Tarixin ibrət səhifələri

Nə etməliyik?

 

1937-ci il repressiyasının qurbanlarından biri Ömər Faiq Nemanzadənın təxminən 115 il əvvəl yazılmış "Nə etməliyik?" adlı bu məqaləsi "Elm və həyat" jurnalının 2003-cü ildə nəşr edilən 1-ci sayında, professor Şirməmməd Hüseynovun izahlı yazısı ilə çap olunmuşdu.

Yazı ilk dəfə 1906-cı il avqust ayının 4-də "İrşad" qəzetinin 183 saylı nömrəsində "Bir cavan" imzası ilə dərc edilib. Xalqımız üçün çox ağrılı problemi - 115 ilə yaxın bizi nəinki torpaqlarımızı tutmaq, hətta bir xalq kimi məhv etmək, yer üzündən izimizi itirmək istəyən erməni faşistlərinin niyyətini çox uzaqgörənliklə, müdrikcəsinə duyan Ömər Faiq Nemanzadənin bir qəzet məqaləsində yazdıqları zaman-zaman özünü doğruldub. Bu məqaləni yazarkən Nemanzadə yalnız 1905-ci il erməni-müsəlman qırğınının şahidi olmuşdu. Qarşıda daha qanlı 1918-ci il qırğını vardı. O, 1948 və 1988-ci illərdə azərbaycanlıların öz doğma torpaqlarından amansızcasına qovulduğunu, deportasiya olunduğunu, Sumqayıt hadisələrini, Xocalı faciəsini görməmişdi. Ancaq düşmənin bütün gələcək niyyətlərindən peyğəmbərcəsinə uzaqgörənliklə duyuq düşmüşdü. Düşmən adi düşmən deyildi. Hələ 1915-ci il qətliamı uydurulmamışdı. Ancaq "özümə yer edim, gör sənə nə edirəm", "yersiz gəldi, yerli qaç", "adımı sənə qoyum, səni yana-yana qoyum" deyə-deyə, yavaş-yavaş öz məkrli niyyətlərinə doğru irəliləyirdi.

1906-cı ildə Rusiyanın Tiflisdəki canişini Vorontsov Daşkovun əli ilə 4 Bakı kəndinin - Ramana, Sabunçu, Suraxanı və Balaxanı - sakinlərinin isti yuvalarından sürgün olunub, orada erməniləri məskunlaşdırmaq niyyəti axırıncı rus çarı II Nikolayın bu istəyə qol qoymaması, razılıq verməməsilə baş tutmamışdı. Rusiya imperiyası dağıldıqdan sonra isə, 1918-ci ildə "Ermənistan" adlı dövlətlərini yarada bilmişdilər. Onlar 70 il SSRİ dövründə də "Böyük Ermənistan" yaratmaq arzusunu yerinə "yetirirdilər". 200 il onların bu arzusu havadarlarının səyi ilə "çiçəklənirdi". Lakin zaman gəldi, vaxt yetişdi, daşnakların bütün arzuları puç oldu. Azərbaycan xalqı ayağa qalxdı və intiqamını, tarixi torpaqlarının müəyyən hissəsini böyük zəfərlə bitən müharibə ilə aldı.

Professor Şirməmməd Hüseynovun arxivini araşdırarkən qarşıma bir vərəq çıxdı. Cəmi üç sərlövhə-cümlə qeyd olunmuşdu. Tarix də qoyulmuşdu - 18 may 2018-ci il. Sərlövhələrdən biri belə idi: "BU GÜNÜMÜZÜN İLHAMI".

"BU GÜNÜMÜZÜN İLHAMI" sərlövhəsinin kimə və nəyə aid olduğunu dəqiq bilmirəm. Lakin dünyagörmüş, müdrik ağsaqqallarımızın Prezident İlham Əliyevə xüsusi rəğbətinin, inamının olduğunu onun televiziya verilişlərindəki çıxışlarından yaxşı bilirdik. Aprel çevrilişinə qədərki mətbuatımıza (1920) bələd olan professor vaxtı ilə verdiyi müsahibələrində erməni xislətini yaxşı bildiyindən demişdi: "Biz xalqa başa salmalıyıq ki, erməni sənin dostun deyil". O, erməniyə düşmən demirdi, lakin vurğulayırdı ki, o, dost deyil. 2016-cı ilin Aprel döyüşləri dünyagörmüş müəllimin yaxın zamanlarda torpaqlarımızın işğaldan azad olunacağına ümidini artırmış və o, belə bir sörlövhə-cümlə qeyd etmişdi. Çox təəssüf ki, o, möhtəşəm qələbəmizi görə bilmədi.

Müasir nəsil ermənilərin iştahlarının həmişə iti olacağını unutmayıb, daim müharibəyə hazır olmalıdır. Təxminən 115 ildə gördüklərimizi heç vaxt unutmamalıyıq.

Bəşər tarixi qanlı müharibələrlə "zəngindir". İstilalar həmişə olmuş, şəhərlər viran qoyulmuşdur. Lakin İkinci Qarabağ müharibəsi bəlkə də analoqu olmayan müharibələrdəndir. Müharibələr zamanı ən vəhşi düşmən belə məzarıstanlıqlara toxunmazdı. Bəs görəsən, ermənilər Qarabağda abad şəhərləri yerlə-yeksan etməklə, əhalini buralardan didərgin salmaqla, qəbiristanlıqlarımızda məzarüstü abidələri dağıtmaqla kifayətlənməyib, qəbirlərdəki sümükləri çıxarıblar. Niyə? Çünki məzarüstü abidələr həmin ərazilərdə yaşayan xalqın daş pasportlarıdır, sümüklər isə ta qədimlərdən, lap min il bundan əvvələ aid olsa da, bu ərazilərdə hansı xalqın yaşadığını cavan genetika elmi vasitəsilə - DNT tədqiqatlarla qədim ərazilərdə müasir dövrümüzdə hansı xalqın əcdadlarının yaşadığını dəqiqliklə müəyyənləşdirmək mümkündür.

 

Ülkər HÜSEYNOVA

 

***

 

TARİXİN İBRƏT SƏHİFƏLƏRİ

 

Torpaq xalqın namusu, qeyrətidir. Kim başqasının torpağına göz dikirsə, müxtəlif hiylə və bəhanələrlə ona sahib olmaq iştəhasına düşürsə, çox böyük cinayət və xətaya yol verir. Tarixi təcrübə bu həqiqəti dəfələrlə sübut etsə də, yenə də bu təhlükəli əməldən əl çəkməyənlər var, yəqin ki, gələcəkdə də olacaqdır. Uzağa getməyək: neçə əsrlərdir ki, erməni kilsəsi əvvəl "Ermənistan", sonra "Böyük Ermənistan" yaratmaq işinə başçılıq edir, bu xülyanı həyata keçirmək üçün maddi və mənəvi hazırlıq işləri görür. Beş əsrdən çoxdur ki, 25 yaşına çatmış hər bir erməni ildə "millət vergisi" verməyə məcbur edilir. Bir əsrdən çoxdur ki, erməni millətçilərinin Daşnaksütun Partiyası dünya ermənilərini "Böyük Ermənistan" uğrunda səlib yürüşünə səsləyir. XX əsr tarixinə bələd olanlar keçən müddət ərzində ermənilərin Qafqaz, Türkiyə və İran torpaqlarında nə oyunlardan çıxdıqlarını, yəqin ki, xatırlayırlar. Erməni millətçilərinin üzdəniraq "plan"larında Azərbaycana xüsusi yer ayrılır. Azərbaycanı parçalamaq, onun ata-baba torpaqlarını tutmaq, əhalisini məhv etmək üçün təkcə XX əsrdə dörd böyük cəhd edilmişdir. Axırıncısı Dağlıq Qarabağda və Ermənistanda baş vermiş və davam etməkdə olan faciədir. Sual oluna bilər ki, nə üçün məhz Azərbaycan bu cür hədəfə çevrilmişdir. Soruşula bilər ki, bəs biz bu təcavüzə son qoymaq üçün nə etməliyik? Keçən əsrin əvvəllərində Azərbaycan torpaqlarını tutmağa, əhalisini qırmağa cəhd edən qəddar, hiyləgər, məkrli, təcavüzkar erməni millətçilərinin hücumunu dəf etmək üçün "nə etməliyik" sualına əli qələm tutan qeyrətli kişilərimiz necə cavab vermişlər; Təxminən 100 il bundan əvvəl ermənilərin Azərbaycanı istila planını bizə çox dəqiq agah edənlərin tövsiyələrindən bir nəticə çıxara bilmişikmi? Artıq İrəvan və Qarabağ əldən gedib. Bu baxımdan Ömər Faiq Nemanzadənin "İrşad" qəzetinin 1906-cı il, 4 avqust tarixli 183-cü sayında "Bir cavan" imzası ilə çap olunmuş "Nə etməliyik?" məqaləsi diqqəti cəlb edir.

 

 

NƏ ETMƏLİYİK?

 

 Bir xeyli zamandır ki, ermənilərin Naxçıvan, İrəvan, Qarabağ mahallarında qurduqları duzax və tələlər, polis və qoşun əli ilə gördükləri işlər öylə bilirdik məhəlli xırda vəqələr ilə qurtarıb keçəcəkdir. Öylə güman ediyorduq ki, erməni-müsəlman toqquşması yalnız hökumət müftinlərinin və onlara aldanan avam cəmaətin çıxartdıqları müvəqqəti bir faciədir. Öylə sanırdıq ki, iki qonşu arasına buraxılan bu dəhşətli və xanimansuz od siyasi inqilaba Qafqazda bir sədd çəkmək üçün yalnız hökuməti-müstəbidə qulluqçuları tərəfindən meydana çıxarılan gəlib-keçici bir mərəz və bəladır. Məgər nə qədər aldanmışıq. Məgər nə mərtəbədə qafil və bəsirətsiz olmuşuq! Məgər nə dərəcədə bifəhv və safdil olmuşuq ki, ermənilərin İrəvan və Qarabağ səmtlərində hər cür hazırlaşmaqlarını görə-görə, hər cürə fitnə və fəsadlarını hiss edə-edə hər nəvxainanu hərəkətlərini qana-qana özümüzü lazımi yolda müdafiə etməyi yadımıza belə gətirmədik.

Bəli, yadımıza belə gətirmədik ki, ermənilər çox-çox əvvəl, gecə-gündüz, kişi-arvad hazırladıqları qanlı faciələri bizim oğul-uşaqlarımızın başında oynayacaqlar, hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqlar.

Güman etməzdik ki, rus generalları bizim sədaqət və itaətimizin əvəzində ermənilər ilə bir olub bizi bu dərəcə dəni vasitələr ilə qıracaqlar.

Bu inanmaqlığımız, bu sadədilliyimiz səbəbilə idi ki, böyüyümüz, kiçiyimiz, yazıçımız, müxbirimiz... bir sözlə, cümləmiz qonşu ermənilər ilə yenə qədim sayaq üzrə, sülhanə rəftar edib rahat və arxayın olmağı vəz və bəyan ediyorduq. Və bu surətlə millətimizin gözünü qəfilanə bağlayıb böyük bir təhlükə və uçuruma sarı hazırlayırıq ki, o təhlükənin əvvəlinci zərbəsini Qarabağ vüquatı çox açıq meydana çıxartdı. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq.

İndi lazımdır ki, ermənilərin niyyət və tədbirlərini kəmal ilə bilib, ona görə özümüzü mühafizə eyləyək.

Burasını heç vaxt yaddan çıxartmayaq ki, ermənilər hər nə cür olsa özləri üçün mütləq bir "Ermənistan" vücudə gətirmək niyyət qəbisindədirlər. Və bu niyyətlərini hüsula gətirmək üçün də mütləq bizi İrəvan, Qarabağ və Kars səmtlərindən çıxartmaq məcburiyyətindədirlər. Bilməliyik ki, ermənilər bu niyyətlərinə çatmaq üçün hər cür fədakarlığı gözə almışlar. Müsəlmanları həyəcana gətirib öz üstlərinə hücum etdirəcəklər, özləri bilə-bilə qırılacaqlardır, sonra durub Yevropaya öz məzlumiyyətlərini ağlayacaqlardır. Yavaş-yavaş öz qəsdlərinə planlar, yollar hazırlayacaqlardır. Öz gücləri ilə bacara bilmədliklərini, bu uğurda cəm etdikləri milyon-milyon pulların, rüşvətlərin zoru ilə rus məmurlarına gördürəcəkdirlər. Kars, Naxçıvan, İrəvan və Qarabağ səmtlərində həmişə öz niyyətlərinin hüsuluna çalışacaqlardır. Heç bir an bizi zəif və zəlil etməkdən geri durmayacaqlardır. Gah fürsəti qənimət bilib beşikdəki uşaqlarımızı doğrayacaqlardır, gah işlərinin məsləhəti üçün alçaqcasına yalvarıb barışacaqlardır. Amma bilməli ki, bu barışıq gələcəkdəki xainanə rəftarlarına pərdə çəkmək üçün qurulan tülkü duzağıdır. İndiyə qədər havaxt ki, ermənilər müsəlmanları sülhə dəvətə can və dil ilə gəliblər, həmişə deyirdim ki, bir neçə gün sonra davaya hazır olmalı və həqiqətdə də sülhü mütəaqib həmişə davayı gözləmişik. Burasını yaxşı bilməliyik ki, ermənilər ilə nə cür hüsn rəftar və hətta qardaşlıq belə etsəm, onlar öz siyasi qəsdlərindən əl çəkməyəcəklərdir. Həmişə çalışacaqlardır ki, bizi bir fənd və hiylə ilə yuxladıb, inandırıb, altdan öz işlərini, tədarüklərini görsünlər.

Ermənilər, Ermənistan dağlarında özlərinə məxsus əsgəri yol qayırmağı çoxdan fikir ediyordular. Lakin rusların qorxusundan böylə bir işə bir bəhanə və dəstəvuz tapa bilmirdilər. Amma indi erməni-müsəlman davası və yolların kəsilməsi onların əllərində gözəl bəhanə oldu. Rus məmurlarının əqilləri də ki, şükür Allaha bir toyuq qədər yox...

Bəli, ermənilər indi ruslar ilə bir olub bizi İrəvan, Qarabağ səmtlərindən zəiflətdikdən sonra gələcəkdəki fürsətə intizar edib, Rusiyanın inqilab və zəfini gözləyəcəklər. Və birinci fürsətdə Rusiyadan qabaqca "avtonomiya" istəyib, yavaş-yavaş özlərinə "Ermənistan" hazırlayacqlar.

Ermənilərin osmanlıdan çoxdan əlləri çıxdı. Ümidləri qaldı Qafqaza və İrana. İran da həm də olsun tez-gec oyanıb vətənin namusunu mühafizə edəcəkdir. Tək qalır ermənilər üçün Qafqaz. Budur ki, burada gecə-gündüz min hiylə və fənd ilə çalışacaqlar ki, müsəlmanları öz ticari davaları ilə, rus tüfəngləri ilə zəiflədib zamanın fürsətini gözləsinlər.

İşin həqiqəti ap-aşkar belədir, ermənilər bizimlə məhz siyasi niyyətləri üçün davaya məcburdurlar. Yoxsa, bizimlə həmişəliyə heç vaxt düşmən deyildirlər. Hakəza müsəlmanlar da ermənilər ilə heç vaxt düşmən deyildirlər ki, bu neçə qanlı davalara nihayət verilməsin. Nədən ötrü Şəki, Şamaxı, Zaqatala, Batum, Axalsitdəki müsəlman və ermənilər bir-birləri ilə qardaşca yola gediyorlar? Ondan ötrü ki, orada ermənilərin siyasi qəsdləri yox, orada müsəlmanları davaya məcbur etmiyorlar.

Halbuki İrəvan və Qarabağda iş belə deyildir. Buralarda həmişə düşmənçilik, həmişə qətl və qarət ermənilərin ən birinci planıdır.

İndi burasını qəti surətdə biləndən sonra bizə lazımdır ki, düşmənin qabağına düşmən kimi çıxaq. Öz hüququmuzu mühafizə etmək üçün lazımdır. Bəlkə fərzdir ki, "daşnaksütun" kimi qüvvətli milli bir cəmiyyət təşkil edib, xain qonşularımıza öz hədlərini tanıdaq. Hər yerdə müntəzəm və gözətçi cəmiyyətimiz olmalıdır. Bunun üçün şəkili, şamaxılı, bakılı, qarabağlı, dağıstanlı, bilməm haralı deməyib cümləmiz bir vücud kimi müttəhid iş görməliyiz.

Ey bu gün biqəm və bihiss yatan üzvlərimiz! Siz zənn edirmisiniz ki, ermənilər sabah qüvvətli bir Ermənistan təşkil etdikdən sonra sizləri yerinizdə rahat qoyacaqlar. Xəyal edirmisiniz ki, bihəm bir millətə fürsət verdikdən sonra rahat və arxayın oturacaqsınız! Xeyr, xeyr, yatacaq zamanı deyildir. Bu gün ermənilərin niyyətləri və bizim safdilliyimiz məlum olduqdan sonra bilicilərimizə, başçılarımıza, fərzdir ki, bir saat rahat olmayıb, gələcək üçün çalışalar. Bizə bu halda hər bir partiyadan artıq qüvvətli bir milli partiya lazımdır. Qoy içimizdə sosialist də, federalist də, kommunist də olsun. Amma bu gün hamısından artıq hüquqi-milləti müdafiə edən qüvvətli milli bir partiya lazımdır.

Mən elə bilirəm ki, sosial-demokratlıq məzlumluq haqqını mühafizəyə çalışmaqdır. Bu halda ermənilərin siyasi niyyətlərinə, məhz milli istiqlallarına qurban olan bunca məzlum müsəlmanların köməyinə çatmaq, zalımların əllərindən xilas etmək ən birinci insaniyyətpərəstlikdir, ən gözəl demokratlıqdır. Bu saətdə bizə əcələ lazım olan milli bir cəmiyyətdir. Digər cəmiyyətlərimiz də, əlbəttə, öz qaidələrində əmələ gəlib davam edər. Qəlbi zəiflik, yalançı insanlıq, bixəbəranə sosial demokratlıq vaxtı deyil. Ən əvvəl, bu gün odlar içində yanan, zərurətdə can verən yaxın qardaşlarımızın ah və fəryadlarına çatmalıyıq. Bu gün insanlıq və sosializmin əmr etdiyi vəzifə budur. Yoxsa yumşaq kürsülərin üstündə oturub, insanlıqdan dəm vurmaq, yalnız iki şahı mənfəətdən ötrü ittihad edib sosial demokrat olmaq, mənfəətpərəstlikdən özgə bir zad deyildir.

Xülasə, keçmiş və indiki vuquatdan ibrət alıb, mətin qəlbli, durbin nəzərli, salim fikirli zilqurba - hamisi olmalıyıq. Hər şeydən əvvəl öz milli mənfəətimizi nəzərə alıb, əcələ bir cəmiyyəti - ittihad təşkil etməliyik.

 

Bir cəvan (Ömər Faiq NEMANZADƏ)

"İrşad" qəzeti, № 183, 4 avqust 1906.

 

Təqdim edəni:

Şirməmməd HÜSEYNOV

"Elm və həyat", № 1-2, 2003

 

Ülkər HÜSEYNOVA

525-ci qəzet.- 2021.- 26 iyun. S. 10-11.