Azərbaycan Film Komissiyasının təqdimatı olub

İyunun 28-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Film Komissiyasının (Filming Azerbaijan) təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət üzvləri, diplomatik korpus nümayəndələri, habelə ölkəmizdə səfərdə olan Türkiyənin Mədəniyyət və Turizm NazirliyiLenfilm kinostudiyasının əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Film Komissiyasını yaratmaqda məqsəd Azərbaycanın kino sənayesinin dünya kinosuna inteqrasiyasını təmin etmək, ölkəmizi kino çəkilişi məkanına çevirməkdir.

 

Nazir qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, zəngin tarixi mədəni abidələri, ənənələri və qonaqpərvərliyi var: Malik olduğumuz nemətlərdən maksimum istifadə edərək, aparıcı xarici kinostudiyaların Azərbaycanda çəkiliş aparmaları üçün film komissiyası platforması yaratmaq niyyətindəyik. Bu da xarici kinostudiyaların Azərbaycana gələrək burada filmlər çəkməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan tanınacaq, onun turizm potensialı təbliğ olunacaq, həmçinin ölkəmizə sərmayə gələcək və iqtisadi baxımdan çox əlverişli imkanlar yaranacaq.

 

Artıq Netflix platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın kino potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı vasitə olacaq, - deyə nazir söyləyib.

 

Lenfilm kinostudiyasının baş direktoru Fyodor Şerbakov bildirib ki, Azərbaycanda Film Komissiyasının yaradılması nəinki Azərbaycan, eyni zamanda, Rusiya üçün də əlamətdar hadisədir.

 

Biz işlərin gedişatını diqqətlə izləyirik. Rusiyanın müxtəlif bölgələrində, həmçinin mərkəzi Sankt-Peterburqda, ən qədim binası olan Lenfilm kinostudiyasında Film Komissiyası aktiv olaraq fəaliyyət göstərir. Film Komissiyasının yaradılması nəinki milli kinonu inkişaf etdirmək, eyni zamanda, dünya kinosuna inteqrasiya etməsi üçün çox vacibdir. Buna görə də Azərbaycanda Film Komissiyasının yaradılması kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq. Dəyişikliklər, ilk növbədə, struktur sahəsinə təsir edəcək ki, bu da Azərbaycanı gözəl bir çəkiliş meydançasına çevirəcək və bütün kinematoqrafçıları rahat bir platformaya dəvət edəcək. Bu, çox vacibdir. Biz bunu artıq müzakirə etmişikdüşünürük ki, ölkənizdə olan kinostudiyalardan nəinki istifadə edəcəyik, eyni zamanda, öz həmkarlarımız arasında Azərbaycanın daşıdığı imkanların təbliği ilə məşğul olacağıq, deyə Fyodor Şerbakov vurğulayıb.

 

Kino sahəsinin ən vacib sahələrdən biri olduğunu deyən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan bildirib ki, kino öz-özlüyündə kitabı, musiqini həm də teatrı əlaqələndirir. Kino sahəsini inkişaf etdirmək nəinki insanı, mədəni irsi tapmaqda mühüm rol oynayır, eyni zamanda öz mədəniyyətimizi dünyaya çatdırmağa kömək edir.

 

İki il öncə Türkiyədə film sənayesində dəyişikliklər aparmağa başladıq. Əlbəttə məqsədimiz ölkəmizi tanıtmaq idi. Biz yerli firmalara dəstək verib, əcnəbi kinoşirkətləri də Türkiyəyə dəvət etməklə onların çəkdiyi filmlərdə Türkiyə görüntülərini dünya ictimaiyyətinə təqdim edərək öz mədəniyyətimizi nümayiş etdirməyə çalışmışdıq. Belə bir layihənin Azərbaycanda da qəbul edilməsinin doğru olduğunu görürəm. Düşünürəm ki, bu yolla Azərbaycanın mədəniyyəti, tarixi bir məcrada toplanacaqdünya qarşısında təbliğ olunacaq. Hələ Qarabağı azad edən azərbaycanlıların dünyaya verəcəyi mesajları var. O mesajları kino vasitəsilə ötürməyi doğru olduğunu düşünürəm. Azərbaycan-Türkiyə qardaşlığı hər bir sahədə özünü göstərdiyi kimi, kino sahəsində də göstərəcək. Əlbəttə mədəniyyət və təhsil önəmli bir sahələrdir və bunları isə kino birləşdirir, deyə Ahmet Misbah Demircan vurğulayıb.

 

Tədbirdə çıxış edən Filming Azerbaijanın direktoru İlkin Məhəmmədli Qarabağda çəkilən videoçarx haqqında məlumat verib. Bildirib ki, quş uçuşundan lentə alınan videoçarx Qarabağın tarixi abidələrini tanıtmağa imkan verəcək. Qeyd edib ki, yaxın vaxtlarda filming.az saytı da istifadəyə verilib. Saytda müxtəlif lokasiyalar və xidmətlər var. Çəkiliş yerini axtaran şəxs bölmələrə daxil olub, istədiyi məkanı kəşf edə bilər.

 

Qeyd edək ki, Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb.

 

525-ci qəzet.- 2021.- 30 iyun. S. 13.