Azərbaycanın BMT-yə üzv olunmasınından
29 il ötür
BMT
Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş
46-cı sessiyasında Azərbaycanın bu təşkilata
üzv olması ilə bağlı qətnamə qəbul
edilib.
Az.shafaqna.com xatırladır ki, Azərbaycan
Respublikasının BMT-yə üzv qəbul olunmasından 29
il ötür.
Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş
Millətlər Təşkilatına üzv olmaq məqsədilə
BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə
müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın
2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın
bu təşkilata üzv olması ilə bağlı qətnamə
qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı
qarşısında təşkilatın 181-ci
üzvünün – Azərbaycanın dövlət
bayrağı qaldırılıb.
1992-ci il martın 6-da Azərbaycanın BMT
yanında daimi nümayəndəliyinin fəaliyyətə
başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının
qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin
noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi
açılıb. Azərbaycanın BMT yanında daimi
nümayəndəliyi qısa müddətdə həm təşkilat,
həm də onun ixtisaslaşdırılmış
qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və
humanitar sahələrdə əməkdaşlıq qurub.
Azərbaycanın BMT-yə
üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə
qarşı təcavüzünün genişləndiyi bir
vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə
bölgəsində baş verən hadisələrə cəlb
edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin
formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın
Azərbaycana qarşı təcavüzünün genişlənməsi
ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin
6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və
884 saylı qətnamələrində Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığının zəruriliyi bildirilib.
İşğalçı ölkənin silahlı qüvvələrinin
zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal
çıxarılması, atəşkəsin təmini və
münaqişənin danışıqlar yolu ilə həlli tələb
edilib.
Azərbaycanın BMT-yə
üzv olması yenicə müstəqilliyini bərpa etmiş
bir ölkə üçün dünya dövlətləri
ilə qarşılıqlı əlaqələrin
qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında önəmli
rol oynayıb. Qarşılıqlı səfərlərin
və görüşlərin keçirilməsi də Azərbaycanın
BMT ilə münasibətlərinin inkişafına töhfəsini
verib. Əməkdaşlığın dərinləşməsində
BMT-nin baş katibi Butros Butros-Qalinin 1994-cü ilin
oktyabrında Bakıya səfəri mühüm rol oynayıb.
Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı,
Ermənistanın təcavüzünün ağır nəticələri
ilə yaxından tanış olan Butros Butros-Qali mövcud
problemlərin həllində ölkəmizə dəstək
vermək üçün BMT-nin müxtəlif təsisatlarının
səylərini artıracağını bildirib.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev bir neçə dəfə
BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu universal
beynəlxalq təşkilatın tribunasından ölkəmizlə
bağlı, xüsusilə Ermənistanın Azərbaycana
qarşı təcavüzü və Dağlıq Qarabağ problemi
haqqında həqiqətləri dünya ictimaiyyətinə
çatdırıb.
1995-ci ilin oktyabrında BMT-nin 50
illik yubileyi ilə bağlı Baş Məclisdə
keçirilən təntənəli iclasda iştirak edən
Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək
kürsüsündən dünya dövlətlərinə
müraciət edərək, mövcud qlobal problemlərə
dair Azərbaycan dövlətinin prinsipial mövqeyini
açıqlayıb, xüsusilə Ermənistanın təcavüzünün
aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin
artırılmasına çağırıb.
2000-ci ilin sentyabrında BMT-nin
Minilliyin Sammitində çıxış edən Prezident Heydər
Əliyev dünyada sülhün və təhlükəsizliyin
qorunmasında bu beynəlxalq təşkilatın mühüm
rol oynadığını qeyd edib, regional münaqişələrin,
o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin aradan qaldırılmasına
dair Azərbaycanın mövqeyini bir daha bildirib, bəşəriyyətin
üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini
daha da gücləndirmək məqsədilə təşkilatda
islahatların aparılmasının zəruriliyini
vurğulayıb.
Azərbaycan bəşəriyyətin
üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini
daha da gücləndirmək məqsədilə təşkilatda
daim islahatların aparılmasının zəruriliyini bildirir.
2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci
sessiyasında iştirak edən Azərbaycan
Respublikasının Baş naziri İlham Əliyev
çıxışında beynəlxalq aləmdə
mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə
üzvlərin arasında qarşılıqlı
anlaşılmazlıqların meydana çıxmasına
görə, BMT Təhlükəsizlik Şurasının
şəraitə uyğun çevik və adekvat münasibət
göstərə bilməsi üçün mövcud BMT
mexanizmlərinin zamanın tələbinə
cavab vermədiyini vurğulayıb və bununla bağlı təşkilat
daxilində islahatların vacib məsələyə
çevrildiyini bildirib. İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik
Şurasında həm bugünkü, həm də yarım əsrlik
reallıqlar öz əksini tapmalıdır.
BMT Baş Məclisinin 2004-cü
ilin sentyabrında keçirilən 59-cu sessiyasında
çıxış edən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı BMT Təhlükəsizlik Şurasının qəbul
etdiyi dörd qətnamənin hələ də yerinə
yetirilmədiyini bəyan edib və onların həyata
keçirilməsinin işlək mexanizminin
yaradılmasını ümdə məsələ kimi irəli
sürüb. Eyni zamanda, dövlətimizin
başçısı bildirib ki, təkmilləşdirilmiş
Təhlükəsizlik Şurası daha geniştərkibli,
daha çox məsuliyyətli və demokratik, onun iş
metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri,
riskləri və təhlükələrinə daha operativ
cavab verməlidir.
Həmin il oktyabrın 29-da BMT Baş Məclisinin
sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü
ilə “Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət” adlı məsələ iclasın gündəliyinə
salınıb. Daha sonra BMT Baş Məclisinin
2006-cı il sentyabrın 7-də keçirilən 60-cı
sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın
14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar
iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində
vəziyyət” adlı qətnamələr qəbul edilib.
Sənədlərdə Azərbaycanın
işğal olunmuş ərazilərində ermənilərin
məskunlaşdırılması, həmin torpaqlarda
yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik
Şurasının məlum dörd qətnaməsinə
istinad edilməklə erməni silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən
dərhal, tamamilə və qeyd-şərtsiz
çıxarılması tələb olunub. Bununla
yanaşı, qətnamələrdə Azərbaycanın
suverenliyi, ərazi bütövlüyünə hörmət
ifadə olunub, eləcə də doğma torpaqlarından
qovulmuş azərbaycanlıların yurdlarına qayıtmaq
hüququ bir daha təsdiqlənib.
Azərbaycanın BMT-nin ixtisaslaşmış
qurumları ilə də səmərəli əməkdaşlığı
mövcuddur. Ölkəmizin BMT-nin ixtisaslaşmış
qurumları ilə əlaqələri siyasi, iqtisadi, sosial,
humanitar, təhsil, elm və mədəniyyət sahələrində
həyata keçirilir.
2011-ci il oktyabrın 24-də Azərbaycanın
həyatında çox əlamətdar və tarixi hadisə
baş verib. BMT Təhlükəsizlik Şurasına
seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın
üzvü seçilib. Gərgin şəraitdə keçən
və bir neçə turdan ibarət səsvermədə 155
ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək,
etimad göstərərək ölkəmizi bu təşkilata
üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar
hadisə münasibətilə bəyanatında deyib: “Bu qələbə
Azərbaycan xalqının qələbəsidir. Bu qələbə
Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin
təntənəsidir”.
Prezident İlham Əliyevin bəyan
etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və
prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik
Şurasında özünün prioritet məqsədi kimi
qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun
qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam
etdirib, sədrliyi dövründə beynəlxalq sülh
və təhlükəsizliyin qorunmasına töhfələrini
verib, Şuranın gündəliyində duran məsələlərin
müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli
mövqeyini ortaya qoyub.
Azərbaycan müstəqillik
tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq
gündəlikdə duran ən aktual məsələlər
üzrə müxtəlif səviyyələrdə müzakirələrin
aparılmasının və qərarların qəbul edilməsinin
bilavasitə iştirakçısı olub. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl
olunması, qanunun aliliyi, münaqişələrin
qarşısının alınması və həll edilməsi,
münaqişəli vəziyyətlərdə mülki əhalinin
müdafiəsi, terrorçuluqla mübarizə, BMT və
regional təşkilatlar arasında əməkdaşlıq
mövzuları ilə yanaşı, Yaxın
Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın
bir sıra dövlətlərində vəziyyət BMT Təhlükəsizlik
Şurasına iki illik üzvlüyü müddətində
ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər
sırasında olub.
2012-ci il mayın 4-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və
BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik
Şurasının “Terror aktlarının beynəlxalq sülh
və təhlükəsizliyə törətdiyi təhdidlər:
Terrorçuluqla mübarizə üzrə
öhdəliklərin yerinə yetirilməsində beynəlxalq
əməkdaşlığın gücləndirilməsi”
mövzusunda yüksək səviyyəli iclası
keçirilib. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik
Şurasında başlayan ikinci sədrlik dövründə
BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü
ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər
Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı
arasında tərəfdaşlıq əlaqələrinin
gücləndirilməsi” mövzusunda yüksək səviyyəli
iclası keçirilib. Azərbaycanın sədrliyi
dövründə Afrikanın Böyük Göllər
regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi
Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi
və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası,
Somali, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi
Sahili üzrə çoxsaylı müzakirələr
keçirilib, qətnamələr və bəyanatlar qəbul
olunub. Beləliklə, Azərbaycan Təhlükəsizlik
Şurasına iki illik qeyri-daimi üzvlüyü müddətində
bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə,
demokratiyaya, ədalətə uğurla xidmət edib.
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin
möhkəmləndirilməsi və qorunmasında, davamlı
inkişaf və demokratikləşmə prosesində BMT-nin
vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi
Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid
və problemlərə qarşı mübarizə apara bilməsi
üçün qurum çərçivəsində
islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.
Səs.- 2021.- 2 mart.- S.7.