"İnsanın Vətən vaxtı"

 

Söz, xüsusilə bədii söz hər bir fərdin, ələlxüsus yaradıcı adamın daxili aləmini, iç dünyasını açmaq vasitəsidir. Günümüzdə əzəli və əbədi sözün müqəddəsliyini uca tutan, o sözə özünün təzə, tər nəfəsini qatan bir xanım şairə də yaşayıb-yaradır: nüfuzlu dövri mətbuatda çap edilən şeirləri, kitabları ilə imzası oxuculara yaxşı tanış olan AY Bəniz Əliyar!

 

Sözü sipər edənlər, sözə sipər olanlar Ruh adamlarıdır. Onlardan kimi ruhunun əsiri, kimi də ruhunu dustaq edənlərdir. Ruhun səsini, ruhunun pıçıltısını haraya çevirib hayqıranlar isə onu azadlıqda tutanlar - sözdən qala quranlardır. AY Bəniz Əliyar, bu mənada, ruhunun səsini hayqıra bilən, cəsarətlə aydınladan, ondan qala quran cəsarətli söz ağasıdır. Bəzən həlim olub sözə sığal çəkə bilir, bəzən həzin-həzin elə pıçıldayır ki, ruhu, duyğusu olan oxucusunu mübhəm-mübhəm oxşayıb kövrəldir, bəzən də daha çox elə Aybəniz olur.

 

Bəs Aybəniz necə AY Bəniz oldu?

 

Qədim şəhərin mərkəzində qurulduğu gündən yaxın zamanın vaxt ölçüsündə bir saniyə belə çaşmayan Saat Qülləsinin altında durmuşam. Aybəniz, budu ey, baş küçə ilə üzü Çıraqqalaya doğru, başı yuxarı ley kimi gəlir. Yolun yoqquşu kimi elə bizim bu şairə xanımın da başı dikdir. Həmişə başı dik, addımları yeyin, beləcə yolu qabağına qatıb yeriyir. Diqqətlə baxanda sanki yerimir, uçur, - deyirsən. Əslində, bu, ona yaraşır, çünki amalı dürüstlük, əl qoyduğu işdə iradəsi qətilikdir. İkinci ehtiyat variantı isə heç yoxdur... Görün bir nə deyir: - "Mən yumruğumu sıxmışamsa, demək, kimsə başına yiyə dura bilməyib".

 

Lakin doğrusunu mən bilirəm. Aybənizin sıxdığı yumruğu gözlərində gilələnən həyat çeşməsidir, başlara yox, ürəklərə endirilən şəfqət, qəlbləri nurlandıran həyat eşqidir.

 

Bənd oldum bu yaşantıya,

Bənd deyilən bəxtə düşə.

Tanrı görən, tanrı duyan,

Bir arzu taxmışam döşə...

Ürəyə oxşayır.

 

Aybənizlə ilk tanışlığım qəribə olub, deyərdim. Rayon məktəblərinin birindəydim. Azərbaycan dili və ədəbiyyatı sinifinin yazı taxtasının üstündəki "A4" vərəqdə çap olunub asılmış dörd bəndlik şeir diqqətimi çəkməyə bilməzdi:

 

Zamanın qulu tarix,

İndi qul zaman oldu.

Qayıtdı ulu tarix,

Dəvəçi Şabran oldu.

 

Və sonuncu bənd də var:

 

Nə xoş doğuldu bu yaz,

Günəş gözündə almaz.

Belə möcüzə olmaz,

Dəvəçi Şabran oldu.

 

Dəvəçi adının Şabran adıyla əvəzlənməsi üçün əməyi, zəhməti keçən bir insan kimi bu Şeir gözümdən yayına bilməzdi. Bilərəkdən və ya da bilməyərəkdən şeir yazı taxtasının görünən yerindən asılmışdı. Diqqətimin o şeirin üzərində kəsildiyini görən müəllimdən şeirin müəllifini soruşduqda öz bəlağətli səsi ilə Aybənizi nişan verdi. Mən də, qiyabi də olsa, Aybənizi bu şeiri ilə tanımış oldum. Hətta gileylənərək: - "Niyə bəs mən bunu indi bilirəm?", - dedim. Artıq bir neçə gündən sonra həmin Aybənizin iki şeir kitabı stolumun üstündəydi. "İlk görüş" və "Dənizin dostu". Məlum məsələ idi ki, ilk çap olunan kitablarda şairin elə ilk qələm təcrübələri yer alır. Kitabları vərəqlədikcə hiss edirsən ki, şeirlərin içində bir neçə Aybəniz var. Özünü hələ də şeirlərdə və hisslərində axtaran Aybəniz. İçindəki şıltaq və qayğısız hisslərdən doymayan körpə, əzab çəkə-çəkə eşqi cəhənnəm əzabı kimi yaşayan qızcığaz, dünyadan baş açmağa macal tapmayan üsyankar insan və buludların üstündən yelləncək asıb yellənən şair Aybəniz... Hər vərəqdə az qala bir Aybənizlə tanış olursan. Amma əslində, Şabranın bütün yollarından süzülən şeir topalarını öz qələminin mürəkkəbinə çevirən bir Ay Bəniz var. Sonradan onu belə adlandıracaqdıq. AY Bəniz! O, AY Bəniz olmaq üçün hələ üçüncü, dördüncü, beşinci şeir kitablarını da çapa hazırlayacaqdı. Üçüncü, "İşığa can atan arzular" adlı şeir kitabına dostumuz Aydın Tağıyev redaktorluq elədi. Ön söz sahibi oldu. Dördüncü - "İntizar" kitabının da xeyir-duasını özüm verdim. Və artıq AY Bəniz sonrakı "Qürubda Günəş", "Cənnətdən gələn məktublar", "Darıxmaq" adlı növbəti kitabları ilə bu ədəbi yolda atdığı müvəffəqiyyətli addımlarla bizləri də sevindirməyə başladı. Bəli, AY Bəniz dənizlə Dost oldu, sevindik. Bitib tükənməyən arzuları ilə İşığa can atdı, nə gözəl, uğurlar tükənirmi? Əsla, intizar çəkməyin dadını, tamını dadızdırdı sevənlərinin ruhuna, canına. Günəşə üz tutub cənnətdən gələn Məktublarla müjdələdi pərəstişkarlarını. Sonra da "Darıxmaq"la qəlbin durulmasının paklığa gedən yolda ümidə ünvan olduğu inamını möhkəmləndirdi ruhumuzda. İndi də nə sözünü, nə də ədəbi düşüncələrini dərgilər qoyur "yerə düşməyə". AY Bəniz gözümüzün qabağında kitabdan-kitaba böyüdü, duruldu, bizi təəccübləndirməyi bacardı... Taleyi onu Xaqani Poeziya Evi kimi bir məbədgahla mükafatlandırdı.

 

 

İndi salam versəm, bəlkə də eşitməz, ya da o qədər fikir dünyasına dalıb ki, heç duymaz. Çünki bitib-tükənməyən təbi bir an da olsun onu özündən kənara qoymur, duyğuları onunla ən etibarlı yol yoldaşıdır. Bu gedişlə indi şeir dolu heybəsini yəqin tezcənə kağızın üstünə tökməyə tələsir. Özü deyir axı, guya şeirlərini əzbər bilmir. Bəlkə də belədir, şeir bir olar, beş olar! Dəvəçikənddən, stansiya deyilən dəmir yolu vağzalından ta ki şəhərin yuxarı başındakı dağın dibinə, Xaqani Poeziya Evinəcən bu üç-dörd verslik yolu yalın ayaq gəlib-gedənədək neçə şeir qoşur, neçəsinin də süjetini qurur. Hər səhər tez-tələsik Xaqani Poeziya Evinə yetişib içinin yanğısını tökəcək kağızın üstünə, ya da elə indi, yol gedə-gedə beynində düzüb sıralayır:

 

"Dünyanın hər rəngində insan

yaradıldı bu yer üzündə..."

"Çoxdandır içimi gəmirən

bir şey var ruhumda..."

"Yazsam bitməz, bitməz ki,

canım qurtula bəlkə!.."

 

Belə! İstedadı ilə üsyankarlığını tərəziyə qoysan, nə biri az, nə də o biri çox, elə tən gələr. Allahın verdiyini halal zəhməti ilə yoğurub cilaladığı adını daşıyan, adına layiq ocağa çevirən, rəhbərlik etdiyi Poeziya Evindəki Xaqani ruhunun əzəməti və üsyankarlığı ilə cilalanıb. Ola bilməz ki, Dahi söz ustadının ruhu adının qoyulduğu, ona yeni ünvan olan bu ocağa ziyarətə gəlməsin. Və gəlibsə, deməli, bizim AY Bənizin ruhuna da sirayət edib.

 

AY Bəniz Əliyarın şeirlərini oxuduqca, o şeirlərdən oxucu kimi nə qədər bədii zövq alıb təsirlənirsənsə, həm də onu yaxından tanıyan biri kimi heyrətlənirsən; bu bəstəboy, zərif xanım daxilən, mənən "nə miqdar imiş..." (M.Füzuli )

 

"Ulduz" ədəbiyyat dərgisində (may, 2021) Vətən müharibəsinə həsr etdiyi "Xarıbülbül" adlı üç pərdəli pyesini oxuyuram. Yazır: "Qalib bir ölkənin qalib əsgəri qürurla, əlində üçrəngli bayraq, marş sədaları altında fəxrlə addımlayır".

 

Aşağıdakı misralar da 44 günlük Vətən müharibəmizin qalib əsgərinə ünvanlanan qayğı dolu şair misralarıdır:

 

Qələbə müjdəli dilək

daşıyar əsgərim mənim,

Yağma yağış, əsmə külək,

üşüyər əsgərim mənim.

 

Qaçmaz savaş meydanından,

Ümman olsa da, qanından.

Qəhrəmanlıq dastanında

Yaşayar əsgərim mənim.

 

Şair ürəyi hamının inancının üstündədir. Qələbəmizə inam da buna daxildir.

 

AY Bənizin bu şeiri isə mənə bir panoramanı xatırlatdı. Sözün gücüylə şairənin yaratdığı təfsirə ehtiyacı olmayan poetik bir panorama...

 

Məndə yenə heç-heçədi,

Bilmirəm, sizdə necədi?

Qara, qapqara gecədi,

Əlimi açıb durmuşam.

 

Ürəyim var özüm boyda,

Sükutum var sözüm boyda.

Oğlum boyda, qızım boyda

Dünyanı qucub durmuşam.

 

Eşq ilahi qüdrətdir, bunu Ay Bəniz qarışıq bütün söz ustadları belə deyib, etiraf ediblər, əslində. Ay Bənizin şeirlərində eşq yaşantı yox, həyatın içidir.

 

Ağrıma, ömür, ağrıma,

Şuma tum səpilən vaxtdı.

Heç nə gəlməyir ağlıma,

Olanlar-olmazlar haqqdı.

 

Ay Bənizin hər şeiri söyləntidi, hər şeiri aydın və düşündürücü məntiqlə cilalanmış hekayədi, mərhələ-mərhələ kuliminasiyaya gedən yolu olan daha çox şirin, bəzən ya acı, ya da gərgin, bənzərsiz hıçqırıq-harayla səsləşən çağırışdı. Bir şeirinin son bəndləri, qafiyələridir bu aşağıdakılar:

 

- "Ömrün göyərçin dövrüdü", "İllər yol açır qırışa", "Sirr var sahibi fələkdi", "Ağla ha, göz yaşı bitməz", "Yurd yeri cənnətdi bu yaz!", "... İnsanın Vətən vaxtıdı"...

 

Altı bəndlik bir şerdə bir kitab hekayət var, söylənti var.

Hörmətli akademik İsa Həbibbəylinin təbirincə, "Ay Bəniz Əliyarın harada yaşadığını bilməsək, şeirlərindəki zəngin obrazlar aləminə, düşüncəsində müasirliyə görə onu paytaxtın ən qaynar ədəbi mühitini təmsil edən şairlərdən biri hesab edə bilərik".

 

Yeri gəlmişkən, Xalq yazıçısı Elçindən tutmuş Vaqif Yusifli, Paşa Qəlbinur, Rahid Ulusel kimi söz sərrafları da Ay Bəniz Əliyarın yaradıcılığı haqqında ürək dolusu xoş sözlərini deyiblər.

İndi mən nə deyim? Poetik sözün, o sözün arxasındakı mənanın hüdudları çox genişdir, necə ki:

 

Bu ömür nə ömürdü?

Xərci bitmir ki, bitmir.

Verilən cəzaların

Borcu bitmir ki, bitmir.

 

Və ya:

 

Doymayanda muradından,

Qırılarsan qanadından...

Başqasının həyatından

Çaldığın ömrü neylərsən?

 

Səslər oxşar ola bilər. Lakin hər bir qələm sahibinin, şairin öz poetik səsi olmalıdır ki, oxucusu onu tanısın. Bu misralar AY Bəniz Əliyarın poetik səsidir:

 

Sabahlar sükutu dələ,

Sevdalar sehrlə gələ.

Səmalar səssizcə gülə,

Göy üzü bələyin ola.

 

Zamandan, xüsusən ötən zamandan az adam tapılar ki, gileylənməsin. Ən çox da söz, sənət adamları. Zaman və söz anlayışına Ay Bənizin yanaşması, zənnimcə, bir qədər fərqli və düşündürücüdür. Ay Bəniz də zamanı geri qaytarmağın mümkün olmadığını etiraf edir. Vaxtın, ötən günün arzulara, arzuların çin olmasına apardığını da yaddan çıxarmır. Yaş üstünə gələn yaş arzulara çatmağın yolu hesab edir. İnsanın, "adamın" itirmək qorxusu, unudulmaq əzabı ilə barışması AY Bənizə görə hissiz, həyəcansız bir ömür yaşamaqdan başqa bir şey deyil.

 

Tanrım, ömür bitirən

vaxtıma bax, vaxtıma...

Padşahını itirən

taxtıma bax, taxtıma...

 

AY Bəniz Əliyarın yaradıcılığı haqqında qısa ürək sözlərimi onun öz misraları ilə tamamlamaq istəyirəm:

 

Şeir bir az tapıntı,

bir az Tanrı işidir.

Onu korlar da oxur,

karlar belə eşidir.

 

Qədim Şabran torpağına qədəm, ayaq basanları, bu qədim yurd yerində ilk əvvəl uca zirvələrdən boylanan əsrlərin daş yaddaşı əzəmətli Çıraqqala salamlayır.

 

İllər keçəcək, Şabranı bu yerlərin daş yaddaşı ilə yanaşı, həm də bir söz yaddaşı da yaşadacaq. Təkcə bu günün yox, sabahın o söz yaddaşını yaradanlar arasında qələm dostumuz AY Bəniz Əliyara yeni yaradıcılıq uğurları, poetik kəşflər, tapıntılar arzusu ilə...

 

 

Novruz NƏCƏFOĞLU

 

525-ci qəzet.- 2021.- 12 iyun.- S.17.