Qanadları xeyirxahlıq olanın qisməti

O sözləri mən uşaqkən Osman Sarıvəllinin öz dilindən eşitmişəm. Bir televiziya verilişində çıxış edirdi və həmin məşhur misraları söylədi:

 

Hər kim 100 il yaşamasa,

Günah onun özündədir.

 

Şairin həmin misraları hansı nəcib niyyətə köklədiyini anlayıram və yeniyetmə, ilk gənclik çağlarımda o sətirlərin həqiqətinə də inanan kimiydim. O mənada ki, hər insan həm də öz həkimi olmalı, Yaradanın ona əmanət etdiyi canı qorumalı, daim bədəninin sağlam olmasının qeydinə qalmalıdır. Amma biliklərim, səriştələrim, görüb-eşitdiklərim çoxaldıqca, həyatın sıra-sıra qart sifətləri və davranışlarına şahid olduqca bunu da dərk etdim ki, uzun yaşaya bilmək, həm də sağlam, ağrı-acısız ömür sürə bilmək, təəssüflər ki, heç də həmişə özümüzdən asılı olmur. Bir yandan həyat, o biri tərəfdən çevrəndəki insanlar, üzləşdiyin münasibətlər, hadisələrin axarı hərdən səni elə məngənələrdə sıxır, elə sərt aşırımlarla qarşılaşdırır ki, bəzən saniyələr, dəqiqələr içində ayları, illəri yandırmış, yellərə sovurmuş olursan. Ona görə də əsildən-nəsildən gələn sağlam vücud, Allahın bəlkə də irəlicədən səxavətlə müəyyən etdiyi uzun ömür möhləti hərdən güzəranın kəc gedişi ilə erkən qısalır, can tab gətirməyib heysizləşir, həyat sapı vaxtından tez qırılır da. Həmin səbəbdən də uzun yaşaya bilmək və üstəlik, ömrün ən sinli mərhələsinə də gümrah, həyat eşqi ilə dolu halda çatmaq, qocalıq ahu-zarını, səhhət böhranlarını yaxına buraxmayaraq hər gün nəsə yaxşı bir iş görməyə çalışmaq, müdam qəlbində işıqlı bir istək daşımaq və ixtiyar çağlarında da dünyadan ləzzət almaqda davam edə bilmək özü də bir hünərdir.

 

"Hünər" sözünün hər iki mənasında. Yəni bu, həm bir şücaətdir, həm də sənətdir.

 

Mənim köhnə dostum Cümşüd Muradov bax belə igid və hünərli adam idi.

 

Əslində, mən gözləyirdim, sadəcə gözləmirdim, elə qəlbən inanırdım da ki, o, 100-nü də qarşılayacaq.

 

Həm də evində, biraddım-biraddım hərəkət eləyə-eləyə deyil, elə həmişəki şuxluğuyla.

 

Telefonuma zəng çalacaq ki, yoldayam, gəlirəm, ordasanmı?!

 

Və onunçün doğma ünvanda növbəti dəfə qədəm basacaq, özünün iştirakı ilə həmin böyük zalımızda, o zalda ki, vaxtilə bir çox uzaq və yaxın klassiklərimizin yubileylərinə qatılmışdı, çıxış etmişdi, xatirə söyləmişdi, özünün 100 yaşını bayram edəcəyik.

 

Söz yox, gün gələndə mütləq həmin bayramı keçirəcəyik.

 

Nə acı ki, onsuz - əziz Cümşüd müəllimsiz...

 

...Müddətlərcə məşq edərək, öz üzərində çalışaraq ən güclü pəhləvanın da dizini yerə vurmaq mümkündür. Lakin Zaman adlı pəhləvana qalib gəlmək hər oğulun işi deyil. 90-ı başa vuran Cümşüd müəllim çətin tarix dövrlərinin içərisindən adlayaraq Vaxt deyilən Pəhləvanla tutuşmada uduzmamışdı, büdrəməmişdi və bu yaşına da qıvraq, onillər öncəki şaxlığını, təravətini hifz edərək yetişmişdi.

 

Bu isə onun özündən daha əvvəl doğmaları, sevənləri, onu əziz bilənlər üçün xoşbəxtlik idi.

 

90-ı arxada buraxaraq 100-ə doğru irəliləyən və bütün varlığı bir cavan ovqatla ləbələb atanın oğlu-qızı da, nəvə-nəticəsi də, aydın məsələdir ki, bu cür ağsaqqalın yanında özünü uşaq, yeniyetmə, əslində olduğundan qat-qat gənc sayırdı.

 

Cümşüd Muradovla biz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində uzun illər birgə işləmişdik.

 

1970-ci illərdən, hələ tələbəlik çağlarımdan tanışlığımız vardısa da, yaxınlığımız 1980-ci illərin sonlarından, Nizami muzeyində birgə işlədiyimiz vaxtlardan başlandı.

 

Bizi bütün başqa səbəblərdən savayı, yaxınlaşdıran bir mühüm amil və körpü də ixtisasca şərqşünas olmağımız idi. Həmişə söhbətləşəcəyimiz ortaq mövzular vardı.

 

Muzeydəki əksər cavanlardan həm ruhca, həm peşəkar qabiliyyətlərinə görə daha cavan olsa da, muzeyin köhnə rəhbərliyi ki, əslində, Cümşüd müəllimin çox yaxşılığını da görmüşdü, kişini göndərdi təqaüdə.

 

Cümşüd müəllim vüqarlı adam idi, elə təklif olunan kimi də ərizəsini yazmışdı və hətta onun işdən çıxmasından da bir neçə gün sonra, özü camaatla xudafizləşməyə gələndə xəbər tutduq.

 

Muzeyə gedib-gəlmirdi, ancaq təqribən hər gün zəng vururdu, köhnə əməkdaşlarla danışırdı və ürəyi muzeylə idi.

 

Muzeyin direktorluğuna başlayan kimi ilk dəvət etdiklərimdən biri Cümşüd müəllim oldu.

 

Dedim ki, qayıdın əvvəlki vəzifənizə. Güldü.

 

"Əvvəlki vəzifəmə qayıtmaram, amma əvvəlki muzeyimə qayıdıram", - söylədi.

 

Əlavə etdi ki, sənə iş lazım deyil? Birgə nə deyirsən edək, mənim maddi ehtiyacım yoxdur, həmin ştat əgər boşdursa, ora da bir başqa layiqli alimi qəbul elə, bu da olsun ayrı bir savab iş.

 

Beləcə, Cümşüd müəllim təqaüdçü ola-ola çevrildi muzeyin ən fəal əməkdaşlarından birinə.

 

Ürəyi muzeyə o qədər bağlı idi ki, xüsusi səbəb oldu-olmadı, mütləq bura baş çəkirdi.

 

Bir tərəfə baxanda xüsusi səbəb də vardı. Xüsusi səbəb cazibə idi. Bir ahənrüba kimi onu bu ünvana ürəyi, yaddaşı, məhrəm xatirələri cəlb edirdi.

 

Muzeyin qədimi binası da, bu göyçək binanın hər otağı da onunçün əziz idi.

 

Həmin otaqlara daxil olanda Cümşüd müəllim yalnız həmin anda orda olanları görmürdü ki!

 

Unudulmaz simsarlarının, keçmiş həmkarlarının həniri onunçün həmin otaqlarda yenə diri idi.

 

Ədəbi məclislərimizin, mərasimlərimizin əksərində Cümşüd müəllim yenə bizimlə idi.

 

Həm də hər dəfə cavanlığını bir daha nümayiş etdirərək maşınını özü sürərək gəlirdi.

 

Hər cür imkanı Allah qismət etmişdi. Ailənin başqa maşını da, sürücüsü də var. Amma sükan arxasında oturaraq, çox illər qabaq olduğu kimi, doğma şəhərin küçələrindən keçmək də Cümşüd müəllimə xüsusi zövq verirdi.

 

 

Cümşüd müəllim bir dəfə mənə 1997-ci ilin yazında baş vermiş əhvalatı nəql elədi.

 

Ömrü Vətən həsrəti ilə qürbətlərdə bitmiş Almas İldırımın 90 yaşının qeyd edildiyi bir məclisdə mərhum jurnalist Hacı Hacıyev tədbirə qatılan ağsaqqallara üz tutaraq deyir: "Hörmətli yaşlı nəsil! Ömrə etibar yoxdur, nəyiniz var qoyun gedin, özünüzlə aparmayın!"

 

Rəhmətlik Hacı müəllim dünyagörmüş adam idi, "Özünüzlə aparmayın!" deyəndə, əlbəttə ki, var-dövləti nəzərdə tutmurdu və sərvəti-filanı onsuz da lap istəsən belə, Axirətə daşımaq iradəmizdən kənardır. "Özünüzlə aparmayın!" deyəndə qəsdi edə biləcəyiniz yaxşılıqlar, bölüşə biləcəyiniz təcrübə, danışa biləcəyiniz xatirələrdi.

 

Cümşüd müəllim söz adamı idi və onun könlünü ram etməyin, qəlbinə məhrəm olmağın ən qısa yolu elə təsirli söz idi.

 

Bir tərəfdən Almas İldırımın o gün oxunan yanıqlı şeirləri, göynəkli qürbətlərdə başından keçmiş sərgüzəştlər barədə söylənənlər, bir tərəfdən də Hacı müəllimin o çağırışı Cümşüd müəllimi necə riqqətə gətirirsə, ləngimədən elə ertəsi gündən xeyirxah bir işi görməyə qərar verir. Başlayır doğma Qala və Şüvəlan kəndlərini məhəllə-məhəllə, ev-ev dolaşaraq soraqlaşmağa. İki böyük siyahı tərtib edir. Hər ikisi nəcibliklə dolu. Birincisi 1935-1938-ci illərdə repressiya qurbanı olan - həbs və sürgün edilmiş, güllələnmiş həmyerlilərinin 60 nəfərlik siyahısı, ikincisi də 1941-1945-ci illərdə həlak olmuş 372 nəfərin adlarının yazıldığı vərəqlər.

 

İlk dəfə Cümşüd müəllim həmin siyahıları mənə göstərəndə dərhal diqqətimi çəkən bir hürufiyana əlamətə təəccüblənmişdim və niyəsini soruşmuşdum.

 

İş ondadır ki, hər ad, ata adı, soyaddan sonra "13 hərf", "19 hərf", "27 hərf", "30 hərf" ... yazılmışdı və birinci siyahının axırında "1181 hərf", ikincisinin sonunda isə "8604 hərf" qeydi gözə dəyirdi.

 

Sən demə, Cümşüd müəllimin bu canayatan axtarışları, tərtib etdiyi siyahılar alicənab bir məramın gerçəkləşdirilməsindən ötrü sadəcə hazırlıq mərhələsiymiş. Məqsədi bu siyahıları tərtib edərək hansısa arxivə təhvil vermək deyilmiş.

 

Çıxardı qoydu qabağıma bir memarlıq kompleksinin hazır layihəsini və əlavə də etdi ki, bunu hazırlatdırdım, apardım Memarlıq və İnşaat Universitetinə, rektor Gülçöhrə Məmmədovaya təqdim etdim. O da baxdı, bəyəndi.

 

Cümşüd müəllim köks ötürərək davam etdi: "Bu repressiya qurbanları da, İkinci Dünya müharibəsində həyatını itirənlər də, 1990-cı ilin 20 Yanvarında da, Qarabağ müharibəsində həlak olanlar da hamısı şəhidlərdir. "Şəhidlər ölməz" deyiblər, insanlar inanıblar, iman gətiriblər ki, şəhidlərin yeri cənnətdir. Mən də istəyirəm bu abidə ucalsın, hərflərin miqdarı da onunçün hesablanıb ki, həmin məsum insanların hamısının adlarının o kompleksin divarlarına həkk olunmasını arzulayıram. Gül-çiçəyə bürünəcək bu şəhidlər abidəsinə öz aləmimdə elə "Behişt" adı vermişəm. Qoy bu müqəddəsləşmiş insanların əbədi yeri olan cənnət yalnız o dünyada deyil, elə öz kəndlərində, Abşeron torpağında da insanların gözü qarşısında daim ucalsın".

 

Ömründə bircə dəfə olsa belə ümumi mənafeyə xidmət edən hansısa iş görmüş adam yaxşı bilir ki, bundan ötrü nə qədər zəhmət çəkmək, arzulanan nəticəyə yetişməkçün nə qədər inadkar, ardıcıl olmaq lazımdır. Artıq icra edilmiş bir əməl haqqında ağızdolusu, ya dodaq büzərək danışmaq, o işdə nəyəsə qulp qoymaq asandır. Müşkül olan daşı daş üstə qoyaraq kimsənin sənə qədər etmədiyini etməkdir.

 

Cümşüd müəllimin dincələn, nəvə-nəticəylə əylənən, keçmişlərdə taleyindən ötüb-keçənlərdən xatirələr söyləməklə vaxt keçirən əyyamı idi. Amma dinc otura bilmirdi!

 

Elə Vətən oğullarının xatirələrini əbədiləşdirmək yolundakı təkcə bu layihə ilə bağlı nə qədər əziyyətə qatlaşdı, qapılar döydü, dəfələrlə kənddən şəhərə maşın sürdü.

 

Bunlar elə duyğular, elə həvəslər, elə təşəbbüskarlıqlardır ki, onları insana öyrətmək olmur. Bunlar gərək qanda, canda ola.

 

Və Cümşüd Muradovu, o qəbildən olan digər özü şux, qaməti şax ağsaqqalları görüb belə cavanqalmanın sirri ilə maraqlananlara mənim həmişə bir cavabım olub: xeyirxahlıq və xeyir əməllər naminə vaxtını da, malını da, canını da əsirgəməməyə hazır olmaq, belə nəcibliklərdən feyz ala bilmək!

 

Göydəki Kişi, başı nə qədər qarışıq olsa da, bəndələrinin belə səylərinin birini də nəzərindən qaçırmır və ədalətlilərin ədalətlisi olduğundan bütün bunları nəzərə də alır.

 

Pərvərdigar insana möhlət də, güc də, daha artıq şövq də verir ki, düz yolunu, haqq yolunu uğurla davam etdirsin, xeyirxahlıqlarında başacan olsun və qocalmazlığı, cavanqalmaqlığı ilə də yan-yörədəkiləri heyrətləndirsin.

 

ONUN dilindən qopduğuna inanılan "Səndən hərəkət, məndən bərəkət!" deyimi təsadüfən yaranmayıb ki!

 

Mənə çox əziz olan, Cümşüd müəllimə də doğma olmuş Nizami muzeyinin binası XIX yüzilin ortalarında inşa edilib və oçağki birmərtəbəli tikili indiki gözəlliyindən çox uzaqmış. Bakı şəhərinin baş memarı olmuş Qasım bəy Hacıbababəyovun (1811-1874) layihəsi ilə 1860-cı ildə həmin görkəmsiz binanın boyu bir mərtəbə də artır və çevrilir karvansaraya.

 

1915-ci ildə isə mülki mühəndis Aleksandr Andreyeviç Nikitinin 1 il öncə çəkilmiş layihəsi ilə bina bir az da yaraşıqlanır. Olur üçmərtəbəli və çevrilir "Metropol" hotelinə. Binanın ovaxtkı sahibi, xalq arasında Hachacağa kimi tanınan Hacı Hacıağa Dadaşov mülkü verir icarəyə. İkinci mərtəbədə mehmanxana və restoran, birinci mərtəbədə xeyli get-gəlli, bol müştərili müxtəlif mağazalar işləyirmiş.

 

Fərhadzadənin cürbəcür parçalar satılan "Hacı, bəri bax" mağazası, Hacı Ağabəy Əliyevin camaat arasında "Fransız mağazası" kimi tanınan qarışıq mallar dükanı, zərgərlik məmulatları satılan digər mağaza...

 

 

Kimlər gecələməyib o "Metropol"da, kimlər qonaq olmayıb "Metropol"un dillər əzbəri restoranında!

 

Hacı Hacıağa Dadaşov sahibi olduğu binanın icarə haqqını cibinə qoymurmuş, yönəldibmiş kasıb-kusubun, yetim uşaqların nəfinə xeyriyyə cəmiyyətlərinə.

 

1918-ci ilin sentyabrında Bakı bolşevik və ermənilərdən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti də Gəncədən Bakıya köçür. "Metropol" verilir onların ixtiyarına və bura olur həm hökumət üzvlərinin iş, həm də yaşamaq yeri - ta Sovetlər gələnəcən.

 

1920-1930-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı yerləşir və o çağın kreslo-stullarından biri də indiyəcən muzeydə qalmaqdadır.

 

Məhz elə həmin dövrlərdə muzeyin bayır divarında daha bir yenilik diqqətləri cəlb edir.

 

Köhnə bakılıların yadında olar. Vaxtilə İstiqlaliyyət küçəsinin bitəcəyində, Nizami muzeyi binasının divarlarından iri bir saat asılmışdı.

 

O zamanlar həmin saatın altı görüş təyin etməkçün, şəhərə nabələdlərin bir-birini rahat tapmasından ötrü ən münasib yerlərdən idi.

 

Muzeyin 1927-ci ilə aid fotosunda o saat divardadır.

 

1920-ci illərin əvvəllərində bu səmtdə yaşamış görkəmli maarif xadimi Pənah Qasımovun qızlarından xəbər almışdım. Söyləmişdilər ki, bizim 1920-ci ildən İstiqlaliyyət küçəsində mənzilimiz vardı, o vaxtdan da həmin saatı divarda görmüşük.

 

1939-cu ildə Nizami Gəncəvinin yaxınlaşan 800 illiyi münasibətilə bina verilir qurulması haqda qərar çıxarılan gələcək muzeyə.

 

Saat qalır yerində və 1960-cı illərdə üçsiferblatlı bu saata Nadir Əliyev və İsmayıl Həsənov adlı iki saatsaz qulluq edirmiş.

 

İsveçrənin "Borel" saatçılıq şirkətinin 1850-ci ildə istehsal etdiyi və bir zamanlar bütün Sovet İttifaqı ərazisində təklərdən olan həmin saat 1970-ci illərdən sonra oradan yoxa çıxır.

 

Həmin saat ikinci mərtəbədə muzey direktorunun, - indi mənim də oturduğum, - kabinetinin axırıncı pəncərəsinin yanında idi və hər səhər saatsazlar gəlib onun mexanizminə nəzarət edirmişlər.

 

Deyir, guya bu mütəmadi get-gəllər ovaxtkı muzey direktorunu çox narahat edir və "işləməyə mane olur" deyə saat "cəzalandırılır".

 

Çünki bayır divardakı saatın mexanizmi - kəfkiri, zənciri, çəki daşı direktor kabinetindəki xüsusi qutuda yerləşirmiş.

 

Kim çıxarır, hara aparır o qutunu və saatı, "bilirəm" deyən tapılmır. Lakin bunu da dəfələrlə müşahidə etmişəm ki, ahıl, qocaman bakılılar Nizami muzeyinin bir zamanlar saat asılmış tinindən keçəndə həmişə istər-istəməz başlarını qaldırıb saatın olduğu yerə baxırlar.

 

Sən demə, bu xiffət elə Cümşüd Muradovda da varmış.

 

Bir gün Cümşüd müəllim qayıtdı ki, gəl axtaraq görək o saat hardadır, bərpa edək, asaq köhnə yerindən.

 

Cümşüd müəllimin içərisində tədqiqatçı damarı da vardı. Bir fikir beyninə yerləşdimi, onun ardınca axıradək olurdu, bütün təfərrüatları araşdırırdı.

 

Saatın taleyini soraqlaşa-soraqlaşa illərcə onun xidmətində durmuş İsmayıl Həsənova müraciət etmişdi.

 

Elə saatsaz İsmayıl kişi də Cümşüd müəllimə sözarası söyləyibmiş ki, biz hər dəfə saata baxmağa gələndə direktor deyinirdi, yəqin, saat elə onun da güdazına getdi.

 

Buna da Cümşüd müəllim deyərlər.

 

Bir neçə il saatı arayıb tapa bilməyəndən sonra da soyumadı.

 

Günlərin birində yenə telefonun dəstəyini qaldıranda onun tanış, bu dəfə bir az həyəcanlı səsi gəldi: "İşdəsən? Xəbər var, gəlirəm".

 

İndi də fəaliyyətdə olan "Borel" şirkətinə ünvanlanmış məktub və saatın müxtəlif illərə aid şəkillərini, köhnə Bakı açıqcalarını gətirdi: "Sən rəsmi adamsan, bunu imzala, muzeyin adından yollayaq İsveçrəyə, qoy əvvəl hesablasınlar haqqı nə qədər edir, sonra eynən həmin saatdan bizə təzəsini düzəltsinlər. Hamampulu mənim boynuma".

 

Məktubu yolladım, oradan cavab gözləyirdik...

 

2019-cu il yanvarın 20-də 93 yaşında Cümşüd müəllimin ömür saatı dayandı.

 

...Cümşüd müəllimlə ilk tanışlığım o zamanlar Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin yerləşdiyi binada - indiki İstiqlaliyyət küçəsində, İqtisadiyyat Universiteti ilə Əlyazmalar İnstitutunun aralığında olmuşdu.

 

Müəllimim professor Rəhim Sultanovla söhbət edirdilər.

 

Rəhim müəllim deyəsən, harasa gedirdi, tələsik işi vardı, Cümşüd müəllimlə də elə girəcəkdə qarşılaşmışdılar.

 

Rəhim müəllim məni gendən görüb çağırdı.

 

Dedi, tanış ol, Cümşüd Muradov bizim köhnə tələbələrdəndir, Nizami muzeyində işləyir, o, buranı bitirəndə hələ sən heç anadan olmamışdın. İranda işlədiyi vaxtda bir əlyazma alıb gətirib, indi təzədən hazırlaşır ki, xaricə getsin, hər şey yaxşı olsa, Əfqanıstana tərcüməçi gedəcək. İstəyir bu əlyazmaya baxım, əgər dəyərli əsərdirsə, Kabulda olanda da imkan düşdükcə bu müəllifin başqa əlyazmalarını axtarsın.

 

Apar qoy kafedrada masamın üstünə, yuxarı binaya, ordan da Akademiyanın nəşriyyatına baş çəkib, 1-2 saata qayıdıram.

 

Cümşüd müəllimə sarı çevrildi: "Əlyazma ilə tanış olum, gələrsən bir müfəssəl söhbət edərik".

 

Sonralar artıq bir yerdə çalışdığımız dövrlərdə şahidi oldum ki, farscanı mükəmməl bilməyinin, ərəb əlifbalı əlyazmalara, müxtəlif xətt növlərinə yaxşıca bələdliyinin qədər səmərəli bəhrələri oldu.

 

Yalnız özünə deyil, klassik ədəbiyyatla məşğul olan cavanlara da. Çünki Cümşüd müəllimin kömək üçün uzanan əli həmişə hazır idi.

 

Bu qabiliyyət və bacarıqlarından həm də xalqına dəyərli kitablar ərməğan etməkçün yararlandı.

 

Bizim maarifçi amallarla yaşayan, millət təəssübü çəkən Mirzə Məhəmməd Axundzadə (1875-1923) adlı qiymətli bir ziyalımız olub.

 

Gəncədə otura-otura Mirzə Cəlilin "Molla Nəsrəddin"i ilə əməkdaşlıq etmişdi, jurnalın səhifələrində bir neçə gizli imza ilə yazıları dərc olunmuşdu, zəmanəsinin görkəmli ictimai-siyasi xadimləri, sənətkarları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Sidqi Ruhulla, Əli Nəzmi kimi şəxsiyyətlərlə mehriban ünsiyyətləri, dostluq əlaqələri varmış.

 

Hələ 1909-cu ildə Nizami Gəncəvinin dağılmaqda olan məqbərəsini təmir və bərpa etmək təşəbbüsünü qaldıran, bu münasibətlə ardıcıl iş aparan, tələb olunan vəsaitin toplanmasına əlavə kömək olsun deyə Gəncədə "Şeyx Nizami" adlı ayrıca kitabça yazaraq nəşr etdirən də Mirzə Məhəmməd idi.

 

Cümşüd Muradov Mirzə Məhəmməd Axundzadənin bir çoxlarına heç bəlli olmayan və kitabxanalarda belə nüsxələri tapılmayan o kitabçasını ərəb əlifbasından latın qrafikasına köçürmüş, müqəddimə və şərhlərlə nəşrə hazırlamışdı. Fəqət bununla ürəyi soyumamışdı. Mirzə Məhəmmədin hər kəsə gərək olan masaüstü kitaba çevriləsi "Məclis yaraşığı" adlı əsərini də eyni qaydada unuduluşdan xilas edərək hazırlamış, hələ 2010-cu ildə nəfis şəkildə nəşr etdirmişdi.

 

301 qısa, amma son dərəcə oxunaqlı, hikmətli 3-4 cümləlik hekayətlərin sırasında bir beləsi də var.

 

Birisi təsbeh çevirə-çevirə "la sübhanəllah", "la sübhanəllah" deyirmiş.

 

Adətən, "Sübhanəllah" deyərlər, "la" isə ərəbcədə inkar şəkilçisidir ki, sözlərin əvvəlinə artırılaraq bir şeyin yoxluğunu bildirər.

 

Ona görə də eşidənlər həmin kişinin bu qəribə tərzdəki zikrinə heyrətlənərək soruşurlar ki, niyə belə edir?

 

Bu təhər cavab verir: "İstəyirdim ki, otuz üç dəfə "sübhənallah" deyim, səhv eləyib qırx dəfə demişəm. İndi çalışıram yeddisini geri qaytarım".

 

Bu cür ya cahillikdən, ya xislətinin naqisliyi ucbatından etdiyi yaxşı əməldən peşman olan, dürüst işlərini də yanlış addımlarıyla ovsanadan çıxaran adamlara da rast gəlinir, ötüb keçmiş vaxta hansısa yaxşılıqları yerinə yetirməyə macal tapmadığına görə heyifsilənlərə də.

 

Ağsaqqal dostlarımın qəlbən ən cavanı Cümşüd Muradov isə həyatı boyu necə olmuşdusa, ömrünün sonunacan da o cür qaldı.

 

Hər qocaman, taleyindən sıra-sıra insanlar, nəsillər, hadisələr keçmiş bir şəxs kimi təbii olaraq o da yeri düşdükcə dünənlərə dalırdı, xiffət çəkdiyi məqamlar olurdu, arxada qalan vaxtı qaytarmaq istəyi də ürəyindən keçirdi.

 

Fəqət bir çox başqalarından fərqli olaraq, Cümşüd müəllim ötmüş vaxtı sadəcə həsrətlə yada salmaq hisslərindən uzaq idi. O, keçmişlərə ona görə dalırdı ki, cavanlıqda qaçırdığı hansısa yaxşılıq etmək fürsətlərini Allahın əta etdiyi ömür illəri və Taleyin yaratdığı imkanlardan istifadə edərək indi gerçəkləşdirsin. Yaxşılıqlar edə bilmək, millətəxeyir yeni əməllərə imza ata bilmək girəvəsini özü ilə aparmasın.

 

Və Cümşüd müəllimin muzey divarındakı saatı yenidən həmin yerə qaytarmaq cəhdi də yalnız şəhərimizin gözəlliyinə daha bir gözəllik əlavə etmək arzusundan doğmurdu.

 

Bəlkə bununla Cümşüd müəllim o saatın yanından keçib gedəcək, istər-istəməz nəzərləri həmin saata dikiləcək hər kəsə uzun həyatın ona Vaxtla bağlı aşıladığı bir ibrəti də xatırlatmaq istəyirmiş: zamanı nə tutub saxlaya biləcəksiniz, nə onu geri qaytarmağı bacaracaqsınız. Yaxşılıq elə bilmək fürsətlərini özünüzlə aparmayın, xeyirxahlıq edin!..

 

Cümşüd müəllim söyləyirdi ki, hələ lap gənc ikən, 1943-cü ildə Rostov aviasiya texnikumunun Bakıdakı filialına qəbul edilibmiş, 2 il sərasər həvəslə təyyarəçilik oxuyubmuş. Ancaq texnikum Rostova köçəsi olur və Cümşüd müəllimin bu təhsili yarımçıq qalır.

 

Di gəl, ilk gəncliyindən könlünə qonmuş o uçmaq eşqi həmişə Cümşüd müəllimlə qaldı.

 

Həmişə bütün ruhuyla sözün-sənətin fəzasında uçdu, ömrü uzunu müdam elə buludları yaran təyyarələr kimi yolunu özü açaraq irəlilədi, daim qanadları nəcib, savab əməllər oldu.

 

Orta çağda, əski türkcədə "Cənnət"ə "Uçmaq" deyirdilər.

 

Unudulmaz Cümşüd müəlimin yolu elə əvvəldən o səmtə imiş: Uçmağa - Cənnətə doğru!..

 

Həyatı boyu xeyirxahlıqdan qanad taxan insanın ayrı nə qisməti olar ki!

 

 

Rafael HÜSEYNOV

Akademik

 

525-ci qəzet.- 2021.- 24 iyun.- S.12-13.