Zəfər Paradından Şuşaya qədər...

 

MÜDAFİƏ NAZİRLİYİNİN ƏLAHİDDƏ NÜMUNƏVİ HƏRBİ ORKESTRİNİN RƏİSİ RÜFƏT AXUNDZADƏ: "YAŞADIĞIMIZ BU SONSUZ SEVİNC VƏ QÜRUR HİSSLƏRİNƏ GÖRƏ BİZ HƏRBÇİLƏRİMİZƏ, ƏSGƏRLƏRİMİZƏ, QAZİLƏRİMİZƏ VƏ ŞƏHİDLƏRİMİZƏ BORCLUYUQ"

 

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilir. Əlbəttə, bu il bu bayramın daha özəl və daha əlamətdar mənası var. Çünki məhz bu gün yaranmasını bayram etdiyimiz rəşadətli ordumuz sayəsində işğal altındakı torpaqlarımız 28 il sonra öz azadlığına qovuşub. Artıq orda doğma nəfəs, doğma səs var. Bu gün şanlı ordumuzun hər bir üzvü xüsusi diqqətəlayiqdir.

Biz də "525-ci qəzet" olaraq, Silahlı Qüvvələr Günü münasibətiylə müstəqillik dövrümüzün bütün paradlarını, dövlət tədbirlərini, xüsusən bir neçə ay öncə Zəfər paradını və bir neçə gün öncə Şuşada Azərbaycan və Türkiyə liderlərinin görüşünə həsr olunmuş möhtəşəm tədbiri idarə edən Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrini yad etdik.

Müsahiblərimiz Orkestrin rəisi, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının dosenti Rüfət Axundzadə və  onun atası, Xalq artisti, professor, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundzadədir.

Suallarımızı öncə Rüfət Axundzadə cavablandırdı:

***

- Rüfət bəy, hərbi musiqiyə yönəlməyinizdə atanızın bilavasitə rolu vardımı, yoxsa özünüzün başqa səbəbiniz də oldu?

- Atam artıq 51 ildir bu sahədə qulluq edir. Ona görə də mən gözümü açandan bu hərbi formanı görmüşəm. Uşaqlıqdan bu mühitin içərisində böyümüşəm. Ona görə də adam istər-istəməz başlayır sevməyə. Amma buna baxmayaraq, mən, əslində, başqa sahəyə getmək istəyirdim, atam yönəltdi bu istiqamətə. 8-ci sinifdən etibarən musiqiylə məşğul olmağa başladım. İncəsənət gimnaziyasında oxuyurdum. Nəfəs aləti olan trubanı öyrənirdim. İllər keçdikcə gördüm ki, bu, məndə yaxşı alınır. Getdikcə daha çox tədbirlərdə, konsertlərdə, yerli və beynəlxalq müsabiqələrdə iştirak edirdim. Uğurlu nəticələr də qazanırdım. Fikrət Əmirov adına müsabiqədə truba aləti üzrə birinci yerə layiq görüldüm. Bundan sonra həvəsim daha da artmağa başladı. Bu orkestrə çox gənc ikən gəlmişəm. Hətta yeniyetmə idim, 16 yaşım vardı bu orkestrə gələndə. Artıq 24 ildir ki, burda fəaliyyət göstərirəm. Arada hərbi xidmətə getdim, ordan sonra truba ifaçısı kimi çavuş rütbəsi aldım. İnstitutu bitirəndən sonra isə leytenant rütbəsi aldım və bu orkestrdə rəis müavini təyin olundum. Bu vəzifədə bir neçə il işlədim. Həmin müddətdə bacardıqca orekstrin səviyyəsini qaldırmağa, repertuarını daha da zənginləşdirməyə çalışdım. Hətta Azərbaycanda ilk dəfə olaraq bu orkestrın repertuarına sountreklər də salmışam. Təxminən 10 il öncə orkestrlə birgə ilk dəfə İspaniyanın, Braziliyanın və başqa ölkələrin musiqilərindən istifadə edərək sountreklər ifa etdik. Ondan başqa xaricdən zərb alətləri gətirib orekstrə daxil etdik ki, musiqilər daha möhtəşəm səslənsin. Ondan sonra da orkestrin rəisi vəzifəsinə keçdim və bu günə kimi də bu vəzifədə fəaliyyət göstərirəm. Çalışırıq ki, həmişə orkestrin səviyyəsini yüksəkdə tutaq. Ona görə də hər gün burda çox ciddi məşqlər keçirilir. Çünki bildiyiniz kimi, biz dövlət tədbirlərində iştirak edirik. Yəni Azərbaycanda ən önəmli orkestrlərdəndir. Dərk edirik ki, çox məsuliyyətli işimiz var və biz daim formada qalmalıyıq.

- Repertuar seçimiylə özünüz məşğul olursunuz?

- Xidmət rəisimiz, general-mayor, Xalq artisti Yusif Axundzadəylə birgə seçirik, məsləhətləşirik. Amma çox vaxt o mənə həvalə edir. Çünki bilir ki, mən seçdiyim əsərlər yüksək səviyyədə səslənir, yaxşı alınır. Ona görə də mənə etibar edir. Şükür, bu günə kimi də seçdiyimiz bütün əsərlər bütün dinləyicilərin xoşuna gəlib, zövqünü oxşayıb. Hələ heç vaxt narazılıq eşitməmişik bununla bağlı.

- Orkestrə üzv qəbul edərkən əsasən nəyə diqqət edirsiniz?

- Bizdə əsasən Musiqi Akademiyasını bitirən, ali savadlı musiqiçilərdir. Çünki bayaq da dediyim kimi, bu, bütün dövlət tədbirlərini, cənab prezidentlə, müdafiə nazirləri, qərargah rəisləri, səfirlər və digər dövlət nümayəndələriylə bağlı bütün tədbirlərin hamısını biz idarə edirik. Eyni zamanda, insani keyfiyyətlərə, dünyagörüşünə də fikir veririk, yəni seçəcəyimiz musiqiçini hərtərəfli yoxlayır, hamını qane edəndən sonra isə razılaşıb xidmətə götürürük.

- Hərbi musiqiçini mülki musiqiçidən fərqləndirən nədir? Biz sizə də dövlətimizin bir hərbi qulluqçusu deyə bilərikmi?

- Yüz faiz (gülür). Düzdür, biz hərbçilərdən, xüsusi təyinatlılardan, tankçılardan seçilirik, çünki incəsənət insanlarıyıq. Yəni yarı musiqiçi, yarı hərbçiyik. Amma əynimizə bu formanı geyiniriksə, demək ki, biz də hərbçiyik və ona uyğun da davranmalıyıq. Biz də daim vətənimizin keşiyində durmağa hazırıq. Bu, birmənalı şəkildə belədir. Həmçinin, biz də bütün tədbirlərdə hava şəraitinə, heç bir özəl duruma baxmadan hərbçilərimiz kimi bir sırada dayanırıq. Orada deyilmir ki, bu, musiqiçidir, bu xüsusi təyinatlı, tankçı və sair. Hamımız eyni sırada hərbçiyik. Və bu cür də öz missiyamızı yerinə yetiririk. Lakin yenə də biz Bülbül adına məktəb, İncəsənət Gimnaziyası, Musiqi Akademiyasını bitirdiyimiz üçün bütün hallarda az da olsa, seçilirik.

- Bu 24 ildə ən maraqlı hesab etdiyiniz, unutmadığınız xatirələriniz varmı?

- Maraqlı günlərimiz çox olub. Heç unudulmayanlardan isə qısa müddətdə, bir neçə saat içində başqa bir ölkənin dövlət himnini əzbərləməli olduğumuz anlardır. Çünki hansısa ölkənin nümayəndəsi tez müddətdə gəlir və onu qarşılama tədbirində çıxış etməli oluruq. Bizim orkestr bir neçə saatın içərisində həmin himni əzbərləyib və çıxıb yüksək səviyyədə o tədbirdə iştirak etmişik. Hətta neçə ölkənin prezidentləri bizə yaxınlaşıb təşəkkür ediblər ki, heç öz ölkəmizdə bu cür möhtəşəm səslənmir, çox sağ olun ki, siz belə ifa etdiniz.

Bəzən də prezidentlər özləri bizdən soruşublar ki, siz necə əzbərdən ifa edirsiniz? Bizim orkestrin əsas xüsusiyyəti məhz əzbər ifa etməkdir. Bunu da bizə xidmət rəisimiz Yusif Axundzadə öyrədib. O, həmişə bizə əsərləri əzbərlədib. Hətta Ulu öndər Heydər Əliyev də bu sualı Yusif müəllimə vermişdi ki, necə olur, mən digər ölkələrdə görürəm, hamı notla ifa edir, amma siz bütün əsərləri, himnləri əzbər ifa edirsiniz. Yusif müəllim də cavab verdi ki, mən belə öyrəşdirmişəm kollektivi. Çünki ola bilər ki, hava şəraiti not kağızları üçün uyğun olmaz, onda musiqiçi pis vəziyyətdə qalmamalıdır. Cənab Prezident İlham Əliyevin də orkestrə qayğısı, diqqəti və etimadı çox yüksək səviyyədədir. Biz də hər zaman bu diqqətə layiq olmağa, bu etimadı doğrultmağa çalışırıq.

- Orkestr çox böyükdür, kollektiv genişdir, hamısı da sizə tabedir. Musiqiçilər bir az fərqli təbiətli insanlar olurlar. Kollektivdə vahid nizam-intizam yaratmaq üçün hansısa çətinliklərlə qarşılaşırsızmı və öhdəsindən necə gəlirsiz?

- Bəli, cavan vaxtı, kollektivə ilk gələndə bir az çətin olur. Amma məncə, bütün müəssisə rəhbərləri, eləcə də, bizim sahədə orkestr rəisi, dirijor ilk növbədə psixoloq olmalıdır. Rəhbər psixoloq olmasa, hər insanı öz dilində danışdıra bilməsə, kollektivlə işləməyi bacarmasa, heç bir halda iş getməyəcək. Mən də çalışıram ki, kollektivimizin hər üzvüylə dost olub, onların ruh halını anlayım, onları dinləyim və problemlərində kömək olum. Bu kollektivdə mənimlə birgə hərbi xidmətdə olanlar, həmçinin, Musiqi Akademiyasından tələbə yoldaşlarım var. Ona görə də demək olar ki, çoxuyla dostluğumuz illər əvvələ gedib çıxır. Digərləri ilə də çox yaxşı münasibətdəyəm və heç bir problemimiz yoxdur. Qarşılıqlı hörmət və mehribanlıqla işləyirik.

- Siz bir rəhbər kimi psixoloq olmaq öhdəliyini götürmüsünüz.  Bəs sizin öz psixoloqunuz kimdir?

- Mənim həm müəllimim, həm də psixoloqum məhz atam olub. O məni bu sahəyə yönəldən, indi də ən çox dəstək olan insandır. Eyni zamanda, Yusif müəllim mənim həm də həyat müəllimimdir.

- Bu sənəti seçərkən, nə vaxtsa Zəfər paradını, Şuşada belə möhtəşəm dövlət tədbirində çıxış edəcəyinizi düşünərdinizmi?

- Xeyr, heç vaxt bu haqda düşünməmişəm, bunu ağlıma da gətirməmişəm. Amma çox böyük sevinclə, qürurla, ruhla iştirak etdik. Bizimçün çox fərəhli bir hadisə idi ki, Zəfər paradını məhz Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri idarə etdi. Mənimçün böyük şərəf və məsuliyyət idi ki, bizim müzəffər Ali Baş Komandan və Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi o paradın bir rəhbər olaraq dirijor kimi idarəçisi oldum. Həmçinin də Şuşada. Şuşada tədbirin keçirilməsini bizim bütün kollektiv həsrətlə gözləyirdi. Nəhayət, həmin gün gəlib çatdı və bizə əmr verildi ki, Şuşada keçiriləcək tədbirə hazırlaşın. Biz də böyük həvəs və qürurla bu tədbirə hazırlaşdıq. Orda keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkün deyil. Şuşa bizim Mədəniyyət paytaxtımız, musiqi beşiyimizdir. Bu tərəfdən də bizimçün şərəfdir ki, ora ilk dəfə olaraq, bizim orkestrimiz məhz dövlət tədbirində böyük ustalıqla iştirak etdi. Yaşadığımız bu sonsuz sevinc və qürur hisslərinə görə biz hərbçilərimizə, əsgərlərimizə, qazilərimizə və şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin.

- Bildiyimiz qədəriylə, Zəfər paradında sizin öz bəstəniz də səslənib, ilk dəfə olaraq.

- Bəli, Zəfər paradında mənim bəstələdiyim "Qələbə marşı" da ilk dəfə səsləndi. Düzdür, mən bəstəkar deyiləm, amma bu müharibə və qazanılan qələbə bütün hər kəs kimi məndə də elə bir ruh yüksəkliyi, çoşğun duyğular yaratdı ki, mən belə bir marş bəstələdim. Təbii ki, hər birimiz o ərəfələrdə öz sahəmizdə xalqımızın, müzəffər Ali Baş Komandanımızın, rəşadətli ordumuzun haqq səsinə səs verməyə çalışır, dəstəyimizi əlimizdən gələn kimi göstərirdik. Bu marş da mənim bu savaşda xalqıma, orduma olan dəstəyimin bir nümunəsi idi.

- 30 ilə yaxın bir müddətdən sonra işğaldan azad olunmuş torpaqlara ilk səfər sizə hansı hissləri yaşatdı?

- Biz həmin dövrdə məktəbli idik. Uşaqlığımız çətin, qarışıq dövrə düşdüyündən heç vaxt Qarabağda olmamışdım. Ona görə də ora gedəcəyimizi eşidəndə çox sevindik. Hətta kollektivdə nə qədər musiqiçi dostlarımız oldu ki, siyahıya düşmədi. Mən onda onların istəyini, arzusunu gördüm. Demək olar, hamısı xahiş edirdilər ki, onlar da getsin Şuşaya. Təbii ki, məcburən məhdud sayda musiqiçi aparmalı idik, hamını apara bilmədik. Biz oraya Zəfər yoluyla getdik. Bu o yol idi ki, əsgərlərimiz məhz bu yolla gedib Şuşanı azad etmişdilər. Həmin yolla gedərkən çox qəribə hisslər keçirirdik. Bilmirsən sevinəsən, bilmirsən ağlayasan... O hisslər sözlə ifadə olunmaz. Bir şeyi də qeyd edim ki, sanki orada orkestrin səslənməsi də dəyişmişdi. Məşq edərkən fərqinə vardım ki, elə bil, daha coşğulu, daha təmiz, daha gözəl çıxır səs. Səbəbini çox fikirləşdim. Mənə elə gəlir ki, bəlkə də mədəniyyət paytaxtı Şuşanın o ruhuydu bizi bu cür şövqə gətirən. Bəlkə də musiqiçilərimiz o böyük məsuliyyəti dərk edərək daha həvəslə ifa edirdilər. Axı həmin an bütün dünyanın gözü bizdə idi. Biz də layiqincə musiqimizi, mədəniyyətimizi nümayiş etdirməli idik. Fikrimcə, bunu bacardıq.

- Bundan sonrakı arzunuz, planınız nələrdir?

- İnşallah, Qarabağda həyat bərpa olunandan sonra biz orkestr olaraq orada böyük konsertlər vermək, tədbirlərdə, müsabiqələrdə iştirak etmək istəyirik. Musiqiçilərimizin də ən böyük arzusu budur. Bizim repertuarımızda çox gözəl əsərlər, milli, vətənpərvər mahnılar var. İnanıram ki, biz özümüzün zəngin və gözəl repertuarımızla Qarabağda bir-birindən möhtəşəm konsert proqramlarıyla iştirak edəcəyik. 

Rüfət bəylə söhbətimizi yekunlaşdırdıqdan sonra general-mayor Yusif Axundzadənin qonağı oluruq. Onunla da çox maraqlı söhbətimiz alınır:

Zəfər Paradından Şuşaya qədər... - <b style="color:red">Müsahibə </b>

- Yusif müəllim, Əlahiddə Nümunəvi Hərbi orkestri yaratmaq fikri hardan qaynaqlandı və həmin proses necə getdi?

- Bu kollektivin tarixi uzaqlara gedib çıxır. Çünki belə bir kollektiv Azərbaycanda ümumiyyətlə olmayıb. Hərbi orkestrlər Sovet vaxtı olub. Amma müstəqillik zamanımızda yox idi. Mən eşidəndə ki, Ulu öndər Heydər Əliyev Azərbaycana qayıdır, onda müdafiə nazirinə məruzə elədim ki, mütləq belə bir orkestr yaranmalıdır. Çünki Heydər Əliyev qayıdırsa, o, seçiləcək və ölkənin prezidenti olacaq. Bundan sonra da şübhəsiz, müxtəlif ölkələrin prezidentləri ölkəmizə qonaq gələcəklər. Onları da qarşılamaq üçün sanballı, professional orkestr lazımdır. O zaman Prezident Qvardiyası mövcud idi, onların da fəxri qarovulu vardı. Qarşılama mərasimində də mütləq fəxri qarovul və orkestr olmalıdır. Məni eşitdilər və Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri ştatı yaradıldı. Mənim əmrim verildi hərbi orkestrin rəisi vəzifəsinə və işə başladım. Bu binada - Həzi Aslanov adına Zabitlər Evinin binasında mən tək idim, kimsə yox idi. İndi maşallah, burada 100 nəfərə yaxın hərbçi xidmət edir. Bu kollektiv yaranandan sonra Azərbaycana gələn bütün rəsmi şəxsləri bu kollektiv qarşılayıb, keçirilən dövlət tədbirlərində bu kollektiv iştirak edib. Yəni bu kollektivin yaranmasına ehtiyac vardı.

Onu da deyim ki, Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradıcısı Heydər Əliyevdir. O, gələndə mən həmin məktəbin də orkestrinin yaradılması məsələsini qaldırdım və buna da nail oldum. Çünki bu, Ulu öndərin arzusu idi. Bilirsiniz, harada işləməyindən asılı olmayaraq, işində yararlı olmağa, fikirləşib ən yaxşını tapmağa çalışmalısan. Mənə deyən yox idi ki, hərbi orkestr yaranmalıdır, ya da liseyin orkestrı olsun. Bunların hamısını mən fikirləşib təklif etmişdim. Və baxın, necə gözəl nəticələri oldu. Hətta bu orkestr böyük qələbəmizə həsr olunmuş Zəfər paradını, Şuşada iki böyük prezidentin qatıldığı möhtəşəm tədbiri idarə etdi. Hər iki tarixi tədbirdə yüksək səviyyədə iştirak etdi.

- Oğlunuz Rüfət Axundzadənin hərbi musiqiyə yönəlməsi üçün qarşısında sizin kimi nümunə vardı. Bəs sizin bu sənəti seçmək səbəbiniz kim və ya nə idi?

- Mənim qarşımda belə bir nümunə yox idi. Çünki ailəmizdə heç musiqiçi olmayıb. Məsələ bundadır ki, mən hələ uşaq ikən bu təşəbbüs anamdan gəlib. Anam nə üçünsə, heç məndən soruşmadan da istəyib ki, mən musiqiçi olum. Məni aparıb Bülbül adına musiqi məktəbinə. O zaman ora daxil olmaq da çox böyük problem idi. Çünki ora hər adamın uşağını da qəbul etmirdilər. Düşünün ki, mən ora qəbul olan il mənlə birgə Səid Rüstəmovun oğlu, Cahangir Cahangirovun qızı, Qurban Pirimovun nəvəsi və bu kimi tanınmış insanların uşaqları da daxil olmuşdular. Mən də onların arasında idim. Ora qəbul ola bilməyimçün anam məni düz iki il müəllim tutaraq hazırlaşdırıb. Beş yaşımdan yeddi yaşıma kimi ora daxil olmaq üçün hazırlaşmışam. Qəbul imtahanları da çox maraqlı idi. 1-ci sinfə uşaq götürmək üçün imtahanda professorlar oturmuşdular. Beləcə, daxil oldum ora. Oranı bitirdikdən sonra indiki Musiqi Akademiyasında oxudum. Sonra hərbi xidmətə getdim və qayıdandan sonra da elə həyatım hərbiylə bağlandı. 1970-cı ildən bu günə kimi hərbi xidmətdəyəm.

- Hərbi xidməti başa vurduqdan sonra necə oldu ki, yenidən davam etdirdiniz?

- Məni Ali Hərbi Dənizçilik Məktəbinin orkestrinin rəisi vəzifəsinə dəvət etdilər, zabit rütbəsi də verirdilər. Mən də iki ay düşünəndən sonra razılaşdım. O zaman rütbə almaq da asan deyildi. Yalnız Moskvaya tabe idik. Ona görə də SSRİ Müdafiə Nazirliyinin əmri ilə mənə 1971-ci ildə leytenant rütbəsi verildi. Beləcə, 22 il Sovet ordusunda, 28 il də Milli Orduda xidmət edirəm.

- Heç kimə sirr deyil ki, hərbçiylə musiqiçinin ruh halı, xarakteri bir-birinə tamamilə ziddir. Siz bu iki bir-birinə zidd sahəni özünüzdə necə tənzimləyə bildiniz?

- Hər şey adamın özündən asılıdır. Bəli, mən musiqiçi idim. Sonra isə bu sahədə təklif aldım və hərbiyə yönəldim. Onda öz-özümə dedim ki, indidən sonra sən həm də hərbçisən və ona uyğun davranmalısan. Beləcə, yavaş-yavaş yiyələndim bu sənətə və öz içimdə bu iki sahəni tənzimləməyə başladım. Sevinirəm ki, heç zaman da işimdə irad tutulmadı, hər zaman ən yüksək şəkildə icra etdim. Ona görə də bu günə kimi xidmət edirəm.

- Musiqiçi kimi hansı istiqamətdə idiniz?

- Bakı Musiqi Akademiyasını fleyta aləti üzrə bitirmişəm. Orda oxuya-oxuya da mənə çox dəvətlər gəlirdi. Məsələn, o dövrdə Musiqili Komediya Teatrının baş dirijoru işləyən bəstəkar Süleyman Ələsgərov məni ora dəvət elədi. "Dan Ulduzu" ansamblının rəhbəri Gülarə Əliyeva məni akademiyadan gəlib apardı öz məşqlərinə. Yəni mən daima musiqiylə məşğul olurdum. Hərbi orkestr də musiqidir də. Düzdür, hərbi musiqidir, amma yenə də musiqidir deyə, mənimçün böyük problem olmadı. Bəzən insanlar olur ki, 10-15-20 il xidmət eliyəndən sonra yorulurlar, gileylənirlər. Onda deyirəm ki, bəs mən 50 ildir xidmət edirəm axı. Deməli, əgər sən işini sevirsənsə, illər də, çətinliklər də səninçün problem deyil, işləyəcəksən. Mən də uzun illərdir xidmət etmişəm, edirəm, edəcəyəm də. Mən hərbçiyəm, nə əmr verilirsə, onu da yerinə yetirirəm.

- Hətta sənətinizi o qədər sevirsiniz ki, oğlunuzu da bu sahəyə yönləndirmisiniz.

- Bəli. Oğlum uşaq vaxtı başqa sahəni istəyirdi. 7-ci sinifdə oxuyanda soruşdum ki, kim olmaq istəyirsən? Dedi, zərgər. Əl qabiliyyəti, istedadı vardı. Dedim, zərgərlik çox yaxşı sənətdir. Amma məsələ ondandır ki, professional zərgər olmaq üçün sənin işləməyə materialın olmalıdır. Sənin bir çamadan qızılın var?  Dedi yox. Dedim onda musiqiylə məşğul ol. Beləcə, trubanın iziylə gedə-gedə gəlib oldu orkestrın rəisi, İncəsənət Xadimi və dosent. Əlbəttə, bir valideyn olaraq, övladlarımızı yönəltmək lazımdır. Mən cavanlara da deyirəm bunu, istiqamət göstərirəm. Kim anlayır, eşidirsə, gedir qabağa, uğurlar da qazanır. Kim tənbəldirsə, işləmək istəmirsə, elə öz yerində də sayır. Şübhəsiz, belə də olmalıdır. Həyatda hərə bir cür olur.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 26 iyun. S. 14-15.