Qalib şair

 

Yox, lap əvvəldən ana təbiət qalib gəlmişdi - özünün meşələləri, meşələrindəki ağaclarıyla - palıdları, vələsləri, lapanları, cökələri, hətta kolluqlarıyla.

 

Sonra əlbəttə ki, o, qalib gəldi - Musa Yaqub. Gələn kimi meylini hər şeydən daha çox onlara saldı, onlarla nəfəs aldı, adlarını, yer yurdlarını könül dəftərinə yazdı, onlarsız yaşaya bilməyəcəyinə hələ uşaq yaşlarından inandı. Beləcə Musa Yaqub adında bir şair dünyaya gəldi. Dövrünün böyük-böyük şairlərinin cövlan elədiyi zamanda heç kimin tanımadığı bir şair. Amma yo-o-ox, onu tanıyanlar oldu, ən azı doğulduğu bölgədə -İsmayıllının Buynuz adlı obasında. Tezliklə həmin o kənddə şairin atdığı ilk addımların şahidlərindən biri mən oldum. Ötən əsrin 50-ci illərinin başlanğıcıydı...

 

Bu şahidliyim İsmayıllıdakı Stalin adına orta məktəbdə baş tutdu. Böyük tənəffüsdür. Hələ ilk dərs saatlarından bizə demişdilər böyük tənəffüsdə ora-bura dağılışmayın ha, direktorumuz İsrayıl Həsənov sizi bir şairlə görüşdürəcək. Ovaxtacan da bir sıra sənət adamlarını - Məmməd Rahimi, Rəsul Rzanı, Süleyman Rüstəmi görmüşdük, həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Bahəddin Mirzəyevə çiçək dəstələri vermişdik. Uşaqdıq, fikirləşirdik yəqin İsrayıl müəllim yenə bizə adlı-sanlı, çal saçlı bir şairi təqdim eləyəcək. Bağdan-baxçadan çoxlu gül-çiçək dərib gətirmişdik.

 

Tənəffüs başladı, toplaşdıq məktəbin yeganə uzun dəhlizinə. Dəhlizin pəncərəsindən kim görünsə yaxşıdır - ölkəmizin o zamankı rəhbəri Stalinin möhtəşəm ayaqüstü heykəli. Bəli, səbirsizliklə gözlədiyimiz məqam yetişdi. İsrayıl müəllim balaca kabinetindən çıxıb qolundan tutduğu bir yeniyetməni bizə sarı gətirdi. İlahi, yəni məşhur adam buymuş? Bəstə boylu, girdə, qırmızı sifət bir oğlan. Matımız-qutumuz qurumuşdu. Başladıq gözləməyə ki, görən direktorumuz bizlərə kimi taqdim eləyəcək. Dedi ay uşaqlar baxın, bu oğlan elə təxminən sizin yaşınızdadı. Di gəl ki, bu yaşında öz kəndində, lap elə İsmayıllının mərkəzi kitabxanasında oxumadığı kitab qalmayıb. Üstəlik , bu yaşında az, çox, şairlik sevdasına düşüb. Buynuzda çoxlarının dilində şeirləri səslənir. Yazdıqlarının bir çoxusuyla mən tanışam. İnanıram ki, əgər tutduğu yoldan dönməsə, nəinki Buynuz camaatı, nəinki ismayıllılılar, hətta Azərbaycanımız gözəl bir şair qazanacaq. İndiliksə sözü ona verirəm. Qoy Musa ürək sözlərini sizlərlə bölüşsün.

 

Musa Yaqubun ürək sözləri çox uzun sürmədi. Qayıtdı ki, ay uşaqlar bir azdan tənəffüsünüz başa çatacaq, istəmirəm vaxtınızı çox alım, sizlərə lap bu günlərdə yazdığım poemadan kiçik bir parça oxuyacam.

 

... məktəbimizin dəhlizinin pəncərəsindən arxası bizə sarı əzəmələ ucalan dahi rəhbərin möhtəşəm heykəlinə baxa-baxa bəlkə özünün ilk poemasından bir parçanı bəlağətlə oxudu. Poemanın adı beləydi: "Uzunqulaq qızıl gül".

 

Bu, mənim Musa Yaqubla ilk tanışlığım oldu. Məndən 8 yaş böyük olan, sonralarsa görkəmli şair, ən çox da təbiət şairi kimi ad qazanacaq Musa Yaqubla.

 

Ümumiyyətlə, mən Musayla həyatda dörd kərə tanış olmuşam. Tanışlıq olur ki, elə birincisindən sona çatır, qırılır, daha bir həmin kəslə ünsiyyətə can atmırsan. Amma Musa Yaqubla tanışlıqlarım ard-ardınca gəlib, hər dəfəsində onu bir ayrı cilvədə, bir ayrı təravətdə görüb qəbul eləmişəm. Birinci tanışlığım barədə yuxarıda bəhs elədim. İkincisi isə tələbəlik illərimə - 1960-cı illərə təsadüf elədi. Həmin illərdə oxucular arasında geniş rezonans doğurmuş "Sana gör neçə bənddi", "Payız duyğuları", "Ana ömrü", "Dağlar", "Ömrümün bir parçası", "İsgəndər quşları", "Güllə gəzdirən maral"...

 

Üçüncü tanışlığımsa Musayla şəxsi tanışlığımızdan onun son günlərinəcən, hətta dünyamızı tərk edəndən sonra, hətta qismət olarsa, o biri dünyada belə davam edəcək tanışlığımızdır. Bu tanışlıqlar ötəri deyil, həm möhkəm özüllər üzərində bərqərar olmuş DOSTLUQ adlı böyük nemətdir. Orada yüzlərlə xatirələr çağlayır, əziz dostlarımız Xalidlə, Rəhimlə, Ağahüseynlə, Faizlə, Çingiz Ələkbərzadəylə birgə keçirdiyimiz ecazkar günlərin kitab dəftərdə, radio televiziyalarda əks olunmasını lazım bilmədiyim məqamlar var ki, öz zamanını, dəmini gözləyir.

 

Nəhayət, dördüncü tanışlığımız. Bu tanışlığımızsa onun son yubileyini birgə qeyd elədiyimiz gün "İndi bildim nağıldı" adlı kitabını mənə bağışlarkən oldu. Əlinin qələm tutmadğı, barmaqları əsdiyindən aftoqraf yaza bimədiyi o kitabı oxuyarkən Musa Yaqubu bir daha kəşf elədim, həm özümü danladım ki, zaman-zaman mən başqalarına qoşulub onu sırf təbiət şairi adlandırmışam. Doğrudur, Musanın təbiət şeirləri misilsizdir. Ancaq adın çəkdiyim bu kitabdakı şeirlərinin böyük qismi şairin necə zəngin mövzular qalereyasına malik olduğunu ortaya çıxarır. İlahi, nələr yoxdur bu topluda! Burda biz Musa Yaqubu həm cəmiyyət şairi, sosial, milli dərdlərimizi gündəmə gətirən, ədəbiyyat, siyasət kələkbazlarını unikal bədii üsullarla faş edib yerində otuzduran, təbiətin özünü belə insan, şəxsiyyət, hətta hakimiyyət qismində xarakterizə edən bir alim, insanşünas mərtəbəsində görürük. Sınadığım həmin keyfiyyətlərə 2017-ci ildə Şamaxının millət vəkili, Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun təşəbbüsü dəstəyi ilə çap olunmuş 690 səhifəlik "İndi bildim nağıldı" kitabında rast gəldim, Musa Yaqubun bu çağacan xəbərsiz olduğum (boynuma alıram) yeni ampluasından böyük məmnunluq duydum. Bəli, mən onu ömrümdə bir daha tanıdım. Şair, vətəndaş, hətta sovetlər dönəmində "dissident" adlandırıla biləcək üsyankar, neqativlərlə barışmaz, uzaqgörən, müdrik, ağsaqqal kimi. Əziz oxucu, vərəqlə həmin kitabı, tap "Adamlar, dostlar, daşlar..." bölümünü.

 

Onda görərsən ki, 1995-2000-ci illər arasında, hətta Azərbaycan Milli Məclisinin deputatı olduğu illərdə belə şairimiz hansı problemləri gündəmə gətirib, qəlb sızıltılarını misralarında necə xırdalayıb:

 

Düşüb yadlar hiyləsinə

Yad qardaşlar gülləsinə

Ay sinəsi enli xalqım.

 

Toxuduğu bütöv xalça

Öz içində parça-parça

Həm şiəli, sünnü xalqım.

 

Qurtarmaz öz davasından

"Mənəm", " mənəm" havasından

Böyükləri kinli xalqım.

 

Sabir demiş, az yaşından

Xərac alar yardaşından

Badalağı milli xalqım.

 

Ömür tab et, zaman sına

vaxt düşər məcrasına

Bu milyonlu, minli xalqım?..

 

Ömrünün son aylarıydı, Buynuza getdim ki, onu ziyarət eləyim. Qızı Yaqutla, nəvələriylə bir yerdəydilər. Taclı virusa baxmayaraq, lap o cavanlığımızdakı kimi kəllə-kəlləyə toqquşub görüşdük. Yaqut ha əlləşirdi əlindəki qaşıqla ona yemək verə, heç cür mümkün olmurdu. Bu yerdə köməyə mən gəldim. Qədim zarafatlarımızdan birini işə salıb ani əl hərəkətimlə, himcimlə ona xatırlatdım. Yadındaymış sən demə. Solğun üzünə təbəssüm qondu, dodaqlarını güclə aralayıb mənim xətrimə qızının əlindəki yeməyi qəbul elədi. Vidalaşmazdan öncə Xalq şairi fəxri adına layiq görülməsi münasibətiylə özüm şair olmasam da, dözməyib ona həsr elədiyim bir şeiri Yaquta verib dedim ki, mən gedəndən sonra oxuyarsan ona, qoy keyfi durulsun...

 

Az sonra xəbər tutdum ki, yeni yaşının tamam olmasına 3 gün qalmış, 2021-ci il may ayının 7-də vəfat edib. Mayın 8-də özümü hövlnak Buynuza yetirdim. Dostlarım məndən qabaq gəlmişdilər dəfn mərasiminə. Yazıçı Seyran Səxavət, Simran Həsənov, millət vəkilləri Sabir Rüstəmxanlı, Novruz Aslan, Tahir Kərimli... Məzarı başında danışmaq, ürəyini boşaltmaq istəyənlərin sayı-hesabı yox idi. Mənə də söz verildi, jurnalist İntiqam Mehdizadə olaraq qədim dostuma vida kəlmələrimi dilə gətirdim. Daha sonra uzun illər boyu xalqımızın şairi sandığımız, bu yaxınlardasa ölkə Prezidenti İlham Əliyevin sərəncamıyla rəsmən Xalq şairi fəxri adına layiq görülmüş sevimli şairimizi onun daim böyük məhəbbətlə vəsf elədiyi Canəli dağının ətəyindəki qəbiristanda uyuyan anasının, can yoldaşı Zöhrə bacımızın yanındaca torpağa tapşırdıq. Doğma, narahat ruhlar qovuşdu.

 

Allah o dünyanı versin əziz qardaşım, böyük şairim. Adamsız, kimsəsiz, arxa-dayaqsız kimi gəlsən də, qalib kimi tərk elədin bu dünyanı. Ruhuna rəhmətlər olsun, xoşbəxt şairim. Bu, qanundur, qarşıda daha bir tanışlıq məqamı gözləyir bizi. Ya gec, ya da tez. Bunusa tək Allah bilir. Ya qismət.

 

23 may 2021

 

İntiqam Mehdizadə

 

525-ci qəzet.- 2021.- 18 iyun.- S.13.