Acı taleli qız  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Haqq-hesabı aparmaq üçün rəqəmlər icad edildi. Roma rəqəmləri bir neçə xırda və iri ədədlərdən ibarət olduğundan çox yer tuturdu. Köməyə hindlilərin sıfırı və onluq rəqəm sistemini icad etməsi çatdı. Bu on ədədlə istənilən ən iri hesabı da kiçik yer tutmaqla yazmaq olurdu. Hindlilərin rəqəm sistemini Şərqə ərəblər gətirmiş və onlardan Avropaya keçmişdi. Lakin indiyədək bu işarələr səhvən ərəb rəqəmləri adlanır.

 

Qədim insan hansı yerdə məskunlaşırdısa, hansısa bir iqlim və təbii şəraitə düşürdüsə, orada sərəncamında olan bütün vasitələrdən istifadə etməyə çalışırdı. Quru yolu çəkmək böyük zəhmət və xərc tələb etdiyindən su nəqliyyatından geniş istifadəyə can atılırdı, həm də həmin nəqliyyat növləri xeyli təkmilləşdirilirdi. Finikiyalılar, karfagenlilər, qədim yunanlar gəmi düzəldilməsində xeyli irəli getmişdilər. Dənizlərlə, okeanlarla üzmək onlara başqa xalqlarda əlaqə yaratmağa, ticarəti genişləndirməyə böyük köməklik göstərmişdi. Qədim romalılar isə ilk dəfə b.e.ə. III əsrdə quru yol kimi paytaxtdan cənuba gedən Appi yolunu çəkdikdən sonra, şimala doğru da yol tikdilər. Sonra isə işğal etdikləri ölkələrdə geniş quru yollar çəkməyə başladılar. Avropanın müasir yol şəbəkəsi qədim romalıların qitəni çalın-çarpaz kəsən yol sisteminə əsaslanır.

 

Yerli şərait adamların təsərrüfat əşyası düzəltməsində, tikinti işləri görməsində yaxşı mənbə rolunu oynayırdı. Şərqdə və Avropada daşdan, obsidiandan bıçaqlar, cərrahiyyə vasitələri düzəldildiyi halda, Çində əksər ərazilərdə daş olmadığından, kəsici alətlər bol bambuk ağacının gövdəsindən düzəldilirdi.

 

İnsan təbiətin şıltaqlığından, soyuqdan, qızmar istidən qorunmaq üçün özünə yollar arayırdı. İnsanın yaşayış şəraiti də getdikcə daha əlverişli və rahat olurdu. Ovidinin yazdığı kimi, ibtidai insan ağacların altında, yarpaqların üstündə yatırdı, sonradan özünə mağaranı və digər yaşayış məkanlarını tapdı. Odun kəşfi təkcə insanı soyuqdan mühafizə etmirdi, həm də onun köməyi ilə əti və digər qida maddələrini bişirməklə onların daha faydalı olmasına nail olurdu. Baxmayaraq ki, Afrikadakı efioplar və masayilər indi də mal ətini, yaponlar və çinlilər isə balığı çiy-çiy yeməyi pəhrizlərində saxlayırlar. Eskimosların, digər Şimal xalqlarının dəniz heyvanlarının ətini çiy şəkildə yeməsi isə sərt iqlimdə, onlarda olan vitaminlərin və qidalı maddələrin odun təsirilə itirilməsinin qarşısını almaq məqsədini güdür. Onların ərazilərində işləməyə gedənlər öz mətbəxlərinə üstünlük verdikdə, sağlamlıqlarına ziyan vurub, fəsadlarla üzləşirlər. Görkəmli etnoqrafların yazdığı kimi, hər bir yerdə yerli əhalinin istifadə etdiyi qida növü və onun hazırlanması, geyindiyi paltarlar ən əlverişli yaşayış növü hesab olunur. İndi heç bir sintetik paltar və dəri ayaqqabı şimal xalqlarının geyindikləri xəz çuxaları, ayaqlarını soyuqdan qoruyan untaları əsasən əvəz edə bilmir. Ona görə də yerli əhali kimi paltar geyinənlər və qidalananlar iqlimin sərtliyindən daha az əziyyət çəkməklə, öz sağlamlıqlarını qoruya bilirlər.

 

Köçəri xalqlar da paltar kimi saxladıqları malın dərisindən istifadəyə üstünlük verirdilər. 1607-ci ildə Virciniyada ilk amerikan koloniyasının qubernatoru olmuş Con Smit öz kitabında yazır ki, o, əsir düşdükdə qul kimi İstanbul bazarında varlı bir qadın tərəfindən satın alınmışdı. Bu sahibə Conu indiki Rusiya ərazisindəki Noqay əyalətində yaşayan və taxıl becərməklə məşğul olan qardaşına hədiyyə kimi göndərmişdi. O yazır ki, yerli adamlar paltar kimi iki qoyun dərisindən istifadə edirdilər, birini şalvar kimi ayaqlarına, digərini isə üst paltarı kimi bədənlərinə geyinirdilər. Köçəri xalqların evləri də yox idi, araba onlar üçün ev rolunu oynayırdı, uşaq burada dünyaya gəlir və sonra da adamlar ömrü başa çatanda ölürdülər. Ona görə də onlarda vətən hissi də yox olur, çünki nə doğulduqları, nə də öldükləri yer bilinmir, axı düzənliyin ünvanı da olmur.

 

Qədim insan öz həyatını qaydaya salmaq üçün daim təbiətlə mübarizə aparırdı. İndi isə təbiətə müdaxilənin mənfi nəticələri nəzərə alınmaqla, onun azaldılması, yoxa çıxması vəzifəsi qoyulur. Müasir insan təbiəti daha yaxşı anlamağa can atsa da, ona ziyan vurmaqda davam edir. Dünyanın oksigen rezervuarı sayılan Braziliyadakı Amazonka selvasında meşələrin qırılmasının böyük təhlükə yaratmasına baxmayaraq, Braziliyanın dövlət siyasəti isə öz cinayətkar laqeydliyi ilə buna, əslində, şərait yaradır. İnsanlar üçün təbiət az qala peyinə çevrilmişdir, axı əkinçi yüksək məhsul almaq üçün torpağa peyin verir. Təəssüf ki, insan təbiət üzərində ağılsız ağalığına son qoymaq istəmir, bu isə dünyanı fəlakətə apara bilər.

 

İndiki dünya və adamlar qədim dünyadan, orta əsrlərin adamlarından xeyli dərəcədə fərqlənirlər. Keçmişdə nadir istedadlar, dahilər meydana gəlmişdi, onlar elmə və praktikaya nəhəng töhfələr vermiş, ayrı-ayrı ölkələrin geniş və sürətli inkişafına şərait yaratmışdılır. Lakin kütləvi savadsızlıq əhalinin əksəriyyətinin əqli inkişafına maneçilik törətməklə, onların ümumi tərəqqi prosesinə qoşulmasının qarşısını kəsmişdi.

 

Xristofor Kolumb Amerikanı xəzinələr ölkəsi kimi kəşf etmişdi. Onun ümidi doğrulmasa da, dünya bütövləşdi, daha da genişləndi. Renessans avropalıların şüurunu çox saydakı buxovlardan azad etdi, sitayiş edilən bir çox bütlərdən imtina edildi, çünki onlar biliyin ölümcül düşməni idi.

 

Bəşəriyyətin ümumi tərəqqisinə demokratiyanın inkişafı böyük köməklik göstərdi. Demokratiyanın beşiyi qədim Yunanıstan, daha dəqiq deyilsə, qədim Afinadır. XVIII əsrdə böyük fransız mütəfəkkiri Şarl Monteskye Britaniya hakimiyyət sistemini müşahidə etdikdən sonra, hakimiyyəti sui-istifadədən uzaqlaşdırmaq üçün onun üç qanada - qanunvericilik, icra və məhkəmə qollarına bölünməsini nəzəri cəhətdən əsaslandırdı. Amerika Birləşmiş Ştatlarının bani-ataları dövləti yaradarkən onun təməlinə sarsılmaz demokratiya prinsiplərini qoydular və onlar ABŞ Konstitusiyasında öz əksini tapdı. XX əsrin birinci yarısında totalitar dövlətlər çoxluq təşkil etsə də, demokratiyanın qarşısı alına bilmədi. İki dünya müharibəsi demokratiyaya ağır zərbə vursa da, onu inkişaf yolundan döndərə bilmədi. Demokratik dövlətlər xeyli sosial-iqtisadi tərəqqiyə nail oldular. Demokratiya elmin inkişafına da geniş şərait yaratdı. Hələ XIX əsrin ortalarında fransız A.Tokvil ABŞ təcrübəsinə əsaslanaraq yazırdı ki, "Demokratik prinsip... elmlə məşğul olanların sayını nəhəng dərəcədə artırır… Demokratiya şəraitində sosial şərtlər və institutlar adamları elmin bilavasitə və faydalı praktiki nəticələrini tədqiq etməyə itələyir. Bu tendensiya təbii və zəruridir".

 

Həqiqi elmlə məşğul olanların miqdarının həndəsi qaydada artması elmi kəşflərin sayını artırır, onun nailiyyətlərinin daha böyük və geniş olmasına şərait yaradır. Demokratiya siyasi prinsip kimi təkcə dövlətin idarə edilməsinə sağlam təsir göstərmir, həm də cəmiyyətin hərtərəfli inkişafına yol açır.

 

XVII əsrdə baş verən Elmi inqilab isə modern elmin meydana gəlməsinə səbəb oldu, astronomiyadakı əsaslı yenilik geosentrizmin heliosentizmlə əvəz olunması ilə nəticələndi. Təbabətdə, kimyada irəliləyişlər baş verdi. Elmi metod meydana gəldi. Renessans Elmi inqilaba əhəmiyyətli köməklik göstərdi.

 

Elmlə dinin mübahisəsi orta əsrlərdən ciddi problem xarakteri daşıyırdı və bunu həll etməyə, inancla biliyi barışdırmağa böyük mütəfəkkirlər cəhd göstərmişdi. Hələ XII əsrdə İbn Ruşd (Averroes)   Moisey ben Maymon və ya Maymonid, onların hər ikisi Kordobada yaşamışdı, inancı və biliyi barışdırmaq problemləri ilə maraqlanırdı. Beş əsr sonra isə fransız Blez Paskal daha kəskin mövqedən çıxış edir, deyirdi ki, insanlar zəif məxluqlardır, çox  hallarda öz hissləri vasitəsilə aldadılırlar. O, belə qərara gəlmişdi ki, din biliyə zidd deyildir: "Əgər biz bilik prinsiplərinə zor etsək, bizim dinimiz mənasız olacaqdır və ona güləcəklər". O deyirdi ki, "Ürək öz biliklərinə malikdir, bundan isə biliyin xəbəri yoxdur".

 

Əsrlər boyu elmə, biliyə hücumlar edilsə də, xoşbəxtlikdən elm öz inkişafını dayandırmadı, əksinə, daha geniş fəaliyyətə keçib, bəşəriyyətin inkişafı üçün yeni geniş üfüqlər açdı.

 

XVIII əsrdə Sənaye inqilabından sonra texnika, texnologiya daha sürətlə inkişaf etməyə başladı. Buxar maşını xeyli əvvəl icad edilmişdi. XIX əsrdə isə daxili yanma mühərriki ilə işləyən avtomobil meydana gəlmişdi. Avropa və Amerika irəli hərəkət edib, XIX əsrdə artıq sıçrayış edərək, yeni kəşflərə yol açdı. İnsan yerdə hərəkət etməklə kifayətlənməyib, səmaya da hücum etməyə başladı. XX əsrin əvvəllərində təyyarələr və dirijabllar, almanlar onu tsepellin adlandırırdılar, meydana gəldi. Təyyarələr mülki məqsədlərlə yanaşı, daha çox hərbi məqsədlər üçün istifadə edildi. Raketlərin ixtirası kosmosun fəth edilməsinə, Aya uçuşlara yol açdı. Kompüter ixtira edildi, internet adlı bütün dünyanı əhatə edən, sərhədlərin mövcudluğuna məhəl qoymayan nəhayətsiz sosial şəbəkə yarandı. İnsanlar total informasiya, təbliğat tufanına məruz qaldı. XX əsrin ən böyük nailiyyətlərindən biri kino sənətinin inkişaf etməsi, televiziyanın Yer kürəsinin bütün guşələrini əhatə etməsi oldu. Ona görə də ötən əsri elmi-texniki inkişafına görə, bunu çox düzgün olaraq elmi-texniki inqilab adlandırırdılar və heç bir əvvəlki əsrlə, hətta minilliklə onu müqayisə etmək olmaz. Təkcə Kaliforniyadakı Silisium vadisinin ağlasığmaz elmi-texniki nailiyyətləri, dünyaya elmi kəşflər ixracı əvvəlki hansısa bir əsrdə mümkün ola bilərdi? Burada dünyanın ən böyük telekommunikasiya şirkətləri fəaliyyət gəstərir. Təsadüfi deyildir ki, Kaliforniya ştatı ümumi daxili məhsul istehsalına görə dünya dövlətləri arasında 7-ci, 8-ci yeri tutur.

 

Bəşəriyyət heç vaxt əldə etdikləri ilə kifayətlənməmiş, sabaha, gələcəyə daha böyük ümidlər bəsləmişdir. Ona görə də elmin, texnikanın, iqtisadiyyatın inkişafı daim yüksələn xətlə davam etmişdir. XVII əsr Elmi inqilab əsri olsa da, XVIII əsr Sənaye inqilabı kimi tarixi bəzəsə də, sonrakı dövrlər daha böyük kəşflərlə və irəliləyişlərlə əlamətdar olmuşdur. Qeyd etdiyimiz kimi, XX əsrdə yerdə hərəkət edən insan təyyarə və helikopterlərlə göyə qalxa da, bununla kifayətlənməyib, kosmosu tədqiq etməyə girişmişdir. 1957-ci ildə SSRİ-də bəşər tarixində ilk dəfə kosmosa süni peyk buraxılmış, 1961-ci ildə insanın kosmosa ilk uçuşu baş vermişdir. Amerikanlar bu sahədə geridə qaldıqları ilə razılaşmayaraq, Aya uçuş proqramını həyata keçirərək, 1969-cu ildə göndərdikləri astronavtlar ilk dəfə Ayın səthinə enmişdilər.

 

XXI əsrin iki onilliyi ən yeni texnologiyaların - komüterlərin, mobil telefonların, ümumilikdə rəqəm iqtisadiyyatının daha ciddi inkişafı ilə əlamətdar olmuşdur. Mars planetinin geniş tədqiqatı nəzərdə tutulur. ABŞ-ın iş adamı İlon Mask isə indiki gerçəklikdən gələcəyə qaçmaq arzusu ilə yaşamaq yolunu seçmişdir. Bu, dünyəvi qaçışdır və "Tesla" şirkəti də məhz onun əsasında qurulmuşdur. Şirkət hələ birbaşa gəlir gətirməsə də, onun kapital dəyəri sürətlə artır, çünki adamlar gələcəyi satın almağa üstünlük verirlər. Şirkətin sahibi Marsın nüvə bombardmanına tutulmasını təklif edir. Bu vaxt Yer üzünün bütün nüvə potensialı Marsın yaşayış üçün yararlı olmasından ötəri istifadə ediləcəkdir, orada həyat üçün şərait yaradılacaqdır. Belə bir fikir vardır ki, bəlkə də on ildən sonra İlon Mask Marsda insan koloniyası yaradacaqdır. Bu vaxt artıq Marsdakı kosmik aparat barədə deyil, qırmızı planetə getmiş adamlar barədə danışılacaqdır.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 19 iyun.- S.22.