Qu quşunun son nəğməsi

 

" ...qu quşunu zalım fələk

son nəğməsindən tanıyır..."

 

Ramiz Rövşən

 

HƏSƏN MƏMMƏDOVUN VİDA NƏĞMƏSİ

 

Mənim taleyimin incəsənətlə, özəlliklə kino sənəti ilə bağlanmasının əsas səbəbkarı unudulmaz aktyorumuz Həsən Məmmədovdur.

 

Bu sevginin, ülfətin əsası isə düz 50 il bundan əvvəl qoyulub.

 

1971-ci il idi, televiziya ilə "Axırıncı aşırım" filmi göstərilirdi. Abbasqulu bəy rolunu oynayan Həsən müəllimin göstərdiyi ustalıq, incə psixoloji nüanslar, jest və mimikalar elə sehrli, qeyri-adi aura yaratmışdı ki, filmin ideyası, məzmunu keçmişdi arxa plana və mən heyrətdən ağzımı ayırıb yalnız Həsən müəllimin oyununa tamaşa edirdim...

 

Nə idi bu sehr, bu tilsim? Nə üçün mən gözlərimi ekrandan ayıra bilmirdim?

 

Həmin o anlaşılmaz, qeyri-adi vəziyyətdə beynimin hansısa bir nöqtəsində bir işıq yandı, sonra həmin işığın aydınlığında beynimin başqa bir nöqtəsinə belə bir fikir həkk olundu ki, mən böyüyüb mütləq sənətdən, kinodan yazan jurnalist olacam və yazacağım ilk kitab da Həsən Məmmədovdan, onun yaradıcılığından bəhs edəcək (!).

 

İşə bax ki, taleyin bu hökmü düz 20 il sonra reallaşdı.

 

Amma mən 1991-ci ildə çıxan "Həsən Məmmədov" adlı ilk kitabımın sevincini yaşadığım günləri elə orada qoyub keçirəm, necə deyərlər, aranın qarışıb məzhəbin itdiyi 90-cı illərin ortalarına.

 

Müstəqilliyini yeni qazanmış Azərbaycanın ən çətin günləri idi və bu çətinlik içində boğulanların, sözün birbaşa mənasında bəzən məhv olanların önündə sənət adamları, onların önündə isə aktyorlar gedirdi. Həmin o ağır günlərin birində mən dəfələrlə evində olduğum, halal çörəyindən kəsib çay süfrəsi arxasında söhbət etdiyim, nə gizlədim, kefimizin xoş vaxtlarında yüz- yüz vurduğum Həsən müəllimlə görüşmək, imkan olsa ondan müsahibə almaq fikrinə düşdüm. Elə qapıdan içəri daxil olan kimi anladım ki, indi bu evdə əvvəlki ab-hava, aura yoxdur, cəmiyyətdəki qeyri-müəyyənlik, əsəbləri tarıma çəkən gərginlik, dibi görünməyən boşluq mənim tanıdığım mülayim xasiyyətli, sadə, həmişə abır-həyasını gözləyən Həsən müəllimi də əməllicə sınağa çəkib. Bəli, kinomuza mürəkkəb xarakterli parlaq şəxsiyyətlərin obrazlarını bəxş edən bu aktyor həyatda bəzən uşaq kimi sadəlövh, azdanışan, saf bir insan idi - yeni dövr isə Hüseyn Mehdiyevin dediyi kimi, icra başçılarının qapılarını təpiklə açmaq mədəniyyəti, iş adamlarının qəbul otaqlarında saatlarla gözləmək səbri və daha nələr...nələr tələb edirdi ki, bunların da heç biri Həsən müəllimdə yox idi.

 

Çox ağır, əsəbi bir söhbətimiz oldu. Ustad sistemsiz, qırıq-qırıq danışırdı, ən başlıcası isə bekarçılıqdan dəhşətli dərəcədə darıxırdı...

 

... Nəhayət, sağollaşmaq məqamı yetişdi. Dəhlizə çıxanda açıq qapıdan qeyri- ixtiyari qonşu otağa boylandım və servanta qoyulmuş qarğı tütəyi dərhal gördüm. Ayaq saxlayıb soruşdum:

 

- Həsən müəllim, bu, nədir? Kolleksiya yığırsınız, yoxsa sadəcə suvenirdir?

 

Həsən müəllim karıxdı və o, cavab verməyə macal tapmamış dəhlizin o biri başında dayanmış qızı dedi:

 

- Yox ey, ata hərdən öz havalarını ifa edir o tütəkdə.

 

Bu, göydəndüşmə, hazır fakt idi. Onu əldən buraxmaqmı olardı?

 

- Həsən müəllim çox xahiş edirəm, mənim üçün də bir şey ifa edin.

 

Həsən müəllim razı olmadı:

 

- Əşi, boş ver. Mən hara, tütək hara?

 

Amma mən inadkar olmasaydım Göyçaydakı evimizdə 25 il yol gəlib bu mənzilə necə düşə bilərdim? Xahiş-minnətlə axır ki, ustadı razı saldım. Yan otağa keçdik, Həsən müəllim qapını örtdü və tütəyi götürüb ötürdüyü sehirli ismarıcı yalnız sonralar başa düşdüyüm bir melodiya ifa etdi.

 

 

Bu melodiya ötən günlərə həsrət, indiyə ağı, gələcəyə isə yalvarış hissləri ilə süslənmişdi.

 

... Bir vida nəğməsinə bənzəyirdi bu melodiya...

 

Bu, əslində qu quşunun son nəğməsi imiş...

 

ƏN ÇOX QIZINI VƏ PAYIZI SEVƏN AKTYOR

 

1986-cı il idi. Görkəmli aktyorumuz Həsənağa Turabov haqqında "Azərbaycan gəncləri" qəzeti üçün oçerk-müsahibə yazmışdım. Həsənağa müəllim demişdi ki, qəzetə verməmişdən əvvəl əlyazmanı oxusa, pis olmaz - bəlkə nə isə əlavə elədi. Zəngləşdik və onun Hökumət Evinin yanındakı çoxmərtəbəli binada yerləşən mənzilində görüşüb Həsənağa müəllimin xudmani iş otağında çay süfrəsi arxasında əyləşdik. Ustad masanın üstündəki ləbləbi ilə dolu qabı mənə tərəf çəkib dedi:

 

- Sən məşğuliyyət elə, mən də oxuyum.

 

Həsənağa müəllim 2 siqaret çəkib yazını oxuyana qədər mən 3 armudu stəkan çay içdim...

 

Yazı ustadın xoşuna gəldi, xüsusilə həyatda ən çox qızını və payızı sevməsi barədə dediklərini "tutub" yazıya gətirməyim kefini açdı ("Afərin, yaxşı tutmusan"!). Amma Əbdül Mahmudovla birlikdə quruluş verdiyi və baş rolu oynadığı "Atları yəhərləyin" ("Qaçaq Nəbi") filmində İbişin "Qoyma, Nəbi qağa, namusum əldən gedir" yalvarışı ilə Nəbinin ayağına döşəndiyi epizod haqqında yazdıqlarım fikir ayrılığına səbəb oldu. Aydınlıq üçün deyim: Mən yazmışdım ki, İbişin bu iyrənc yalvarışına Nəbinin reaksiyası onun xarakterinin nə tarixi miqyasına, nə də bədii məntiqinə uyğun gəlmir. Nəbi belə miskin, qorxaq, avara, namusunu qorumağı başqa adama tapşıran (!?) bir gədanı bütöv bir kəndin ağası - kəndxudası təyin etməklə əslində onu "yüksəldib" özünü aşağılayır...və s.

 

Bu, əslində mənim - 27 yaşlı cavan jurnalistin Azərbaycan teatr və kino sənətlərində iz salmış sənətkarın bostanına daş atmağı, onu dolayısı ilə tənqid etməyi idi. Həsənağa müəllim isə əslində həqiqəti əks etdirsə də quruluş verdiyi ilk film haqqında bu fikirlərin məhz indi, bu yazıda yer almasını istəmirdi.

 

- Bu fikirləri nə vaxtsa, ayrı bir yazında yazarsan.

 

Mən razılaşdım və elə oradaca qələmi götürüb həmin abzası qaraladım.

 

Ustad bir az fikirləşib dedi:

 

- Sağ ol. Əvəzində yazıya "Yeddi oğul istərəm" filmi haqqında indi deyəcəklərimi əlavə elə: "Film elə çəkilməlidir ki, o, 10, 30, 50 il...sonra da təravətini itirməsin, təzə əsər kimi baxılsın, sənə təzə nə isə desin. "7 oğul..." da belə filmlərdən biri, Tofiq Tağızadənin şah əsəridir. İllər keçdikcə köhnələn, dəyərini itirən film məzmunsuz, darıxdırıcı adam kimi bir şeydir".

 

... Həsənağa müəllim çox sağlam, xarizmatik kişi idi. Amma oğul dağı onu sarsıtdı, qəddini əydi və vücudu az qala qranitdən yonulmuş heykələ bənzəyən bu kişi gündən- günə şam kimi əriməyə başladı, ürək xəstəliyinə tutuldu...

 

Onunla son dəfə Azdramanın arxasındakı kiçik həyətdə görüşdük. Ustad əlimi əlinin içinə alıb bir müddət buraxmadı. Əvvəllər görüşəndə onun dəmir kimi barmaqları əlimi elə sıxırdı ki, az qalırdı " Qafqaz əsiri" filminin məlum personajı kimi qışqıram. Bu dəfə isə onun heysiz əli mənim barmaqlarım arasında quş kimi çırpınır, xəstə ürəyi qarışıq, nizamsız ritmlə sanki ovcumun içində döyünürdü və mən anladım ki, bu ürəyin sahibi artıq ömrünün qürub çağını yaşayır..

 

Allah qəni-qəni rəhmət eləsin.

 

BİR HƏSRƏTİN TARİXİ

 

Hamlet Xanızadənin teatrdan "küsüb" kinostudiyaya getdiyi vaxtlar idi. Onda gənc jurnalist kimi hər şeyə maraq göstərdiyimdən xüsusi bir inadkarlıqla aktyorla görüşüb bu "baykotun" səbəblərini öyrənməyə can atırdım.

 

Nəhayət, bulvardakı çayxanalardan birində görüşdük.

 

Hamlet müəllim həmişəki kimi əsəbi, narahat görünürdü. Bir siqaret yandırıb soruşdu:

 

- Məndən nə istəyirsən? Sənə nə lazımdır axı?

 

Dedim:

 

- Teatrdan getməyinizin səbəbini bilmək istəyirəm.

 

Hamlet müəllim lap coşdu:

 

- Əşi, mən nəinki teatrdan, ümumiyyətlə, incəsənətdən getmək istəyirəm...Mən indi başqa şey istəyirəm...

 

Bu cavabdan sonra başa düşdüm ki, məsələ mən düşündüyüm qədər də sadə deyil - ötən illər ərzində səhnədə yaratdığı obrazların, qazandığı uğurların Hamlet müəllim üçün indi bir qara qəpik qədər də qiyməti yoxdur və bu məqamda sənətə həsr olunmuş ömrün romantikası, nə bilim , sənətin böyüklüyü barədə danışmaq mənasız məşğuliyyətdən başqa bir şey deyil. Ona görə də soruşdum:

 

- Nə istəyirsiniz ki, Hamlet müəllim?

 

Hamlet müəllim qayğılı gözlərini məchul bir nöqtəyə zilləyib xeyli susdu. Sonra dedi:

 

- Bir parça torpaq istəyirəm, gedib orda ağac əkim, nazını çəkim...Torpaq istəyirəm, qardaş, torpaq...

 

Aman Allah, bu sözləri deyən dəmdə Hamlet Xanızadənin ayaqları sanki yerdən üzülmüşdü və o, durduğu yerdən - yerlə göyün arasındakı boşluqdan təkrar yerə enməyə çalışan zəif bir məxluqa bənzəyirdi...

 

Bir az da dünyanın gərdişini kədər qarışıq təəssüflə seyr edən, dünyanın sirləri qarşısında öz gücsüzlüyünə acıyan əzabkeşə oxşayırdı o mənim yaddaşımda həmişəlik elə bu cür də qaldı.

 

Fələk onu həsrətində olduğu bir parça torpağa tez qovuşdurdu, aktyora "Qətl günü" filmində yaratdığı 3 obrazı heç səsləndirməyi də qismət eləmədi. Qanlı Yanvar qurbanlarının 40 mərasimi günü Şəhidlər Xiyabanında halı qəfil pisləşən aktyor 49 yaşında vəfat etdi və doğulduğu Şağan qəbiristanlığında həsrətində olduğu həmin o bir parça torpağa qovuşdu.

 

Allah rəhmət eləsin.

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 10 iyun.- S.16.