Qələmsiz yazılanlar

 

status-esseləri

Yanaşı bayraqları

Dalğalanır Şuşada!

 

***

 

Fulya Öztürklə bağlı müzakirələr qədər cahil xəbis adamların Feysbukda meydan suladığının növbəti təsdiqi oldu.

 

Elə bil, görünməz bir əl qəsdən suyu bulandırır, insanlar arasında bölücülük, ikitirəlik yaradır, kin-küdurət toxumu səpir. Bəsit düşüncəli, həyasız adamlara indiki kimi münbit şərait heç vaxt olmayıb. Ağzına gələni de, kimə istəyirsən şər at!..

 

Bunun qarşısını inzibati yolla almaq mümkünsüzdür. Yüz il öncəki kimi yenə mədəniyyət, maarifçilik, ədəb-ərkan toxumları səpilməlidir. Cahil, savadsız, naqis, kin-küdurət püskürən profillər cavabın anındaca almalı, tənbeh olunmalı, sərrast arqumentlərlə susdurulmalıdır.

 

Yoxsa süni şəkildə yaradılan bu eybəcər, ürək bulandıran ab-havaya alışmaq, adət etmək vərdişi yaranacaq. Feysbukun saflaşmasına, təmizlənməsinə ciddi ehtiyac var. Səviyyəsiz cahil adamların ara qarışdırmağa, su bulandırmağa cəsarət etmələrinə əsla yol vermək olmaz.

 

***

 

Neqativ enerji adama elə kondisionerdən keçə bilər...

 

***

 

Deyəsən, media rəhbərləri içərisində futbol azarkeşləri azdır...

 

***

 

Hamı pul deyib ağlar...

 

***

 

İnsan beyni bu qədər informasiyanı qəbul etməyə hazır deyil.

 

***

 

Birini təhqir etmək, aşağılamaq istəyəndə əvvəlcə düşünün ki, bunun cavabı beşqat artıq ola bilər...

 

***

 

Nankorluğun naşükürlüyün cəzasını çox zaman bəndə yox, Tanrı verir. Təcrübə tarix belə deyir. Buna inansanız, daha rahat yaşayarsınız...

 

***

 

Ermənistandakı seçki marafonunda müxalifətçilərin təbliğat çarxları Paşinyanı xain kimi təqdim etmək, Azərbaycan qorxusu, xofu yaratmaq ideyası üzərində qurulub. Yenə özlərini fağır, bizi qəddar göstərməyə çalışsalar da, yeni şəraitin diktə etdiyi informasiyanın şüurlara ötürülməsi bizə işləyir.

 

Ermənilərin beyinlərinə Azərbaycan əsgərinin, polisinin yaxınlıqda, bir addımlıqda olduğu təlqin edilir. Paşinyanın qələbəsiylə bu təlqinetmə miqyasca genişlənib bütün əhaliyə sirayət edəcək, geridönüşün, absurd xəyalların heç vaxt gercəkləşməyəcəyinə əminlik yaradacaq.

 

***

 

Gəncliyində sevimli komandasının uduzmasından hönkürüb ağlayanlar barədə çox eşitmişəm. Canlı etirafların da şahidi olmuşam. Özüm yeniyetməliyimdə Braziliya millisinin məğlubiyyətinə ağlamışam.

 

Bəs Sizin belə vaxtlarınız olubmu?

 

Görəsən, indi necə? Belə emosional gənc azarkeşlər varmı? Yoxsa emosionallıq tam yoxa çıxıb?..

 

***

 

Hollandları udmaq olar?

 

Birdən elə oynayırlar ki, elə bil, sel gəlir, qarşısına keçəni süpürüb aparacaq...

 

***

 

İndi elə təzə "xəyasızlar" ortaya çıxıb ki, köhnələrin əli üzündə qalıb...

 

***

 

Suçlu suçlunun tərəfini tutar...

 

***

 

İki əks fikrin hər ikisinə "Tam doğru" yazanlardan çəkinin...

 

***

 

Bu bayram ovqatlı günlərdə gərək Operativ Qərargah da xoş addım ata, heç olmasa bir aylığına açıq havada yığcam toyların keçirilməsinə icazə verə.

 

Qorxa-qorxa, "oğurluq" keçirilən toyların barı olmaz...

 

***

 

Türklər coşmasa, çətin olacaq...

 

***

 

Yorğun halsız görünürlər, həvəssiz oynayırlar. Elə bil, daş daşıyıblar...

 

***

 

Məşhur filmdə necə deyir?

 

"Bir ətək pul vermişəm, oynamaqlarına bax..."

 

***

 

Həkim şərəfli sənətdir.

 

Bütün həkimlərimizi təbrik edirəm!

 

***

 

Cümlə yaza bilmir, sayt açır, özünü media rəhbəri elan edir.

 

Qabaq beləsi 10 il qəzetdə külüng vururdu; hələ peşə sirlərini, yazmağı öyrənib-öyrənməyəcəyi sual altındaydı.

 

İndi hoppanıb başa çıxır...

 

***

 

Görünməyən kimi unudulanlar çoxdur.

 

Bir var, görünməsə , yadda qalanlar.

 

***

 

Heç kimin əlindən telefon düşmür...

 

***

 

Bizim qızlara gözəllikdə tay ola bilməz. Üstəlik, son illərdə təhsilli, savadlı, baxımlı xanımlarımız lap çoxalıb.

 

Van Dammın, ya başqasının oğlunun minnəti olsun...

 

***

 

Medianın İnkişafı Agentliyi ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən "Mediada islahatlara doğru" mövzusunda silsilə seminarları media rəhbərlərinin polemika klubu adlandırmaq olar.

 

Bu seminarlarda əsasən media rəhbərləri - həm yazılı mətbuat, həm onlineaudiovizual media rəhbərləri iştirak edir. Silsilə tədbirlər bir ay müddətində həftədə iki dəfə olmaqla davam edəcək.

 

Düzünü desəm, başlanğıcda şübhəli yanaşırdım ki, bu uzun müddətdə nə baş verəcək. Amma elə ilk təlimdə fikirlərim dəyişdi. Birinci Əhməd İsmayılov yeni media haqqında qanun barədə fikirlərini bölüşdü, müzakirələr aparıldı. Daha sonra ADA Universitetinin müəllimləri çıxış etdilər. Əsasən də ADA Universitetinin müəllimi, jurnalist həmkarımız Şəfəq Mehrəliyevanın məruzələri dinlənildi. Əslində, bu, məruzə deyildi, polemikaydı, iştirakçılarla çox maraqlı müzakirələr idi. Bunu həm də media sahəsində həmfikirlərin klubu adlandırmaq olar. ADA-nın ab-havası, aurası, gözəl şəraiti, füsunkar bağı-bağçası və orada olmaq, həmkarlarımla bir yerdə çay süfrəsində, seminarlar zamanı polemikalar etmək məndə çox müsbət təəssürat yaratdı.

 

O gündən bəri hər yerdə fürsət düşdükcə bu seminarların önəmindən, Şəfəq xanımın peşəkar çıxışlarından danışıram.

 

Elə bilirəm ki, bu, çox vacib seminar idi. Bizim heç gözləmədiyimiz bir anda, həmkarları bir araya gətirmək, medianın hansı istiqamətə inkişafı barədə vacib əhəmiyyətli müzakirələr etmək olduqca təqdirəlayiqdir.

 

Mən təşkil olunan bu təlimləri çox bəyəndim və sonadək məmnuniyyətlə iştirak etmək fikrindəyəm.

 

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2021.- 23 iyun.- S.15.