ŞUŞANIN

 

Mübarək Zəfərin dəydi qədəmi,

yanır köhləninin nalı Şuşanın.

Yenə, əzəllərdə olduğu kimi,

"Su yolu olacaq" yolu Şuşanın.

 

Ömürlük unutmaz bircə yol görən,

var ol, Qələbəni Yurda gətirən!

Bura pətəklə gəl, arı becərən,

çiçək məlhəmidir balı Şuşanın.

 

Xəyala dalanda kül tutar üzü,

Allah, əzizmiş ocağı, közü!

Rəssam fırçasına boyadır özü -

dərəsi, yamacı, yalı Şuşanın.

 

Bacalar daşıyar tüstü ocaqdan,

yayın qızmarında üstümdə yorğan,

övlad qeyrətinə inandığından

bir az pozulmuşdu halı Şuşanın.

 

Samovar fit çalır, çayı dəmdədi,

ruhu Xan əminin zərif bəmdədi,

"Nəlbəki gülləri" gönçə qədəmdi,

"Cıdır"ı insanla dolu Şuşanın.

 

Sancma tikanlarla məni, qızılgül,

onsuz da köksümə sığışmır könül,

Bülbül elə coşdu - bir "Xarıbülbül",

Bir ki, mən oldum lalı Şuşanın.

 

Burdan Vahid Əziz ayrı düşəni -

yasəmən gətirib saçının dəni,

İlahim, qədər sevirmiş məni! -

Boynuma sarmandı qolu Şuşanın.

 

18.01.2021

 

NAMƏLUM ŞƏHİD MƏZARI...

 

"Düşmən üstə, - Vətən dedi, - irəli!"

İgid əsgər şəhid oldu, dönmədi.

Qəbri üstə yanan nurlu məşəli,

Ürəyinin alovuydu, sönmədi!

 

Qocalmaz heç - qalar cavan yaşında,

doğmaların gözlərinin yaşında,

o Şəhidin uca dağlar başında

Ucaltdığı Bayraqları enmədi!

 

Uzaq gəzər ruhu giley-güzardan,

yer qoruyar hər cür ağrı-azardan,

ad soruşdum bir "Naməlum məzar"dan,

qəhər boğdu, məzar daşı dinmədi.

 

Daş yerinə-açan güllər danışdı,

oxşadığı ipək tellər danışdı,

Vahid Əziz, ondan ellər danışdı,

anladım ki: "Qurban gedən can nədi?!"

 

01.04.2021

 

BİZİM NƏSİL...

 

Bilirdi ki, vaxtı azdı,

boşa keçdi neçə fəsil,

qisasını almasaydı,

yaşamazdı bizim nəsil.

 

Biri Babək əsgəriydi,

biri - Koroğlu dəlisi,

Vətən Məcnunu, Leylisi -

tarix yazdı bizim nəsil.

 

Barışmadı günahıyla!

Ürəyində Allahıyla,

düşmənə öz silahıyla

məzar qazdı bizim nəsil,

 

Bu cahanda ləldi-dürdü,

ləyaqətlə ömür sürdü,

Arpaçaydı, Dəli Kürdü,

Xan Arazdı bizim nəsil.

 

Güvənməsəydi zəfərə,

cəsurlara, igidlərə,

Qələbəli zirvələrə

ucalmazdı bizim nəsil,

 

Nəslimizdən dərs alanlar

döyüşlərdə zəfər çalar,

Şəhidlərlə cavan qalar,

qocalmazdı bizim nəsil...

 

DAĞLAR - DÜNYA KİMİ...

 

Döşündə yayxanar dumanı-çəni,

Dərədə çeşmələr, daşlarda kəklik,

Dağların qoynunda insan məskəni,

Zirvəyə qartalla buludlar şərik.

 

Təkcə meyvələri məlhəmlik olmur,

Çəməni, çiçəyi çiy-çiy yeyilir.

Amma ki dağlar da əbədi qalmır,

Qalanla yaşayır, köçənlə gedir.

 

Ümidlər bəxş edər məğrur görkəmi,

Qütblərin yerini bildirər mamır.

Anasın özləmiş körpələr kimi,

Arandan qaçanlar dağa sığınır.

 

Başında hər cürə huylar-havalar,

Zirvədən qopan qar dərədə çaydı,

Bineyi-qədimdən zülmət kahalar

Dağların səfalı buzxanasıydı.

 

İzləri şəst ilə gedən zamanın

Qalar simasında qayanın, daşın,

Ahıl dağ adamı tay-tuşlarından

Ərk edib soruşmaz: "Neçədir yaşın?"

 

Hər şey buralarda həddini bilir,

Dağlar dünya kimi mükəmməldilər.

Çıxıb-getməlilər vaxtında gedir,

Qalanlar dünyanı tutub gedirlər...

 

ÖMRÜNÜ BƏXTƏVƏR YAŞAMAQ ÜÇÜN...

 

Gözəli odur ki, varsan Vətəndə,

ən azı - yaxında sevən bir ürək,

təqsirin yoxdursa, küsüb gedən ,

hirsi soyuyanda dönüb gələcək.

 

Doğma obalarla verin əl-ələ,

ellərdə sayılar nəslin, kimliyin,

Qürbətdə səyyahtək olanda belə,

dəryadan atılmış balıq kimiydim.

 

Atılsın qəlblərdən qəzəbli kinlər,

qınağa partlama mərmilər kimi,

ana da övladdan inciyə bilər,

özgə öyrədər həyat dərsini,

 

Sözüm çətinliklər görməyənlərə:

"Həyatdı, cürə desən, çağ olar,

Yurda küfr etməyin "qıtlığa" görə,

bu gün "qara" çörək sabah "" olar!"

 

Hayıf, görməmişlər artır ilbəil,

bu qədər var-dövlət yığmaq olarmı?

Şan-şöhrət dalınca sürünən cahil,

özünə O səni yaraşdırarmı?!

 

Alovdan incimə, sönərsə ocaq,

qəlbimdə ümiddən köz gəzdirmişəm.

Kimisə günahkar biləndən qabaq,

özüm-öz içimdə göz gəzdirmişəm,

 

Haçansa açılar hər düşən düyün,

ən azı - özündən heç gizləmə,

ömrünü bəxtəvər yaşamaq üçün,

Ulu Yaradandan çox şey istəmə...

 

TƏBRİZ YANĞISI VAR VƏTƏN CANINDA...

 

Təbriz yanğısı var Vətən canında -

dağlardan sallanar, dənizdən keçər,

yolu Şuşanın da, İrəvanın da,

harda ayrılsa da, Təbrizdən keçər!

 

Kimlərlə vuruşduq, kimlə bacardıq,

mizrablar yandırdıq, simlə bacardıq,

şeytanla dil tapdıq, cinlə bacardıq,

əyilmiş işimiz İblisdən keçər!

 

Çoxdandır, fələklə tutmur bizimki,

imansız ağlına batmır bizimki,

Şərq bizimkiydi, Qərb bizimki -

amma "Kəmərimiz" Tiflisdən keçər.

 

Tanrım, ilan-çayan çalmasın bizi,

fəlakət qoynuna almasın bizi,

varlılar pis günə salmasın bizi -

pulluya bəlalar müflisdən keçər!

 

Təbriz yanğısı var Vətən canında,

qanlı sellər axıb hər üsyanında,

yolu Şuşanın da, İrəvanın da

harda ayrılsa da, Təbrizdən keçər...

 

28.10.2012

 

KİMƏ İNANAYDIM SƏNDƏN SAVAYI?

 

Oldu param-parça doğma bir qayıq,

yas tutar üstündə tənha qağayı,

biz ki bir ümmanın dalğalarıydıq,

kimə yan alaydım səndən savayı?

 

Söndüm şimşək kimi dərd buludunda,

yatdım, çiçək kimi, şər qılığında,

özüm bilə-bilə yandım odunda -

kimi qısqanaydım səndən savayı?

 

O qədər hönkürdü - tutmur qədəmi,

daha intizardı canın həmdəmi,

canımı çəksən , sarmaşıq kimi,

kimə sarmanaydım səndən savayı?

 

Fələknən baş-başa nəyi bölürsən?

Ömür başa çatır - indi gəlirsən?!

Özünü günahkar nahaq bilirsən -

Kimə aldanaydım səndən savayı?

 

Həsrət - nəqaratdır sənli fəryada,

yaşamaq müşküldür sənsiz dünyada,

bütün dediklərin yalan olsa da,

kimə inanaydım səndən savayı?

 

Duymadım Günəş haray salanda,

solmaq - daha gözəl sənsiz qalanda!

olar hamıya Əziz olanda,

kimə boylanaydım səndən savayı...

 

ÖMÜR-GÜN BAYATILARI

 

Göylərin yarı oldu -

geydi, sarı oldu,

Ay axşam bütöv idi,

Səhərə - yarı oldu.

 

Yuxu gördüm bal-şirin,

Qaçan dodaq lal - şirin!

Kəpənək çiçəklərin

Bircə gün yarı oldu.

 

Yarı gül, yarı koldu,

Qızılgül yarı koldu,

Dərdindən kimlər öldü,

O, kimin yarı oldu?

 

Sənəyim yarı doldu,

Daşmadı - yarı doldu,

Ömrü təzə sürürdüm,

Baxdım ki, yarı oldu...

 

YETİM QİSASI...

 

Heyrətli qüdrət var Ana səsində,

laylalı dilindən qəhər duyulmaz,

qeyrətli qadının himayəsində

atasız böyüyən "yetim" sayılmaz!

 

Yetimlər yurd üçün canından yanar,

coşar damarında ləyaqət, qürur,

qan içən düşməndən qisas alanlar

yetim qoyduqları uşaqlar olur,

 

Yetimlər zirehlər üstünə gedən,

tankları əridər alovu, odu,

bu Şair hökmümə şahidlik edən

İkinci Qarabağ savaşı oldu!

 

O qədər görmüşəm - dar məqamında,

elini, yurdunu tərk edib gedən,

Vətən yanılmasın vətəndaşında,

Yetimə hər şeydən əzizdir Vətən!

 

Şəhid məzarında şəkilə bir bax,

bu yetim özü yetim atası,

düşmən agah olsun: yetimliyinin

qisasın alacaq yetim balası...

 

Vahid Əziz

525-ci qəzet.- 2021.- 26 iyun. S. 23.