Əbədiyyətdəki əziz ünvanlarımız

 

 Şəhidlər ölməz, Vətən bölünməz!

 

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

shahane.mushfiq@gmail.com

 

Nurəliyev Elşən Rövşən oğlu 1997-ci ildə Oğuzun Sincan kəndində anadan olub. 2006-cı ildə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbin birinci sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. Məktəbi bitirdikdən sonra təsərrüfatda müxtəlif işlərdə işləyərək ailəsinə kömək edib. 2019-cu ilin aprelində hərbi xidmətə göndərilib. Hərbi xidmətdə fərqləndiyinə görə məzuniyyətə buraxılıb. Bu, ailəsinin Elşənlə son görüşü olub. Hərbi xidmətinin başa çatmasına 5 gün qalmış Vətən müharibəsi başlayıb və Elşən də tankçı kimi 29 sentyabrda Goranboy, Ağcabədi, Füzuli istiqamətinə aparılıb. Tez-tez evə zəng edib deyirmiş ki, təlimdəyəm, yaxşıyam, anama deyin narahat olmasın. Amma əslində o ən qızğın döyüşlərdə iştirak edirmiş. Oktyabrın əvvəllərində Füzuli uğrunda gedən döyüşlərin birində düşmən snayperindən açılan atəşlə Elşən Nurəliyev şəhidlik zirvəsinə yüksəlib və oktyabrın 12-də Sincan kəndində dəfn edilib.

 

Elşən Nurəliyev şəhadətindən sonra "Vətən uğrunda"  və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

Cəmil Əflatun oğlu Həşimli 1995-ci il avqustun 11-də Kürdəmirdə doğulub. O, 3 qardaşın ortancılı olub. Özündən böyük Mərahim, özündən kiçik Cavid adlı qardaşları var. 2002-2013-cü illərdə Famil Həşimov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. O, artıq məktəb illərindən sənət öyrənməyə başlayıb. Belə ki, 8-ci sinifdən etibarən hər gün dərsdən sonra maşın ustasının yanında sənət öyrənməyə gedib. Məktəbi bitirməmişdən isə özüusta kimi işləməyə başlayıb. Hər iki qardaşı ali təhsil alsa da, Cəmil özü ali təhsil almayıb, anasıyla birgə işləyərək qardaşlarının oxumasına kömək edib.

 

Məktəbi bitirəndən sonra 2013-cü ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə çağırılıb. Anası Simuzər xanımın sözlərinə görə, həmin vaxt Cəmil anasına Sərhəd Xidmətində qulluq eləmək istəmədiyini deyib. Səbəbi isə orda şəhid olunmamasıyla əlaqələndirib. Lakin anası onun fikriylə razılaşmır və o, Astarada N saylı hərbi hissədə xidmət edir. Tərxis olunandan sonra Cəmil maşın ustası kimi işləməyə davam edir. 2016-cı ilin Aprel döyüşlərində onların qonşuları Əbubəkir İsmayılov şəhid olanda Simuzər xanımın iki oğlu- Mərahim və Cəmil Həşimlilər Təlim-Tədris Mərkəzinə sənədlərini verirlər. Mərahim zabit kimi, Cəmil isə gizir kimi. 2016-cı ilin avqustunda Mərahim, noyabrında Cəmil TTM-ə qəbul olunur. Sonra gizir Cəmil Həşimli N saylı hərbi hissəyə tağım komandirinin müavini təyin olunur. Bu ərəfələrdə o, Əhmədbəyli, Qaraxanlı, Alxanlı, Şükürbəyli, Əbdürrəhmanlı kimi postlarda tağım komandirinin müavini olaraq qüsursuz 3 il xidmət edir.

 

2020-ci ilin fevral ayında Cəmil Xüsusi Təyinatlılar Qrupuna yazılır, 3 aylıq kursu may ayında bitirdikdən sonra təlimlərə qatılır. Gizir Cəmil Həşimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk gündən Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Onun böyük qardaşı Mərahim Həşimli də ilk gündən Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

 

Anası hər gün Cəmil və qardaşıyla danışdığını deyir. Eyni zamanda, iki qardaş da imkan tapdıqca bir-biriylə əlaqə saxlayıblar. Oktyabrın 1-də Cəmil və döyüş yoldaşlarını aparan maşın düşmən tərəfindən vurulur. Cəmil başından zədə alsa da, döyüşü davam etdirir.

 

Cəmil Həşimli oktyabrın 5-də səhər saatlarında anasıyla telefon əlaqəsi saxlayır və nədənsə, anasını Bakıya getməyə məcbur edir. Anası Bakıya çatandan sonra da əlaqə saxlayır və onun Bakıda olduğuna əmin olubhücuma hazırlaşdıqlarını deyərək sağollaşır. Həmin axşam o, Füzuli döyüşləri zamanı şəhid olur. Anasına onun yaralı olduğunu bildirsələr də, o, oğlunun şəhid olduğunu hiss etdiyini deyir. Təəssüf ki, Simuzər ana həmin gecə komendant saatı səbəbindən Kürdəmirə gedə bilmir. Həmin gecə Cəmilin qardaşı Mərahim üçün də ağır gecə olur. Onun da içində olduğu 171 nəfərlik dəstə ağır döyüş nəticəsində xeyli sayda itki verirlər, cəmi 25 nəfər sağ qalır, qazi olurlar. Mərahim də qazi olan həmin 25 nəfərdən biridir. Simuzər ana deyir ki, həmin gecə böyük oğlum da şəhid ola bilərdi, görünür, Cəmilin şəhidliyi Mərahimin yaşam səbəbi olub. Cəmilin nəşini də Mərahim özü gətirir.

 

Anasının, əsgərlərinin, döyüş yoldaşlarının və Cəmilin sosial şəbəkələrdə yayılmış özünün çəkdiyi videoların dediyi isə bir otaq cümlə var: Cəmilin ən böyük arzusu şəhid olmaq olub. Simuzər xanım deyir ki, oğlum 2013-cü ildən dilədiyi ilkson arzusuna çatdı.

 

Əbdürrəhmanlı döyüşlərində "40 metrə" deyilən ən çətin və keçilməz postda şəhidlik zirvəsinə ucalan Cəmil oktyabrın 6-da Kürdəmirdə dəfn olunub.

 

Cəmil Həşimli şəhadətindən sonra "Vətən uğrunda", "Cəsurluğa görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

İslam Şəmsəddin oğlu Mollayev 1996-cı il yanvarın 18-də Balakənin Püştətala kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib.

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İslam Mollayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edib və oktyabrın 13-də Ağdərə döyüşləri zamanı şəhid olub. Balakənin Püştətala kəndində torpağa tapşırılıb.

 

İslam Mollayev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

***

 

 

Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar - üç qardaşbir bacı. Xudayarın doğumundan 24 gün sonra atası vəfat edib.

 

Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdədə Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.

 

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

 

Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Xudayar Yusifzadə şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Xudayar Yusifzadə şəhadətindən 2 gün əvvəl ağır döyüşdən sonra döyüş yoldaşlarıyla istirahət edərkən ustad xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi mahnını ifa edibbunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial şəbəkələrdə trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş yayıldı və Xudayar Yusifzadə qısa müddət ərzində fenomenə çevrildi. Xanəndə Əlibaba Məmmədovun xeyir-duası ilə həmin mahnı indi "Xudayar təsnifi" adlanır.

 

***

 

 

Lətifov Rəvan Ömür oğlu 1991-ci il avqustun 26-da Oğuzun Xaçmaz kəndində ziyalı ailəsində anadan olub. 2008-ci ildə Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarə edilməsi" fakültəsinə qəbul olunub. 2012-ci ildə universiteti bitirib. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə hərbi xidmətdə olub. Qulluq zamanı bir neçə təltifnamə və təşəkkürnamə alıb.

 

2014-cü ildə Oğuz rayonu Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində təşkilatçı vəzifəsində işləməyə başlayıb. 2020-ci il sentyabrın 27-də erməni işğalçılarına qarşı başlanan Vətən müharibəsi ilə əlaqədar səfərbərliklə ordu sıralarına çağırılıb. Füzuli, Şuşa, Xankəndi istiqamətindəki döyüşlərdə iştirak edib. Şuşa döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. 16 noyabr 2020-ci ildə Xaçmaz kənd Şəhidlər xiyabanında dəfn edilib.

 

Ailəli olan şəhidimizin Ömür adlı oğlu yadigar qalıb.

 

Rəvan Lətifov şəhadətindən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

Şirəlizadə Süleyman İlham oğlu 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində doğulub. 2007-ci ildə Arzu Əliyev adına Padar kənd tam orta məktəbinə daxil olub və 2018-ci ildə bitirib.

 

Süleyman Şirəlizadə 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayıb və döyüşlərə qatılıb.

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə Ağdərə istiqamətində savaşıb. Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə 5 oktyabr 2020-ci il tarixində şəhid olub və 6 oktyabrda Oğuz rayonu Padar kənd Şəhidlər xiyabanında dəfn edilib.

 

Süleyman Şirəlizadə şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

***

 

 

Feyzullayev Zahir Eyvaz oğlu 1992-ci il dekabrın 24-də Oğuzun Muxas kəndində doğulub. 1999-2007-ci illərdə A.Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Oğuz şəhərində E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

 

Azərbaycan Ordusunun leytenantı olan Zahir Feyzullayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə tabeçiliyində olan əsgərləri döyüş meydanından təxliyə edib, həmçinin, Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Zahir Feyzullayev oktyabrın 20-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. Oğuz rayonunun Muxas kəndində dəfn edilib.

 

Zahir Feyzullayev şəhadətindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

Şəhid atası Eyvaz Feyzullayev oğlunun şəhadəti haqqında bunları deyir: "Vətən darda olanda, yağı torpaqlarımızı işğal etmək istəyəndə həmişə xalqımızın igid oğulları sinələrini sipər ediblər. 44 günlük müharibə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı, torpaqlarımız işğaldan azad edildi. Mənim oğlum da bu savaşda qəhrəmanlıq göstərdi, şəhid oldu. Şəhidlər olmasa Vətən də olmaz. Düşmən də,  bütün dünya da bildi ki, Azərbaycan oğulları bu torpaqlara göz dikən hər kəsin gözlərini oyacaq. Belə igid oğul böyüdən şəhid anasına, şəhid atasına halal olsun! Zahir kimi qəhrəman oğulların adı xalqımızın mərdlik, cəsurluq, qəhrəmanlıq tarixində daim yaşayacaq".

 

***

 

 

Sahib Musa oğlu Musayev 1984-cü il iyulun 21-də Qax rayonunun Şotavar kəndində anadan olub.

 

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı olan Sahib Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

 

Sahib Musayev şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Nəsrullayev Rəşid Qəzənfər oğlu 1993-cü il iyul ayının 11-i Qəbələ rayonu Nic qəsəbəsində anadan olub. Orta təhsilini Qəbələ rayonu Nic qəsəbə 4 saylı tam orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətə gedib, xidmətini Qazax rayonunda yerləşən N saylı hərbi hissədə yerinə yetirib.

 

Nəsrullayev Rəşid 2020-ci il 21 sentyabrda təlimlərə qatılıb. 27 sentyabrda başlanan II Qarabağ müharibəsində ilk gündən ön cəbhədə vuruşub, bir neçə yerin düşməndən azad olunmasında yaxından iştirak edib. O, 2020-ci il noyabr ayının 3-ü Ağdərə rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəbələ rayonu Nic qəsəbə qəbiristanlığında dəfn edilib.

 

Nəsrullayev Rəşid şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Elməddin Niyaməddin oğlu Qəhrəmanov 1997-ci il yanvarın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2003-2011-ci illərdə Qıvraq qəsəbəsi tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

 

O, 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elməddin Qəhrəmanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. Elməddin Qəhrəmanov oktyabrın 6-da Ağdam rayonu istiqamətində şəhidlik məqamına yüksəlib və  Kəngərli rayonunda dəfn edilib.

 

Elməddin Qəhrəmanov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

 

Murad Ocaqdurdu oğlu Nefesov 9 fevral 2001-ci ildə Masallı şəhərində anadan olub. 2008-ci ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub və 2019-ci ildə həmin məktəbi bitirib. Həmin ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirib.

 

Azərbaycan Ordusunun əsgəri olan Murad Nefesov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 9 noyabr 2020-ci ildə Masallı şəhər qəbiristanlığında torpağa tapşırılıb.

 

Murad Nefesov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Haxverdi Sadıq oğlu Kərimov 2000-ci il dekabrın 1-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 2007-2018-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində orta məktəbində təhsil alıb.

 

O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edib.

 

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Haxverdi Kərimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. H.Kərimov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.

 

Haxverdi Kərimov şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

 

Həmdəm Mayıl oğlu Ağayev 1975-ci il sentyabrın 9-da Ağdamın Sırxavənd kəndində anadan olub. Həmdəm Ağayev 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə savaşıb. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm 1999-cu ildə ali hərbi təhsilini bitirir və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayır.

 

O, 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlayıb. 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi alıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən N saylı hərbi hissənin Komandir müavini - Qərargah rəisi vəzifəsində xidmət edib. 2018-ci ildən isə 4-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində xidmət edirdi.

 

Polkovnik-leytenant H.Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və II Şəhidlər xiyabanında dəfn olunub.

 

Ailəli olan şəhidimizin vətənə əmanət bir oğulbir qız övladı qalıb.

 

Həmdəm Ağayev şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Xəyal Müseyib oğlu Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Yasamal rayonunda H.Aslanov adına 175 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Xəyal 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Balakişiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

 

Xəyal Balakişiyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 17 iyun.- S.14-15.