"Yayılsın eldən-elə zəfər, bizim Zəfərdi!"  

 

Ədəbiyyata 80-ci illərin əvvəllərində gələn Elçin İsgəndərzadə sıradan bir şair deyil, hasilə gətirdiyi şeirləri sevilərək oxunan, çağdaş poeziyamızda öz sözü, nəfəsi olan qələm adamlarındandır.

 

Həm də tanınmış elm adamı, fundamental ixtiralar müəllifi olan E.İsgəndərzadənin şeirləri mücadilə düşüncəsi, yüksək  ideallıq, rəngarəng qafiyələr, bənzərsiz məcazlardan istifadə kimi səciyyəvi cəhətləri ilə yadda qalır. Şairin nəzm nümunələri ruhumuzu təzələyir, qayəsi, yüksək amalları ilə bizi özümüzə qayıtmağa yönəldir. Onun şeirləri ruhlandırıcı motivləri ilə ürəyində yurd sevgisi yaşadan insanları daim ayaqda olmağa sövq edir. Fikrimcə, bu şeirlər həm də yaddaşımızın şeirləridir.

 

Onun "Türkün qəzəbi", "Qaranlıq, zülmət, qan və qaçqınlıq", "Qarabağa bizsiz gəlir bu yaz da", "Qazi türküsü", "Avtoportret" kimi şeirlərində və çoxsaylı poemalarında Şuşa həsrəti, Qarabağ dərdi şairin ürəyini sıxan ruhi ağrılar kimi qələmə alınıb, türkçülük isə şairin yaradıcılıq  kredosu tək əks etdirilib. Xalq şairimiz Nəriman Həsənzadənin təbirincə,  "Elçinin türkçülüyü onun poeziyasının vətənçilik kontekstində leytmotividir".

 

Dünyadan vaxtsız köçən mərhum şairimiz, rəssam, esseist Adil Mirseyidin fikrincə isə "Elçin İsgəndərzadə haradan baxsan, görünən şairdir. "Görkəmli yazıçı, böyük söz ustası Çingiz Aytmatov da yaşadığı çağın şairinin - təbiətən türkçü olan, əsərləri ilə böyük Türk dünyasının, ədəbiyyatının təbliğinə töhfələr verən qələm adamının yardıcılığını təqdir edib: "Elçin İsgəndərzadənin bədii nümunələrinin son illər dünyanın onlarca ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan xəbər verir ki, türk poeziyası da artıq dünya poeziya okeanına yelkən açmaqdadır". E.İsgəndərzadə söyləyir ki, "dünya ədəbiyyatının korifeylərindən olan Ç.Aytmatovla dostluq mənim üçün Yer üzünü kəşf etməyim qədər dəyərlidir".

 

Unudulmaz Xalq şairimiz Zəlimxan Yaquba görə, "Elçinin üzündə olduğu kimi, mənəvi varlığında da bir nur, işıq var. Bu işıq onun ömür yoluna, yaradıcılığına təbəssüm gətirir".

 

Şairin yazdığı epik əsərlərin - poemaların da mövzusu rəngarəngdir, dərin bədii tutumuyla fərqlidir. Onun poema yaradıcılığında klassik poeziya ənənələri ilə müasirliyin vəhdəti, insanlarla təbiətin təması duyulur. "Turan savaşçısının nəğmələri", "Bu qala bizim qala", "Şahmar şikəstəsi", "Oğlum Əliyə dualar", "Məmməd Araz qayası" və digər poemaları üz-üzə qaldığımız ictimai-siyasi hadisələr, gerçək dünyamızın əzəli-əbədi dəyərləri və insan talelərinə həsr olunub. Bu epik əsərlərdə dərdlərimiz göz yaşı ilə, qüssə-kədərlə, həm də ümidlə nəfəs alır. Azğın, xəyanətkar qonşunun və havadarlarının rəvac verdiyi, ucu-bucağı görünməyən münaqişə ilə bağlı otuz ildən bəri yaşadığımız əzablar, iztirablar, erməni işğalına məruz qalmış əzəli torpaqlarımızın əsirlikdən azad edilməsi üçün mücadilə aparmaq həmin poemalarda şairin çatdırmaq istədiyi  məramlardır.

 

Elçin İsgəndərzadənin qələmə aldığı düşündürən şeirlərin möcüzəsi heyrət doğurur. Bu şeirlər uzun illər intizarında olduğumuz qaçılmaz savaş, mücadiləmiz üçün gənclərə, elə hər birimizə  daim vətənpərvərlik ruhu aşılayıb, bu mənada həmin bədii nümunələr mənəvi silahdır. Şairin "Tüfəng qundağına yazılmış şeir"i qəhrəmanlıqla dolu tarixi keçmişimizi unutmamağa səsləyir, doğma yurdu göz bəbəyi tək qorumağın namus, qeyrət məsələsi olduğunu yada salır. Axı, "keçmişinə güllə atanı gələcək topa tutar (Rəsul Həmzətov)". Şəcərəsini daim yad edən, ulularının nəsihətini eşidənlər isə nəslini, el-obasını sevənlərdir:

 

Aynalı tüfəng görmüşəm mən.

Aynalı tüfəng vardı

Qarabağdakı evimizdə,

aynalı tüfəng namusdu bizdə...

Bəzən tüfəng elə bil

 səsləyib çağırırdı məni...

aynalı tüfəngin qundağındakı yazıdan

öyrəndim nəslimin şəcərəsini...

 

"Qürbət" adlı şeirdə isə müəllifin xeyli müddət yaddaşında, hafizəsində yaşatdığı yurd nisgili, Vətən həsrəti ilə bağlı hiss və duyğuları poetik dillə izhar edilir:

 

... Sevdiyin yuvalar yoxdusa,

bir ömür qürbət eləyir:

Ana vətən, dədə yurdu,

ata ocağı, baba eli,

nənə yaylası

adında nə varsa?

hamısı qürbət eləyir.

 

Qarabağ həsrəti, yurd sevgisi ilə dünyadan köçən unudulmaz şairimiz Şahmar Əkbərzadəyə ithaf olunmuş "Qarabağa bizsiz gəlir bu yaz da" adlı şeiri də həyəcansız oxumaq olmur. "Bu nə bəxtdi, düşüb bir nəhs ələ ki, taleyimiz ömrümüzə tələ ki" deyən şair bu düyünün açılacağı günün əsirlikdə olan yurd yerlərimizin azadlıq günü olacağını, məhz onda Qarabağımıza, Topxanaya, Cıdır düzünə bahar gələcəyini dilə gətirir:

 

Bülbül cəh-cəh vurmur, torağay ötmür,

Burdan Tanrıya da ünümüz yetmir,

Çadır şəhərcikdə bənövşə bitmir,

Qarabağa bizsiz gəlir bu yaz da...

 

Ürəyimdə hələ dərddir gül açan,

Novruzgülün mənim kimi bağrı qan.

Xarıbülbül, qovuşarıq bəs haçan,

Qarabağa bizsiz gəlir bu yaz da...

 

525-ci Qəzet - Elçin İsgəndərzadənin şeirləri

 

Şuşada dünyaya göz açan, orta təhsilini Ağdamda alan, yeniyetməlik və gənclik çağlarından Qarabağın sehrli-möcüzəli, göz qamaşdıran təbiət gözəlliklərini yaddaşına həkk edən Elçin İsgəndərzadə düşmən əsarətində qalan bu yurd yerlərinin xiffətini, acı nisgilini ürəyindən çıxara bilmir. "Məni Şuşa, Cıdır düzü şair elədi" deyir şair.  "Könlü qərib odası" olan müəllif duman, çən bürümüş Şuşanın başı üzərində aydın səmanın, şəfəq saçan günəşin görünəcəyi günün, vədənin intizarındadır:

 

Bakıda Ay doğmadı,

Ay doğmadı Şuşasız.

Könlüm qərib odasıdı,

Pəncərəsi şüşəsiz.

 

Yaxud:

 

Duman içindədir yurd yerin, Şuşa,

Haqqın var taledən incimək üçün.

Bir gün hüzuruna gedərik qoşa

İsa bulağından su içmək üçün.

 

Söz, sənət, mədəniyyət beşiyimiz Şuşanı daim xəyallarında yaşadan şair üzünü bu inci şəhərə tutub "orda sənin yuvan vardı, sazın, sözün, havan vardı, bu dünyayla davan vardı" deyir:

 

Xarıbülbüllər səni yuxuda görür bəlkə?

Bəlkə səhər şehiylə ağlayır

Qarabağda bizim güllər, çiçəklər.

Hələ qan qoxuyur, barıt qoxuyur

Qarabağdan əsən yellər, küləklər...

 

Elçin İsgəndərzadənin bədii nümunələri itkilərimizdən doğan dərin təəssüflə yanaşı, həm də xoş günlərimizə inamın himnidir, nikbinlik və ümid notları üzərində köklənib. "Bütün yollarım bağlı" deyən şair bədbin fikirlərdən, qüssə-kədərdən silkinib çıxır:

 

Bir yarpaq nisgil.

Xəyalımda Xarıbülbül,

İlk sevdamdı elə bil.

Ömür qaralı-ağlı,

Bütün yollarım bağlı...

Ağaca calaq vuran bağban kimi

Calaq vurdum ürəyimə

Tumurcuq umudlardan...

 

Böyük rus ədibi F.Dostoyevski yazırdı ki, "yetkinləşmək heç nəyə şaşırmamaq deməkdir". Vətəni qorumaq üçün də yetkin olmaq lazımdır. Birinci Qarabağ savaşından sonra acı məğlubiyyətin üzüntülü yaşantıları soydaşlarımızda bir ruh düşkünlüyü, küskünlük yaratmışdı. O illərdə qaynar təbi ayazımış bəzi şairlərin şeirlərindəki ağlaşma, ölgün ruh, bəlkə də zamanına uyğun olsa da, əslində, pessimist əhval-ruhiyyə doğururdu. Artıq bu dərdəcərlik bəlasından qurtarmağın zamanı çatmışdı. Şairə görə, qaçılmaz, zəruri olan savaş həm də bizim taleyimiz idi. Torpağımıza dəlicəsinə sevgimizin, vurğunluğumuzun göstəricisi, el-obanı qorumağın, sülhə nail olmağın ümdə yollarından biriydi bu savaş.

 

Zəfərlə bitən 44 günlük Vətən müharibəmiz tarixə yazıldı. Hamı görürdü ki, Azərbaycan yeni dünya nizamında Şərə qarşı haqq savaşı aparır. Fitnə-fəsadlarla dolu olan Şər məğlub edilmiş, ağ məğlubiyyət bayraqlarına bürünmüş  xəbislik, rəzalət, nəhayət ki, yerlə-yeksan edilmişdi.

 

Əsrə bərabər şanlı 44 gün haqqında hələ çox yazılacaq. Gözləri od püskürən, qolları bükülməyən oğullarımız düşmən tapdağında qalan torpaqlarımızı azad etmək naminə  mübarizəyə qalxmışdı. Elə bil 30 ilin hər anı onları bu şərəfli Qələbəni yaxınlaşdırmaq üçün yetişdirmişdi. Bu oğullar babalarımızın bizə əmanət etdiyi ocağı, yurd yerlərimizi canları-qanları bahasına bizə qaytardılar. Yer üzündə baş vermiş savaşların bəlkə heç biri bu müharibəyə bənzəmir. Çünki bu müharibə bir yumruqtək birləşməkdən doğmuşdu:

 

Oyanır türküm, oyanır,

Hər şəhid məzarından

Boylanır bir Boz qurdum...

Atlarımın nalları

Çapır daşlı yolları.

 

Bu, xalqımızın hünəri ilə hərb tarixinə yazılan Vətən savaşı idi, döyüşən oğulların igidliyi qəhrəman Atillaların cəsurluğuna bənzəyirdi.

 

Ölümləri ilə torpağı Vətənə çevirirdi şəhidlər. Axı, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Şəhadəti ilə xoşbəxtliyi fəth edənlər qəlbləri də fəth etməyi bacardılar. Ömrün son mənzilinə tələssələr də, yüyürüb çox tez çatsalar da, "Vətən mənsiz də Vətəndir, mən Vətənsiz heç kiməm" söylədilər. Şair şəhid qanları ilə suvarılan Şuşanın, digər yurd yerlərimizin azad-asudə günlərini bizə bəxş edən igid oğullarımızın ruhlarının artıq şad olacağına inanır:

 

Şəhid məzarlarına

İsa bulağından bir ovuc su at.

Dirilib ayağa qalxmasalar da,

rahat uyuyacaqlar,

qan qardaşlarım, rahat.

 

Yurdumuzun bütövlüyü uğrunda həlak olanlar, igidliyi ilə qəhrəmanlıq dastanına dönənlər sübut etdilər ki, Vətən candan belə əzizdir. Bizim üçün Qələbə, iynə ucu boyda işığa həsrət qalan gözün arzusu kimiydi. Elçin İsgəndərzadənin "Zəfər bizim Zəfərdi" şeirində deyildiyi kimi:

 

Qaranlığı qaçılan,

işıq kimi saçılan,

günlərə açılan,

səhər, bizim səhərdi.

 

İgid oğullar ilə,

neçə uğurlar ilə,

Yayılsın eldən-elə

Zəfər, bizim Zəfərdi!

 

 

Zemfira MƏHƏRRƏMLİ

Yazıçı-publisist

 

525-ci qəzet.- 2021.- 8 iyun.- S.14.