Burulğanda

Tanınmış yazıçı-publisist, çoxsaylı roman, povest və hekayələrin müəllifi, bu yaxınlarda 70 yaşını qeyd edən Kamil Əfsəroğlunun "Burulğan" hekayəsi ilə müzakirəmizə davam edirik. Müəllifə cansağlığı və başarılar arzulayırıq. Allah bizi burulğanlardan qorusun!

 

Şəfa Vəli: Son vaxtlar məni ən çox küsdürən məqam kəndin ironiya ilə anladılmasıdı. Bu hekayədə olduğu kimidi... "İnsanın xislətidi, hər kəs elə bilir, onnan bir dənədi..."; "Gülüşə nə dil, nə millət?.." cümlələrinin ucundan tutub bir esse yazmaq olar. Hekayənin mərkəzinə qoyulmuş ən böyük problem İnsan-Tanrı münasibətidi. Müəllif bu problemi Məmişin öz sonsuzluğuna baxışıyla həll edir. Əsl kənd deyimlərinin ədəbiyyatda boy verməsinə sevindim... Uğurlar!

 

Almaz Bəyazid: Bu hekayə neçənci ildə yazılıb? Niyə bizim yazarlar kənd həyatından, sadə məişət mövzularından yazanda mütləq Məmiş, Allahverdi, Gülsənəm kimi adlardan istifadə edirlər? İllər bizim kişiləri heçmi dəyişmədi? Niyə onlar ruslar üçün "çuşka" kimi qalıb ki? Belə hekayələri xoşlamıram. 60-cı illərin avam kənd kişisi artıq yoxdur.

 

Murad Süleyman: Mənalıdır? - Bəli. Süjet xətti var? - Var. Hadisələr dünəni, bu günü, sabahı xatırladır? - Xatırladır. Hətta bir başqa istiqamətə yönümü də var - novella. Yəni Məmiş dili bilmir, ilk dəfədir qarşı cinsdən belə münasibəti görür, suda boğulmaqdan onu xilas edən rus qadınını hisslə duyur və nəhayət, bu xanımın ona bir balaca hədiyyə verməsi, hadisənin qeyri-adi sonluqla bitməsi olardı. Maraqlısı odur ki, əvvəllər buğanı qapı-qapı dolandırardılar, kolxoz yaranandan sonra inəyi məntəqəyə gətiriblər.

 

Elşad Barat: Maraqlı hekayədir.

 

Sara İbrahim: Hekayə təbii, şirin dillə yazılıb, obrazlar canlıdı. Müəllif, məncə, rayon, kənd yerlərində mentalitetin bir çox ailələrdə yaratdığı problemləri qabardıb. Məmiş də bu səbəbdən övlad sahibi ola bilmir. Zorla kurorta göndərilən qəhrəman dənizdə burulğana düşüb-çıxmaqla həm də öz daxilindəki burulğandan çıxa bilir. Hekayədəki əncir ağacı simvolik məna daşıyır. Həvva, Adəm, alma ağacı hekayətini xatırladır. Bir sözlə, hekayə uğurlu alınıb. Müəllifə uğurlar!

 

Almaz Bəyazid: Təbii, alt qatlar çoxdur. Uzun-uzadı təhlillər etmək olar. Amma bu təhlili artıq çeynənmiş hesab etdiyimdən əhəmiyyətsiz sayıram.

 

Əsəd Cahangir: Amma axı bu mövzuda çoxlu hekayə yazılmayıb. Sabir yazıb vaxtilə, amma fatma-tükəzbanların xeyrinə. Amma günah həm də tükəzbanlarda, onların avamlığındadır. Kamil Əfsəroğlunun mövqeyi daha çox Haqverdiyevin "Loblu" hekayəsi ilə üst-üstə düşür.

 

Eyvaz Zeynalov: Yaxşı hekayədir.

 

Bahəddin Salman: Məmiş məsələyə hansı gözlə baxır, hansı dillə yanaşırsa, müəllif də obrazından geri qalmır. Hekayənin ideyası sıradan həyat hadisəsidir. Hekayədəki əncir ağacı, obrazın burulğana düşməsi kimi simvolik işarələrin üzərində işləmək əvəzinə, obrazlara və ideyaya bədii yük qatılması daha maraqlı olardı. Təbii ki, bunlar mənim düşündüklərimdir. Kamil bəyə, yaradıcılıq uğurları arzu edirəm.

 

Reyhan Kənan: Həyatda hər şey belədir. İnsan mütləq burulğana düşməlidir və burulğandan xilas olarsa, öz həyat tərzini, düşüncəsini dəyişməlidir. Hekayənin dili, yazılış tərzi xoşuma gəldi. Hekayə kiçik və sadə kənd adamının hissləri haqqındadır. Amma kaş ki, onun burulğandan xilası rus qadının əli ilə olmaya idi. Yaxşı olardı ki, bu "kiçik adam" hekayənin sonunda gözümüzdə öz hisslərinə qalib gələn böyük adam kimi qalaydı.

 

Şəfəq Abdullayeva: Hekayə maraqlı deyil. Amma tam olmuş hekayədi. Yəni həyat reallıqları ilə dolu bir əhvalat...

 

İltimas Səmimi: Peşəkar bir yazıçının qələmindən çıxan oxunaqlı hekayədir, Sovet dövrünün hadisələrindən bəhs edir, kənd deyimləri ilə məişət mövzusunda yazılıb. Yazıçı yumoru da çox düzgün işdədib. Çox da böyük olmayan bu hekayədə çox böyük məqamlar və dərin fikirlər var. Uzun cümələrlə oxucunu yoran əsər deyil. Çox gözlənilməz sonluqla bitir. Ümumiyyətlə, Kamil Əfsəroğlu dəyərli bir yazıçıdır.

 

Etibar Yaqubov: Hekayə kənd dilində yazılıb, bu maraqlı göründü. Sanki əsər oxumur, hadisələri öz gözlərinlə görürsən. Məmişlə Cəbiyevin dialoqu çox ustalıqla qurulub. Bəzi məqamlar, xüsusilə Cəbiyevin Məmişdən adını rusca ifadə etməmək xahişi yumor doğurur. Sonluq gözləniləndir və qənaətbəxşdir... Ola bilsin ki, hekayədə "yeraltı sular dənizə axır". Elə dəniz suyu kimi də duzludur. Uğurlar olsun!

 

Narıngül Nadir: Üslub, təhkiyə gözəldir. Dilin enerjisi hiss olunur. Ancaq final zəifdir. Məmişin kurorta getməsi, orda rus qadınının ona "ilişməsi" köhnəlmiş nəsr ənənəsidir. Sovet dövrünün nəsrində belə mətnlər dəfələrlə işlənib. Bu müəllifi ilk dəfədir oxuyuram. Yazıçının potensialı hiss olunur.

 

Əsəd Cahangir: Kamil müəllimin 6 romanı, 7 povesti, 100-ə yaxın hekayəsi, onlarla məqaləsi dərc olunub. Federiko Fellini, Türkan Şoray, Rac Kapur, Stenli Kramer, Amitabh Baççan, Zinat Aman, Hema Malini, Müşərrəf Akay, Atif Yılmaz, Rober Osseyn və digər dünyaca məşhur adamarla şəxsən tanış olub, onlardan yazılar yazıb. Kitabları Türkiyə və Rusiyada işıq üzü görüb. Hekayələri dünyanın 10-dan artıq ölkəsində dərc olunub. Sadəcə təvazıkar adamdır.

 

Həcər Paşayeva: Hekayə haqda çox şey demək olar. Problemin qoyuluşu, alt qatında olan məsələlər, hər şey yerində. Dil, üslub mənə doğmadır, öz üslubum belə olduğu üçün. Ancaq olmazdı ki, başqa maraqlı əsərlərindən birini verəydiz? Vallah, maraqla oxunsa da, bu müzakirədə iştirak etmək istəməzdim. Susmağı üstün tutdum. Müəllifin başqa əsərini tapıb oxuyacam.

 

Ümmbülbanu Hacıyeva: Yazıçının hekayəsində bədiilik, üslub, dil, mövzu həlli, bir sözlə, hekayəyə aid olan detallar yerindədir. Özünəməxsus yazı tərzi də həmçinin, qənaətbəxşdir, yaxşıdır. İrad tutmağa çalışanlar ən kiçik detalına qədər göstərsinlər və sübuta yetirsinlər zəhmət olmasa.

 

Elşən Əzim: Hekayənin dili, ifadə tərzi bal kimi şirindir. Maraqlı təzadlar var, detallar var. İlk baxışdan realist əsər kimi görünsə də, müəllifin maraqlı simvolları diqqət çəkir: əncir ağacının kənddəki mancanağa bənzədilməsi və hadisənin orada baş verməsi, Məmişin burulğana düşməsi... Məmişin sənəti ilə həyatı tərs mütənasibdir. O, buğalara həsəd aparır. Burulğandan sonra isə əsl buğaya çevrilir. Burulğan Məmişi dəyişdirmədi, özünə qaytardı.Məmiş özünü tanımırdı. Buna səbəb isə kəndin sərt mental dəyərləridir. Təzadlar da maraqlıdır. Bizim kişilər rus qızlarının yanına qaçırdı, heyvanlara isə Rusiyadan kələ gətirirlər. Kələnin adı da Mayordur. Bu, hərbi təcavüz nəticəsində yad ideologiyanın xalqımıza sırınmasına işarədir. Mayor kələlərin əkdiyi ideologiya ala danaların doğulmasına səbəb olur ki, onların da rəngi məlum deyil.

 

İradə Aytel: Hekayəni maraqla oxudum. Əsərdə Məmişin arvadının sədaqəti, ərini hər vəchlə qoruması xoşuma gəldi. Azərbaycan qadınının xarakteri gözəl verilib. Tükəzban olsalar da, sədaqətlidirlər... Müəllifə və bizi bu hekayə ilə tanış etdiyinə görə Əsəd Cahangirə təşəkkür edirəm.

 

Gülnar Səma: Lap əvvəldə Məmişin özünü kəllə müqayisə etməsindən sonra artıq oxucuda nəticə haqqında ilkin təəssürat yaranır. Hər oxucunun öz münasibəti var, məni daha çox ciddi ədəbiyyatın mövqeyi maraqlandırır.

 

Nihat Pir: Təhkiyə formasını çox bəyəndim. Üstəlik, müəllif kənd atmosferini və kənd adamı obrazını da mükəmməl şəkildə verməyi bacarıb. Bar verməyən ağacla özünü müqayisə eləməsi, yaxud da elə həmin ağacı kənddəki məlum mancanağa bənzətməsi ləzzət elədi. Final hissəsində bəlkə də razılaşa bilməyəcəyim bir tələskənlik var, amma hekayə mənə o qədər şirin gəldi ki, bunu qüsur kimi qeyd eləməyəcəm. Əsəd müəllim, müəllifin yazdığı və sizin tövsiyə edəcəyiniz əsərlərin adını mənə desəniz, şad olardım.

 

Əsəd Cahangir: "İt qanı" romanı, "Qisas" povesti, "Rus toyu" hekayəsi.

 

Varis Yolçuyev: Hekayə yığcamlığı, duzlu-məzəliliyi ilə diqqət çəkdi. Qəhrəmanın başına gələnlər həm güldürür, həm düşündürür. Bəxt üzünə gülən Məmiş kişi, nəhayət ki, həyatında ilk dəfə kənddən qırağa çıxmaq xoşbəxtliyinə nail olur, "profsoyuzun" xətti ilə düz Bilgəhə, kurorta. İlk dəfə qatara minib gəldiyi məkanda ilk dəfə dənizdə çimir, ilk dəfə əcnəbi xanımlar görür... Hekayədə sadə dillə böyük həqiqətlərin izahı gözəl verilib. Dialoqlar, monoloqlar realdır, bər-bəzəksizdir. Səhnələr ustalıqla qələmə alınıb, yazılanı gözündə rahat canlandıra bilirsən. Amma hekayənin ən diqqətçəkən məqamı onun verdiyi mesajdır. Məmişin Bilgəhdəki sarışın rus gözəlinə "matışqa bajı" deyə-deyə kam verib, kam alması bir neçə sualın cavabıdır. İş ondadır ki, Məmiş işləyən məntəqədə heyvan artımı Rusiyadan gətirilmiş "Mayor" adlı yeganə kəl hesabına başa gəlir. Hekayədəki "Məni qınama, bu urus milləti yaranıb hərbə-zorbadan ötrü, kələsinə də voyenni adı verir" xatırlatması da boşuna deyil: "Deyirəm, dünyanın işinə bax ey... Urusetdən kələ gətiririk ki, yeyib harınnasın, inəklərimizə tullansın. Sən ölmüyəsən belə getsə, yerli cins qalmayacaq, it-bat olacaq" - həqiqəti Məmiş üçün ən ağrılı bir şeydir. Bu prizmadan yanaşsaq, onun rus qadınla macərası hardasa yerli inəklərin qisasına yönəli bir intiqam missiyasına işarədir. Təsadüfi deyil ki, xoşbəxt olan matışka axırda ona məhz "Məmiş, sən əsl buğasan" söyləyir.

 

Nazilə Gültac: Bu hekayə Məmişin timsalında bir şərq kişisinin faciəsindən, təzadlı düşüncələrindən bəhs edir. Ömrü fermada keçən Məmişin qadını ilə münasibətindəki uğursuzluq onu hər gün bir az da sındırıb məhv etməkdədir. Dərdinin çarəsini tapmaq üçün bəlkə də bir dəfə həkimə getmək kifayət edərdi. Amma nadanlıq və ən önəmlisi ətraf aləmin reaksiyasının xofu onu içindən talan edir. Qadını da bədbəxtdir. Yalançı hamiləliklə özünü qadın kimi hiss etdirmək istəyir. Əslində, dolayı yolla ərini də bir kişi kimi alçalmaqdan qurtarmaq istəyir. Qadının qapalı, çəkinkən davranışı Məmişin olan-qalan həvəsini də öldürür. Hətta Məmiş heyvanları özündən xoşbəxt bilir. Bu, elə cəmiyyətin faciəsidir. Məmiş kimi insanlara dayaq olmaqdansa, onları mənən də öldürürlər. Sanatoriyada Məmiş dənizdə, suda özünü tapır. Yazıçı demək istəyir ki, mühitin əsirinə çevrilmək olmaz. Şansını sınamağa dəyər.

 

Jalə Əlizadə: Kamil Əfsəroğlunun hekayələri və romanlarımöhtəşəmdir.

 

525-ci qəzet.- 2021.- 5 iyun.- S.20.