Arif Məlikov: İri planda

BƏSTƏKAR GƏNC YAŞINDA LAYİQ OLDUĞU FƏXRİ ADI NİYƏ ALA BİLMƏDİ?

 

Normal məntiqə görə, hər bir xalq yetişdirdiyi dühaları dünyaya tanıdıb buna həm də özünü tanıtmaq, necə istedadlı bir xalq olduğunu sübut etmək şansı kimi baxmalıdır. Çox təəssüflər olsun ki, bizdə bu mədəniyyətə yiyələnmək bir yana, bəzən hətta bunun əksini həyata keçirmək üçün yarışa girirlər. Mənim sizə danışacağım 2 vaqeə nə qədər könül bulandırsa da, hər halda bunları bilməyimiz də lazımdır - fikirləşmək, nəticə çıxarmaq, belə halların baiskarlarına aman verməmək, onları lənətləmək üçün. Bu əhvalatların birini mənə mərhum bəstəkarımız Arif Məlikov, digərini isə Qara Qarayevin oğlu Fərəc Qarayev danışmışdı.

 

Beləliklə, 1-ci əhvalat.

 

A.Məlikov özünün şah əsəri olan "Məhəbbət əfsanəsi" baletini yazanda çox gənc imiş - cəmi 27 yaşı varmış. Balet 1961-ci ildə ilk dəfə Leninqradda tamaşaya qoyulur və dərhal nəinki o vaxtkı SSRİ-nin, hətta dünya musiqi ictimaiyyətinin diqqətini cəlb edir. Baletin zəfər yürüşündə olduğu, xalqımıza şöhrət gətirdiyi həmin dövrlərdə Moskvadakı partiya məmurları bu uğurun Sovet quruluşunun mahiyyətindən irəli gəldiyini (burada müəyyən həqiqət də vardı) dünyaya nümayiş etdirmək üçün Bakıdakı funksionerlərə təklif edirlər ki, gənc bəstəkara istisna hal kimi bu yaşında heç olmasa Əməkdar artist fəxri adı verilsin ki, xaricdəki düşmənlərimizə bizdə istedadların diqqətdən kənarda qalması yönündə təbliğat aparmaq şansı yaranmasın. Elə həngamə də bundan sonra başlayır.

Bu məlumat musiqi ictimaiyyətinə sızan kimi həmin vaxt baletin növbəti tamaşası ilə əlaqədar vətəndən uzaqda ezamiyyətdə olan müəllifinə qarşı Bakıda qara piar kampaniyası başlayır. Mərkəzi Komitəyə ünvanlanan anonim və qeyri-anonim məktublarda guya müvəffəqiyyətdən başı gicəllənən Arif Məlikovun xaricdə əyyaşlıq edib milləti biabır etməsi sarıdan həyəcan təbilləri çalınır, onun cəzalandırılması tələb olunur. İş o yerə gəlib çatır ki, bəstəkarı ezamiyyətdən geri - əlaqədar orqanlara çağırıb izahat tələb edirlər. Sonra baş verənləri Arif müəllimin öz dilindən nəql edirəm:

- Mənim qızıl kimi vaxtımın bir neçə ayı ona sərf olundu ki, nəinki içki içib əyyaşlıq etmədiyimi, ümumiyyətlə, içki içən adam olmadığımı sübut edəm... Biz görmüşük ki, normal paxıllar uzaq başı rəqiblərinin bir ayağından yapışıb dartırlar ki, irəli getməsinlər. Amma bizdə bəzən hər 2 ayağı qamarlayırlar. Belədə yerimək nədir, heç ayaq üstə dayanmaq da çətin olur".

Düz sözə nə deyəsən?

 

ARİF MƏLİKOVUN GƏNC JURNALİSTİ PƏRT, MƏNİ İSƏ TƏBRİK ELƏMƏSİ

 

Aşağıda təsvir etdiyim əhvalatların birincisini Arif müəllim özü mənə danışmış, ikincisi isə öz başıma gəlmişdi.

Neçə illər əvvəl bir gənc jurnalist bəstəkara telefon açır ki, bəs Arif müəllim, sizdən musiqimizin problemləri barədə müsahibə almaq istəyirəm. Ürəyi dolu olan bəstəkar razılaşır. Ertəsi gün Arif müəllimin mənzilində görüşürlər. "Xoş-beş"dən sonra Arif müəllimin iş otağına keçirlər və jurnalist şəstlə diktafonunu çıxarıb qoyur masanın üstünə. Arif müəllim həmsöhbətinin musiqi zövqünə bələd olmaq üçün soruşur:

- Bir halda ki, özünə məni müsahib seçmisən, yəqin yaradıcılığıma da az-çox bələdsən. Hansı əsərlərimi dinləmisən, hansı daha çox xoşuna gəlib, bala?

Jurnalist dərhal cavab verir:

- Hələ heç birinə qulaq asmamışam, Arif müəllim. Amma müsahibədən sonra yəqin ki, qulaq asaram (?!).

Arif müəllim susur, bir siqaret yandırır və soruşur:

- "Sehirli xalat" filminə baxmısan?

- Ona kim baxmayıb ki? O qədər...

Arif müəllim:

Arif Məlikov Vikipediya

- Bilmirsən onun musiqisini kim yazıb?

Jurnalist:

- Bilmirəm, Arif müəllim. Amma öyrənib sizə deyərəm (?!?!?!).

Arif müəllim dözmür, ayağa qalxıb deyir:

- Gəl dalımca, bala...

Jurnalist qalxıb Arif müəllim ardınca gedir. Gəlib mənzilin giriş qapısına çatırlar. Arif müəllim yavaşca qapını açlb deyir:

- Necə xoş gəlmişdinsə, eləcə də xoş getdin. Mən daha müsahibə verəsi olmadım....

***

Arif müəllimdən növbəti müsahibə alanda aramızda maraqlı bir mövzu ətrafında qızğın mübahisə düşdü. Necə oldusa, mən dedim ki, musiqi sözlə, danışıq nitqi ilə ifadə oluna bilməyən hisslərin, duyğuların mücərrəd səs obrazları ilə ifadəsidir. Ona görə də musiqinin məzmununu sözə, yazı mətninə çevirmək mümkün deyil. Güman ki, Arif müəllim məni başqa cür başa düşdü və etiraz edib, dedi:

- Sən musiqi ilə öz sənətini qarşı-qarşıya qoyur və üstünlüyü musiqiyə verirsən ki, bu da düz deyil.

Gətirdiyim arqumentlər inandırıcı alınmırdı və hər dəfə Arif müəllim tərəfindən təkzib olunurdu. Axırda söhbətin uzanacağını görən ustad maraqlı təklif verdi:

- Onsuz da 2-3 gündən sonra bir də görüşəcəyik. Get daha inandırıcı arqumentlər tap. Məni inandıra bilsən, özüm səni təbrik edəcəm.

İki gündən sonra konservatoriyada görüşəndə birinci arqumentimi qoydum ortaya:

- Arif müəllim, bizim nitqimiz müxtəlif səslərin kombinasiyasından əmələ gəlir - məsələn, "a", "el", "em" səsləri müəyyən qanunauyğunluqla sıralananda "alma" sözünə çevrilir və konkret bir cismi, yəni almanı bildirir. Musiqi də səslərin kombinasiyasıdır, lakin bu səsləri min üsulla birləşdirsən də, konkret, sözlə ifadə olunan heç nəyi bildirməyəcək, çünki mücərrəddir. Deməli, musiqinin dili sözə çevrilməyən səslərdir.

Hiss elədim ki, fikirlərim Arif müəllimə maraqlı gəldi. Lakin razılaşmağa tələsmədi:

- Pis deyil. Mülahizələrini daha nə ilə arqumentləşdirə bilərsən?

Mən hazırlıqlı gəlmişdim. Odur ki dedim:

- Arif müəllim, ustadınız Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması adlı gözəl bir əsəri var. Əsərin konkret adı olduğundan onu dinləyəndə biz musiqi obrazlarını konkret mövzu ilə asossiasiya edirik. İndi belə bir mənzərə təsəvvür edək: tutaq ki, həmin əsər ifa olunur, amma dinləyici onun adını bilmir. Siz əminsinizmi ki, o, eşitdiyi musiqi obrazlarını beynində mütləq Leyli və Məcnun mövzusu ilə konkretləşdirəcək?

Arif müəllim gülümsədi, şahmat oyununda məğlub olan şahmatçı kimi əlini irəli uzadıb dedi:

- Təbrik edirəm, mən təslim...

 

USTADIN "QƏRİBƏLİKLƏRİ"

 

Qeyri-adi istedad sahiblərinin davranışında, fikirlərində ilk baxışdan bizə qəribə görünən qeyri-adiliklər də olur və bunu da təbii qarşılamaq lazımdır. Axı onlar "hamıdan biri" deyillər. Hamıdan biri olmamaq isə elə "qəribəliyin" 1-ci şərtidir.

26 yaşında yazdığı baletlə dünyaya səs salan Arif Məlikov da belə şəxsiyyətlərdən idi. Dəfələrlə ünsiyyətdə olduğum bu böyük insanın bir vaxtlar elə mənim özümə də qəribə görünən 3 jesti barədə danışmaq istəyirəm.

1. Söhbətlərimizin birində Atif müəllimə gün ərzində neçə saat işləməsi barədə sual verdim. Arif müəllim dedi ki, onun iş vaxtı limitsizdir - ola bilər sutkanın 18 saatını iş başında olsun. Mənim təəccübləndiyimi görəndə gülümsədi, sağ qolunu irəli uzadıb biləyinin iç tərəfindəki ətrafı qapqara qaralmış dərin yara yerini göstərdi. - "Bu, gənclik illərindən qalan bir nişanədir" - dedi. - Şamı yandırıb biləyimi onun üstündə tutur, qolumun ətinin yanmağına tamaşa edə-edə, dözümümü, ağrılara tab gətirmək qabiliyyətimi təkmilləşdirirdim ki, sonralar mənə çətin olmasın..."

2. Arif müəllim möhkəm siqaret çəkən idi. Bəzən siqareti bir-birinə calayırdı. Bir gün iş otağında söhbət edərkən bir də gördüm ki, otaq siqaret tüstüsünün dumanına bürünüb və artıq az qala Arif müəllimin üzünü görmürəm. Bunu hiss edən Arif müəllim qəfildən ayağa qalxdı, otağınn küncündə divara söykədiyi uzun taxta parçasını götürdü, pəncərəyə yaxınlaşıb həmin taxtanın ucu ilə nəfəsliyi açdı ki, otağın havası dəyişsin.

Başa düşdüm ki, bu qeyri-adi üsul Arif müəllimin otağın havasını dəyişməkdə ən sınaqdan çıxmış üsuludur.

3. Arif müəllimin həvəskar rəssam olduğunu, boş vaxtlarını molbert arxasında keçirdiyini bilirdim. Söhbətlərimizin birində "Boş vaxtlarınızda daha nə ilə məşğul olmağı xoşlayırsınız?" sualıma ustad belə cavab verdi:

- Zəif musiqi əsərlərinə qulaq asıram, - Sonra mənim təəccübdən bərələ qalmış gözlərimə baxıb əlavə etdi - Zəif musiqini dinləmək gözəl musiqini dinləmək qədər vacibdir. Ən azından ona görə ki, belə əsər yazacağın təqdirdə çəkəcəyin xəcalət, utanc hisslərini əvvəlcədən yaşayıb öz aqibətini proqnozlaşdırasan və zəif əsər yazmayasan.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2021.- 25 iyun. S. 11.