Kantın böcəkləri

 

Esse

 

Mən həmişə mübahisədən, konfliktdən qaçmışam. Həmişə bu xüsusiyyətdən uzaq olmuşam. Düşünmüşəm ki, konfliktdən uzaq olmaq, stresdən uzaq olmaqdır. Yanılmışam...

 

Yanıldığımı başa düşəndən sonra artıq bu mövzuya baxışım tamamilə dəyişib. Bəlkə , ona görə günü-gündən sərtləşirəm. Məncə, insan münasibətlərində ən böyük problemlər məhz yola getmək adı ilə yola verən zaman başlayır. Əgər sən susmamalı olduğun yerdə susursansa, əzilməyinə imkan verirsənsə, mənən özünü zəhərləyirsən. Bəlkə təzə-təzə hiss etmirsən, ancaq illər keçdikcə bu, sənin içində bir yaraya çevrilir. Kinolarda, filmlərdə bu ssenariyə tez-tez rast gəlmək olar; vaxtilə alçaldılan işçi illər sonra gəlir müdirindən, ya da alçaldılan evlilik namizədi elçi düşdüyü adamdan intiqam alır. Əslində, bu, həyatda da belədir, düzdür, hamı intiqamını ala bilmir, amma kinini saxlayır. Bu kinlə yaşamaq da asan olmur. Məncə, olur-olsun, insan sözünü deməyi bacarmalıdır. Qışqırmadan, bəlkə , lazım gələndə elə qışqıra-qışqıra. Hər kəslə öz anladığı dildə danışmağı bacarmalıdır insan.

 

Deyir ki, Tolstoy hərbi xidmətdə olanda görür ki, zabit bir əsgəri incidir. Tolstoy zabitə deyir ki, niyə incidirsən axı onu, sən İncili oxumamısan? Zabit cavabında deyir ki, bəs sən necə, hərbi nizamnaməni oxumusanmı?

 

Bu hekayəni çox sevirəm, tez-tez xatırlayıram, çalışıram ki, unutmayım. Çünki özlüyündə o qədər mənalı dərin hekayədir ki... Bəli, davranışlar insanına yerinə görə dəyişməlidir. Mütləq dəyişməlidir.

 

Həyatının müəyyən dönəmində ətrafdakılara ifrat səbr göstərən insanlar müəyyən yaşdan sonra daha sərt xarakter alırlar. İllərlə yığdıqları, səbr göstərdikləri şeylər müəyyən bir dövrdən sonra onların xarakterini dəyişir. Səbrin sərhədi var axı. Beləcə, həmin adamlar valideynlərinin hirsini övladdan sinif yoldaşının hirsini həyat yoldaşından çıxan aqressiv insanlara çevrilirlər. İnsan istəsə , istəməsə , qədər özünə təvazökaram desə , içində daşıdığı eqonun səsini kəsə bilməz. Eqo insanın mayasındadır, var olmasının təzahürüdür. Onu incidəndə, onun əzilməsinə icazə verəndə eqo bunun heyfini sonra insandan çox pis çıxır. Bəlkə , başqası bizi gec-tez bağışlayır, ancaq özünə qarşı haqsızlıq edilməsinə icazə verən insan bunu özünə asanlıqla bağışlamır.

 

Ümumiyyətlə, harada aqressiv, üzündən zəhrimar yağan adam görsəm, elə bilirəm ki, o, haçansa yaşadığı travmaların mirasını daşıyır. Təbii ki, bu, həmişə belə olmaya da bilər. Xarakter etibarilə bu cür olan insanlar da var.

 

Uzun sözün qısası, üç-beş günlük dünyanı özünə zəhər etmək istəmirsinizsə, lazım olan yerdə lazımi şəkildə sizi əzməyə çalışanların cavabını verin. Həm də öz anladıqları dildə. Sizə qarşı edilən haqsızlıqlara göz yumursunuzsa, insanların sizi görməzdən gəlməyinə də göz yummalı olacaqsınız. İmmanuel Kantın dediyi kimi, böcək olmağı qəbul edənlər ayaqlar altında qalmaqdan şikayətlənməməlidir.

 

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 19 iyun.- S.23.