Aşıq Ələsgər: bir daha müəllif fərdiyyəti haqqında

 

Müəllif obrazının Aşıq Ələsgər irsindəki yerindən və rolundan danışarkən iki cəhəti xüsusi fərqləndirməyə ehtiyac duyulur: a) müəllif obrazının özünəqədərki aşıq ədəbiyyatından süzülüb gələn tərəfləri; b) müəllif obrazının Aşıq Ələsgər şəxsiyyəti və bioqrafiyası ilə bağlı tərəfləri.

 

Aşıq Ələsgər irsində müəllif obrazının ənənədən gəlmə cizgilərini ayırd etməyə çalışsaq, ilk növbədə, irfan təlimi ilə səsləşən motivlər, rəmzlər üzərində dayanmalıyıq. Qeyd etməliyik ki, yazı-pozu bilməyən və sözü sinədən demək yolunu tutan Aşıq Ələsgəri şeirlərində dərin bilik və zəka sahibi kimi görürük. Məmmədhüseyn Təhmasibin sözləri ilə desək, "o, şeirlərində toxunduğu məsələlərin, hətta qədim əsatirin, dini ehkamların, tarixi hadisə və şəxsiyyətlərin hamısı haqqında nə demişsə, yerli-yataqlı demiş, yaşadığı mühitin səviyyəsinə görə gözəl məlumata malik olduğunu çox yaxşı nümayiş etdirmişdir. Tək bircə şeirlərində işlətdiyi çətin söz, ifadə, istilahlar gözdən keçirilsə, onun səviyyəsi aydın görünər. Xüsusilə, deyişmələrində, hərbə-zorbalarında, qıfılbənd və təcnislərində müxtəlif məqsədlərlə elə sözlər, elə ifadələr işlətmişdir ki, sözlərin elə çalarlarından istifadə etmişdir ki, adam heyrət etməyə bilmir. Bəzən hətta təriqət rəmzlərinə belə müraciət etmiş, hamısından xəbərdar olduğunu nümayiş etdirmişdir". Aşıq Ələsgər yaradıcılığının ideya-bədii istiqamətlərindən danışarkən görkəmli folklorşünasın təriqət rəmzlərinə toxunmasını təsadüfi hal hesab etmək olmaz. Məsələ burasındadır ki, Məmmədhüseyn Təhmasib hələ Sovet dövründə Azərbaycan aşıq ədəbiyyatının təriqət rəmzləri ilə bağlılığına diqqəti yönəltmiş tək-tək folklorşünaslardandır. Bu baxımdan belə bir faktı xatırlatmaq yerinə düşər ki, Azərbaycan dastanları haqqındakı fundamental əsərində Məmmədhüseyn Təhmasib məcazi məhəbbət dastanlarına xüsusi fəsil ayırır və "Qurbani"dən məhz təriqət rəmzlərini əks etdirən bir dastan kimi bəhs edir. Görkəmli folklorşünas aşıq poeziyasında təriqət rəmzlərinin bir ənənə olaraq nə qədər geniş yer tutduğunu vurğulayaraq yazır: "Sufi-hürufi terminologiyalarından... Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn kimi... görkəmli aşıqlarımız da... istifadə etmişlər. Hətta bu günün Sovet aşıqları da bəzən heç mənasını başa düşməyərək, yaxud tamamilə yeni məna verərək rümuzat işlədirlər". Aşıq ədəbiyyatından, eləcə də Aşıq Ələsgər yaradıcılığından bəhs edən tədqiqatçıların sufizm məsələsinə xüsusi maraq göstərdiyi bugünkü şəraitdə Məmmədhüseyn Təhmasibin yuxarıda xatırlatdığımız fikirləri xüsusi əhəmiyyət daşıyır. Doğrudan da, özündən əvvəlki Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi sənətkarların yolunu davam etdirən Aşıq Ələsgər yeri gəldikcə sufilik və irfanla bağlı anlayışlara da müraciət edir. Amma bu, təbii ki, Aşıq Ələsgəri sufi sənətkar kimi təqdim etməyə, onu hansısa bir təriqətə bağlamağa əsas vermir.

 

İrfanla bağlı bu anlayışlar sırasında Əli kultu xüsusi yer tutur. "Mövladan aldım muradım" deyən Qurbani kimi, "Mənim ağam Şahi-Mərdan Əlidi" deyən Abbas Tufarqanlı kimi, "Mövlanın əlindən badə içmişəm" deyən Xəstə Qasım kimi, Aşıq Ələsgər də imam Əliyə üz tutur, "Mövladan dərs alıb elm tapmışam", "Pir mana göstərdi Şah məqamını" deyib özünün şairlik-aşıqlıq gücünü məhz imam Əlinin adı ilə əlaqələndirir. Sələfləri kimi ariflər, ərənlər, qırxlar məclisindən, şəriət, təriqət, mərifət, həqiqət elminə vaqiflikdən bəhs edən Aşıq Ələsgərin öz sələflərindən əxz etdiyi ən mühüm təlimlərdən biri eşq təlimidir. Eşq təlimi ilə bağlı belə bir cəhəti yada salaq ki, məhəbbət dastanlarında ilahi qüvvə tərəfindən verilən buta aşiq üçün Haqqa can atmağın, Haqq yolunda saflaşıb kamilləşməyin mühüm vasitəsidir. Əlbəttə, "Ələsgərnən Səhnəbanı" dastan-rəvayətində aşiq-məşuq münasibəti bir az fərqli şəkildədir. Səhnəbanı hansısa uzaq mahalda yaşamır və hansısa ilahi qüvvə tərəfindən onun uzaqdan-uzağa Ələsgərə buta verilməsinin şahidi olmuruq. Səhnəbanı Ələsgərin doğulub boya-başa çatdığı kənddə gözlə görüb könül verdiyi bir qızdır. Amma o da var ki, başqa qızlara qoşulub çeşmədən su gətirməyə, yal-yamacda pencər yığmağa gedən Səhnəbanı Ələsgərin gözündə qeyri-adi bir gözəldir və onu müqəddəs varlıqlarla müqayisə etmək olar:

 

Sinən Kəbə, köynək Kəbə örtüyü,

İzin versən, sürtəm üz köynəyinə.

 

Yaxın sinəsini Kəbəyə, köynəyini isə Kəbə örtüyünə bənzədən, Səhnəbanı ilə bağlı başqa bir qoşmasında yarını "Kəbəm, qibləm" adlandıran Ələsgər yardan uzaq düşməyi din-imanın əldən getməyi kimi mənalandırır:

 

İş sana agahdı, qadir İlahi,

Eşq əlindən itirmişəm izahı.

Ələsgərəm, budu sözün kütahı,

Yar gedəli din-imanım gedibdi.

 

Aydın məsələdir ki, məhəbbət mövzulu şeirlərini Aşıq Ələsgər yalnız Səhnəbanıya yox, müxtəlif gözəllərə həsr edib. Amma bu, heç də ənənədən gələn eşq təliminin məzmun və mahiyyətini dəyişməyib: Aşıq Ələsgər vəsf etdiyi gözəli bir çox hallarda sıradan bir nəfər kimi yox, Tanrı qüdrətindən yaranmış bir gözəl kimi təqdim etməyə çalışıb:

 

Sərv boylu mələkzada,

Camalından içdim bada.

 

Camalından nur badəsi içilən və Tanrı nuru ilə əlaqələndirilən gözəli ustad sənətkar Quran ayəsi ilə müqayisə etməkdən çəkinmir:

 

Həcər xanım, qaşın, gözün təhrində

Xətt yazsam, Quranda ayə düşərmi?!

 

Quran ayəsi ilə, eləcə də Kəbə və qiblə ilə müqayisəyə yol açan amil - gözəlin ilahi qüdrətə, "nuri-təcəlla"ya bağlanması Aşıq Ələsgər şeirlərində gözəl və Tanrı paralelizmini ənənədən gələn səciyyəvi xətlərdən birinə çevirir:

 

Məhəbbət odundan təam yeyirəm,

Leyli-nəhar "ya Hu!", "ya Hu!" deyirəm.

 

Eşq oduna yanan aşiqin gecə-gündüz Tanrı adını zikr etməsi Haqqa gedən yolun məhəbbətdən keçməsi deməkdir. Məhəbbətdən keçən bu yolda aşiqin başlıca niyyətlərindən biri haqqı nahaqdan ayırmaq, doğrunu tapa bilməkdir:

 

Yeri, göyü, ərşi, kürsü yaradan,

Adil padşahsan, ədalət eylə.

Könlümün nöqtəsin çıxart qaradan,

Məni doğru yola dəlalət eylə.

 

Nədir doğru yol, aşiq hansı yolu tutmaq istəyir? Bu sualın da sələflərdən gəlmə ümumi cavabı var: nəfsi öldürüb şeytan felindən uzaq olmaq. Nəfs məsələsini gözəllərə münasibətdə izləmək istəsək, ilk növbədə, onu qeyd etməliyik ki, Aşıq Ələsgər irsində lirik qəhrəmanı biz həyat eşqi aşıb-daşan zövqü səfa əhli kimi görürük:

 

Dura qulluğunda canı baş ilə,

Nazü qəmzə ilə, gözü qaş ilə,

Gah yalvarmaq ilə, gah savaş ilə,

Köysünü açmağın nə damağı var!

 

Könül verdiyi nazlı yarla bir yerdə olmağın hər anı, hətta yar əlindən papiros alıb çəkdiyi dəqiqələr belə lirik qəhrəman üçün unudulmazdır:

 

"Quşnarov" tütünlə "Ananov" kağız,

Bükə paprosunu bir növrəstə qız.

Bir o ola, bir sən, bir otaq yalqız,

Deyib-danışmağın nə damağı var!

 

Yarın yaxasını açmaqla bitən bu cür zövqü səfa ovqatını Aşıq Ələsgərin başqa gözəllərə münasibətində də axtarmaq mümkündürmü? Axı başqa gözəllərə həsr etdiyi bir çox şeirlərində də ustad sənətkar böyük şövqlə ağlı başdan çıxaran büllur bədəndən, al yanaqdan, qoşa nardan bəhs edir, "Zənburam, sızıldaram dodaqlarının balına" deyir. Bəli, elədir, amma diqqət etsək, görərik ki, öz halalı ilə birgə keçirdiyi və yaxanın açılması ilə tamamladığı zövqü səfa anlarını aşıq heç də başqa gözəllərə aid etmir. Təsadüfi deyil ki, ustad sənətkar vəsf etdiyi gözəli neçə-neçə şeirində "bacı" adlandırır:

 

Həm bu dünyada bacımdı, həmi qiyamətin günü,

Lənət gəlsin o kəslərə - söyləyə böhtan Giləyə. ("Giləyə")

 

Mən sana "bacı" dedim, xalq düşməsin kəc xəyala,

Ələsgərdən incik olma, gözlərin qurbanı, Həcər. ("Həcər")

 

 

Misal gətirdiyimiz birinci şeirin başqa misralarında qaymaq dodaq və gül yanaqdan, ikinci şeirdə isə sinədə "baş göstərən" qoşa "turunc"dan bəhs edilməsi gözəli "bacı" adlandırmaqla ziddiyyət yaratmırmı? Bizcə, heç bir ziddiyyət yaratmır. Məsələ burasındadır ki, zahiri görkəmin "qaymaq dodaq", "qoşa nar" şəklində təsviri daxili aləmin "dil bilən", "dərd anlayan" şəklində təsviri ilə bir yerdə "şeytanı öldürüb, nəfsi yandırmaq" mətləbinin ifadəsinə xidmət edir. Əlbəttə, bu mətləb məhəbbət mövzulu şeirlərlə məhdudlaşmır və ustad sənətkarın bir sıra başqa şeirlərini də əhatə edir. Aşıq Ələsgərin müxtəlif mövzulara həsr olunmuş neçə-neçə şeiri var ki, həmin şeirlərdə nəfsi öldürməyin başlıca əlaməti kimi səxavət nişan verilir. Ustad sənətkar "Mal-dövlətə baş endirən əfsanə baş endirir" deyib səxavət sahiblərinə xüsusi hörmət və ehtiram göstərir. Dəli Alı belə səxavət sahiblərindən biridir. Maraqlıdır ki, ustad sənətkar səxavətli olmağı Dəli Alının timsalında əliaçıqlıq göstərmək kimi sıradan bir məziyyət hesab etmir. "Səxavət əhlini yandırmadı nar" deyən sənətkar səxavətin - Hatəmə bənzərliyin də kökünü ilahi qüdrətə bağlılıqda axtarır:

 

Pirim Şahi-Mərdan verib muradı,

Artırıb şövkəti, şanı Dəli Alı. ("Dəli Alı")

 

Ata, baba iyiddilər, bəyənmişəm əsli-zatın,

Doğruluğun səbəbinə Mövlan veribdi baratın. ("Kimi")

 

Bura qədər dediklərimizdən və çəkdiyimiz misallardan aydın görmək olur ki, Aşıq Ələsgər Şahlar Şahı və Şahi-Mərdanla daha çox üç sərvəti əlaqələndirir: a) özünün aşıb-daşan təbini; b) gözəllərin camal və kamalını; c) müxənnəsliyə qarşı çıxanların mərdlik və səxavətini. Axtarsaq, bu cür mənəvi dəyərlərin ilahiləşdirilməsini müəyyən qədər Aşıq Ələsgərdən əvvəlki ustad aşıqların da yaradıcılığında tapa bilərik. Amma məsələnin incə tərəfi burasındadır ki, ənənəyə sıx bağlı olan Aşıq Ələsgər şeir-sənətdə öz fərdi aləmini yüksək bədiiliklə əks etdirməyin də əvəzsiz nümunəsini göstərir. Bu fərdi aləmi yuxarıda xatırlatdığımız və xatırlatmadığımız mövzuların hər biri üzrə izləmək heç də çətin deyil.

 

Fərdiyyət məsələsini Mövladan dərs alan sənətkar obrazında axtarsaq, qeyd etməliyik ki, bu obraz "Şahi-Mərdan sayəsində elm içində ümmanam", "Əhli-irfan məclisində gövhərmisaldı yüküm" kimi ənənəvi ştrixlərlə məhdudlaşmır və Aşıq Ələsgər bioqrafiyasından gələn bir çox cizgilər bu obraza özünəməxsus məzmun verir. Aşıq Ələsgər bioqrafiyasının səciyyəvi cizgilərindən biri ustad sənətkarın saz-söz adamları ilə qarşılaşması, bəzi hallarda isə toqquşmasıdır. Şair Nağı ustad sənətkarın toqquşduğu saz-söz adamlarından ən "məşhur"udur. Şair Nağının Şəmsəddindən Göyçəyə hədyan dolu şeir yazıb göndərməsi, təbii ki, Aşıq Ələsgəri hövsələdən çıxarır və ustad sənətkar bir neçə şeirlə Şair Nağıya cavab verməli olur. Həmin şeirlərdən birində - dillər əzbəri olan "Şair Nağı" rədifli qoşmada bir bənd belədir:

 

Göyərib kicirtkən, baş verib çaşır,

Doldur dağarcığı, Göyçəyə aşır.

Elə billəm, qoca çaqqal ulaşır,

Olsa sənin kimi yüz Şair Nağı!

 

Ustad sənətkarın qəzəbi göz qabağındadır və bu qəzəbi göstərən detallardan biri qəbahət sahibinin çaqqal timsalında təqdim edilməsidir. Aydın məsələdir ki, rəqibi çaqqal timsalında dinləyiciyə çatdırmaqla ustad aşıq özünün aslan gücündə olmasına da işarə etmiş olur. Bunun, həqiqətən, belə olmasını ustadın başqa bir qoşması açıq-aydın göstərir:

 

Alçaqda dayan ki, çıxasan başa,

Tülküsən, aslanla girmə savaşa.

Gəl yapışma gücün çatmayan daşa,

Götürə bilməzsən, zora düşərsən.

 

Yarımçıq və lovğa adamlarla toqquşmasını tülkü-aslan savaşı adlandıran ustadın qəzəb hissi bir çox başqa şeirlərində ayrı-ayrı şəxslərə yox, müxtəlif sosial zümrələrə, məsələn, qayda-qanundan uzaq çinovniklərə, insaf-mürrüvətdən uzaq bəylərə, dindən-məzhəbdən uzaq mollalara qarşı yönəlir. Söz yox ki, siyasi güc sahibi olan adamlarla toqquşmaq nə qədər çətin idisə, şəriət pərdəsi altında şeyitbazlığını gizlətməyi bacaran adamlarla üz-üzə gəlmək ondan da çətin idi. Aşıq Ələsgər bu çətinliyə dərin etiqadı və özünəməxsus xarakteri sayəsində sinə gərə bilir.

 

Ələsgər əl çəkməz etiqadından,

Yerdə xəbər verir göy büsatından -

 

deyən sənətkar üçün adamlara qiymət verməyin, onların əməllərini saf-çürük etməyin başlıca meyarı Haqqa bağlı olub-olmamaq, qəlbində axirət xofu daşıyıb-daşımamaqdır. Sənətkar, mollaları nədə təqsirləndirib, nədə günahkar bilir? "Həmdini dürüst bilməyə-bilməyə" camaatı öz təsiri altına salmaqda, yoxsulun malını yeməkdə, sələmi halal buyurmaqda, fitnə-fəsad törədib qadınları yoldan çıxarmaqda, bir sözlə, "şeytani-ləindən mətləb diləmək"də.

 

Aşıq Ələsgər lirikasında ətraf aləmə tənqidi münasibətdən danışarkən bir məsələyə toxunmadan ötüşmək olmur. Bu, müəllifin özünə tənqidi yanaşması məsələsidir. Bəli, Mövladan dərs aldığını bildirib, döyüş meydanına sazla, sözlə atılan, "Ələsgərdi Xeybər kimi bir qala"; "Tökərəm hörməti, götürrəm sazı, Şişər başın bu mahala sığışmaz" tərzində sözlər deyib döyüşdən həmişə qalib çıxan ustad sənətkarın hərdən öz-özü ilə baş-başa qaldığı məqamlar da var və həmin məqamların misralarda ifadəsini görmək çətin deyil. Saz-söz meydanında "Dərsi azlar Ələsgərdən dərs alsın" deyən sənətkar sual-siratdan, kəlmeyi-şəhadətdən, əli çəngəlli Əzrayıldan bəhs etdiyi "Dünyada" divanisində "Şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım" deyir. Və yaxud "Mənəm" qoşmasında "Ağıldan kəm, huşdan çaşqın, dildən küt, Naqabil, kəlməsi bisəmər mənəm" deyir. Əslində, "Dünyada" divanisindən gətirdiyimiz misrada özünütənqiddən daha çox mütəvazelik hissinin ifadəsi var. "Mənəm" qoşmasından gətirdiyimiz misralarda isə özünütənqid fikrin kinayəli ifadəsi ilə qaynayıb-qarışır: müəllif qədir-qiymətinin bilinmədiyini nəzərə alıb məhz ironik şəkildə özünü "naqabil, kəlməsi küt" adlandırır. Yeri gəlmişkən xatırladaq ki, klassik aşıq şeiri üçün o qədər də səciyyəvi olmayan kinayə ifadə formasından Aşıq Ələsgərin yeri gəldikcə istifadə etməsini ustad sənətkarın bir çox başqa şeirlərində də görmək mümkündür:

 

Şirin ləhcə, xub yazıbsan kalamı,

İnsaf məqamında "bəyənər" hamı.

Nizami, Füzuli, Firdovsi, Camı...

Nə həddi var, sana barabar olsun. ("Olsun")

 

Sərgərdan qalmışam mən bu hesaba,

Fələk qurğusuna əhsən, mərhəba! ("Olacaqdı")

 

"Olsun" qoşmasından gətirdiyimiz nümunədə Aşıq Ələsgər Nizamilərdən "üstün" saymaqla özündənrazı, yarımçıq şairə, "Olacaqdı" qoşmasından gətidiyimiz nümunədə isə "əhsən, mərhəba" deməklə bimürvət fələyə kinayəli münasibət bildirir. Kinayə öz yerində. Amma biz özünütənqid notları ilə bağlı fikrimizi davam etdirib bildiririk ki, bu notlar ustad sənətkarın nəfs və eşqdən bəhs etdiyi məqamlarda daha çox gözə dəyir:

 

Nəfs aldatdı, hər yetənə xan dedim,

Bihudə kollara gülüstan dedim. ("Görmədim")

 

Dolandım bihudə, gəzdim əfsana,

Tabe oldum nəfsə, uydum şeytana.

Xeyr əməlim yoxdu mərdi-mərdana,

Günahkar, günahkar, günahkar mənəm. ("Mənəm")

 

Eşq ilə nəfs məni dolandırır bəhri-bəri,

Dilimdə ahi-canan, sərimdə zəhmətin təri. ("Deyin")

 

Əlbəttə, nəfsə aldanmağı etiraf etmək nəfsi daxilən öldürüb kamilləşməyin nə qədər çətin bir yol olduğunu bir daha diqqətə çatdırmaq üçündür. O ki qaldı eşq yolunda səhvlərin etirafına, bu məsələyə aydınlıq gətirmək üçün Aşıq Ələsgərin bəzi başqa misralarını yada salmaq lazımdır. Məsələn, bu misrasını:

Kor oldu gözlərim, yapışdım dula. ("Düşmüşəm")

 

"Xəbərin varmı", "Salamatdır" qoşmaları da göstərir ki, Aşıq Ələsgərin öz ömür-gün yoldaşı haqqındakı şeirlər zarafat üstündə söylənmiş şeirlərdir. Bir misrasını misal çəkdiyimiz "Düşmüşəm" qoşması da yumoristik ovqatdan uzaq deyil. Məsələyə digər bir tərəfdən yanaşıb xatırlatmalıyıq ki, Aşıq Ələsgər bir neçə şeirində dula (demək, ilk növbədə, öz ömür-gün yoldaşına) dərin hüsn-rəğbət və məhəbbətini bildirir:

 

Qabiliyyətsiz, mərifətsiz qızların

Yüzü bir dərdimənd dul ola bilməz. ("Ola bilməz")

 

Bivəfa qızlardan əlim üzüldü,

Eylərəm canımı, dul, sənə qurban. ("Sənə qurban")

 

Bu misralardakı müsbət münasibəti, həmçinin, "Xəbərin varmı" qoşmasında tənqidi münasibətin zaraf üstündə qurulmasını unutmadan xatırlatmaq lazım gəlir ki, qəlbində Səhnəbanı nisgili yaşadan Aşıq Ələsgərin neçə-neçə şeirində yardan yarımamış aşiq obrazı var və bu obrazın müəyyən qədər ustad sənətkarın özü ilə, öz tərcümeyi-halı ilə bağlı olmasını inkar etmək çətindir:

 

Yaxşı can yetişsə yaxşı canana

Həm günü xoş keçər, həm ay-il eylə. ("Həmayıl eylə")

 

İki könül bir-birini tutmasa,

Alan da yazıqdı, gələn də yazıq. ("Yazıq")

 

İstər həcvlərində və hərbə-zorbalarında, istərsə də nisgilli məhəbbətdən və ailə dramından bəhs edən şeirlərində real həyatdan gələn bioqrafik detallar ustad sənətkarın öz portreti barədə təsəvvürümüzü genişləndirir. Məlum olur ki, nisgilli məhəbbətdən və örtülü ailə dramından, evliliyin gizli ağrı-acısından danışarkən Aşıq Ələsgər həm də Səhnəbanılardan, bu qızların ər evindəki acınacaqlı taleyindən danışır:

 

Gözəl, sən də muradına çatmadın,

Bənna olub sınıq könül yapmadın.

Tərlan idin, öz tayını tapmadın,

Getdi, qismət oldu sara zülflərin. ("Zülflərin")

 

Bir mərdi sevəydin, sirdaş olaydın,

Könlün istəyənə peşkaş olaydın.

Ya da quruyaydın, bir daş olaydın,

Bəzənib bu evə gələndə, yazıq. ("Yazıq")

 

Ustad sənətkarın nəzərində Səhnəbanıların bir nisgili könül vermədiyi, sirdaş ola bilmədiyi adama qismət olmağıdırsa, ikinci nisgili bu dərdi heç kimə açıb danışa bilməməsi, ürəyində gizli çəkməsidir. "Dalbadal" şeirində "Sirlər Haqqın yanında, kim kimin dərdin bilir" deyən sənətkar "Gəda" şeirində "Qədər sənlə gəzəcəkdi, istər gir dəryada gəz" deyib, bir etiqad sahibi kimi, qismətdən qaçmağın mümkün olmaması qənaətinə gəlir və bu qənaəti əslində, "Zülflərin", "Yazıq" rədifli şeirlərdə də dolayı şəkildə izləmək mümkün olur.

 

Aşıq Ələsgərin öz portreti haqqında təsəvvürümüzü genişləndirən şeirlər sırasına, heç şübhəsiz, Mirzə Bəylər və Dəli Alı ilə bağlı şeirlər də daxildir. Sıx ünsiyyətdə olduğu Mirzə Bəylər kimi ziyalı, Dəli Alı kimi igid barədə dediyi sözlər Aşıq Ələsgərin öz xarakterini bir az da yaxından tanımağa kömək edir.

 

Maraqlıdır ki, Dəli Alı haqqındakı şeirlərdə şücaət və rəşadəti vəsf etmək başlıca mətləb olduğu halda, müəllif böyük həvəslə insaf, mürüvvət, mərifət məsələlərindən danışır, Dəli Alının silahdaşlarından birinin dərin elm sahibi olmasını xüsusi diqqətə çatdırır:

 

Balçı Kalvayı Əli cavan bir oğlan kimidi,

Şəriətdən mətləb qanır, təriqətdə xan kimidi. ("Deyin")

 

Maraqlıdır ki, Mirzə Bəylər haqqındakı şeirdə elmi, biliyi, huşyarlığı vəsf etmək başlıca mətləb olduğu halda, müəllif birdən-birə silah-sursat məsələsinə keçir:

 

Markiz, mavzer, süzən, aynalı, birdon...

Səhv düşdüm sayında, doqquzdu, ya on.

Meşoğ ilə patron, qutuyla piston,

Yox kimsədən ehtiyatı Bəylərin.

 

Tüfəng, sursat mövzusuna tək bu şeirdə yox, Aşıq Ələsgərin bir çox başqa şeirlərində də rast gəlmək mümkündür. Belə bir faktı xatırlatmaq yerinə düşər ki, Aşıq Ələsgərin bağlamalarından biri - "Yetər" divanisi məhz tüfəngə həsr olunub. Və faktlar belə qənaətə gəlməyə əsas verir: "Can deməklə candan can əskik olmaz" deyib insanları ülfətə səsləyən Aşıq Ələsgər müxənnət zəmanənin "Əkməz kotan kimi xama çəkməsi" müqabilində silah-sursata əl atmağın vacibliyini də yaddan çıxarmır, rəşadəti məhəbbətə yol açan bir dəyər sayır.

 

Şeirlərinin möhürbəndində "atam Alməmməddi, Göyçə mahalım" deyib nəsil-nəcabətini, yerini-yurdunu nişan verən, özünü "eşq içində qala", "gözəlliyin məddahı", "elm içində ümman", eləcə də "qul", "işi müşkül", "füqəra", "bəxtiqara", "günahkar" və s. adlandıran və şeirlərini həmin adlara uyğun bir ovqatda quran Aşıq Ələsgər bəzən daxili süjetdən istifadə edir və özünü həmin süjetin iştirakçılarından biri kimi qələmə verir. Dəli Alı haqqındakı "Kimi", "Deyin" müxəmməslərində müşahidə etdiyimiz daxili süjet elementlərini daha qabarıq şəkildə "Eləyib" müxəmməsində görürük: Yaylaqda toydur. Toya bədəncə xırda, amma çox güclü olan, Aşıq Ələsgərin də yaxşı tanıdığı Əli adlı bir pəhləvan gəlib çıxır. Çoxlarını şil-küt edən, Molla Hümməti "bir dəstə reyhan" kimi götürüb göyə tullayan pəhləvanın bir bədbəxtlik törədəcəyindən ehtiyat edən Aşıq Ələsgər araya girməli olur:

 

Meydanalı şövq elədi, üstüncə bəylər yeridi,

Seyistandan Rüstəm qalxıb, Maliki-Əjdər yeridi,

Dərya kimi cuşa gəlib, şir kükrəyib, nər yeridi,

Gördü, bəylər qafil olub, Aşıq Ələsgər yeridi,

- Amandı, girmə meydana, çoxların peşman eləyib!

 

Göründüyü kimi, Meydanalını pəhləvanla güləşməyə qoymayan Aşıq Ələsgər hadisənin iştirakçılarından biridir. Belə iştirakçı olmağın klassik tipinə "Dədə Qorqud" eposunda rast gəlmişik. Boyları düzüb-qoşan Dədə Qorqudu eposun bir neçə yerində, xüsusən "Bamsı Beyrək" boyunda qəhrəmanlar sırasında görürük. Yeri gəlmişkən qeyd edək ki, "Dədə Qorqud"la səsləşməni Aşıq Ələsgər irsində bir çox başqa məqamlarda da görmək mümkündür. Qorqud Atanın dilindən söylənmiş "Qarı düşmən dost olmaz" atalar sözünü "Qarı düşmən bir də gəlib dost olmaz" ("Üzhaüz") şəklində Dədə Ələsgərin dilindən eşidirik. "Dədə Qorqud"un "Müqəddimə"sində tanış olduğumuz evə-eşiyə baxmayan məzəli qadın obrazları Dədə Ələsgər şeirlərində ("Xəbərin varmı", "Uzaq vilayətdə qız sevən oğlan") yenidən qarşımıza çıxır. Dədə Qorqudun düzüb-qoşduğunu alp ozanlar eldən-elə yaydıqları kimi, Dədə Ələsgərin də sinədən söylədiklərini onun şəyirdləri ölkədən-ölkəyə yayırlar:

 

Dəli Alının vəsfini yazmışam dastana, - deyin!

Afərin, şəyirdlərim, gedəndə hər yana deyin!

Eşidib Göyçə mahalı, külli-İrəvana deyin!

Addayın Şahtaxtından, Təbrizə, Tehrana deyin!

Üz tutun Alosmana, Qarsa, Qağızmana deyin! ("Deyin")

 

Şəyirdlərin, həmçinin, neçə-neçə başqalarının ifasında səslənən şeirlərdə Aşıq Ələsgər mətnindən kənara çıxma halları qaçılmazdır. Bu gün Aşıq Ələsgər şeirlərindən hər hansı birinin yüzə-yüz ustadın söylədiyi şəkildə bizə çatdığını iddia etmək mümkün deyil. Amma toplayıcıların və tərtibçilərin, xüsusən də İslam Ələsgərin gərgin zəhməti bahasına ortaya-ərsəyə gələn Aşıq Ələsgər irsi ustad sənətkar barədə söz deməyə kifayət qədər əsas verir. Deyəcəyimiz sözlərdən biri bundan ibarətdir ki, Aşıq Ələsgər irsində müəllif obrazı, bəlkə heç bir aşıqda görmədiyimiz şəkildə canlı və çoxcəhətlidir. Aşıq sənətinin yazılı sənətdən götürdüyü bir cəhət - mətndə müəllifin bəlli olması Aşıq Ələsgər yaradıcılığında daha çox hiss edilən və daha tez gözəçarpandır. Görünür, Aşıq Ələsgərin bir sənətkar kimi qüdrətini göstərən çoxsaylı amillərdən biri məhz bu nöqtədə axtarılmalıdır.

 

"Qanadlanıb Qafdan Qafa uçan" sənətkar və gündəlik qayğılar içində yaşayan sənətkar - bu iki obraz Aşıq Ələsgər poeziyasında yan-yanaşıdır. Ustad sənətkarın könül quşunu pərvaza gətirən, ilk növbədə, gözəllərdir:

 

Gözüm gördü, könlüm qəmdən ayıldı,

Çıxdınız qarşıma dəstə gözəllər!

Camalın şöləsi nuri-təcəlla,

Görsə şəfa tapar xəstə, gözəllər!

 

Həm vüsalı, həm də hicranı ilə insanın yaşayıb-yaratmaq şövqünü artıran gözəllər aşığa qoca vaxtında belə qol-qanad verirlər, onun ruhunu təzələyirlər:

 

Məni qoca gördü, rübəndin açdı,

Ala gözlərinə gözüm sataşdı.

Huş başımdan getdi, xəyalım çaşdı,

Mürği-ruhum asimanlar dolanır.

 

Ustad sənətkarın könül quşunu pərvaza gətirən həm də təbiətdir - türfə gözəllərin əyilib su içdiyi çeşmələr, ayaq basdığı yaylaqlar, dağlardır:

 

...Mürğ tək balü-pər açdım, oxudum döndüm bülbülə,

Bir gözəl keçdi qarşıdan gözlərindən gülə-gülə,

Dağıtdı ömrüm qəfləsin, nə çoxdu yağın, Şah dağı!

...İstanbulun al qumaşı, Bağdadın xurması gəlir,

Oxuyur türfə gözəllər, kəklik tək sədası gəlir,

Aşıq üçün cənnət qoxur daşın, torpağın, Şah dağı!

 

Qanad açıb bülbülə dönməkdən, türfə gözəllərin kəklik kimi səs-səsə verib oxumasından, daşın, torpağın cənnət qoxusu verməsindən danışan məqamda ustad aşığın həm də İstanbul qumaşı və Bağdad xurmasından bəhs etməsi tamamilə təbiidir və Aşıq Ələsgər poeziyasında idealla realı yan-yanaşı əks etdirmək prinsipinin eyni şeir daxilindəki təzahürüdür.

 

"Kişi gərək zəhmət çəksin, tər salsın" deyən, yaz-yay aylarında əkin-biçin işləri görən, gün-güzəran naminə bir vaxt dəyirmançılıq da edən, xeyirdə-şərdə həmişə el-oba ilə bir yerdə olan Aşıq Ələsgər üçün ən xırda məişət detallarından tutmuş ömür-günün ən müxtəlif səhnələrinə, ən incə məqamlarına qədər hər şey şeir mövzusuna çevrilə bilir. Bu cür mövzu rəngarəngliyi və həyatın dibinə enmək meyli Aşıq Ələsgər şeirində incə təbəssüm və xəfif yumorun başlıca mənbəyi kimi özünü göstərir:

 

Yar xəttiylə yazılıbdı a tarıx,

Mehtər bivec, əstər kökdü, at arıx.

Gözəllər fövcünə qürə atarıx,

Baxtım kora, şilə, ha lala çıxar.

 

Zərif zarafat üstündə "xırda" məişət qayğılarından bəhs edən bu təcnisdə, həmçinin, neçə-neçə başqa şeirdə Aşıq Ələsgərin sənətkarlıq qüdrətindən, sözü muma döndərib bədii dil möcüzəsi göstərmək hünərindən bəhs etmək olar. Amma biz sözümüzü burada yekunlaşdırıb həmin məsələlərin araşdırılmasını başqa yazılara saxlayırıq.

 

 

Muxtar KAZIMOĞLU

 

525-ci qəzet.- 2021.- 9 iyun.- S.18-19;23.