"Obrazlı mətn üçün poetik təfəkkür gərəkdir"

 

"İSTEDADLI ADAMIN KİMƏSƏ PAXILLIQ ETMƏYƏ EHTİYACI YOXDUR"

Ədəbiyyat adamlarını başqalarından fərqləndirən amil onların hadisələrə daha emosional, poetik yanaşmağı bacarmalarıdır. Bu, yaradıcı adamların daxili aləmlərinin zənginliyindən irəli gəlir.

 

Belə insanlardan biri də bu günlərdə ad gününü qeyd edən şair Məmməd Tahirdir.

 

***

 

- Məmməd müəllim, gəlin söhbətə ötən illəri yada salmaqla başlayaq. İlk qələm təcrübənizi xatırlayırsınızmı? Necə oldu ki, ədəbi mühitdə tanındınız?

 

- Ədəbi yaradıcılıqla məşğul olan hər kəsin ilk qələm təcrübəsi onun üçün unudulmazdır. Bu, mənim üçün də belədir. Uşaq vaxtı bədii ədəbiyyatı, xüsusən, nəsri çox oxuyardım. Düzünü deyim, şeiri çox da sevməzdim. Məni hekayə, povest daha çox cəlb edərdi. Günlərin bir günü məhlədə uşaqlarla futbol oynadığımız zaman qəfildən beynimə iki bəndlik şeir gəldi və mən onu bədahətən dedim. Onda altıncı sinifdə oxuyurdum. Şeir yazmağa belə başladım. O vaxt Şərur rayonunda çıxan "İşıqlı yol" qəzeti nəzdində "Şərur qönçələri" ədəbi dərnəyi fəaliyyət göstərirdi. O dərnəkdə tanınmış simalar vardı: Altay Tağızadə, Əhməd Sədərəkli, Vaqif Məmmədov və başqaları. Onuncu sinifdə oxuyanda o dərnəkdə ilk şeirim bəyənildi və çap olundu. "Şərq qapısı" qəzetində Ədəbiyyat şöbəsinin müdiri işləyən şair Hüseyn Razi şeirlərimi bəyəndi və elə həmin il qəzetdə çap elədi. 1987-ci ildə "Ədəbiyyat" qəzetində, 1990-cı ildə "Ulduz" jurnalında çap olundum. "Vətən, məni sən qınama" adlı ilk kitabım "Yazıçı" nəşriyyatının 1990-cı il tematik planına salındı. Ədəbi həyatım belə başlandı.

 

- Şeirləriniz ahəngdardır, əksəriyyəti də heca vəznindədir. Bir şeirinizdə "Vəzni pozuq şeir kimi, oxuyanda dilə yatmır" misralarını da işlətmisiniz. Məmməd Tahirə görə kamil şeir necə olmalıdır, yalnız vəzn şərtdirmi?

 

- Qədim dövrlərdə bir alim tibbə aid elmi traktatını şeirlə yazıb. Amma həmin əsər nə şeirdir, nə poema. Şeirdə hər şeydən əvvəl poetik hiss, duyğu olmalıdır. Ola bilər ki, hiss də var, duyğu da, amma poetika yoxdusa, ürəyə yatmayacaq. "Kamil" sözü "kamal" sözündəndir. "Kamal" isə ağıllı deməkdir. Ağıllı şeir necə olur? Elmli. Demək, kamil şeir elmli şeir deməkdir. Şeir həm də obrazlı olmalıdır. Yəni həm elmli, həm də obrazlı. Elmi öyrənmək olar, amma mətnin obrazlı olması üçün poetik təfəkkür gərəkdir. Amma poetik təfəkkür hamıda eyni olmur. Nizamini XII əsrdən bu günümüzə gətirən onun poeziyasının elmli və obrazlı olmasıdır. Qaldı ki "Vəzni pozuq şeir kimi, oxuyanda dilə yatmır" ifadəsinə, burada bir obrazlılıq var. Mənim fikrimcə, şeir ya heca, ya da sərbəst vəzndə olar. Təəssüf ki, indi çoxu şeirin bir hissəsini hecada, bir hissəsini sərbəstdə yazır. Guya yenilik edirlər. Yenilik istəyirsən, yeni şeir forması yarat, Məmməd Araz, Məmməd İsmayıl, Musa Yaqub kimi.

 

- Bir sıra kədər motivli şeirləriniz olsa da, ümumi götürəndə, poeziyanızda gələcəyə nikbinlik var, yaşamağa, daha xoş günlərə, günəşin doğmasına ümid var. Bu, həmin andakı ovqatınızdan asılı olur, ya yaşantınızın məhsuludur?

 

- Poetik hiss əslində, yaşantı deməkdir. Bu yaşantı bir anlıq olarsa, iz qoymadan keçib gedər, yox, əgər uzun müddətli olarsa, poetik lövhəyə çevrilə bilər. Burada bir məqam da var: yaşantı şəxsi xarakter sahibinə də aid ola bilər, kütləyə də. Kütlə ona aid yaşantını daha çox rəğbətlə qarşılayır. Bizim ədəbiyyatda elə simalar var ki, varlı təbəqəyə mənsub olub, amma kasıb kütlənin yaşantılarını yazıb. Çevrəmiz bizi duyğulandıran əsas cazibə qüvvəsidir. Yaxşı məqam xoş, xoşagəlməz məqam kədərli əhval yaradır. Amma bütün hallarda yolumuz günəşə sarıdır. Həmişə düşünmək lazımdır ki, "bir azdan günəş doğacaq".

 

- "Səmimiyyətin poeziyası" kitabında haqqınızda yazılmış məqalələr toplanıb. Bu yazıları oxuduqca iç dünyanıza səyahət etmək mümkün olur. Bir qələm adamı hörmət qazanmaq üçün, sizcə, ilk növbədə nələr etməlidir?

 

- Əslində, bunun vahid bir etalonu yoxdur. Sadəcə hər kəs özü olsa yetər. Məşhur bir fikir var, ya göründüyün kimi ol, ya olduğun kimi görün. İnsanın şəxsi keyfiyyəti necədirsə, yaradıcılığı da onu əks etdirir. Musa Cəlil Moabit həbsxanasında balaca quşcuğazın azadlığına qibtə edir. Çünki özü azad deyildi. O anlar şairi yalnız azadlıq hissləri düşündürürdü. Xəlil Rza da həbsxanada azadlığı qram-qram istəmirdi, istəyirdi ki, zəncirləri qırsın. Şair hansı əhvaldadırsa, şübhəsiz, o halını yazacaq. Özünü yazmaq səmimi alınır. Səmimiyyət isə hər zaman hörmət gətirir.

 

- Mərhum tənqidçi Arif Əmrahoğlu sizin haqqınızda deyib ki, Məmməd Tahir ədəbiyyatın və ədəbi prosesin yaşamasında rolu olanlardandır. Şairin ədəbi prosesə töhfəsi yalnız şeir yazmaqdırmı, ya başqa vacib amillər də var?

 

- Allah rəhmət eləsin, Arif Əmrahoğlu bu sözləri yazanda Azərbaycanda başqa bir ədəbi mühit var idi. Onda kim yaxşı yazırdısa, o, çap olunurdu, tanınırdı. İndi başqa bir mühit var. Hər bir qələm sahibi hər şeydən əvvəl vətəndaş olmalı, gördüklərini doğru-düzgün qiymətləndirməyi bacarmalıdır. Şairlik deyə bir peşə yoxdur. Hər kəs bir yerdə çalışır. Ədəbi proses şərti anlayışdır. Bu gün bu prosesi doğru-düzgün qiymətləndirəcək bir meyar yoxdur. Biri əlinə bir siyahı alıb şairləri ucdantutma qiymətləndirir və istədiyinə istədiyi balı verir, başqa birisi siyahı tutub imza atdırmaqla başqa birinə ad verdirmək istəyir, digər biri də münsiflərə ağız açıb filankəsə müsabiqədə yüksək yer verilməsini xahiş edir. Belə ədəbi proses olmaz.

 

- İndiki cavan nəsil, gənc ədiblər üsyankardılar, bəzən özlərindən əvvəlki nəsli qəbul etmirlər. Amma sizinlə söhbətdə hiss olunurdu ki, klassiklərə, özünüzdən əvvəlki ədəbi nəsillərin nümayəndələrinə böyük ehtiramla yanaşırsınız. Siz də gənclik vaxtı üsyankar olmusunuzmu? Yoxsa bu yanaşma elə gənclik vaxtlarından formalaşıb?

 

- Dedim axı, bu gün başqa bir ədəbi mühit var. Tanınmağın, məşhurlaşmağın yollarından biri də elə budur. İstedadlı adamın kiməsə paxıllıq etməyə, onun-bunun arxasınca danışmağa ehtiyacı yoxdur. Dünənimiz bütün pis-yaxşı tərəfləriylə bizimdir. Onu istər tərifləyib göyə qaldır, ya da tənqid edib yerdən-yerə çırp, heç nə dəyişməyəcək. Rəsul Həmzətovun yaxşı bir fikri var: Dünənimizə güllə atsaq, gələcək bizi topa tutar.

 

- Xeyli müddət mətbuat sahəsində çalışmısınız. "Şərq qapısı" qəzetində və Naxçıvan televiziyasında işləmisiniz, "Azərbaycan" qəzetinin xüsusi müxbiri olmusunuz. Bu fəaliyyətiniz qələminizə, emosional yaddaşınızın inkişafına töhfə veribmi? O illəri necə xatırlayırsınız?

 

- "Şərq qapısı" qəzetində işləmək mənim üçün bir məktəb olub. Əməkdar incəsənət xadimi, şair Hüseyn Razi, teatrşünas Cəlil Vəzirov, yazıçı Möhsün Möhsünovla həmin qəzetdə çiyin-çiyinə çalışmışıq. Mən onlardan öyrənmişəm. Televiziyada şairlərdən Adil Qasımlı, Muxtar Qasımzadə, Asim Yadigar, yazıçı Bayram İsgəndərli və başqaları ilə birgə işləmişəm. "Azərbaycan" qəzetində Sabir Rüstəmxanlı, Şakir Kərimov, Rüstəm Behrudi, Mirşahin Ağayev və digərləri ilə bir il birgə fəaliyyət göstərmişik. Xalq yazıçısı Bayram Bayramovun qayğısını hiss etmişəm. Bütün bunlar, şübhəsiz, izsiz keçib gedə bilməzdi. Bu illər mənə çoxlu dost qazandırdı. İndi də onlarla isti əlaqələrim var. Həmin illərim çoxlu xatirələrlə bağlıdır. 1989-cu ilin son payız günləri idi. Naxçıvan rəhbərliyi Şahbuz rayonunun Şada kəndində erməni nümayəndələri ilə görüşürdü. Məqsəd erməni əsirini təhvil verib, əsir düşmüş şahbuzlu çobanı almaq idi. O görüş zamanı mən Şada camaatı ilə söhbət edərkən onlar şikayətləndilər ki, ermənilər hər gün bizim kəndi atəşə tuturlar, amma biz atanda bizim sərhəddə duran rus əsgərləri buna imkan vermirlər. Biz rus əsgərlərinə "Onlar bizə atır" deyəndə, cavabları bu olurdu ki, ermənilər atmır, bu, hava gurultusudur. Həmin vaxtlar belə bir xəbəri heç bir respublika qəzeti çap etməyə cəsarət etmədiyi halda, "Azərbaycan" qəzeti o xəbəri çap etdi.

 

- İllərdir ki, müəllimlik edirsiniz, neçə-neçə şagird əlinizdən su içib. Müəllimlik fəaliyyətinizin mənəvi aləminizdə yeri haradadır?

 

- Dünyanın ən ideal yeri sinif otağıdır. Burada adam özünü çox rahat hiss edir. Bilirsən ki, burada oturanlar hələ həyatın yalanlarına bulaşmayıblar, saxta təbəssüm göstərməyə alışmayıblar. Onda burdakı təmizlik, ülvilik səni də öz ağuşuna alıb aparır.

 

Mən sinfə girəndə könlüm açılır,

Gülür gözlərimdə elə bil aləm.

Gözümdən gün doğur, şəfəq saçılır,

Sanki çiçək açır əlimdə qələm.

 

Təəssüf ki, uzun illər Azərbaycan cəmiyyətində müəllimi saxtakarlıqda günahlandırdılar, rüşvət almaqda suçladılar. Azərbaycan müəllimi bütün bu deyilənlərə rəğmən, inadla öz peşəsinə sədaqətli oldu, layiqli vətəndaş yetişdirdi. Həmin vətəndaşlar 44 günlük Vətən müharibəsində müəllim əməyinin dəyərini sübut etdilər.

 

- Məmməd müəllim, sizə vermədiyimiz hansı sualı özünüzə ünvanlayardınız?

 

- Millətimizin taleyi həmişə məni düşündürüb. Çox şükür, bu gün hər şey durulur, aydınlanır. Artıq hər kəs milli kimliyini dərk edir, anlayır. Millət özünə qayıdır. Özünə dönən millət isə böyük olur. Allah millətimizi qorusun, dövlətimizi qorusun.

 

 

***

 

Alqış, böyük sərkərdə...

 

Daha gözlərimin kökü saralmır,

Dilimi göynətmir acı qəhər də.

Gecə yurd həsrəti yuxumu çalmır,

Alqış, alqış sənə, böyük sərkərdə.

 

Açıb nəzərlərdə yaz çiçəkləri,

Hamı bir-birinə daha xoş baxır.

Bəs nədən ATƏT-in kor təlxəkləri

Bu böyük zəfərə yarıxoş baxır?

 

Belini dikəldir, qalxır Qarabağ,

Qurumuş dilini isladır torpaq.

Bakirə ruhuyla dönür üzüağ,

Dönür alnıaçıq o od, o ocaq.

 

Qazilər döyüşür çiyin-çiyinə,

Şəhidlər çiynini verib qaldırır.

Çəkib qılıncını bu kor düyünə,

İgidlər atlını atdan saldırır.

 

Çıxır əsirlikdən yurd qarış-qarış,

Minalı çöllərin teli daranır.

İtiyi itmişə dönüb yol-yoxuş,

Hər qaya aranır, hər daş aranır.

 

Dönür tozanağa ismi qaralar,

Qürurum, qeyrətim qızıl yəhərdə.

Torpaq pıçıldayır ana dilində -

Alqış, alqış sənə böyük sərkərdə.

 

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 12 iyun.- S.21.