Duyğu və düşüncələrimizə tərcüman olan kitab

Yazıçı-jurnalist Vahid Məhərrəmovun bu günlərdə mənə bağışladığı "Müharibənin qanlı kölgəsi" adlı kitabını oxudum mənəvi zövq aldım. Həmkarım Vahid Məhərrəmovun romanı vaxt etibarı ilə zəfər tariximizdən əvvəl yazılsa da, ordumuzun inkişaf meyillərini, keçirdiyimiz hərbi əməliyyatların mənfi müsbət təzahürlərini fərqli bir biçimdə əks etdirən bu kitab yüksək qiymətə layiqdir.

 

"Müharibənin qanlı kölgəsi" romanındakı obrazlar səngərdə, döyüş meydanında doğulan ordumuzun irili-xırdalı döyüş fəaliyyəti axarında formalaşmış mənəvi simalardır. Üstün əxlaqi dəyərlərə malik olan obrazlar qalereyasında vətənin xilası üzrə hərənin öz sözü, öz nicat yolu var. Təbii ki, romanda əsas qəhrəmanlarla yanaşı, sıravi surətlərin haqlı haqsız mövqeləri qarşı-qarşıya qoyulur, şəxsi talelərin ibrətamiz məqamları önə çəkilir.

 

Romanın süjet xətti iki hissədən ibarətdir. Birinci hissədə yeddi fəsil, ikinci hissədə isə on fəsil olmaqla müharibənin doğurduğu cürbəcür bəlaların insan taleyinə vurduğu zərbələr, Xocalı ağrıları, ünvanına yetişməyən məktubların tarixçələri, tarixi saxta olan ermənilərin fırıldaq əməlləri, döyüşə təlimsiz gedən əsgərlərə baxış bucaqları sair kontekstlər maraqlı süjetlər əsasında məharətlə qələmə alınıb. Əsas qəhrəman kimi Fikrətin həyat yolunda biz çox həqiqətlərin şahidi oluruq. Fotoqraf Əlinin obrazı da üstün cəhətləri ilə fərqlənir. Ordu quruculuğunun ilk çətinlikləri, döyüş prosesində pərakəndəlik halları, maddi-texniki təminat qıtlığı müdrik bir tərzdə açıqlanır. Bu, söz yox ki, hərbçi həyatı yaşamış qələm adamı kimi Vahid Məhərrəmovun təcrübəsindən irəli gəlir.

 

Bir incə məqama da toxunmaq istəyirəm. Deyirlər ki, ən bəxtsiz adamın da ulduzu var, amma bəla o zaman ortaya çıxır ki, bu sayaq şəxslər öz ulduzunu tanıya bilmirlər. Müsbət cəhət kimi qeyd edə bilərik ki, "Müharibənin qanlı kölgəsi" romanında canlandırılan qəhrəmanlar öz ulduzlarından xəbərsiz deyil.

 

Dünyadakı savaşlar mahiyyət baxımından oxşar sayılsa da, erməni faşizminə qarşı apardığımız ədalətli müharibənin cahanda bənzəri yoxdur. Romanda həmin ideya detallı şəkildə təqdim edilir. İşğal tarixi hamıya yaxşı bəllidir. Bu müddət ərzində neçə-neçə xəyanətlər üzə çıxdı, mənəvi acılar yaşadıq, kəsilməyən fəryadlar eşitdik.

 

Romanın əsas qəhrəmanlardan biri olan tibb bacısı Məleykə xanımı mən tanıyıram buna görə tam əminlilklə deyə bilərəm ki, Məleykə obrazı real cizgilərlə qələmə alınıb. O, işğal dərdindən doğan canüzücü kədərə , ağır döyüşlərin yaratdığı təhlükəli məqamlara da mərdanə dözüb. Mətin xarakterli Məleykənin fədakar əməlləri, xidməti öncüllüyü qaniçən erməni faşistlərinin törətdiyi dəhşətli hadisələrdən aldığı əzablar, üç qardaşının itkisi, ağrısı fonunda elə əks olunur ki, çox nümunəvi bir hərbçi xarakteri ilə üz-üzə dayanır ona böyük rəğbət bəsləyirik.

 

Fikrətin Məleykəyə verdiyi cavab içimizi uzun müddət didib-dağıdan işğal dərdinin real tərifini ortaya qoyur: "Vallah, bu atəşkəsdən bezmişik. Axı qədər gözləmə mövqeyində dayanacağıq? Axı səbrin , dözümün bir həddi, bir səddi olmalıdır. Ermənilər getdikcə azğınlaşır, işğal etdikləri ərazilərimizdə məskunlaşır, çöllərdə yanğınlar törədirlər. Tez-tez təlim keçirlər, istədikləri vaxt atəşkəsi pozurlar. Keçmiş illərdən dişlərində şirə qalıb, ağılları əvvəlki günlərə gedib, yenə ərazilərimizi ələ keçirmək istəyirlər. Qoy bilsinlər ki, bizim geri çəkilmək fikrimiz, yerimiz var. İşğala bu qədər dözdüyümüz yetər. Qəsbkarlığın da bir sonu olacaq, yoxsa yox?!"

 

Vahid Məhərrəmovun roman qəhrəmanın dili ilə yazdığı bu fikirlər zaman etibarı ilə hamının ürəyindən xəbər verir müharibənin obyektiv şərtlərə əsasən labüdlüyünü vurğulayırdı. yaxşı ki, Qarabağ problemini öz gücümüz hesabına həll etdik, 44 gün davam edən Vətən müharibəsində düşmənə qalib gəldik, müqəddəs arzularımız çin oldu, məyusluğa son qoyduq.

 

İstedadlı qələm yoldaşımız Vahid Məhərrəmovun növbəti kitabının ruhunda azğın düşməndən intiqam almağa, ordumuzun gücləndirilməsi naminə şəxsi töhfə verməyə çağırış ideyası hakim qüvvə kimi öz yerini tutur. Həmçinin, nəql edilən hadisələrin axarında müəllifin öz doğmalarının, yaxın qohumlarının dost-tanışlarının qaçqın-köçkün faciəsinin acınacaqlı məqamları ilə bağlı çıxardığı haşiyələr yurddaşlarımızda xain düşmənə qarşı güclü nifrət, doğma Azərbaycanımıza sönməz məhəbbət hissləri aşılanır.

 

İbrahim MƏSİMOĞLU

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant

 

525-ci qəzet.- 2021.- 17 iyun.- S.13.