"Əbədiyaşarlar"a əbədi ehtiram

Sözün qüdrətiylə ifadə edə, onları eyni-eyni mətləbin tərkib hissəsi kimi ümumiləşdirə bilsən, xatirə gözəl publisistik dəyərə malikdir.

 

Xatirədə tarixilik var - fakt hadisələr dövr haqqında, ictimaiyyət haqqında müəyyən informasiya verir, bu informasiyalar bədii təfəkkürə söykəndikdə, ədəbi ülgünün tələblərinə cavab verdikdə gözəl əsər olur. Buna xatirə ədəbiyyatı deyirlər; xatirə ədəbiyyatı həm tarixiliyə, həm bədiiliyə söykənir. Belə əsərlər məhz bu baxımdan maraqla oxunur - tanıdığı, yaxud haqqında eşitdiyi şəxsiyyətlər haqqında yeni faktlar, informasiyalar oxucunun diqqətini çəkir, əsərin müəllifinə , o şəxsiyyətlərə ehtirama dönür; xatirə ədəbiyyatı həm tarixdə tarix deməkdi. Bəxtiyar Süleymanlının "Əbədiyaşarlar" əsəri kimi...

 

Bəxtiyar Süleymanlı uzun müddət dövlət təhlükəsizlik orqanlarında xidmət etmişdi. Tarixə, ədəbiyyata, bu baxımdan jurnalistikaya böyük marağı ( sevgisi) olub. Yəni "Əbədiyaşarlar" əsəri "Yaşatmaq üçün yaranmış yarımçıq ömür" kitabının məntiqi davamıdır. Bu iki kitab arasında mahiyyət baxımından sələf-xələf münasibətləri sezilir.

 

Əsərdə son söz kimi yazılan belə oxunan hissə "Ədəbiyyaşarlar"ın işığının hardan qaynaqlandığını göstərir - müəllifin ürəyi, duyumu, duyumunu müəyyənləşdirən milli-xəlqi ruhu.

 

Bəxtiyar Süleymanlı 1925-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bartaz kəndindəki poçt bölməsinin rəisi, Əmirxanlı Bartaz kəndlərində müəllim işləyib. Sonra "kiçik dünya"dan "böyük dünya"ya aparan yolun yolçusu olub...

 

1944-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. 1945-1952-ci illərdə Zəngilan rayon hərbi komissarlığında məxfi işlər müdiri, bölmə rəisi vəzifələrində işləyib. 1952-ci ildən 1987-ci ilə kimi (35 il!) Dövlət Təhlükəsizliyi orqanlarında xidmət edib, polkovnik-leytenant rütbəsində tərxis edildikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasında, Bakı Pedaqoji Kollecində müəllim işləyib.

 

İxtisas üzrə işləyə-işləyə fəal yaradıcılıqla məşğul olmaq istedad işığıdı. Onu sezənlər sezir, gərəkliyini dərk edənlər edir.

 

O, həm jurnalistikayla məşğul olub. Bəxtiyar Süleymanlı tanınmışların xarakterinin oxucuya naməlum çalarlarını yazmaqla şəxsiyyət - ictimaiyyət münasibətlərinin "könüllü tədqiqatçısı" olub. Onun yaradıcılığını şərtləndirən, tarixiliklə təxəyyülünün istiqamətlərini müəyyənləşdirən bədiilik bir-birini qibtəediləcək dərəcədə tamamlayır; "Əbədiyaşarlar" kitabı bu baxımdan dəyərli əsərdir. Yeri gəlmişkən, bir oxucu kimi bir istəyimi bildirim: əsərdə sonuncu məqalənin yeri görünür - Bəxtiyar Süleymanlı haqqında sənədli oçerk. Görəsən, "Əbədiyaşarlar" haqqında yazdığım "Əbədiyaşarlar"a əbədi ehtiram" bu oçerki əvəzləyə biləcəkmi?..

 

Bəxtiyar müəllim xalqımızın da, dövlətçiliyimizin tarixinə yaxşı bələddir.

 

Bəxtiyar Süleymanlı "Əbədiyaşarlar" kitabı ilə respublikada kifayət qədər yaxşı tanınan şəxsiyyətlər haqqında yazıb, necə deyərlər, tanınmışları daha əhatəli tanıdıb. Bu, sevgidir, bir nəfərin timsalında xalqa, xalqın tarixinə sevgidir.

 

 

Daxili İşlər naziri, sonra Dövlət müşaviri olmuş Məhəmməd Əsədova həsr etdiyi "İlk zəngilanlı general" məqaləsi (bu, bütün çalarları ilə oçerkdir) generalın ömür yolunu əhatələməklə bir reallığın bədii ifadəsi kimi oxunur: Haqq əmək itirmir, sevənlər sevilir. Bəxtiyar Süleymanlı bu oçerki "... hərbi sərkərdələrimiz general-leytenantlar Ə.Şıxlinski S.Mehmandarov, eləcə 1941-1943-cü illər Böyük Vətən müha-ribəsi illərində millətimizə şöhrət gətirən, iki dəfə "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülmüş Həzi Aslanovu digər onlarla başqa sərkərdələrimizi, gənc nəslə örnək kimi yazılarımız da zaman-zaman xatırlamaq hamımızın mənəvi vətəndaşlıq borcumuzdur" - etirafı ( sevgisi!) ilə yazıb. Bir məqam da diqqəti çəkir. Bu, Zəngilana sevgidir. Oçerkin sərlövhəsinə diqqət yetirin. Qürur var burda, Zəngilana sevgi var... "...Məhəmməd müəllimin zəngilanlılardan neçənci general olmasını bildirmək məqsədilə xalqımızın hərb tarixini nəzərdən keçirməli oldum. Respublikamızın tarixilə bağlı oxuduğum ədəbiyyatı tanış olduğum rəsmi sənədləri xəyalımdan keçirərək həmin vaxta kimi zəngilanlılardan heç kimin bu ali rütbəyə layiq görülmədiyi qənaətinə gəldim...." Bu qeydlər Bəxtiyar müəllimin jurnalistikanın (bu anlamda sənədli nəsrin) ən mühüm tezisinə sədaqətidir: dürüstlük...

 

Eyni münasibət Bəxtiyar müəllimin İsmayıl Sayılova həsr etdiyi "Qəhrəmanlıq cəsurluq nümunəsi" məqaləsində (əslində, oçerkində!) var. İsmayıl Sayılov Böyük Vətən müharibəsi iştirakçısı olub (Bəxtiyar müəllim Böyük Vətən müharibəsi iştirakçısıdı, 1944-1945-ci illərdə döyüşən orduda xidmət edib). Həm qəhrəman, həm gözəl şeirlər müəllifi (şair!) olan İsmayıl Sayılov haqqında bədii ( tarixi!) oçerk yazan müəllif həm ədəbiyyatı yaxşı bilməlidir. Bəxtiyar müəllim bu tezisə bələd olduğunu ( yaradıcılığında bu tezisin ger-çəkliyini təsdiqlədiyini!) "Boz şinel" şeirinin təhliliylə təsdiqləyir (buna mahiyyətcə oxucu münasibəti deyə bilərik): Şair şeirdə qələbəyə qəti inamını bildirməklə Böyük Vətən müharibəsinin bizim ordumuzun qələbəsi ilə bitəndən sonra Vətənə qayıdacağını şinelinə düşən qan ləkəsini anasına yuduzduracağına söz verir. Lakin taleyin hökmü ilə qanlı döyüşlərin birində qəhrəmancasına həlak olur...

 

Şeirə poetik dəyər vermə istəyi ( buna nail olma!) Bəxtiyar Süleymanlının bədii təəfəkkürünün səviyyəsinin təsdiqidir. Yəni o, poeziyaya da bələd olub...

 

Bəxtiyar Süleymanlı İsmayıl Sayılovun qəhrəmanlığını o illərdə vaxtaşırı qürurla deyilən bir şüarla da diqqətə çatdıra bilir (əslində, belə yazı üslubu peşəkarlıqla bağlıdır, yəni Bəxtiyar müəllim peşəkar jurnalist olmasa da, yazdıqları peşəkarlığın təzahürüdür). "Əbədiyaşarlar" kitabının istər tarixi. istərsə ədəbi (ədəbi-bədii) dəyəri faktlara sədaqətlə bağlılığın səciyyəviliyindədir. İsmayıl Sayılovun qəhrəmanlığı haqqında çox deyilib, çox yazılıb. Bəxtiyar müəllim bütün yazılanları ( deyilənləri!) tarixi bir məqama söz ömrü verməklə təqdim edib.

 

Bəxtiyar Süleymanlının məqalələrinin (oçerklərinin) oxucuya könül xoşluğu verməsinin bir çaları da müəllif - ədəbi qəhrəman münasibətlərinin səmimiliyindədir; Bəxtiyar müəllim tanıdığı, xarakterinə yaxından bələd olduğu tarixi şəxsiyyətlər haqqında yazır.

 

Bəxtiyar müəllim xalqın sevdiyi, xalqın ehtiram ünvanı olanlar haqqında yazıb təbii ki, belə adamlar ölümsüz ömür yiyəsidi. Məhz buna görə qələmi özü kimi müqəddəsliyə xidmət edən Bəxtiyar müəllim əsərini "Əbədiyaşarlar" adlandırıb. Əbədiyaşarlardan biri Seyid Həsən Ağadı. Zəngilanlıların inanc ünvanı, tanıyanlar üçün övliya. Bəxtiyar müəllim onu "Ürəklərə nur saçan mömin kişi" kimi təqdim edir.

 

Vətən torpağının müqəddəsliyini varlığıyla dərk edənlər Bəxtiyar Süleymanlının "Torpaq boyda dərdlə nigaran dünyasını dəyişən alim" məqaləsi böyük duyğusallıqla oxunur. Təkcə alimin torpaq sevgisinə görə yox, həm müəllifin müqddəs torpağa müqəddəs sevgisinə görə. Alimin torpağa münasibətinin fəlsəfəsi "Torpağın ətri", "Torpağın göz yaşı" kitablarındadırsa, müəllifin torpağa münasibətinin fəlsəfəsi bu kitablara sevgidədir, bu kitabların müəllifinin ədəbi-bədii (jurnalistik) monoloquna, oxucusuyla səmimi mükalimələşməsinə ehtiramdadır.

 

Ötən əsrin 60-cı illərinə, daha dəqiqi, ədəbi mühitinə yaxından bələd olanlar Qulu Xəlilli ilə Xəlil Rzanın münasibələrinin əvvəllərini də, sonluğunu da bilirlər. O illəri əvvəl qürurla, sonra təəssüflə xatırlayırlar. Geniş oxucu auditoriyasına məlum olmayan bəzi məsələləri yazmaqla Bəxtiyar Süleymanlı Qulu Xəlillinin 60 illik yubileyinin fonunda nəinki professor Qulu Xəlilli ilə ədəbiyyatşünas, şair Xəlil Rzanın ruhuna, həm də ədəbiyyat tariximizə böyük hədiyyə verib:

 

"...Gecənin başlanmasından təxminən bir saat keçmişdi ki, Qulu müəllimin tələbəliyinin ilk günündən başlayaraq onunla dostluq edən. xalqımızın sevimli şairi Xəlil Rza oğlu Təbrizlə birlikdə heç kəsin gözləmədiyi halda yubilyarı təbrik etməyə gəldi. ... Onun məclisdə iştirakının dəyərinin nə olduğunu anlamaq çətin deyil..."

 

"Əbədiyaşarlar" kitabı Bəxtiyar Süleymanlının tariximizə, milli-mənəvi dəyərlərimizə ehtiramının kitabıdır. "Müdriklik və əsl ziyalılıq mücəssəməsi", "Görkəmli bəstəkar, böyük vətəndaş", "Unudulmaz insan, görkəmli hüquqşünas" və başqa məqalələri (oçerkləri) oxuduqca Bəxtiyar müəllimin özünün obrazını da görürsən: böyük vətəndaş, sədaqətli zabit, ədəbiyyatımıza, incəsənətimizə vurğunluq, el-oba adamı kimi böyük ehtiramlarla əhatələnən ağsaqqal...

 

Belə ömür yaşayır Bəxtiyar müəllim.

 

Bu dumduru ömür deyir ki, xalqını, millətini, dövlətçiliyini, dövlətini sevənlər ömrün dünənlərini könül xoşluğuyla xatırlayır. İllərin o üzündə qalanlar Bəxtiyar müəllimin savadının, insanlara münasibətinin, işə sevgisinin, xalqın mənəvi dəyərlərinə vurğunluğunun yaddaşıdı. Bu günün gəncləri üçün özü numunədi, zaman anlamında sabahlar onun haqqında deyilənlər örnək olacaq.

 

Bəxtiyar müəlllimin "əbədiyaşarlar" kitabı belə ömürləri yaşadan kitabdı...

 

Bəxtiyar müəllim günah yiyəsi olmayacaq, çünki yüz yaşayacaq. Həmin gün Zəngilanın göm-göy göy üzünü yan-yanaşı seyr edəcəyik. Və bir qədər aralıdan bir mahnı eşidiləcək: Ömür deyir yaşa hələ...

 

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

 

525-ci qəzet.- 2021.- 15 iyun.- S.18.