Qarabağ dastanı

30 il düşmən əsarətində yaşayan, "yaşadıqca" sökülən, dağılan, daşı daş üstə qalmayan, soydaşlarımızın goru çatladılan, Xarıbülbülü açmayan Qarabağımız 44 gün ərzində öz anasına - Odlar yurduna qovuşdu.

 

Elə o 44 gün ərzində də, böyük Zəfərdən ötən dövrdə də söz-qələm sahiblərimiz bu şərəfli tariximizi İlahi Sözün qüvvəsilə həm də ədəbiyyatımızın mirasına çevirdilər - bu proses təbii ki, bu gün də davam edir, sabah da davam edəcək. Ona da şübhə etmirəm ki, ədəbiyyatımızda bu dövr illər sonra bir mərhələ kimi öyrəniləcək, 44 günlük azadlıq mücadiləsinin ədəbi salnaməsi söz sənətimizin qızıl fonduna çevriləcək.

 

Qısası, sentyabrın 27-dən başlayaraq bu günə kimi yüzlərlə şeir, poema, hekayə, publisist məqalələr yazılıb, kitablar nəşr olunub. Bu ədəbi nümunələrin hər biri zaman üçün qısa, mahiyyət etibarilə böyük əhəmiyyət daşıyır; çünki onlar xalqımızın birlik, bütövlük, azadlıq tarixini özündə yaşadır. Həm də gələcək nəsillər üçün yaddaş kitabıdır, dünəni unutmamaq, düşməni tanımaq kitabıdır.

 

Şair, ədəbiyyatşünas, pedaqoq Xanəli Kərimli Qarabağa həsr etdiyi "Bayrağını uca qaldır, ana Vətən!" lirik poeması ilə artıq dərdini yox, qalib Qarabağ sevincini, bütün könlünü Vətənsevərlərə, Qarabağsevərlərə, yurdsevərlərə açıb. Şair hələ 1998-ci ildə qələmə aldığı "Təbil" poemasında yazırdı ki, ulu dağlarımız sabahın üzünə dik baxmaq üçün illərdir, həyəcan təbili çalır. Bu təbil çox çalındı, beynəlxalq tribunalara gedib çıxdı, amma bu tribunalar haqq səsimiz nəinki eşidilmədi, erməni vandallarına arxa duranlar daha da etdilər, illərlə ATƏT-lərin-matətlərin əlində bu xalqı oyuncağa çevirdilər.

 

Şair odu-ocağı sönən, külü qaysaq bağlayan, o vaxtlar nəinki odu, hətta közü də sinə dağlayan yurd yerinin bu gün azadlığa qovuşmasından əvvəl keçilən tarixi yolun poetik xəritəsini cızır:

 

Ana Vətən! Sən günəşli ölkə kimi

var olsan da yaranışdan,

Başın heç vaxt açılmadı nə borandan,

şaxtalı, qarlı qışdan.

 

Onu qeyd edim ki, poemada, fikrimcə, əsas baş obraz böyük hərflərlə yazılan HAQdır. Poemanın süjet xəttindən bu sözün ifadə etdiyi məna və dəyər qırmızı xətt kimi keçir. Xanəli Kərimli çox düzgün olaraq HAQQı ulu Türklə yanaşı işlədir.

 

Kimsə şairə türkü ulu Yaradanla yanaşı qoymağı irad tuta bilməz; şair gəldiyi qənaətində əlahəzrət tarixə söykənir: bu tarix ulu Türkün şərəf kitabıdır. Bu kitabın hər səhifəsindən bizə, bugünümüzə nələr boylanır? Türkün böyüklüyü, əzəməti, qəhrəmanlığı, möhtəşəmliyi görünür o səhifələrdən. Kitabı vərəqləyən hər kəs orada ucalıq görür, bütövlük görür, dünənə bağlılıq, ehtiram görür, türkün keçdiyi yolda özünə və nəticə etibarilə haqqa, ədalətə inam görür. Türkü yaşadan, türkü böyük edən də bu inam və ədalətə söykənməkdir. Ədalətə söykənmək isə HAQQa söykənməkdir.

 

Ancaq HAQQın gücü də gec eyləyir,

güc eyləyir el demişkən,

Bir güc var ki, HAQdan gəlib, HAQQı deyir

həm yenilməz, həm döyüşkən.

Bu gün bütün məzlumların, qaçqınların

haqqın tutan ULU TÜRKDÜR,

Onun sözü, onun gücü TANRI qədər

çox ötgündür, çox böyükdür.

 

Şair inanır ki, bu yurdun döyüşü, qalibiyyət mübarizəsi hələ öndədir; kişilər öz sözlərini deyəcəklər.

Bunu anasından ayrı düşmüş Qarabağın özümüzə qovuşacağına böyük inam hissləri də təsdiq edir. Poemada Qarabağın da bir obraz səviyyəsinə qaldırılması Xanəli Kərimlinin ədəbi priyomudur. Uğurlu priyomdur.

 

Şair tarixi vərəqləməkdə davam edir: Nuh babamızla yaşıd olan bu yurd yerinin hələ Zəngəzuru var, Dərələyəzi var, Mehrisi var, bir ucu dünyanın o başında olan ərazilərinə "ünümüz yetsə də, əlimiz yetmir":

 

Başı uca olan Vətən, ucalardan ucadasan

dünəninlə, bu gününlə,

Bir azadlıq məktəbisən həm sağınla,

həm solunla, hər yönünlə.

Onsuz da bir canda idik, indi də

bir can olmuşuq - Qarabağlı,

Həm Göycəli, Zəngəzurlu,

İrəvanlı, Naxçıvanlı, Qarabağlı...

 

Şair tarix kitabımıza düşmüş itkilərimizdən danışır; bu itkilər az deyil, ona görə də itirdiklərimizdən xəcalət çəkməyimizi etiraf edir, qoç Koroğludan, Babək qeyrətindən bol-bol danışmağımızı da dilə gətirir, bununla sözü abırdan salmağımızdan Yaradanın utanıb xəcalət çəkməsini də etiraf edir. Bir vaxtlar etdiklərimiz yaxşılıqların qarşısında üzləşdiklərimizin xalqımızın ürəyiyumşaqlığından, humanizmindən irəli gəlməsini dönə-dönə dilə gətirir. Niyə belə olmalıydı sualının qarşısında qalır.

 

Qarabağım! Sənin qara bəxtin üçün

günahkarıq biz hamımız,

Biz özümüz özümüzə qənim olub,

qurban dedik canımızı.

Özgələrə, gəlmələrə, çörəyi də

dizi üstə olan şeytan ölkələrə.

Qonaqladıq, qaraladıq, süfrəmizi

paraladıq ac-yalavac alçaqlara,

Qucaq açıb yerləşdirdik şeytanları,

iblisləri isti ocaq-ocaqlara.

 

Və ömrü boyu yol yoldaşı olduğumuz ümidini də itirmir, qəvi düşmənin qarşımızda diz çökəcəyini, əsir aldığı torpaqlarımızdan "it kimi qovulacağını", bizim o əzəli torpaqlarımıza qayıdacağımızı görür; erməni deyilən bu zatı-kökü olmayan həyasız millətin "böyük Ermənistan" barədəki səfsəfələrinin heç bir həqiqətə sığışmadığını isə çoxdan bilir. Bilir ki, özünü qədim tarixi olan bir dövlət kimi təqdim edən hansı "böyük Ermənistan"dan söhbət gedə bilər ki, birinci yüzillikdə Romanın Ermənistan üzərində qələbələrinin şərəfinə Roma pullarının üstündə "böyük Ermənistan" rüsvayçılıqla Roma imperatorunun dizi altında oturmuş qadın obrazında itaətkar öküz, imdad diləyən erməni döyüşçüsü təsvir edilmişdir. O necə "böyük Ermənistan"dır ki, birinci əsrin 30-50-ci illərində onu İberiya şahzadələri idarə etmişlər. Şair onu da bilir ki, o şərəfsizlərin bərkdə əli yoxdur, qan gördüsə qaçacaq. Bunun üçün zamana ehtiyac var:

 

Ancaq zaman inad ilə səbr dedi,

dözüm dedi bizə bir az,

Bu haqsızlıq, şərəfsizlik ömrü boyu

belə getməz, belə qalmaz...

Bu da bəlkə bizim üçün bir imtahan,

bir yazıymış sınaq üçün,

Dostumuzla düşmənimi ayırd edib

seçmək üçün, qınaq üçün.

 

Şair yenə əlahəzrət HAQQa tapınır, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanır. İnanır ki, bu xalqın damarlarında Sara xatunun, Tomris ananın qanı axır. Bu xalqın Koroğluları, Babəkləri olub axı! Onların qılıncları qında bu qədər pas ata bilməz axı! Dəli Domrul, Qaraca Çoban nə vaxt halay tutub yallı gedəcəklər bəs? Qara zurnanın səsi ucalıq mücəssəməsi olan başı qarlı dağlarımızı nə vaxt yerindən oynadacaq? Cıdır düzünü ot basıb axı. Qarabağ atlarından ötrü burnunun ucu göynəyir - nə vaxta qədər belə olacaq?

 

Poema boyu şairin hər bir ittihamı əsərin bədii təsir qüvvəsini gücləndirməklə, həm də tarixdir, pozmaq mümkün olmayan tarix:

 

Baş kəsməklə, qan tökməklə yaşayarsan

beşcə günlük, bir həftəlik,

Ondan sonra bükəcəklər dizlərini

olacaqsan əldə ənik.

Tarixlərdən xəbərsizsən, çünki özün

soysuz-köksüz, tarixsizsən,

Tarixlərə yamaq olan zatı,

kökü bilinməyən bir iblissən.

 

Şair öz ittihamlarında çoxlarına bəlli olmayan erməni xislətini ortaya qoyur, illərdir ki, bu xislətlə onlar bəşər övladının adına ləkədir, formaca insan, mahiyyətcə iblis, qaniçən, oğru, yalançı... və hər şey olan bu varlıq qarayara kimi kəsilib atılmalıdır ki, dünyaya görk olsun.

 

İllərdir ki, bəşəri problemə çevrilmiş erməniliyin fitnə-fəsadları bütün dünyaya yayılıb. Ancaq niyə dünya buna susur. Bu, nə vaxta kimi davam edəcək? Axı insanoğlu ona verilmiş zaman üçün çox qısa olan ömür payını insan kimi yaşamaq istəyir. Bu istək onun haqqıdır. Bu haqqa ədalətlə də, dava ilə də çatmaq olar. Ədalətlə çatmaq üçün daxilən böyük olmaq lazımdır. Bu susqunluğun fonunda şair xalqımızın böyüklüyünü xatırladır:

 

Qarı düşmən yaxşı görüb,

yaxşı görür qüdrətini, cürətini,

Yaxşı bilir canındakı,

qanındakı heyrətini, qeyrətini.

O heyrətdir, o qeyrətdir

səni daim uca tutan, ana Vətən!!!

O heyrətdən, o qeyrətdən doğulubdu

sənin üçün şəhid düşən!..

 

Ölkə Prezidenti cənab İlham Əliyev müsahibələrinin birində dedi: "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik". Və o zaman gəlib yetişdi - nəyi nə vaxt etmək zamanı.

 

"Dəmir yumruq" ətrafında birləşən xalq sübut etdi ki, onun tutduğu yol HAQQ yoludur; bu yoldan heç kim onu qaytara bilməz.

 

İndi qalxıb ayağa, bil Haqq savaşlı

Turan eli - Haqqın güclü vuran əli

Silkələyib oturdur o, öz yerində

Haqqa dönük "millətləri", "ölkələri".

 

Şair "Bayrağını uca qaldır, ana Vətən"də yüksəkliyə ucalmağı, bayrağı da yüksəkliyə ucaltmağı bu xalqın mənəvi haqqı sayır; çünki bu Vətən ulu Tanrının yaratdığıdır. Ulu Tanrının yaratdığı isə bu dünyanın qanunudur. Bu qanundan heç kəs qaça bilməz:

 

Bayrağını uca qaldır, ana Vətən,

indi meydan, söz sənindir.

Sən Tanrıdan yaranmısan,

Tanrı köklü bütün Turan Vətənindir!

 

Bu gün 7 ay keçir o Böyük Qələbədən. Şair də bu xalqın böyük hərflərlə yazılan bir vətəndaşı kimi HAQQın öz yerini tutmasına, ƏDALƏTin qalib gəlməyinə sevinir:

 

İndi daha ruhun gülür, qəlbin gülür,

gözün gülür, üzün gülür,

Görüşünə əli güllə, çiçək dolu

dəstə-dəstə ellər gəlir, illər gəlir.

 

Muxtar MƏMMƏDOĞLU

"Şərq qapısı" qəzetinin məsul katibi

 

525-ci qəzet.- 2021.- 11 iyun.- S.13.