Əlişir Nəvainin şəxsiyyəti haqqında ilkin qaynaqlar

 

Dahi mütəfəkkir, klassik özbək şairi Əlişir Nəvai bəşəri ideyaları özündə təcəssüm etdirən əsərləri ilə dünya klassikləri sırasında özünəməxsus yer tutmuşdur.

"Divani-Fani" əsərini çıxmaq şərtilə bütün əsərlərini - "Xəzainul-məani" - adlı ümumi başlıqda topladığı dörd divanını, "Xəmsə"sini, 20-22 adda yazdığı elmi-filoloji və dini-təsəvvüfi əsərlərini türkcə yazan Əlişir Nəvainin bütün əsərlərinin adı ərəb sözlərindən ibarətdir. Bu məsələni, islamın təsiri olaraq orta əsrlər Şərq-müsəlman ədəbiyyatı tarixində artıq ənənəvi hal kimi ("Divani-Fani"də daxil olmaqla) dəyərləndirə bilərik.

Əlişir Nəvai bütün əsərlərində, xüsusən elmi-filoloji və dini-təsəvvüfi əsərlərində həyatı, mühiti və yaradıcılığı barədə aydın şəkildə yazmışdır. Əslində, "Əlişir Nəvainin əsri və nəsri" adlı təqdim etdiyimiz monoqrafiyada bütün əsərlər eyni zamanda, Əlişir Nəvainin tərcümeyi-halı və şəxsiyyəti haqqında ilkin qaynaqdır və ya bu əsərlər memuar xarakteri daşıyır. Məsələn, "Haləti-Seyyid Həsən Ərdəşir" və "Haləti-Pəhləvan Məhəmməd" əsərlərində uşaqlıq və gənclik illəri;

 

"Xəmsətul-mütəhəyyirin" əsərində yaradıcılığının qızıl dövrünü yaşayan dahi sənətkarın dahi Əbdürrəhman Cami ilə ustad-şagird münasibətləri;

 

"Mühakimətul-lüğəteyn" əsərində ana dili - türk dilinə vurğunluğu, bu dilin fars dilinə qarşı üstünlüklərini açıqlayan dilçi alim kimi elmi fəaliyyəti;

 

"Mizanul-əvzan" əsərində onun ədəbiyyat nəzəriyyəçisi - əruzşünas alim kimi xidmətləri ilə tanış oluruq;

 

"Səbat-abhur"da "Qurani-Kərim"in yazıldığı ərəb dili lüğətçiliyini anlatmaqla yanaşı, onun ərəb dilini də gözəl bildiyi haqda məlumat əldə edirik;

 

"Nəsaimul-məhəbbət" təzkirəsində şairin zəngin mütaliə mədəniyyəti ilə əldə etdiyi Şərq dünyasının şeyxləri, vəliləri, şair və övliyaları ilə tanış oluruq. Yəni onun Şərq dünyasının ədəbi-elmi-fəlsəfi sahəsinin bütün səhifələrinə bələd olduğu ilə tanış oluruq;

 

"Məcalisun-nəfais" əsərində Əlişir Nəvainin formalaşdığı ədəbi mühit, dərs aldığı ustad şair və alimlər, ünsiyyətdə olduğu və yaradıcılığına dəstək olduğu şəxslərlə tanış oluruq;

 

"Münşəat" əsərində türk dilində rəsmi dövlət yazışmalarının - məktublaşmaların örnəkləri sənədləşmə tarixi haqqında aydın təsəvvür yaradır;

 

"Vəqfiyyə" əsərində bu dahi və imanlı şəxsiyyətin nəhayətsiz miqyasda olan xeyriyyəçilik işləri ilə tanış oluruq; məsələn, şairin fikrincə, hər bir kəs Həcc ziyarətindən o yola aid bütün məsrəfləri əvvəl xalqının məzlum insanlarına, ölkəsinin abadlığına xərcləməli, bundan könlü rahat olunca, Həcc ziyarətini tamamlamalıdı, "Vəqfiyyə"də şair bu humanist və insani düşüncəsini ortaya qoyur;

 

"Zubdətut-təvarix" başlığı ilə təqdim etdiyi iki tarixi əsər - "Tarixi-ənbiya və hükəma" və "Tarixi-müluki əcəm" əsərlərində onu tarixçi alim kimi tanıyırıq;

 

"Nəzmul-cəvahir", "Hədisi-ərbəin", "Məhbubul-qülub", "Siracul-müslimin", "Risaleyi-tiyr andoxtan" və "Minacat" əsərləri ilə islam dininin xalq arasında türkcə anladılması sahəsindəki tarixi xidmətləri ilə tanış oluruq;

 

"Lisanut-teyr" əsərində, ömrünün sonuna yaxın yazdığı bu əsəri ilə dahi insanın kamillik dövrünə dolduğuna şahid oluruq.

 

Adlarını çəkdiyimiz əsərlər sayəsində Əlişir Nəvainin yaşayıb-yaratdığı 60 ilin hər addımına sanki canlı seyr etmiş oluruq. Bütün bu əsərlər şairin istər həyatı, istərsə də yaradıcılığını müxtəlif rənglərdə, vəznlərdə əks etdirən bütöv bir memuar tablosudur.

 

ƏLİŞİR NƏVAİNİN ƏDƏBİ TƏXƏLLÜSLƏRİ: "Nəvai" və "Fani"

 

"Nəvai": Nəvai - çoxmənalı sözdür. Daha çox avaz, ahəng, melodiya, təravətli, nəğmə, səs, mənalarında işlənir. Məsələn, deyərlər ki, bülbülün xoş nəvası - xoş avazı, şirin səsi var.

 

Qeyri-adi istedadı, iti zəkası, düşüncəli təfəkkürü ilə fərqlənən Əlişir yeddi-səkkiz yaşlarından şeir yazırdı. Artıq elə bu yaşlarından şair kimi tanınmasına baxmayaraq, özünə hələ bir təxəllüs seçməmişdi.

 

Bir gün bağçada yeni yazdığı şeirini ucadan avazla zümzümə edərkən bülbül onun şirin və əks-sədalı qiraətini eşidir, onu diqqətlə dinləyərək avazına (səs ritminə, melodiyasına) valeh olur:

 

- Sənin oxuduğun şeir bülbüllərin nəvasından (avazından) cazibəli və təsirlidir. Adın nədir?

 

- Əlişir.

 

- Aha, demək yeni tanınan şair sənsən. Elə isə özünə gözəl bir təxəllüs seç, şeir yazanda axırıncı bəndini möhürlə.

 

Əlişirə bülbülün dilindən çıxan "nəva" sözü daha doğma gəlir və özünə Nəvai sözünü təxəllüs götürür.

 

Nəvai sözünün ahəng, səs, nəğmə, melodiyadan başqa, bu söz azuqə, nemət, qida; bəylik, dövlət; ehtiyat; qismət, bəhrə; tədbir tökən, məsləhətçi, xeyirxah, problem həll edən, bir iş görən; nizam-intizamlı, sifariş, rifah; zamin olan, girov qoyulmuş əmlak; səs-səda; yaşayış imkanları yaradan, yaşamaq lazım olan şeyləri həll edən və sair kimi mənaları da ifadə edir. Əlişir Nəvai bütün əsərlərində bu sözü müxtəlif mənalarda nəzmə düzmüşdü. Nəvaişünas Erqaş Açilovun da sözün bu mənalarını şairin elə öz əsərlərinin içindən seçdiyini müşahidə etdik. "Əlişir Nəvai əsərlərinin izahlı lüğəti" dörd cildlik kitabında "Nəva" sözünün əsərlərdən nümunələrlə məna izahı verilmişdir. Məsələn,

 

"Mühakimətul-lüğəteyn" əsərində:

 

Hər birinin özünəməxsus ... nəva və tərənnümləri var - deyə müəllif yazır.

 

"Xəzainul-məani" divanında:

 

Ayrılıq içrə Nəvai ol gülsüz,

Bülbülə der ki, yox onda nəva.

 

"Xəzainul-məani" divanında:

 

Nəvai istəmə çox eşq ilə nəva hər kim,

Bu bağ bülbülə yetmədi nəva hətgiz.

 

"Fərhad və Şirin"də:

 

Müğənni oxuyur dilkəş nəvalar,

Qızıl qübbə içrə düşür sədalar.

 

"Fərhad və Şirin"də:

 

Mey iç bir dəm qalxsın işrət nəvası,

Məhv etməmiş səni ömr əjdahası.

 

"Fərhad və Şirin"də:

 

"Yetirəndə bura Fərhad nəvani,

Yetişdi ağzına incimiş canı.

"Lisan ut-teyr" təsəvvüfi əsərində -

Dəhr bağında tapıb kamım rəva,

Taleyim tapdı nəzmimdən nəva.

 

(Mənası: "Bu dünya bağında məqsədim amala yetişib, bəxtli insanlar şeirlərimdən bəhrələndilər") məzmundakı beytindən çıxış edərək "bəhrə vermək, qismət, məqsəd" mənasında eyni təxəllüsü seçib yazdı ki, bu fikirdə həqiqət var (İzzət Sultan). Şair şeiriyyətini ruh qidası, qəlb azuqəsi bilib yenə təxəllüsünün belə bir mənasını açır.

 

Ümumiyyətlə, yaradıcı insanlar təxəllüs seçəndə onun öz yaradıcı düşüncələrinə və məqsədlərinə görə yox, daha çox çoxmənalılığına diqqət edərlər, bu hal klassik ədəbiyyatda daha çox müşahidə olunur.

 

Əlişir Nəvainin az yaşında seçdiyi bu təxəllüsü onun müdrik ağlının, uca və ali qəlbinin səsi, nəvasıdır. O, bu çoxmənalı sözün yazılış və ruh mənalarını əsərlərində söz-fikir oynatmaları, gerçək anlamını isə həyat salnaməsində (xeyirxah məqsəd və niyyətlərində) əks etdirmişdir.

 

Nəticədə qeyd edək ki, şair "Nəva" təxəllüsünü türkcə yazdığı əsərlərində istifadə etmişdir. Yalnız "Lisanut-teyr" əsərini "Fani" təxəllüsü ilə yazıb, lakin həmin əsərin içərisində - 79-cu bölmədə təqdim etdiyi "Şeyx Sənan" hekayətini - qissəsini "Nəvai" təxəllüsü ilə möhürləyib. Amma yuxarıda qeyd etdiyimiz kimi, elə bu əsərinin də içində dəfələrlə "nəva" sözünü müxtəlif mənalarda nəzmə düzmüşdür.

 

"Fani": Əlişir Nəvai fars dilində yazdığı əsərlərini "Fani" təxəllüsü ilə möhürləmişdi. "Fani" sözünün mənası, bildiyimiz kimi, boş, ötəri, keçici, müvəqqəti, yox olma, həmişəlik olmayan, puç, axırı puç, axırı olmayan; qalmayan və s. deməkdir.

 

"Fani" - həm müstəqim (həqiqi), həm də məcazi (törəmə) mənada işlənən bu sözün "Nəvai" kimi mənaları çoxdur. El sözüdür, "bu dünya fani dünyadır, axırı heçdir, puçdur". Dünyəvi və təsəvvüfi mənada işlənən fani sözü əslində, "fəna" sözündədir. Təsəvvüfdəki yeddi vadinin (tələb, eşq, mərifət, istiğna, tövhid, heyrət, fəqrü fəna) axırıncısı Fəna, əslində, həqiqətin başlanğıcıdır. "Lisan ut-teyr" dini-təsəvvüfi əsərinin əsas məzmunu da məhz gəlib bu məntiqə çatır. Ona görə Əlişir Nəvai bu əsərini sonda "Fani" təxəllüsü ilə möhürləmişdir. ("Lisan ut-teyr" əsərində 149-cu fəsildən yüz altmıış ikinci fəslə qədər Hüd-hüd (şanapipik) bu vadilərin hər biri haqqında haqqında məlumat verir və ardınca həmin vadiyə uyğun bir hekayət söylənir). Təsəvvüf alimlərinin yazdıqlarına istinadən, fənadan sonra bəqa gəlir. Bəqa isə əbədiyyət, daimilik, sonsuzluq deməkdir.

 

Əlişir Nəvainin tərcümeyi-halından məlumdur ki, o, təsəvvüf əhlinə daimi hörmət bəsləyib. Hətta özü tamamilə dərvişlik yoluna qədəm qoymaq istəyib. Dostu Sultan Hüseyn Bayqaranın təkidli xahişi ilə o, bu yoldan çəkilib. Ümumiyyətlə, Əlişir Nəvai nəqşibəndilik təriqətinə meyl edib. Ustadım, pirim deyə daim sayğı göstərdiyi dahi mütəfəkkir Əbdürrəhman Caminin müridi olaraq 1476-cı ildən rəsmən bu təriqətə daxil olmuşdu. Nəticə etibarilə də, piri Əbdürrəhman Caminin rəhbərliyi altında bu təriqətin riyazi (əməllərini) mərhələlərini keçərək və fənafillah (Allah yolunda həlak olan) statusuna çatdı. Ömrünün sonuncu illərində tamamlağı "Lisan ut-teyr" əsərini əslində, bu etiqadına ədəbi abidə kimi də dəyərləndirmək olar.

 

Farsi nəzm içrə çün sürdü qələm,

Nəzmin hər sindinə qıldım rəqəm.

Feyz etcək o mənadan manğo,

Tapdı nişanə nəzmi Fanidan manğo

Çün "Lisan ut-teyr"lə avaz eylədim,

Müxtəlif quşlarla pərvaz eylədim.

 

Dörd cildlik "Əlişir Nəvai əsərlərinin izahlı lüğəti" kitabında "Fəna" sözünün əsərlərdən nümunələrlə məna izahı verilmişdir. Məsələn, "Fərhad və Şirin", "Leyli və Məcnun", "Məhbubul-külub" ("Könüllərin sevgilisi"), "Lisanut-teyr" ("Quş dili"), "Tarixi-ənbiya və hükəma" ("Peyğəmbərlərin və müdriklərin (filosoflarin, alimlərin) tarixi") "Məcalisun-nəfais" ("Nəfis məclislər") və s. əsərlərindən nümunələrlə Fani sözünün çoxmənalılığı diqqətə çatdırılır.

 

Almaz ÜLVİ

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2021.- 25 iyun. S. 15.