Acı taleli qız

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Əsərdə Südabə xanım və Yusif müəllim kimi nəhəng intellekt sahiblərinin yer tutduğu, həm tənqidçinin təklifi nəzərə alınaraq, sonluqda həmçinin, bəşər tarixinə də nəzər salmağa ehtiyacın olduğu qənaətinə gəlindi. Axı bu kitab heç də sadəcə bir qızın taleyi barədə hekayət olmayıb, əslində, təsvir olunan böyük elm xadimlərinin hesabına əxlaq, düşüncə tərzi barədə sintetik, ümumiləşdirici bir əsər olmalıdır. Oxucu çox sayda suallara bu kitabda cavab tapmaq istəsə, öz ümidlərində onun mahiyyəti barədə heç də yanılmadığı qənaətinə gələcəkdir.

 

O, bir neçə gün işlədikdən sonra epiloq xeyli genişləndi.

 

İnsanlar daim xoşbəxt olmaq arzusunda olurlar, lakin bu, çoxlarına qismət olmur. Bədbəxt taleli insanlar, elə bil ki, hinduizmdəki kastalar kimi cəmiyyətdə ayrıca zümrəyə, silkə mənsub olurlar. Ona görə də çoxları qismətləri ilə barışmalı olur, qədim romalıların həyat prinsipi olan "Carpi diem"ə - bu günlə yaşamağa üstünlük verirlər. Lakin bədbəxtliyin daşını atanlar da olur, onlar öz iradələri, çətinliklərə dözmələri hesabına çiyinlərindəki ağır yükü atıb, yeni həyata, terra incoqnita adlanan naməlum torpaqlara ilk dəfə ayaq basan böyük səyyahlar kimi, qədəm qoyurlar. Beləliklə, insanın öz taleyinin ağası olması barədəki şübhəli müddəanın həqiqət olduğuna yeni bir təsdiq də əlavə edilir. Lakin hər bir adam üçün bədbəxtlik çuxuruna düşmək dəhşətli bir şeydir, çünki ondan çıxmaq ümidi də az sonra ölməyə başlayır. Lakin qoy əsərin qəhrəmanının tarixçəsi belə insanlar üçün Dankonun işıq saçan ürəyi rolunu oynasın.

 

Ömür sürmək, yaşamaq nə qədər cəzbedici olsa da, bir o qədər də əzablı, məşəqqətli olmaqla, mübarizə səhnələri ilə doludur. Çünki onun uğuru da, uğursuzluğu da var, ingilislərin ifadəsində bu, bir qədər yuxarı qalxmaq və aşağı düşmək - ups and downs kimi səslənir. Bədbəxtlik yalnız fərdlərə aid olsaydı, buna dözmək olardı, bu vaxt qara zolaq heç də bütün cəmiyyəti əhatə etməzdi. Lakin bəzən bütöv xalqlar fəlakət girdabına düşür, ondan çıxmaq üçün böyük əziyyətlərə qatlaşsa da, heç də uğurlu nəticəyə malik ola bilmir. Qədim imperiyalar olan Hett, Assuriya, həmçinin, Aşoka dövləti, mayyalar, atsteklər, inklər sıradan çıxdılar, tarix səhnəsini birdəfəlik tərk etdilər. Makedoniyalı Aleksandrın üç qitəni əhatə edən nəhəng imperiyasından, onun öz ölümündən sonra iri qəlpələr qaldı, onlar iki-üç əsrdən sonra isə müstəqilliklərini itirib asılı əyalətlərə, öz səsi olmayan ərazilərə, coğrafi anlayışlara çevrildilər. Qədim Roma imperiyası elə dağıldı və parçalandı ki, XIX əsrin ortalarına qədər İtaliya siyasi varlıq deyil, coğrafi məkan kimi qəbul edilirdi. Romalıların vaxtilə ərazilərini işğal etdikləri qallar (keltlər) isə yalnız məğlubiyyət səhnələri ilə yad edilir. Şi Xuan-dinin bizim eradan əvvəl III əsrin sonunda yaratdığı Tsin imperiyasını Böyük Çin səddi də qoruya bilmədi. Çingiz xan onu işğal etdikdən sonra, nəvəsi Xubilay xan burada monqolların "yuan" sülaləsini yaratdı. Rusiya üç əsrə yaxın monqolların əsarətində oldu.

 

Əlavə məkan əldə etmək, öz ərazisini qonşuların torpağı hesabına genişləndirmək həvəsi əsrlər ərzində nəinki itmədi, hətta uzunmüddətli və viranqoyucu müharibələrin getməsinə səbəb oldu. İngiltərə ilə Fransa arasında XIV-XV əsrlərdəki Yüzillik müharibə, fransızların ingilisləri, çox kiçik istisna nəzərə alınmasa, öz ərazisindən qovması ilə nəticələndi. XVII əsrdə gedən Otuz illik müharibə əsasən Müqəddəs Roma İmperiyasının torpaqlarında getsə də, Fransanın Burbon sülaləsi, İspaniyanın Habsburq sülaləsi və Müqəddəs Roma İmperiyası arasında Avropada liderliyi əldə etmək məqsədini güdürdü. XVIII əsrdəki Yeddiillik müharibədə isə Prussiya, Fransa, Avstriya, Rusiya və Britaniya iştirak edirdi. Britaniya imperiya uğrunda Fransaya qarşı mübarizədə qalib gəldi, onun Şimali Amerikadaki və Hindistandakı torpaqlarına nəzarəti ələ keçirdi. Göründüyü kimi, müharibə Avropanın sifətinin cizgisinə çevrildi. Müharibələrin getdiyi müddət əsrlər keçdikcə azaldığı halda, onların səbəb olduğu itkilər və viran qoyma xüsusiyyətləri xeyli böyüməkdə davam edirdi.

 

XX əsr dünyaya böyük fəlakətlər bəxş etmiş iki dünya müharibəsinin zaman beşiyinə çevrildi. Alman nasistləri daha azğın qaydada Napoleon və Bismark siyasətini davam etdirərək, Avropanı öz əsarəti altına almağa cəhd etdi və ilk illərdə, müharibədə dönüş yaranana qədər buna əsasən nail oldu. Onlar bir sıra xalqları məhv etmək və qula çevirmək kimi quduz bir məqsəd güdürdülər. Militarist Yaponiyası isə Havay adalarındakı ABŞ-ın Pyorl-Harbor hərbi bazasına ağır zərbə vurduqdan sonra Sakit okean və Asiya hərbi teatrında əsasən amerikanlara və ingilislərə qarşı vuruşaraq, nəhəng Asiya qitəsində hökmranlığa can atdı. 1945-ci ilin mayında Hitler Almaniyası, yarım il sonra isə Yaponiya qeyd-şərtsiz məğlubiyyətə boyun əyməli oldu. Bütöv xalqlar ayrı-ayrı fərdlərin bədbəxtliklərini daha geniş miqyasda yaşamalı oldu, həmin müharibələrdə on milyonlarla insan həlak oldu, aclıqdan, soyuqdan və xəstəliklərdən öldü. Ölkələr viran qaldı, nisbətən normal həyat sürən xalqlar dəhşətli ehtiyacla üzləşməli oldu. İki dövlətin insanlığa nifrətə əsaslanan siyasəti dünyanı bəşəriyyət üçün qəssabxanaya, milyonların qanından yaranan dənizə çevirdi. Əlavə yaşayış məkanı əldə etməyə can atan iki dövlətin özü işğala məruz qaldı. Almaniya dörd qalib dövlətin nəzarətində olan ərazilərə bölündü, amerikanlar isə altı ilə qədər Yaponiya hökumətinin səlahiyyətlərini icra etdi.

 

Lakin sonralar onların hər ikisi yaralarını sağalda bildi, dünyanın iqtisadi cəhətdən ən güclü dövlətlərindən birinə çevrildilər, Almaniya əsrin sonuna yaxın birləşib, yenidən müharibədən əvvəlki tək, vahid dövlətə çevrildi.

 

İnsanın meydana gəlməsinin, onun ayaq üstə gəzməsinin iki milyon il bundan əvvəl baş verməsi güman edilir. Afrikanın şimal-şərqində ilk insan nəsli yaranmışdı. Oradan miqrasiya başlamış, ibtidai insan iri qitələrə yayılmağa başlamışdı. Avropanı və Asiyanı məskunlaşdırandan sonra, Mərkəzi Asiyadan adamlar o vaxtlar quru keçid olan Berinq boğazı ilə Şimali Amerikaya köç etmiş, əsrlər ərzində cənuba doğru hərəkət edərək, Cənubi Amerika qitəsini də məskunlaşdırmışdılar. Təsəvvür etmək çətindir ki, indi təyyarə ilə uçuşun da xeyli vaxta başa gəldiyi bir məsafəni bu insanlar yüz illərlə piyada şəkildə qət etməyi bacarmışdılar. Çünki hər iki Amerikada nə məhsuldar, nə də qoşqu heyvanları yox idi. Şimali Amerikadakı hindular əsasən bizonları, hinduşkaları ovlamaqla, bataqlıqlarda bitən yabanı düyü kolunun bəhrəsini yığmaqla, dəniz məhsulları ilə, eskimoslar və digər Şimal xalqları isə balina, morj əti ilə qidalanırdılar. Cənubi Amerikada isə hindu tayfaları əkinçiliyə böyük maraq göstərdiklərindən, çox mühüm nəticələrə nail olmuşdular. Xristofor Kolumb 1492-ci ildə Şimali Amerikanı, səkkiz il sonra isə Pedro Kabral Cənubi Amerikanı kəşf etdi, Kolumb Hindistanı tapmaq məqsədini güddüyündən, məhz həmin ölkəyə gəlib çıxdığını güman etmişdi, ona görə də yerli əhali hindlilərin adına uyğun qaydada hindu adlanmışdı.

 

İbtidai insan bizim təsəvvür edə bilmədiyimiz çətinliklərdən keçməli olmuşdu. Son 40 min ildə bəşər övladı öz yaşayışında inqilabi dəyişikliklər etmişdi, axı ağır şəraitdə yaşayır, mağaralarda məskunlaşır, bitkilərin meyvələrini və köklərini toplamaqla və ov etməklə, əlinə keçən vasitələrlə qidalanırdı. Sonralar müşahidəsi hesabına o, yabanı dənli bitkiləri mədəniləşdirə, vəhşi heyvanları, xüsusilə otla qidalananlarını əhilləşdirə, ev heyvanları edə bildi. Ehtiyat üçün saxladığı yığdığı dənlər cücərdikdə, o, bunları torpağa səpməyi təcrübədən keçirib, əkinçiliyin bünövrəsini qoydu. Otla qidalanan vəhşi heyvanların balalarını tutub gətirəndən sonra, onların böyüdüyünü və bala vermək xüsusiyyətini görüb, onları özlərinin yaşadıqları yerdə saxlamağa başladı və beləliklə, heyvandarlığın rüşeymi meydana gəldi. İlk əhilləşdirilən heyvan isə məhsul verməyən it olmuşdu, iribuynuzlu və xırdabuynuzlu mal-qaranın olmadığı ərazilərdə, məsələn Meksikada, həmçinin, Koreyada və Vyetnamda it əti qida növü idi. Mərkəzi Amerikadakı, Meksikadakı mayyalar ot bitkisi, üstündə iki-üç dəni olan qarğıdalı üzərində əsl seleksiya əməliyyatı aparıb, müasir qarğıdalı növünün icadına nail oldular. Əkinçilikdə onların nailiyyətləri ağlasığmaz idi. Onlar qarğıdalı ilə yanaşı, çox sayda paxlalı bitkiləri, kartofu, pomidoru becərirdilər, bu ərzaq bitkiləri Kolumbun kəşfindən sonra Avropaya, sonra isə digər ölkələrə ayaq açdı. Mayyaların, asteklərin əsrlər boyu zəhməti, yəqin ki, daim uğurlu getmirdi. Quraqlıq onları cana yığırdı, iqtisadi həyatda büdrəmələr də baş verirdi. Lakin onların bu işləri bəşəriyyətin nəhəng addımlar atmasına gətirib çıxardı. Hindular özlərinin yüksək əkinçilik mədəniyyətləri ilə dünyanı bitkiçilik məhsullarının, qida maddələrinin qıtlığından xeyli dərəcədə xilas etdilər.

 

Mesopotamiyada yaşayanlar ilk dəfə yer üstündə evlər tikməyə, şəhərlər salmağa başladılar. Şumerin şəhərləri ilk şəhər-dövlət nümunəsi idi və burada tikilən dini məbədlər insanları birləşdirməyə xidmət edirdi. Bu ərazidə ilk dəfə ən böyük texniki kəşf sayılan təkər icad edildi, əvvəlcə dulusçuluqda işlədilən təkər nəqliyyatın inkişafına yol açdı. İbtidai insan əvvəllər nə yaradırdısa, onu göy cisimlərinə bənzədirdi, ona görə də hər şeyə bir həndəsi forma verirdi. Təkər kimi nə insan, nə də heyvanlar hərəkət edirdi, onlar iki və ya dörd ayağın köməyi ilə məsafəni qət edirdi. Təkər isə dairəvi, kürə şəklində olmaqla, fırlanmaqla hərəkət edirdi, qoşqu heyvanlarından və təkərdən istifadə hesabına insan özünün qaçışından da üstün olan sürətlə hərəkət etməyi də əyani şəkildə öyrəndi. Şumerlilər heroqliflərdən, bu da piktoqrammanın bir növü idi, fərqli olan, səsləri ifadə edən işarələr, hərflər meydana gətirməklə, indi bəşəriyyətin, çinlilər, yaponlar və koreyalılar istisna olmaqla, bütünlüklə istifadə etdiyi yazı sistemini yaratdılar. Qədim misirlilər isə heroqliflərdən istifadə edirdilər. Yazını daha çox işarələr hesabına inkişaf etdirən isə finikiyalılar oldu, onlar bütün səsləri hərflərdə təsvir etməyə başladılar. Onların təcrübəsi əsasında qədim yunanlar öz yazılarını tərtib etdilər və bu, Romaya, oradan isə bütün Avropaya keçdi. Şumerlilərin ilk mixi yazıları mühasibat haqq-hesabını aparırdı, lakin bu mixi yazısında bədii nümunələr də öz əksini tapdı.

 

Sonra ticarətin tələbatı sahəsində pullar və rəqəmlər meydana gəldi, pullar əvvəlcə sikkə şəklində metaldan hazırlanırdı, bizim eranın III əsrində kağız icad edildikdən sonra Çində "uçan pullar" adlanan kağız pullar meydana gəldi və IX əsrdə Bağdadda kağız istehsal edildikdən sonra, çinlilərin kağız pul təcrübəsi də tədricən başqa ərazilərdə yayılmağa başladı. Lakin uzun əsrlər boyu metal pullar dövriyyədə qalmaqda davam etdi. Pula hərislik isə qədim dövrlərdən sonrakı minilliklərə keçdi, pul əldə etmək üçün ticarət xeyli genişləndi, bütün vasitələrdən istifadə məqbul sayıldı. Bizim eranın II əsrinin ikinci yarısındakı Qədim Roma imperatoru Vespasianın "Pulun iyi yoxdur" ifadəsi var-dövlət əldə etməkdə ən eybəcər vasitələrin istifadəsinə haqq qazandırdı. O, Romada ilk dəfə ictimai ayaqyolularından istifadədən ötəri haqq vermə sistemini yaratdı, oğlu, gələcək imperator Tit bunu biabırçılıq hesab etdikdə, Vespasian sikkənin çıxarıb, ona verdi ki, iylə gör sidik iyi gəlirmi?

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 12 iyun.- S.22.