VƏTƏN

 

Çıxdım yurdun göz seyrinə,

Dağ seyrinə, düz seyrinə,

Könlüm uçdu söz seyrinə,

Valeh oldum, sözün düzü,

Nə gözəlmiş "Vətən" sözü.

 

Torpağında kök bağladım,

Tarixini varaqladım,

Gah sevindim, gah ağladım,

Gördüm qalıb ruh bədənsiz,

Neçə elim, obam mənsiz.

 

Mən Vətənin vurğunuyam,

Yollarının yorğunuyam,

Tarixindən sorğulayam,

Hanı mənim Göyçə gölüm?

Bu nə sərhəd, bubölüm?

 

Zaman-zaman "hay"layıblar,

Dilim-dilim paylayıblar,

Birləşməyə qoymayıblar,

Vətən iki sahil olub:

Biri şimal, biri cənub.

 

Dərbənd şimal boylarımdır,

Təbriz cənub soylarımdır,

Araz, Samur çaylarımdır,

Yurdum düşüb pərən-pərən,

Sonu yoxmu bunun, görən?!

 

Çox eşitdim harayları,

Quraq birlik halayları,

Keçib gedək o çayları,

Körpü salaq bu Vətənə,

Ruhumuz dönsün bədənə!

 

QİYAMƏT QOXUSU

 

Fələkmi çarxını döndərib geri,

Yoxsa ki şıltaqlıq tutub göyləri?

Təkanlar, vulkanlar titrədir yeri,

Fəlakət baş verir hər gün durmadan,

Qiyamət qoxusu gəlir dünyadan.

 

Ümmanlar kükrəyir, dalğalar köpür,

Kəndlər viran qalır, şəhərlər çökür.

Bütün bəşəriyyət göz yaşı tökür,

Sular sahillərə axır dəryadan,

Qiyamət qoxusu gəlir dünyadan.

 

Yağışlar, leysanlar ünvansız olub,

Sellər, qasırğalar amansız olub,

İnsanlar ümidsiz, gümansız olub.

Qartal sığınacaq umur qayadan,

Qiyamət qoxusu gəlir dünyadan.

 

Bəlkə , günahlar özümüzdədir,

Düzgün yaşanmayan ömrümüzdədir,

Nələr törədirik, hər şey üzdədir.

Bizə qəzəblidir ulu Yaradan,

Qiyamət qoxusu gəlir dünyadan.

 

Gecəli-gündüzlü hey əlləşirik,

Sərvət axtarırıq, torpaq eşirik,

Yerin nüvəsini oyub deşirik,

Sonra da bəd xəbər yayırıq Aydan,

Qiyamət qoxusu gəlir dünyadan.

 

Hər bir addımımız maraqdan keçir,

Silahlar günbəgün sınaqdan keçir,

Məqsəd insanları qırmaqdan keçir,

Təbiət diksinir hər ah-naladan,

Qiyamət qoxusu gəlir dünyadan.

 

Əliylə qəbrini qazmaqda bəşər,

Hələ bədguman, hələ təşər.

Yaxındır, haqlayıb hamını məhşər,

Bu "yol"dan heç olmaz geri qayıdan...

Qiyamət qoxusu gəlir dünyadan.

 

GÖR NƏ GÖZƏLDİR

 

Gəz-dolan dağları, düzənlikləri,

Gör yaşıllıqları, xəzəllikləri,

çoxdur dünyanın gözəllikləri,

Boylan səmasına, gör gözəldir.

Bürün havasına, gör gözəldir.

 

Xoşdur mənzərəsi uca dağların,

Sənsiz yox ləzzəti o yaylaqların.

Həzin zümzüməli buz bulaqların,

Suyundan nuş elə, gör gözəldir.

Könlünü xoş elə, gör gözəldir.

 

Bumbuz bulaqlar var, duru çaylar var,

Həyatda xoş keçən illər, aylar var,

Gör necə cığırlar, dolaylar var,

Çıx qışdan, keç yaza, gör gözəldir.

Öt yaydan payıza, gör gözəldir.

 

Dostları səsləyib yığ ətrafına,

Uyma bu dünyada vaxt israfına.

Dönüb nəhayətdə söz sərrafına,

Saf ömür yaşamaq gör gözəldir.

Könüllər oxşamaq gör gözəldir.

 

Zakir, dünya xoşdur gözəllər ilə,

Bir sözdən yüz məna sezənlər ilə,

Yazıb bu şeiri öz əllərilə,

Oxu misra-misra, gör gözəldir.

Sözlər sıra-sıra, gör gözəldir.

 

A ŞABRANIN GÖZƏLİ!

 

Sən ömrümün aynasısan, gözüsən,

Həyatımın mənasısan, özüsən.

Gəl gizlətmə dil altında sözü sən,

söylə ki, olsun incə, məzəli.

A Şabranın gözəli!

 

Tanıdaram bu dünyaya səni mən,

Tay tutmaram Günə, Aya səni mən.

Sadiq gördüm əhd-vəfaya səni mən,

El-obanı birgə, qoşa gəzəli,

A Şabranın gözəli!

 

Çəmənimdə ləçəklənmiş çiçəksən,

Bağlardakı çiçəklərdən göyçəksən.

Xəyal idin, həqiqətsən, gerçəksən,

Çiçəkləri tellərinə düzəli,

A Şabranın gözəli!

 

Yel əsdikcə qarışanda tellərin,

Daraqlayır, sığallayır əllərin.

Necə kəsim qarşısını yellərin?

Hardan alım bundan ötrü yüz əli,

A Şabranın gözəli?!

 

Hərdən gözün incik baxır gözümə,

Baxışların kölgə salır üzümə.

Bəlkə şəkər az qatmışam sözümə?

Ürək yanır dodağını büzəli,

A Şabranın gözəli!

 

Nazlanırsan qönçə güllər içində,

Qənirsizsən şux gözəllər içində,

Gözəl yoxdur belə boyda-biçimdə

Zakir sənə yazar şeir-qəzəli,

A Şabranın gözəli!

 

Zakir BAYRAMLI

 

525-ci qəzet.- 2021.- 18 iyun.- S.14.