Xilaskardan-xilaskara

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətində azərbaycançılıq həmişə xüsusi yer tutub.

 

Kərkükşünas alim kimi tanınan Qəzənfər Paşayev həyatının böyük bir dövrünü həsr etdiyi İraq türkmanlarının folkloru və ədəbiyyatına dair tədqiqatlarında, məşhur "Altı il Dəclə-Fərat sahillərində" adlı kitabında "Azərbaycan naminə" axtarışlar və müqayisəli təhlillər aparıcı mövqeyə malikdir. Professor Qəzənfər Paşayevin Azərbaycan aşıq ədəbiyyatı və ədəbiyyatşünaslıq haqqında tədqiqatlarının da "əzəl mübtədası" azərbaycançılıqdır.

 

Oxuculara təqdim olunan "Xilaskarlar" kitabı professor Qəzənfər Paşayevin azərbaycançılıq tədqiqatlarında yeni hadisədir. Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər Paşayev "Xilaskarlar" kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs etmişdir. Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti və ölkəmizə qazandırdıqları çoxcəhətli böyük Zəfərlərin nümunəsində Azərbaycan və Azərbaycançılıq idealları təqdim edilən "Xilaskarlar" kitabının ana xəttini təşkil edir.

 

Professor Qəzənfər Paşayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı xidmətlərini, bu dahi insanın həyatındakı zahirən kiçik görünən detallardan tutmuş böyük xidmətlərinə qədərki seçilmiş hadisələri və faktlarını sadə dillə obyektiv mövqedən mənalandırmışdır. Qəzənfər müəllimin Heydər Əliyev fenomenini özünün tərcümeyi-halına çevrilmiş, iştirakçısı olduğu, yaxından müşahidə etdiyi hadisələrin gözü ilə baxıb dəyərləndirməsi kitabın təbii, həyati və təsirli alınmasında mühüm rol oynayır.

 

Kitabın müəllifi xüsusi vurğulayır ki, Heydər Əliyevin hakimiyyəti dövründə Düzqırıxlı kəndində ərsəyə gələn Mədəniyyət sarayı, asfalt küçələr, ağdaş kərpicdən tikilmiş bir-iki mərtəbəli evlər, kino zalı, mağazalar, istirahət parkı, uşaq bağçası, hamam, şərab zavodu, çörək zavodu, elektrik dəyirmanı, maşın-traktor parkı və sairə ürəyi qurub-yaratmaq, xalqın güzəranını yaxşılaşdırmaq eşqilə döyünən Ulu öndərimizə məmnunluq gətirirdi.

 

Professor Qəzənfər Paşayevin nəzərə çarpdırdığı bir məqam da diqqəti çəkir. Müəllifin doğulub boya-başa çatdığı Tovuz rayonunun Düzqırıxlı kəndində Heydər Əliyevin ağac əkməsi, rayon Partiya fəallarının və zəhmətkeşlərinin kəndin Mədəniyyət sarayında keçirilən yığıncağında (11.09.1980) Kürqırağı ərazilərdə xam torpaqların əhaliyə paylanması haqqında tapşırıqlar verməsi, kənddə həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən faktlar Ümummilli liderin dövrün, həyatın dəyişdirilməsinə göstərdiyi təsiri real surətdə təsvir etməyə xidmət edir. Eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ dövlətindəki yüksək vəzifəsindən kənarlaşdırıldıqdan sonra rayonda sadə bir müəllimin kənddəki məktəbdən və dövlət idarələrindən onun portretlərini yığıb evində qoruyub mühafizə etməsi hadisəsi də Ulu öndərə ümumxalq məhəbbətini daha da zənginləşdirən əhəmiyyətli detaldır.

 

"Xilaskarlar" kitabının müəllifinin Heydər Əliyevin millətlərarası münasibətlərin tənzimlənməsi, ölkəmizdə yaşayan azsaylı etnoslarla aparılan işlərin tarazlaması məsələlərinə də diqqət yetirməsi Ulu öndərin dühasını və uzaqgörənliyini qabarıq şəkildə nəzərə çarpdırmağa xidmət edir. Bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin bütün dövrlərində məqsədyönlü şəkildə apardığı azərbaycançılıq siyasətini tamamlayır.

 

"Xilaskarlar" kitabında Heydər Əliyev dühasına dünyanın görkəmli liderlərinin verdikləri qiymətin diqqət mərkəzinə çatdırılması və tarixi şəxsiyyətin miqyasının müqayisələr əsasında dəyərləndirilməsi məsələlərinə şərait yaradır. Sovet dövlətinin əsas rəhbərlərindən biri, Xarici işlər naziri Andrey Qromıkonun "SSRİ məkanında Heydər Əliyev səviyyəsində dövlət xadimimiz yoxdur" - etirafı Ulu öndərin masştabını əyani şəkildə ifadə edir. Yaxud uzun müddət SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmiş Nikolay Baybakovun "Mən Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci bir adam tanımıram" sözlərinin manşetə çıxarılması isə görkəmli dövlət xadiminin misilsiz vətən sevgisini, doğma xalqına böyük xidmətlərini daha dərindən başa düşmək üçün seçilmiş, düşünülmüş məqamdır. Bütün bunlar Heydər Əliyevin dünyada qəbul edilmiş görkəmli liderlərdən biri olması ilə bərabər, həm də əsl vətənpərvərlik rəmzi olduğuna da gur işıq salır.

 

Professor Qəzənfər Paşayev Azərbaycan xalqının müstəqillik, dövlətçilik uğrunda mübarizəsinə, dövlət müstəqilliyinin qurulması və inkişaf etdirilməsinə vahid bir proses kimi baxıb ümumiləşdirilmiş şəkildə elmi qiymət vermişdir. Bu mənada onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrün dünya liderləri sırasında qazandığı yüksək nüfuzdan böyük iftixar duyğusu ilə söz açması, ölkə rəhbərimizin dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi, ölkəmizin qüdrətli bir respublikaya çevrilməsi yollarındakı xidmətlərinin təhlil edilib qiymətləndirilməsi, xalqımızın müstəqillik yollarındakı zəfərlərinin davamlı inkişafdan doğan xüsusi bir mərhələsinin yaranmasının diqqət mərkəzinə çəkilməsi deməkdir. Prezident İlham Əliyevin müasir dövrün lideri kimi obrazının əsas xüsusiyyətləri: möhkəm siyasi iradə, qətiyyət, vətənpərvərlik, islahatçılıq, analitik təfəkkür və uzaqgörənlik kimi keyfiyyətlər dəyişən zamanın axarında əyani həyati misallarla şərh edilmişdir. Qəzənfər Paşayevin təqdimatında İlham Əliyev erası Heydər Əliyev epoxasını tamamlayan və daha da inkişaf etdirilərək yeni tarixi mərhələ səviyyəsinə çatdırılmış xüsusi bir dövr kimi səciyyələndirilir.

 

Azərbaycanın dövlət müstəqilliyi mövzusunda yazılmış əsərlər sırasında ilk dəfə olaraq professor Qəzənfər Paşayev Ulu öndər Heydər Əliyev dühasını və Prezident İlham Əliyevin qüdrətini Nostradamusun görücülüyü vasitəsilə şərh etmişdir. "Nostradamusun möcüzəli aləmi" ("Təhsil", 2007) tədqiqatının müəllifinin dünya görücüsünün kitabından gətirdiyi bir bəndlik katrenin yenidən yozulması vasitəsilə gəldiyi nəticə əslində, ölkəmizin dövlət liderləri haqqında deyilmiş müdrik ağsaqqal sözüdür. Qəzənfər müəllimin Nostradamusun görücülüyünə istinad edərək bəyan etdiyi aşağıdakı mülahizələr əslində, mövcud Azərbaycan reallıqlarının fərqli formada müdrik elmi ifadəsindən ibarətdir:

 

Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir və Xilaskarlar kitabının təqdimatı keçirilib - AZƏRTAC Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

"Tədqiqatçılar bu katrenin (4 k 87 saylı katren nəzərdə tutulur - İ.H.) fransız kralı III Henridən bəhs etdiyini qeyd edirlər.

 

Katrendən göründüyü kimi, söhbət ata və oğuldan gedir: "Çoxlu dil bilən kral oğlu, krallıqda öz sələfindən fərqlənəcək. Onun gözəl atası oğlunun böyüklüyünü başa düşəcək. Əsas rəqibini kənarlaşdıracaq". Odur ki, katreni qardaşı Karldan sonra hakimiyyətə gələn III Henriyə aid etmək doğru deyildir.

 

Bizə qalırsa, bu katrendə söhbət Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevdən gedir. Katrenin bütün sətirlərində bəyan olunanlar İlham Əliyevin həyatı və fəaliyyəti ilə birmənalı şəkildə səsləşir. Möhtəşəm Bakı-Tbilisi-Ceyhan neft kəməri, planlaşdırılan və tezliklə reallaşdırılması gözlənilən qaz kəməri, Azərbaycanı və hətta Orta Asiya dövlətlərini Avropa ilə birləşdirəcək Dəmir yolu xətti, ölkə daxilində görülən vüsətli işlər Nostradamusun diqqətindən qaça bilməzdi".

 

Azərbaycanın müstəqillik dövrünün tarixi həqiqətləri Qəzənfər Paşayevin elmi yozumları sayəsində Nostradamusun görücülüyünə daha bir reallıq qazandırır.

 

Heydər Əliyev - İlham Əliyev epoxasının reallıqları Nostradamusun görücülüyünə yeni bir versiya əlavə edir.

 

Heç şübhəsiz, "Xilaskarlar" kitabı tanınmış, görkəmli bir ədəbiyyatşünas alim tərəfindən yazıldığı üçün burada müstəqil dövlətimizin liderlərinin özünəməxsus, çoxcəhətli səmərəli fəaliyyətlərinin, böyük xidmətlərinin mahiyyətinin açılması məqsədilə folklor abidələrimizdən tutmuş Azərbaycan və dünya ədəbiyyatından gətirilmiş misallardan və tezislərdən də yaradıcı şəkildə istifadə olunmuşdur. Hətta "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda yazılmış kitablar haqqındakı resenziyalar monoqrafik tədqiqatlar barəsində elmi rəylərdən çox, epoxanın çətin və şərəfli fəlsəfəsinə aydınlıq gətirən ədəbi şərhlər təəssüratı yaradır. Kitabdakı ədəbiyyatşünaslıq materialları professor Qəzənfər Paşayevin elmi tədqiqatlarının ictimai mahiyyətinə işıq salır və digər materiallarla birlikdə müəllifin azərbaycançılıq baxışlarının mahiyyətini tamamlayır. Bir sözlə, "Xilaskarlar" kitabı professor Qəzənfər Paşayevin azərbaycançılıq mövqeyinin obyektiv elmi ifadəsidir.

 

Təqdim olunan kitabda "Xilaskar" adında iki məqalənin verilməsi heç də təsadüfi olmayıb, dövlət müstəqilliyimizin taleyində Ulu öndər Heydər Əliyevlə Prezident İlham Əliyevin xilaskarlıq missiyasını uğurla həyata keçirmələrini vahid mövqedən dəyərləndirmək məqsədi daşıyır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "XX əsrin doxsanıncı illərində xalqı vətəndaş qarşıdurmasından, dövləti parçalanmaqdan xilas etməsini" böyük tarixi hadisə kimi qiymətləndirən Qəzənfər Paşayev dahi şəxsiyyəti xalqımızın milli qurtuluşunu təmin etmək üçün Böyük Yaradan tərəfindən göndərilmiş xilaskar adlandırır. Kitabda, eyni zamanda, Vətən müharibəsi - Qarabağ savaşında xalqımıza böyük Zəfər qazandırmış Prezident İlham Əliyevin xilaskarlıq missiyasını həyata keçirməsinin də mahiyyəti qürur hissi ilə və obyektiv mövqedən açılıb göstərilmişdir: "Üç əsrə yaxın bir dövrdə torpaqlarımızın hissə-hissə itirilməsinə son qoyuldu, mənliyimiz geri qaytarıldı, xalqlar arasında qürurla gəzmək bizə də qismət oldu. Ən yaralı yerimiz, mədəniyyət beşiyimiz Qarabağ, Qarabağın döyünən ürəyi Şuşa azad edildi.

 

Müharibənin gedişində Ali Baş Komandanımızın böyük sərkərdə və dünya miqyaslı müdrik siyasətçi olduğu sübuta yetdi".

 

Qəzənfər Paşayev Xilaskarların şəxsiyyətinin qüdrətini və fəaliyyətlərinin miqyasını göstərmək üçün yalnız sitatları və faktları diqqətə çatdırmaqla kifayətlənməmiş, fikir və mülahizələrini yığcam təhlillər və canlı həyati misallarla aydınlaş-dırmışdır. Bu mənada professor Qəzənfər Paşayevin Xilaskarlar haqqında təqdim etdiyi elmi material xilaskarlıq anlayışının dərk olunmuş elmi təqdimatı kimi səslənir.

 

Ümumiyyətlə, professor Qəzənfər Paşayevin "Xilaskarlar" kitabı Azərbaycan Respublikasının tarixi müqəddəratını həll etmiş Böyük Xilaskarlar haqqında əhəmiyyətli tədqiqatdır.

 

Eyni zamanda, "Xilaskarlar" kitabı - xalqımızın və müstəqil dövlətçiliyimizin müqəddəratında həlledici rol oynamış Xilaskar dövlət rəhbərlərinin xilaskarlıq missiyasına həsr olunmuş elmi dəyərləndirmədir.

 

"Xilaskarlar" kitabı - Xilaskarlar və Xilaskarlıq haqqında vətəndaş ziyalı mövqeyinin ifadəsidir.

 

"Xilaskarlar" kitabı - Xilaskarlıq epoxasının liderləri və mərhələlərinə dair ağsaqqal sözüdür.

 

Müstəqil Azərbaycan Respublikası Xilaskardan-Xilaskara qurulub-yaradılmış, inkişaf etdirilib möhkəmləndirilmiş, ölkəmizdə dövlət müstəqilliyinin əbədiliyi və davamlı inkişaf prosesi təmin edilmişdir.

 

"Xilaskarlar" kitabı - Xilaskarlara dərin sədaqət, xilaskarlığa yüksək ehtiram kitabıdır.

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2021.- 19 iyun.- S.12.