"Müəllim öz tələbələrini tanıtmaqdan çəkinməsin gərək

 

XANƏNDƏ VƏ PEDAQOQ HABİL MƏMMƏDOV: "TƏLƏBƏLƏRİMİN SƏSİNƏ DƏ, ONLARA ÖYRƏTDİKLƏRİMƏ DƏ GÜVƏNİRƏM"

Müsahibim Habil Məmmədov Ağdam rayonunun Hacıməmmədli kəndində doğulub. On ildir ki, Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbində səs müəllimi olaraq çalışır.

 

Geniş ictimaiyyət onu sosial şəbəkələrdə öz şagirdlərilə birgə gözəl ifaları sayəsində tanıyıb.

 

Azyaşlı şagirdləriylə bir-birindən maraqlı ifalar səsləndirən, milli musiqimizi həm onlara öyrədib, həm də çəkdiyi videolar sayəsində sosial şəbəkələrdə təbliğ edən Habil müəllimlə görüşüb onu oxucularımıza daha yaxından tanıtmaq üçün suallarımızı ünvanladıq:

 

***

 

- Habil müəllim, sizi şagirdlərinizlə olan ifalarınız sayəsində tanıdıq. Bəs özünüz solo-xanəndəliklə məşğulsunuzmu?

 

- Əvvəlcə onu qeyd edim ki, şagirdlərlə çəkdiyimiz bu videolar müəllimlikdən əlavədir. Yəni müəllim olaraq vəzifəmiz onları öyrətmək, müsabiqələrə hazırlamaqdır. Amma biz istedadlı şagirdlərimizi bir araya gətirib qrup halında onlara əlavə mahnılar öyrədir, sosial şəbəkələrə yerləşdirir, efirlərə çıxarırıq ki, həm insanlar bu cür istedadlı uşaqları tanısın, həm onlara stimul olsun, həm də xalq mahnılarımızı, retro mahnılarımızı təbliğ edək. Özüm isə, bəli, xanəndəliklə məşğulam. On ildən çoxdur ki, el şənliklərində, tədbirlərdə, efirlərdə çıxışlar edirəm. Şagirdlərimlə birgə bir dəfə dövlət tədbirində çıxış etmişik.

 

- Anladığım qədəriylə son zamanlarda şagirdlərinizi daha çox önə çəkməyə çalışırsınız.

 

- Bəli, istəyirəm ki, onlar öndə olsunlar. Çünki biz müəllimik, dərs keçmişiksə, onun nəticəsini də təqdim etməliyik. O uşaqların bu istedadını, gözəl səsini sinif otağında təkcə mən eşidirəm. Amma istəyirəm ki, hər kəs eşitsin, tanısın. Xalqın qarşısında çıxış etmək müsabiqədə çıxış etməkdən çətindir. Çünki müsabiqədə səni 2-3 münsif dinləyirsə, belə minlərlə, milyonlarla insan dinləyir, fikir bildirir. Çoxları da musiqidən başı çıxan insanlar olurlar. Onlardan müsbət rəy almaq önəmli haldır. İlk vaxtlarda mənim bu dərsləri çəkib sosial şəbəkəyə yerləşdirməyimə bəziləri etiraz edirdi. Amma mən onları dinləmədim. Müəllim öz tələbələrini tanıtmaqdan çəkinməsin gərək. İlk dəfə tələbəm Kamal Mustafayevin ifasını çəkib paylaşmışdım. Tələbələrimin səsinə də, onlara öyrətdiklərimə də güvənirəm.

 

Dəfələrlə görmüşəm ki, sosial şəbəkədə yayılan ifalarımızdan sonra kəndimizdəki uşaqlar onların oxuduqları mahnıları oxuyurlar. Yəni onların da dilinə düşür bu mahnıları. Bu, çox yaxşıdır. Uşaqların bayağı mahnılara yönəlməsindənsə, bu cür mahnılarımızı dinləyib oxumaları mədəniyyətimiz, musiqimiz üçün də böyük işdir. Vaxtilə "Qarabağ bülbülləri" vardı ki, ordakı uşaqların hər biri indi gözəl sənətkardır. Bəlkə bu da gələcəkdə böyük sənətkarlar yetişdirmək üçün ilkin təkan olacaq, nə bilmək olar.

 

- Bir az da öz uşaqlığınızdan, musiqini necə seçməyinizdən danışaq.

 

No description available.

 

- Bizim uşaqlığımız müharibə vaxtına, qaçaqaç dövrünə düşdü, heç normal təhsil ala bilmirdik. Günümüz çöldə-bayırda keçərdi. Musiqini nadir hallarda eşidərdik. Uşaq idim, bir dəfə qohumumuzun radiosunu götürüb evə gətirdim. Orda bir mahnı oxunurdu, səs məni cəlb elədi, çox xoşuma gəldi. Amma oxuyanın kim olduğunu bilmədim. Sonradan öyrəndim ki, Səxavət Məmmədov imiş. Onu eşidəndən sonra hərdən zümzümə edirdim. Atam da bəzən xalq mahnıları, muğam kasetləri gətirib bizə dinlədərdi. Sonra Tacir Şahmalıoğlunun o məşhur ifasını eşitdim və başladım çöldə-bayırda onu oxumağa. Biz ön cəbhədə, sərhəddə idik, əsgərlər çox olurdu orda. Onlar dinləyirdilər məni, babama deyirdilər ki, bu uşağın gələcəyi var, niyə burdadı, musiqiyə yönləndirmirsiz? Əlbəttə, musiqi məktəbi yox idi, olan da çox uzaqda. Beləcə, 13-14 yaşına çatdım. Atam dedi ki, səsin var, səni Qarabağın ən gözəl xanəndələrindən biri Böyük Aydın ləqəbli Aydın Məmmədovun yanına aparıram. Əvvəl razı olmadım, istəmirdim. Amma atam apardı. Aydın müəllim öncə dedi ki, 14 yaşı var, musiqi məktəbi üçün gecdir. Amma sonra dedi, gəlsin məktəbə, yoxlayaq. Getdim, bir az oxumuşdum ki, dayandırdı. Sonralar eşitdim ki, müəllimlər hamısı maraqlanıblar, səsimi bəyəniblər. Aydın müəllim də deyirmiş ki, Habil gələcəkdə mütləq bu sənətdə öz yerini tapacaq. Sonra yeniyetməlik başladı, səs dəyişmə zamanında səsim təmiz batdı. Onda çox pis olmuşdum. Amma Aydın müəllim dedi, səs batsa da, bu yoldan dönmə, potensialın var, bacararsan. Bir də hərbi xidmətdən qayıdandan sonra məni yenidən çağırdı yanına, yoxladı, dedi yadında qalıb, bu sənətlə məşğul ol. Beləcə, Şuşa musiqi kollecinə daxil oldum. Oranı da bitirib Gülablı Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başladım.

 

No description available.

 

- Müəllimlikdə sizi cəlb edən nə idi? Niyə bu sənəti seçdiniz?

 

- Kollecdə təhsilə başlayanda təbii ki, xanəndə kimi marağım olan sahədə idim, amma dedilər ki, buranı bitirib müəllim olacaqsan. Bu, məni daha çox sevindirdi. Müəllim olmağı daha çox sevdim. Sonra "Qarabağ bülbülləri"nə, Murad müəllimin yanına getdim, bir az da orda fəaliyyət göstərdim. Düzdür, mən müəllim olduğumu demirdim, amma Murad müəllim bildiyi üçün mənə elə müraciət edirdi.

 

- İlk dəfə belə bir video çəkib sosial şəbəkədə paylaşanda bu qədər maraq toplayacağını gözləyirdiz?

 

- Səsi yazdırmaq, efirlərə çıxarmaq bir az çətin məsələdir. Amma sosial şəbəkələr daha əlçatandır. Mən də video çəkib paylaşdım. Əvvəl elə də maraq cəlb eləmədi. Təxminən bir aydan sonra hansısa səhifə o videonu "iki şagirdin ifası" başlığıyla paylaşdı. Elə bilmişdilər mən də şagirdəm. Ən çox da mənim səsim maraqlı gəlmişdi. Deyirdilər ki, şagirdin səsi Səxavət Məmmədovun səsinə bənzəyir. Bu cür maraq yarandı. Sonra da bu şagirdlərimi çəkib paylaşdım və bu maraq getdikcə daha da böyüdü. İlk öyrətdiyim şagirdim Xan Şuşinskinin 100 illik yubileyi münasibətiylə keçirilən müsabiqədə diploma layiq görülmüşdü. Hazırda Asəf Zeynallı adına musiqi kollecinin 4-cü kursunda təhsil alır.

 

No description available.

 

- Gənc nəslin xalq mahnılarına, muğamlarımıza olan marağını necə dəyərləndirirsiz?

 

- Bu mahnılar belədir ki, onları ifa etmək üçün səs, potensial lazımdır. Amma indiki mahnıların çoxu qabaqkı mahnılar səviyyəsində deyil. O mahnıları ifa etmək üçün savada gərək yoxdur. Yeni nəsil, adətən, indi dəbdə olan mahnılara maraq göstərir. Amma bizə əsas lazım olan milli musiqimizdir. Çünki onun kökü bizik, bizdədir. Onu kimsə bizdən ala, ya da bizim kimi gözəl ifa edə bilməz. Dünyaya da özümüzü məhz öz məhsulumuzla təqdim edə, bu cür maraq yarada bilərik. Həmçinin, Vətən müharibəmizdə də yayılan videolarda görürdünüzmü, döyüşçülərimiz hamısı milli musiqimizlə qidalanıb getmişdilər savaşa, hamısı bu musiqiləri oxuyur, ifa edirdilər. Milli musiqi özümüzü, torpağımızı sevmək deməkdir. Gənclərimiz bu yolda çox böyük uğurlar əldə edə bilərlər. Məsələn, Türkiyənin məşhur səs təhlilçisi Əmrə Yücələn bizim videomuzda səsimizi, oxu texnikamızı şərh eləmişdi. Demək ki, biz onun diqqətini məhz bu musiqiylə çəkə bilmişik.

 

- Şagirdlərinizə ilk tövsiyələriniz nələr olur?

 

- İlk tövsiyəm və tələbim məsuliyyətli olmaqdır. Çünki valideyn onu mənim yanıma göndərirsə, mən öyrətməli, o da öyrənməlidir. Ola bilər ki, bunu seçməz, gələcəkdə başqa sahəyə yönələr. Amma yenə də hardasa deyəndə ki, musiqi məktəbini bitirmişəm, təhsiliylə seçilsin. Çalışıram efirlərlə, videolarla onları həvəsləndirim, daha çox maraq yaradım.

 

- Pandemiya və sonra müharibə çox sahələrə təsir etdi. Yəqin ki, sizin dərslərinizə də təsirsiz ötüşmədi?

 

- Bəli, böyük təsiri oldu və musiqi sahəsinə çox zərbə vurdu. Onlayn tədris canlı dərsin verdiyi o ruhu, o təbiiliyi ötürə bilmir. Çox effektsiz tədris üsuludur. İstəmərəm ki, bir də olsun. Biz yenə də dərsimizi keçirdik, amma dərs tamamlanmırdı. Şagirdlərimizi çox ləngitdi.

 

- Vətən müharibəsini necə xatırlayırsız, siz və şagirdləriniz üçün nəylə fərqləndi o dövr?

 

- Müharibə vaxtı internet probleminə görə dərs keçə bilmirdik, amma şagirdlərə əlaqələrimiz davam edirdi. Xüsusən də, biz köçkün məktəbiyik, uşaqlara daha çox vətənpərvərlik mövzulu mahnılarımızı öyrədirdik, o ruhu aşılamağa çalışırdıq. Məktəbə dönən kimi isə onlara "Xudayar təsnifi"ni yeni və fərqli variantda ifa etdirdim. Həm orijinal sözlərini saxladıq, həm də hər beyt iki dəfə təkrarlanır deyə, təkrarda Xudayar üçün yazılmış sözləri oxuduq, 1-2 cümlə özümüzün də əlavələrimiz oldu. İdeya fortepianoda ifa edən iş yoldaşımdan gəldi. Məktəbdə tar müəllimidir. Fikrimcə, çox gözəl alındı. Uşaqların hamısı zamanında işğalda olmuş o torpaqlardandır. Onlar da çox həyəcanlı idilər həmin dövrdə. Hətta şagirdim Ayxan Hüseynov müharibənin ilk günlərində dərsə gəlib deyir ki, müəllim, gələndə yolda polis gördüm, ona dedim, məni də aparın, döyüşə getmək istəyirəm. Həmin polis də Ayxana deyib ki, nə zaman mən ölərəm, onda siz gedərsiniz. Yəni uşaqlarımızda bu ruh var idi. Hamısı deyirdi ki, Ağdama gedək, torpağımızı azad edək.

 

- Ağdam Gülablı kənd məktəbində Ağdamın azadlığı necə qarşılandı?

 

- Çox böyük sevinc və qürurla. Eyni zamanda, unutmuruq ki, torpaqlarımızı üç minə yaxın şəhidimizin canı, qanı bahasına aldıq. Milli Qəhrəman Polad Həşimov hərbi xidmətdə komandirim olub. Biz vətənpərvərliyi həm də ondan öyrənmişik. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün torpaqlarımız azaddır. Texnika nə qədər güclü olsa da, əsas qüvvə insandır. Mən də könüllü müraciət etmişdim və öz növbəmi gözləyirdim, amma çağırmadılar. Şükür ki, müharibə də məhz insanımızın əzmi, qəhrəmanlığı sayəsində tez və qələbəylə bitdi.

 

Kəndimiz işğal olunmasa da, bizə yaxın kəndlər işğalda idi. Uşaq vaxtı orda erməniləri görürdük, ürəyimiz partdayırdı ki, öz torpaqlarımıza niyə gedə bilmirik? Gözümüzün qabağında sökürdülər oraları, nəsə edə bilmirdik. Çox ağır günlər idi. İndi isə böyük intizarla Gülablı məktəbinin öz yurduna qovuşacağı, bizim də o torpaqlarda yeni xanəndələr yetişdirəcəyimiz günü gözləyirik. İnşallah, həyat bərpa olunandan sonra fəaliyyətimizə orda davam edəcəyik. İçimizdə bu ruh, bu mədəniyyət, bu milli təəssübkeşlik varkən, bizə kimsə qalib hələ bilməz.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 23 iyun.- S.16.