Dağlar qızı

Sədaqət Rəcəbova 1971-ci ildə Zaqatalanın dağlar qoynunda yerləşən Sabunçu kəndində anadan olub.

 

Uşaqlıq illərindən öz sadəliyi, qoçaqlığı, elinə-obasına məhəbbəti, təbiətən saflığı ilə seçilən, temperamentli Sədaqət istər ailədə, istərsə təhsil aldığı məktəblərdə hamının hörmətini qazanıb. O, 1986-cı ildə Sabunçu kənd səkkizillik, 1988-ci ildə isə Yuxarı Çardaxlar kənd orta məktəblərini əla yaxşı qiymətlərlə başa vurdu. Arzusu jurnalist olmaq idi. Sədaqət Elsevər təxəllüsü ilə yazdığı yazılar, müraciətlər, məktublar, şeirlər gələcəyin parlaq istedadından xəbər verirdi. Lakin torpaqlarımızda gedən amansız müharibə Sədaqatə bu haqda düşünməyə imkan vermədi. Onun gəncliyi digər yaşıdlarının gəncliyi kimi vətənin çox təlatümlü, keşməkeşli şərəfli günlər keçirdiyi bir dövrə təsadüf edirdi.

 

Bədnam qonşularımız Qarabağda baş qaldırmış, bizi amansız müharibəyə sürükləmişdilər. Digər tərəfdən xalq azadlıq mübarizəsinə qalxmışdı. Azadlıq meydanı dəniz kimi dalğalanırdı. Şübhəsiz ki, dağlar qızı Vətənin bu ağır sərəfli günlərində kənarda qala bilməzdi. Şəhid şair Ülvi Bünyadzadə şeirlərinin birində belə deyir.

Atam, anam zəmanədir,

Mən zəmanə uşağıyam.

 

Bəli, Sədaqət minlərlə, yüz minlərlə yaşıdları kimi zəmanə uşağı idi.

 

Qarabağ hadisələri başlayan ilk günlərdən Sədaqət dinclik tapa bilmir, hadisələri diqqətlə izləyir, əlindən gələni etməyə çalışırdı. O, tez-tez "Zaqatala" qəzeti redaksiyasında, yerli radio verilişləri redaksiyasında olur, müxtəlif tədbirlərdə odlu-alovlu çıxışlar edir, cəbhəyə yardımlar toplanmasında fəallıq göstərirdi. Lakin bütün bunlar ürəyi vətən məhəbbəti ilə dolu Sədaqətin dincliyimizi pozan düşmənə qarşı nifrət hissi ilə alışıb-yanan qəlbinə təskinlik vermirdi. Qarabağa getmək, xalqımızı tapdanan tapdadılan hüquqları uğrunda mübarizədə hadisələrin lap mərkəzində olmaq istəyirdi. Ümid edirdi ki, həqiqətə inamı, ədalət amalı kömək edəcək. Qara xəbərlər qapıları döydükcə, anaların gözləri bulağa, göz yaşları çırağa döndükcə bu hisslər daha da qüvvətlənirdi.

 

Ailədə bu haqda valideynləri ilə tez-tez mübahisələri, söhbətləri olurdu. Səfiyyə ananın gətirdiyi müxtəlif dəlillər, sözü keçməyəndə axıtdığı göz yaşları heç cürə Sədaqəti inadından döndərə bilmirdi. Axırda Səfiyyə ana dözməyərək dedi: "Vətən o qədər çarəsiz vəziyyətə düşməyib ki, qızlar da gedib cəbhədə vuruşsunlar. Sən arxada bacardığını elə, oğlanlar cəbhədə necə lazımsa vuruşacaqlar. vaxt sənə ehtiyac duyularsa, səni çağırarlar, onda gedərsən".

 

Halal zəhməti, sevdiyi dürgərlik peşəsi ilə 5 övlad böyütmüş, uşaqlarını Vətənə məhəbbət, elə-obaya bağlılıq ruhunda tərbiyə etmiş, kənddə özünə görə adı, sanı olan Abakər dayı son beşiyinin - qızının bu inadından qəlbən sevinir, iftixar hissi duyur, ürəyində ona "əhsən " deyirdi.

 

Ancaq ataya elə gəlirdi ki, qızının bu inadı gənclik həvəsi, romantikası, şıltaqlığıdır. Lap uzağı cəbhəyə gedər, çətinlikləri görüb bir neçə gündən sonra geri qayıdar. Əgər belə olardısa, qızı el içində gülüş hədəfinə çevrilərdi. Ata buna heç vaxt razı ola bilməzdi. Odur ki, qızına ciddi düşünməyi məsləhət bildi. Sədaqət isə qərarını çoxdan vermişdi. Elə həmin ərəfədə baş verən Xocalı faciəsi təkcə xalqımızı yox, bütün dünyanı dəhşətə gətirdi. Artıq Sədaqəti saxlamaq mümkün deyildi.

 

Namərdi özümə arxa bilmirəm,

Tanrının gözünə baxa bilmirəm

Elin qarşısına çıxa bilmirəm

Yerin bağrı inlər nalədən, ündən

"Müsəlləh əsgərəm, mən bu gündən

 

deyərək evdən çıxdı.

 

Beləliklə , Sədaqətin cəbhə həyatı başlandı. 1992-ci ilin martında Goranboy cəbhəsinə könüllü olaraq gələn Sədaqət ilk günlərdən qorxmazlığı ilə döyüş yoldaşlarının hörmətini qazandı, döyüşçülərin qız qardaşı oldu. Döyüş texnikasına böyük həvəsi olan Sədaqət tezliklə müxtəlif silahların dilini mükəməl öyrəndi, hətta tankı sərbəst idarə etməyə başladı, Sədaqətin döyüş yolu sonralar könüllülərdən ibarət Zaqatala batalyonunun tərkibində Ağdam, Ağdərə cəbhələrindən keçdi. Könüllülərdən ibarət Zaqatala batalyonu Qarabağ döyüşlərində böyük qəhrəmanlıqlar göstərdi. Qazanılan qələbələrdə 70 qardaşın qız qardaşı olan Sədaqətin öz payı var idi. Çünki həmişə ən qaynar nöqtələrə can atan, döyüşçü yoldaşlarını daim irəliyə səsləyən Sədaqət hər döyüşdə düşmənə qan uddururdu. Sədaqətin igidliyinin şahidi olan şair Firudin Şimşək öz ürək sözlərini aşağıdakı sətirlərdə belə ifadə eləmişdi.

 

Zaqatala qızın tanı,

Eldə belə igid hanı?

Damarında vurar qanı

Qəzabında Nuh tufanı

Titrədir xain düşməni

Zaqatalanın bu ceyranı

Todanda çox alıb qanı

Yazım qalsın adı-sanı.

 

Qızğın döyüşlər ara verəndə Sədaqət tez-tez evlərinə məktub yazırdı. Lakin ana ürəyi təskinlik tapa bilmirdi. Odur ki, ailənin böyük övladı Əminə cəbhəyə, bacısı Sədaqətin görüşünə göndərildi. Əminə cəmi bir neçə ay əvvəl ayrıldığı bacısını tanıya bilmirdi. Sədaqət bu bir neçə ayda artıq qəhrəman kimi hamının istəklisinə çevrilmiş, mətinləşmiş, ad-san qazanmışdır. Odur ki, bacısının evə vaxt dönəcəyi sualına Sədaqətin cavabı belə oldu.

 

- vaxt vətən torpağı azad olar, onda üzüağ evə dönəcəyəm.

 

Sonralar Sədaqət Füzulidə döyüşlərdə iştirak elədi. O, qızğın döyüşlərin birində ağır yaralandı Bakıda hospitalda müalicə olundu. Hospitalda onun görüşünə gələn bacısı əmisi qızı ilə Şəhidlər Xiyabanını ziyarət edərkən burada da öz vəsiyyətini bildirdi.

 

- Vətən uğrunda qəhrəmancasına vuruşub şəhid olmaq Şəhidlər Xiyabanında uyumaq ən böyük xoşbəxtlikdir. Əgər mən qanlı vətən döyüşlərində həlak olsam, məni burada torpağa tapşırarsınız.

 

Müalicədən sonra cəbhəyə qayıdan Sədaqətin döyüş yolu çox da uzun çəkmədi. 1993-cü ilin 8 avqustunda gedən qanlı döyüşlər Sədaqətin son döyüşü oldu. Sədaqət vəsiyyətinə görə, Bakıda Şəhidlər Xiyabanında dəfn olundu. Beləcə Vətən daha bir igid övladını itirdi.

 

Müstəqil Azərbaycanımızı azad, gözəl görmək Sədaqətin ən böyük arzusu idi. Elə bu arzu ilə qurban getdi. Lakin azadlıq qurbansız olmur. Azadlıq uğrunda qurban verməyi bacaran xalq azadlığa layiqdir, ən kamil müdrik xalqdır.

 

Otuz ildən sonra Sədaqətin arzuları çiçək açdı, gül açdı. Ötən il sentyabrın 27-dən başlayan 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı.

 

Bu qələbəni ilk salamlayanlardan, ən çox sevinənlərdən biri Bakının ən uca zirvəsində - Şəhidlər Xiyabanında uyuyan dağlar qızı Sədaqət oldu. Gözün aydın, əziz bacım, ruhun şad olsun!

 

Həşim İSMAYILOV

Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Zaqatala rayonu, Sumaylı kəndi Əbədiyyətdəki əziz ünvanlarımız

 

525-ci qəzet.- 2021.- 24 iyun.- S.16.