Fırçası ilə möcüzələr yaradan sənətkar

 

XALQ RƏSSAMI MİKAYIL ABDULLAYEVİN 100 İLLİK YUBİLEYİNƏ

Bu il Xalq rəssamı, Cəvahirləl Nehru adına Beynəlxalq Mükafatın laureatı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə də əlamətdardır. M.Abdullayev Azərbaycan rəssamlığının əfsanələrindən, sütunlarından biri, dünya şöhrətli fırça ustası, fəxr yerimiz, qürur mənbəyimizdir. Onun haqqında hər kəsdən yaxşı öz əsərləri danışır. Rəssam ömrü boyu fırçası ilə qələmini yanaşı istifadə edib. Təsadüfi deyil ki, Anarın 1982-ci ildə "Qobustan" sənət toplusunda nəşr edilən "Mikayıl Abdullayevin fırçası və qələmi" adlı məqaləsi Xalq yazıçısının - Xalq rəssamına xüsusi diqqəti və hörməti idi. Mikayıl Abdullayev istər qüdrətli fırçası, istər səmimi və maraqlı qələmi ilə milli incəsənətimizin və ədəbiyyatımızın xidmətində durub. Ümummilli liderimiz, incəsənətimizin və mədəniyyətimizin böyük qayğıkeşi Heydər Əliyev rəssamın yaradıcılığına daima hörmətlə yanaşıb, müstəqillik illərində onu Prezident təqaüdünə və "İstiqlal" ordeninə layiq görüb, ordeni şəxsən özü rəssama təqdim edib. Heydər Əliyevin rəssama ünvanladığı məktubda deyilir: "Siz Azərbaycan incəsənətinin inkişafında böyük xidmətləri olan mahir fırça ustasısınız. Müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri sənət tariximizə əbədi daxil olmuşdur... Böyük emosional təsir qüvvəsinə, milli koloritə, tərbiyəvi məzmuna malik əsərləriniz gənc nəslin formalaşmasında böyük rol oynamışdır. Sizin yorulmaz, məhsuldar fəaliyyətiniz daim Azərbaycan xalqına xidmət etmişdir".

 

Ötən əsrin 40-cı illərinin əvvəllərindən ömrünün sonunadək dövri mətbuatda müntəzəm çıxış edən rəssam yüzlərlə məqalənin, "İtaliya xatirələri", "Yazılarım", "Qlazami bakinüa" kitablarının da müəllifidir.

 

Bir qədər də mistik həyatı olan rəssam haqqında S.Soltanlının 2015-ci ildə "Mədəniyyət" qəzetində çap edilən "Nə eləmişəmsə, o bir gözə borcluyam" başlıqlı məqaləsində Mikayıl Abdullayevin özü barəsində bu sözləri verilir: "Bir yaşım olanda yuxudan ayılmışam, anamı səsləyib ayağa durmuşam. Yerimək istəyəndə ayağım yerdəki xalçanın saçağına ilişib, xalçanın üzərindəki yeddilik lampanın üzərinə yıxılmışam. Əllərim, gözlərim yanıb. Bir ildən yuxarı hər iki gözüm görməyib. Həkimlərə aparıblar, heç bir faydası olmayıb. Qonşumuz Ağa Seyidməhəmməd Xorasana ziyarətə gedirmiş, anam da evdə olan dəyərli daş-qaşlarını gətirib ona verir ki, al bunları, orada ağadan mənim əvəzimdən övladımın gözlərini istə. Günlərin bir günü mən dillənmişəm: "O nədir orada parıldayır?" Evdə bir sevinc yaşanıb ki. Hamı sevinib, ağlayıb...

 

Uşaqlıqdan şəkil çəkməyə başlamışam. Anamın ara-sıra şəkil çəkməyi var idi. O çəkərdi, mən də ona baxıb həvəslənərdim. Rəssamlıq Məktəbinə sənəd verəndə sağlamlıq haqqında kağız istədilər. Mən də həkim baxışından keçdim. Soruşdular ki, hansı məktəbə gedirsən? Dedim, Rəssamlıq Məktəbinə. Gözümdəki çatışmazlığı görüb "neqoden" yazdılar. Evə gəldim, qardaşım dedi ki, işləri korlamısan. Sonra başa saldı ki, "ne"ni poz, "qoden" qalsın. Mən də bir tikə çörək götürüb "ne" hissəsini pozdum, sənədlərimi məktəbə verib qəbul olundum. Beləliklə, mənim həmişə bir gözüm görüb. Nə eləmişəmsə, ona borcluyam".

 

O, bircə gözlə - "Axşam", "Mingəçevir işıqları", "Körpəsinin ardınca", "Tarlada", "Səadət yaradanlar", "Sevinc", "Racastan qadınları", "Azərbaycan tarlalarında" triptixi, Azərbaycanın və dünyanın dahi şəxsiyyətlərinin - Üzeyir Hacıbəyov, Səməd Vurğun, Molla Pənah Vaqif, Şihabəddin Sührəvərdi və başqalarının portretlərini, dünya rəssamlığında heyrətlə qarşılanan, məşhur rəssamları dilə gətirib öz heyranlıqlarını etiraf etməyə vadar edən şedevrləri yaradıb.

 

 

O, pozitiv və rəngarəng yaradıcılığında qəhrəmanını dərindən müşahidə edərək, duyaraq yarada bilib. Qarabağda səfərdə olarkən gördüyü bir mənzərədən təsirlənib 1947-ci ildə yaratdığı "Axşam" əsəri ilə fırtına kimi əsən, əlvan və zövqlə verilmiş rənglərlə göz oxşayan əsər o qədər uğurlu alınır ki, bütün sənətşünaslar onun haqqında yazır, əsər sərgilərdə nümayiş olunur, reproduksiyaları jurnaları bəzəyir. Eləcə də "Səadət quranlar" əsəri özündən çox söz etdirib, haqqında çox danışılıb. "Sevinc" əsərində işığın, günəşin ziyaları elə təbii, elə qüdrətli verilib ki, əsər tənqidçilərin dilindən düşməyib.

 

Görkəmli rəssamın yaradıcılığı haqqında akademik Rasim Əfəndiyev, AMEA-nın müxbir üzvü Kərim Kərimov, professor Nurəddin Həbibov, professorlar Mürsəl Nəcəfov və Məmmədağa Tərlanov, sənətşünas-tənqidçi Paşa Hacıyev kimi alimlərin dəyərli kitabları və tədqiqatları var. Bunlardan əlavə, sənətşünaslar Ofeliya Mirzəzadə, Ziyadxan Əliyev, Əsəd Quliyev, Elmira Qasımova və başqalarının tədqiqatlarında da rəssamın yaradıcılığı kənarda qalmayıb.

 

Rəssam haqqında sənətşünas Ofeliya Böyükağa qızı Mirzəzadə rus dilində "SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin yaradıcılığı" ("Tvorçestvo narodnoqo xudojnika SSSR Mikaila Abdullaeva") sənətşünaslıq üzrə namizədlik dissertasiyasını müdafiə etmiş, eləcə də Azərbaycan boyakarlığının təməlləri haqqında aparılan elmi tədqiqat işlərinin əksəriyyətində rəssamın yaradıcılığından bəhs edilmişdir.

 

Dünyanın bir çox ölkəsində səfərlərdə olan - İtaliya, Hindistan, Macarıstan silsilə əsərlərini yaratmaqla Azərbaycan mədəniyyətinə böyük, zəngin irs qoyub gedən rəssam dəfələrlə deputat seçilib, siyasi və ictimai fəaliyyətlə yaradıcılığı eyni zamanda layiqincə daşıyıb.

 

Mikayıl Abdullayev Azərbaycan ədəbiyyatının böyük vurğunu idi. Onun kitab qrafikası sahəsindəki fəaliyyətini də unutmaq olmaz. 1950-ci ildə Maksim Qorkinin "Ana" əsərinə illüstrasiyalar çəkməklə başlayan rəssam, sonralar Mirzə İbrahimovun "Gələcək gün", Süleyman Rəhimovun "Şamo", Cəlil Məmmədquluzadənin "Hekayələr", Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasına, Bəxtiyar Vahabzadənin "Şəbi-hicran" poemasına, "Kitabi-Dədə Qorqud" dastanına, Nizami Gəncəvinin əsərlərinə illüstrasiyalar yaratmışdı. Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində rəssamın müəllifi olan xeyli rəsm, illüstrasiya mühafizə olunur. O, yaradacağı əsəri, portreti çəkməmişdən əvvəl çoxlu mütaliə edər, material toplayar, işinin dolğun və bitkin olması üçün qəhrəmanının xarakterini və cizgilərini uzun zaman müşahidə edərdi. Hər bir portreti yaratması haqqında xatirələrində yazardı. Həssas xarakterini açan yazıları onun haqqında fikir formalaşdırmağa yetir. Çünki insan başqalarına necə hörmət və məhəbbət bəsləyirsə, demək, özü də həmin hörmətə layiqdir. Onun məqalələrini və kitablarını oxuduqca nə qədər sadə və daxilən təmiz insan olduğunu hiss edirsən. Hətta "Bakinski raboçi" qəzetində nəşr etdirdiyi "Maşa xala" adlı məqaləsi Ə.Əzimzadə adına rəssamlıq məktəbinin xadiməsi haqqındadır. O, xadimənin tələbələrə qayğısından, yaxşılıqlarından söhbət açır, onu oxuculara tanıtdırır. Alicənablıq və böyüklük kiçik insanlara verilən dəyərdən anlaşılır. Mikayıl Abdullayev kimi nəhəng və tanınmış bir insanın sıravi insanlara verdiyi dəyər onun təvazökarlığının və humanistliyinin göstəricisidir.

 

Mərhum professor Nazif Qəhrəmanlının sənətkar haqqında yazdığı "Böyük rəssamla yarım saat" başlıqlı məqaləsini oxuduqca Mikayıl Abdullayevin xarakteri bir daha açılır, müəllif onun necə alicənab, yüksək intellektual səviyyəyə malik olan şəxsiyyət, əsl aristokrat olduğunu gözəl şəkildə oxucuya çatdırmağa müvəffəq olur. Nazif müəllimin yazısının bir epizodunu oxuduqca isə insanın ruhu sıxılır, dünyanın ədalətsizliyinə qəzəblənirsən. Nazif müəllim çətin və ağır 1990-cı illərin bir qış günündə, qarlı fevral səhəri rastlaşdığı rəssamı, xüsusilə onun incə və zərif əllərini o qədər gözəl təsvir edir ki. Trolleybus dayanacağında gözləyən, artıq yaşlı və yeriməkdə çətinlik çəkən rəssamla söhbətini qələmə alan müəllif onun qanlı 20 Yanvar şəhidlərinə həsr etdiyi "Nakamların dəfni" adlı əsərindən, dünya incəsənətinin məşhur simalarından bəhs etdiyindən, Pikasso haqqında fikirlərindən sonra: "Mən Hindistandan onun kiçik bir budaq rəsmi olan əsərini alıb gətirmişdim. Bu yaxınlarda əlim aşağı idi deyə, satdım" deməsilə oxucunu sarsıdır. Mikayıl Abdullayev xalqının sevincini də, kədərini də tablolarında təsirli və canlıdan da canlı şəkildə yaratmağa nail olub. O, Azərbaycanın təbiətini də, insanını da, faciəsini də, qürurunu da bütün dünyaya rənglər vasitəsilə elə çatdırıb ki, onları min sözlə də ifadə etmək mümkün olmur bəzən.

 

Onun mədəni irsi xalqımızın incəsənətinin, təsviri sənətinin, boyakarlığının nadir incisi, bərq vuran cəvahiridir. Xalq şairi Rəsul Rza:

 

Məndə bir can var, səndə bir can,

Mənim qələmim var,

sənin fırçan.

Mənimki sözdür,

Səninki rəng,

Mən yazım qardaşım, sən çək,

Mənim əlim olmasa da yazaram,

gözüm olmasa da...

Sən dilin olmasa da çəkərsən,

Sözün olmasa da...

Ancaq hər ikimiz

Yarada bilmərik ürəksiz.

Mənimki sözdür, səninki rəng,

Var olsun ürək! -

 

- deyəndə nə qədər də haqlı idi. İndi o ürək döyünməsə də, onun çırpıntısının sədaları altında yaratdığınız, qəlbinizin hərarətini ötürdüyünüz əsərlərinizə baxdıqca Sizi xatırlayırıq Mikayıl müəllim. Sizi rəhmətlə anırıq.

 

Xalqını tərənnüm edən dahi boyakar, Azərbaycanın adını həmişə uca tutan Mikayıl Hüseyn oğlu Abdullayev, Allah Sizə rəhmət eləsin!

 

Mehriban CƏFƏROVA

 

525-ci qəzet.- 2021.- 15 iyun.- S.20.