla azad edir, hücumlarına fasilə vermirdi. 8 noyabr 2020-ci ildə Prezident İlham Əliyev birbaşa Bakının Şəhidlər meydanından Şuşanın işğaldan azad olunmasını təntənəli qaydada xalqa çatdırdı, Şuşada yenidən Azərbaycan bayrağının dalğalandığını bildirdi. Prezident elan etdi ki, Ermənistan ordusu qısa müddətdə Azərbaycan torpaqlarından bütünlüklə qovulacaqdır. Bir gün sonra Ermənistan rəhbərliyi öz ordusunun təslim olduğunu bildirdi. Bütün işğal olunmuş ərazilər, həmçinin, Dağlıq Qarabağ Ermənistan ordusunun qeyd-şərtsiz təslim olması nəticəsində azad olundu. Azərbaycan ordusu 44 gün davam edən qanlı döyüşlərdə tam və qəti qələbə çaldı, müharibə Azərbaycanın hərbi və siyasi zəfəri ilə başa çatdı. Dağlıq Qarabağın təkcə müstəqillik qazanması barədəki erməni millətçilərinin sərsəm ideyası deyil, keçmiş muxtar vilayət statusu da buxarlanıb, qeybə çəkildi. 10 noyabr 2020-ci il Qələbə günü kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaqdır.

 

Qazanılan qələbələr xalqla hakimiyyətin sıx birliyinin yaranmasına şərait yaratdı. Ölkə Prezidenti İlham Əliyevin möhkəm iradəsi və yenilməz cəsarəti cəbhədə uğurların qazanılmasında, qəti qələbənin çalınmasında müstəsna rol oynadı. Mahir sərkərdəlik qabiliyyəti üzə çıxan Prezident, Ali Baş Komandan vəzifəsinin də öhdəsindən ləyaqətlə gəldi. Xalqın dövlət başçısına etimadı öz zirvəsinə çatdı.

 

Son iki onillikdə Azərbaycanda gedən müsbət dəyişiklilər, iqtisadi qüdrətin görünməmiş şəkildə böyüməsi döyüş meydanındakı qələbələrin rəhni oldu. Torpaqların qısa müddət ərzində işğaldan azad olunması əvvəlki məğlubiyyətlərin ağrısını unutmağa kömək etmiş, xalqın böyük sevincinə, ruh yüksəkliyinə səbəb olmuşdur. Yeni əsrin iki onilliyində yüksək döyüş qabiliyyətinə malik olan və əslində, tam yeni ordu yaradılmış, silahlı qüvvələr ən müasir hərbi texnika və silahlarla təchiz edilmişdir. Qardaş Türkiyənin hərbi yardımı, xüsusən "Bayraktar TB2" dronları qələbənin əldə edilməsində əhəmiyyətli rol oynamışdır. Ölkə rəhbərliyinin diplomatik fəallığı da olduqca müsbət nəticələr vermiş, Azərbaycanın beynəlxalq nüfuzu xeyli böyümüş, Ermənistan siyasi rəhbərliyinin iç üzü ifşa edilmişdir.

 

(Ardı var)

 

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2021.- 5 iyun.- S.22.